Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-873/2023 31.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və X1 ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı kiçik iddialar dair işlər üzrə sadələşdirilmiş icraata dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2(029)-283/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Qusar Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli qərardadı ilə (hakim Ə.Cəlilov) İddiaçı Cavabdeh qarşı “kiçik iddialar dair işlər üzrə sadələşdirilmiş icraata” dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılması, İddiaçı məhkəmədə işə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumu qərardad qanuni qüvvəyə mindikdən sonra İddiaçı qaytarılması və icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qusar rayon maliyyə şöbəsinə tapşırılması, iddiaçıya izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra iddiaçı təkrarən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilməsi qərara alınmışdır. İddiaçı qərardaddan şikayət vermişdir. Qusar Rayon Məhkəməsinin 24 fevral 2023-cü il tarixli qərardadı ilə İddiaçı şikayətinin təmin edilməməsi, İddiaçı Qusar Rayon Məhkəməsinin e-2(029)-283/2023 saylı, 16 fevral 2023-cü il qərardadından verdiyi şikayət mülki işlə birlikdə 7 gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı “kiçik iddialar dair işlər üzrə sadələşdirilmiş icraata” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən 19 iyul 2021-ci il tarixli № 21/43 olan alqı-satqı müqaviləsi üzrə öhdəliyin pozulması nəticəsində ona borclu qaldığı 210.39 (iki yüz on manat otuz doqquz qəpik) manat və məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 30 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçı Qusar Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin qərardadında göstərilənlərin əksinə olaraq iddia ərizəsində, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284.3.2-ci maddəsinin tələblərinə uyğun olaraq, məhkəmənin adı, mənim (iddiaçının) və cavabdehin soyadı, adı, atasının adı, yaşayış yeri, mobil telefon nömrələri, hər iki tərəfin eyniləşdirilmə məlumatları (şəxsiyyət vəsiqələrinin seriya və nömrələri), mənim tələbim və tələbim əsaslandırılmış hallar qeyd edilmiş, iddia tələbim əsaslandırılmış sənədlər (mövcud halda iddia tələbim əsaslandırılmış yeganə sübut olan alqısatqı müqaviləsinin əsli) iddia ərizəsinə əlavə edilmiş və həmin sənədlərin siyahısı iddia ərizəsində qeyd edilmişdir. Məhkəmə qərardadında göstərilənlərin əksinə olaraq, iddia ərizəsinin MPM-nin 284.3.1 və 284.3.2-ci maddələri ilə müəyyən edilmiş forma və məzmununa uyğun olaraq tərtib edilmişdir, iddia ərizəsinin geri qaytarılması üçün həmin Məcəllənin 152.1-152.1.9-cu maddələri ilə müəyyən edilmiş əsaslar yoxdur və qeyd edilən Məcəllənin 284-3.5-ci maddəsinə əsasən iddia ərizəsinin geri qaytarılması qeyri-qanunidir. Daha sonra məhkəmənin qərardadında göstərilir ki, iddia ərizəsində göstərilən məhsulların (yəqin ki, mallar nəzərdə tutulur) cavabdehə verilməsi barədə heç bir sənəd əlavə edilməmişdir. Məhkəmə tərəfindən nəzərə alınmamışdır ki, cavabdehlə olan müqavilə “alqı-satqı müqaviləsi”dir. Müqavilədə qeyd edilib ki, onun tərəfindən alıcıya hissə-hissə ödənilməsi şərti ilə müqavilədə nəzərdə tutulmuş mal satılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə nəzərə almamışdır ki, pərakəndə satış obyektlərində, o cümlədən mağazalarda, mal satılanda, satılmış malın alıcıya verilməsinə dair hər hansı bir sənədin tərtib edilməsi zəruriliyi nə mülki, nə də ticarət qanunvericiliyində nəzərdə tutulmuşdur. Həmin hal iddia ərizəsinin geri qaytarılması üçün əsas kimi də mülkiprosessual qanunvericiliyində nəzərdə tutulmamışdır. Bundan əlavə məhkəmə tərəfindən nəzərə alınmamışdır ki, müqavilə bağlanandan sonra cavabdeh tərəfindən 1 500,0 manat ilkin ödəniş edilmiş və onun tərəfindən müxtəlif vaxtlarda 6 dəfə qalıq borcdan ödənilmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını araşdıraraq, şikayətin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, qərardadlar ləğv edilməli, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsi yenidən müzakirə edilməsi üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən iddiaçı tərəfindən ərizəyə iddia ərizəsində göstərilən məhsulun cavabdehə verilməsi barədə heç bir sənəd əlavə olunmaması, mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınması qaydasına riayət etməməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab etmir. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (M.Hüseynovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarı). İnsan hüquq və azadlıqlarının qorunması və müdafiəsi məhkəmələr tərəfindən hər hansı mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun (M.Xocalıyevin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2014-cü il tarixli qərarı). Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (Mülki Prosessual Məcəllənin 4.1. maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N. Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli Qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. İşdən görünür ki, İddiaçı Cavabdeh qarşı “kiçik iddialar dair işlər üzrə sadələşdirilmiş icraata” dair müqavilə üzrə öhdəliyin pozulması nəticəsində iddiaçıya borclu qaldığı pulun ödənilməsi barədə olmuş, birinci instansiya məhkəməsi iddiaçının sənəd əlavə etməməsi, mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınması qaydasına riayət etməməsini əsas gətirərək ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarmışdır. Əvvəla qeyd olunmalıdır ki, bu tələb üzrə pretenziya qaydasına riayət edilməsi nəzərdə tutulmamışdır. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, tələbdə göstərilən məhsulun cavabdehə verilməsi barədə sənədin əlavə olunmaması iddia ərizəsinin geri qaytarılması üçün deyil, iddianın rədd olunması üçün əsas ola bilər. Həmçinin o da vurğulanmalıdır ki, iddia ərizəsinə əlavə olunmuş sənədlərin siyahısında 19 iyul 2021-ci il tarixli 21/43 olan alqı-satqı müqaviləsinin iddia ərizəsinə əlavə edilməsi göstərilmişdir. Mülki Prosessual Məcəllənin 152.1.6. maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, qərardadlar ləğv edilməli, iddia ərizəsinini icraata götürülməsi məsələsi tərəflərin iştirakı təmin edilməklə yenidən müzakirə edilməsi üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.2., 399, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı şikayəti qismən təmin edilsin. Qusar Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli və 24 fevral 2023-cü il tarixli qərardadları ləğv edilsin. İddiaçı Cavabdeh qarşı kiçik iddialar dair işlər üzrə sadələşdirilmiş icraata dair ərizənin icraata götürülməsi məsələsi yenidən müzakirə edilməsi üçün mülki iş Qusar Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-873/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-873/2023
31.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver