Məhkəmə qərarları › İş №2(105)-873/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-873/2021

16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-873/2021 16.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi X10 iştirakı ilə,İddiaçı Cavabdeh qarşı pul tələbi və əşyaların geri qaytarılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-3830/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-3830/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim Rəşad Qoşqarlı) Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, evin alqısatqısı zamanı qalmış 500 manat pulun və evdə qalmış əşyalar: kondisioner, kombi istilik sistemi, mətbəx mebeli, künc şkafı, hamam güzgüsünün evdən çıxarılması və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Manaf qızı iddia tələbinə dəqiqləşmə verərək, ümumi 4590 (dörd min beş yüz doxsan) manat və əlavə olaraq məhkəmə rüsumu 30 (otuz) manat, ümumilikdə isə 4620 (dörd min altı yüz iyirmi) manat pulun cavabdehdən alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətini müdafiə edərək göstərdi ki, o, satıcı olaraq istifadəsində olan Sumqayıt şəhəri, 2-ci məhəllə, ev 11/12, mənzil 20-ni alıcı X1 ünvan 1 ünvanında yaşayanla razılığa gələrək aralarında bağlanmış daşınmaz əmlakın alqı-satqısına AN-İ № 0841138-ə dair müqavilə ilə satmışdır. Razılığa əsasən o, xx.xx.2020-ci il tarixində mənzili təhvil verməli olduğu halda xx.xx.2020-ci il tarixdə mənzil təhvil verilmişdir. Bu zaman kondisioner- 1 ədəd 750 (yeddi yüz əlli) manat, mətbəx mebeli 1 dəst 1600 (bir min altı yüz) manat, kombi qızdırıcı sistemi 1 dəst 820 (səkkiz yüz iyirmi) manat, 5 ədəd radiator 480 (dörd yüz səksən) manat, künc şkafı 1 ədəd 400 (dörd yüz) manat, hamam güzgüsü 1 ədəd-40 (qırx) manat və razılaşmaya əsasən 500 (beş yüz) manat dəyərində olan əşyalar mənzildə qalmışdır. Razılaşmaya əsasən 500 manat cavabdehdə qalmışdır, evin qeydiyyatından çıxdıqdan sonra verilməli idi. Lakin ölkədə yaranmış vəziyyətlə əlaqədar korona virus xəstəliyi ilə yaradılmış Nazirlər Kabineti yanında Karantin Komissiyasının qərarına əsasən Asan xidmət mərkəzləri fəaliyyətini dayandırmışdır. xx.xx.2020-ci ildə fəaliyyətə başlayan Asan xidmət mərkəzlərinə xx.xx.2020-ci il tarixində müraciət edilmişdir. xx.xx.2020-ci il tarixində həyat yoldaşı X4 xanımın oğlu Eldara zəng etmiş qalıq pulu təhvil verilməsini xahiş etmişdir. Eldar isə saat 21:00-da görüşərik demişdir. Bu zaman gələrək tam qaydada bunu təkzib etmiş və pulu verməkdən imtina etmişdir. Ümumi dəyəri 4590 (dörd min beş yüz doxsan) manat və əlavə olaraq məhkəmə rüsumu 30 (otuz) manat, ümumilikdə isə 4620 (dörd min altı yüz iyirmi) manat pulun cavabdehdən alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin məhkəmə iddianı əsassız olaraq təmin etməmişdir. Odur ki, apelyasiya şikayətinin təmin edilərək birinci instansiya məhkəməsini qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi Qədirov Ənvər Polad oğlu apelyasiya şikayətini müdafiə edib. İddiaçının izhatını təsdiq edərək apelyasiya şikayətinin təmin edilərək birinci instansiya məhkəməsini qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə Cavabdeh Novruz qızına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının və cavabdehin izhatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-3830/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsində Cavabdeh nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, cavabdeh onun anasıdır. Sözügedən mənzili iddiaçıdan alarkən mənzil boş olmuşdur. Orda iddia ərizəsində göstərilən heç bir əşya olmamışdır. Bundan əlavə mənzil alınarkən iddiaçının heç bir pulu saxlanmamış və mənzilin dəyəri tam ödənilmişdir. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini məhkəmədən xahiş etdi. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X14 bildirdi ki, iddiaçının oğlunun dostudur, cavabdehi tanımır. 2020-ci ilin fevral ayında ev satılıb. Əşyaların çıxardılmasında o, da kömək etmişdir. Əşyalar mənzildən həmin ilin aprel ayında çıxarılmışdır. Həmin mənzildə kondisioner, mətbəx mebeli, künc (qorka), hamam aksesuarları və birdə mənzilin eyvanında kombi saxlanılmışdır. Açarı Dimtriy adlı şəxs aparıb cavabdehə vermişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X15 bildirdi ki, iddiaçının balaca oğlu ilə dostluq edir. Cavabdehi ümumi tanıyır. İddiaçı mənzili aprel ayında satıb. Mənzil təhvil verilərkən mətbəx mebeli, künc (qorka), kondisioner, hamam aksesuarları mənzildə saxlanılmışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X2 bildirdi ki, o, cavabdehin gəlinidir. Ev bu ilin fevral ayında alınıb. Pulu onun yoldaşı verib. Mənzil satılarkən aralarında olan razılaşmaya əsasən iki aya mənzil boşaldılmalı idi. Mənzilin dəyəri tam, yəni 114000 (yüz on dörd min) manat məbləğində ödənilmişdir. Açarı onlara başqa şəxs təhvil vermişdir. Mənzildə kondisioner, kombi olmamış, yalnız boruları olmuşdur. Mənzil onlara boş təhvil verilmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X12 bildirdi ki, sözügedən mənzil bu ilin fevral ayında satılmış, mənzilin boşaldılması üçün iddiaçıya aprel ayına kimi vaxt verilmişdir. Aprel ayında mənzil boşaldılmış, lakin həmin mənzildə kondisioner, mətbəx mebeli, künc (qorka), hamam aksesuarları qalmışdır. Açarı cavabdehə o, təhvil vermişdir. Birinci instansiya məhkəməsi iş materaiallarına istinadən iddiasını təsdiq edən sübutu təqdim etməməsini müəyyən edərək iddianı təmin etməmişdir. Məhkəmə haqlı olaraq belə nəticəyə gəlmidir ki, iddia tələbi əsassızdır, belə ki, idiaçı öz iddiasını əsaslandıran sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçı iddia ərizəsində mənzili cavabdehin mülkiyyətinə verən zaman kondisioner- 1 ədəd 750 (yeddi yüz əlli) manat, mətbəx mebeli 1 dəst 1600 (bir min altı yüz) manat, kombi qızdırıcı sistemi 1 dəst 820 (səkkiz yüz iyirmi) manat, 5 ədəd radiator 480 (dörd yüz səksən) manat, künc şkafı 1 ədəd 400 (dörd yüz) manat, hamam güzgüsü 1 ədəd-40 (qırx) manat və razılaşmaya əsasən 500 (beş yüz) manat dəyərində olan əşyaların qaldığını qeyd etsə də həmin əşyaların mövcudluğu barədə heç bir sənəd təqdim etməmişdir. Bundan əlavə birinci instansiya məhkəməsi mənzilə baxış keçirən zaman iddiada göstərilən əşyaların mənzildə olmadığını şahidi olmuşdur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. X16 Məhkəməsinin «X3rşı” xx xxxx 2007-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbini əsası kimi istinad etdiyi halları, sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2005-ci il tarixli 4 saylı Qərarının 2-ci bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. İş materiallarından görünür ki, iddiaçı qətnamənin ləğv edilməklə iddiasının təmin edilməsini xahiş etsə də iddiasını və apelyasiya şikayətinin dəlillərini təsdiq edən halları sübuta yetirib əsaslandıra bilməmiş, buna dair hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində göstərilən dəlillər qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvinə səbəb ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iş üzrə toplanılmış sübutlara məcmu halında qiymət verməklə belə nəticəyə gəlmişdir ki, iddia təmin olunmamalıdır. "Qavazov Bolqarıstana qarşı iş üzrə" xx xxxx 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-3830/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar