Məhkəmə qərarları › İş №2(105)-873/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-873/2025

05.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-873/2025 05.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mülki iş üzrə (Açar sözlər: prosessual müddətin bərpasından imtina) X2 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 18 aprel 2025-ci il tarixli, 2(060)-3745/2023 nömrəli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Sumqayıt Şəhər Məhkəməsinin 29 avqust 2023-cü il tarixli, 2(060)- 3745/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 20 000 (iyirmi min) manat məbləğində pulun Cavabdeh3, 13 000 (on üç min) manat məbləğində pulun Cavabdeh2 tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş 189 manat dövlət rüsumunun 113 (yüz on üç) manatının Cavabdeh3, 76 (yetmiş altı) manatının isə Cavabdeh2 tutularaq İddiaçı verilməsi qət edilmişdir.

3. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-254/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin 29 avqust 2023-cü il tarixli, 2(060)-3745/2023 saylı qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

4. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-2202/2024 saylı qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-254/2024 nömrəli iş üzrə 31 yanvar 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

5. Cavabdeh2 tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 29 avqust 2023-cü il tarixli, 2(060)-3745/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edilərək buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməsi məhkəmədən xahiş edilmişdir.

6. Sumqayıt Şəhər Məhkəməsinin 18 aprel 2025-ci il tarixli, 2(060)-3745/2023 nömrəli qərardadı ilə (hakim Şəbnəm Həxiyeva) Cavabdeh2 Sumqayıt Şəhər Məhkəməsinin 29 avqust 2023-cü il tarixli, 2(060)-3745/2023 saylı qətnaməsindən «apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair» ərizəsinin təmin edilməməsi və apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.

7. Cavabdeh2 nümayəndəsi və vəkili Qanuni nümayəndə tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3745/2023 saylı, xx.xx.2025-ci il tarixli qərardadından şikayət verilərək qərardadın ləğv olunması xahiş edilmişdir.

8. Sumqayıt Şəhər Məhkəməsinin 13 may 2025-ci il tarixli, 2(060)-3745/2023 nömrəli qərardadı ilə (hakim Şəbnəm Həxiyeva) Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3745/2023 saylı, xx.xx.2025-ci il tarixli qərardadından Cavabdeh2 nümayəndəsi və vəkili Qanuni nümayəndə tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Şikayətin dəlilləri Cavabdeh2 nümayəndəsi və vəkili Qanuni nümayəndə şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə qanunun tələblərini pozaraq, prosesin çəkişmə prisipinin təmin etməmiş, cavabdehin məhkəmədə iştirakı təmin olunmalı olunduğu halda, bunları etməmiş, iş üzrə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə iş üzrə qəbul edilmiş Qətnaməni cavabdehin şikayət ərizəsi ilə almasını nəzərə almamışdır. Həmçinin həmin ərəfədə cavabdehin atasının vəfat etməsini, onun yas mərasimində olmasına heç bir qiymət verməmişdir. Qətnamənin qanunla müəyyən edilmiş vaxta təqdim edilməməsi onun günahı deyil. Əgər məhkəmə qətnaməni cavabdehin ünvanına göndərmiş olsaydı, o zaman o, qanunla müəyyən edilmiş vaxtda apellyasiya şikayəti vermiş olacaqdı. Məhkəmə qərardadda göstərmişdir ki, güya iş üzrə qəbul edilmiş 29 avqust 2023-cü il tarixli, 2(060)- 3745/2023 saylı Qətnamə 10 dekabr 2024-cü il tarixdə məktubla (sifarişli/xəbərnaməli) göndərilmiş, həmin qətnamənin surəti Cavabdeh2 məxsus ünvanda rəsmi qaydada 26 dekabr 2024-cü il tarixdə tərəfindən xəbərnaməyə imza edilməklə alınmışdır. Bildirdiyi kimi həmin ərəfədə cavabdehin atası vəfat etmiş və o, atasının yas mərasiminin keçirilməsi ilə məşğul olmuşdur. Yasdan sonra apellyasiya şikayəti vermişdir. Məhkəmənin qətnaməni qəbul etdikdən sonra qısa müddətdə apellyasiya şikayətini gecikdirilmiş kimi göstərməsi düzgün deyildir. Birinci instansiya məhkəməsi onun iştirakını təmin etmədiyinə görə o da iş üzrə əhəmiyyət kəsb edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. İş üzrə yeni sübutları Apellyasiya məhkəməsində işə baxılarkən təqdim edəyəcəkdir.

10. Şikayətə qarşı etirazın dəlilləri Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 134.1.5. Birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməlidir. Maddə 128.2. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Apellyasiya baxışının hədləri

13. Şikayətdən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin 18 aprel 2025-ci il tarixli, 2(060)-3745/2023 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Sumqayıt Şəhər Məhkəməsinin 18 aprel 2025-ci il tarixli, 2(060)- 3745/2023 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

14. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 18 aprel 2025-ci il tarixli, 2(060)-3745/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

15. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh2 tərəfindən verilmiş ərizə təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 29 avqust 2023cü il tarixli, 2(060)-3745/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasından imtina edilmiş və apellyasiya şikayəti geri qaytarılmışdır.

16. Məhkəmə mövqeyni onunla əsaslandırmışdır ki, Cavabdeh2 müraciəti əsasında Sumqayıt Şəhər Məhkəməsinin 29 avqust 2023-cü il tarixli, 2(060)-3745/2023 saylı qətnaməsi 10 dekabr 2024-cü il tarixdə məktubla (sifarişli/xəbərnaməli) göndərilmiş, həmin qətnamənin surəti Cavabdeh2 məxsus ünvanda rəsmi qaydada 26 dekabr 2024-cü il tarixdə tərəfindən xəbərnaməyə imza edilməklə alınmışdır. Cavabdeh2 tərəfindən sonuncu apellyasiya şikayəti elektron qaydada xx.xx.2025-ci il tarixdə daxil olmuşdur ki, bununla da onun verilməsi üçün qanunla müəyyən edilmiş müddət ötürülmüşdür.

17. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh2 tərəfindən qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət üzrsüz səbəbdən buraxıldığından ərizə təmin edilməməli və apellyasiya şikayəti geri qaytarılmalıdır.

18. Cavabdeh2 nümayəndəsi və vəkili Qanuni nümayəndə tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3745/2023 saylı, xx.xx.2025-ci il tarixli qərardadından şikayət verilərək qərardadın ləğv olunması xahiş edilmişdir.

19. Məhkəmə kollegiyası şikayətin dəlilləri üzrə qiymətləndirmə apararaq birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşır, şikayətin dəlillərini əsassız hesab edir, kollegiyanın qənatincə birinci intansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərardad prosessual hüquq normalarının tələblərinə uyğundur, qərardadın ləğv edilməsi üçün əsas yoxdur.

20. Kollegiya həmçinin aşağıda şərh olunanları qeyd edir:

21. Qüvvədə olan mülki prosessual qanunvericiliyin normalarından göründüyü kimi şikayət onun verilməsi üçün müəyyən edilmiş müddət ötürüldükdən sonra verilirsə, qəbul edilmir. Şikayət vermiş şəxs müddət ötürülməsinə səbəb olan hallar göstərməklə həmin müddətin bərpa edilməsi barədə məhkəmə qarşısında vəsatət qaldıra bilər. Lakin vəsatətin veriməsi müddətin mexaniki bərpa edilməsinə səbəb olmur. Məhkəmə ilk növbədə müddətin buraxılmasının səbəblərini arşdırır. Əgər o, müddətin şikayəti verən şəxsdən asılı olmayan səbəblərdən (xəstəlik, ezamiyyət və s.) buraxıldığı qənaətinə gələrsə, vəsatəti təmin edərək müddəti bərpa edir, əks halda isə vəsatəti rədd edir.

22. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, şikayətin məhkəməyə verilməsinə dair müəyyən olunmuş müddətlərə dair müddəalar ədalətin düzgün həyata keçirilməsi və xüsusilə hüquqi müəyyənlik prinsipinin riayət olunmasına yönəlmişdir. Maraqlı şəxslər bu normaların tətbiq olunmasını gözləməlidir. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarlarının qeyri-müəyyən vaxtdan sonra onlara yenidən baxılması hüquqi müəyyənlik prinsipini pozur. Bu cür hallar Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə baxışına olan hüququnun mahiyyətinə ziddir.

23. Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı 20 yanvar 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdır.

24. Avropa Məhkəməsi xatırladır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzu prinsipinin pozuntusu hesab edilir. Beləliklə, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir.

25. Göründüyü kimi müddətlərin müəyyən edilməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinin qarşısını almağa, mülki münasibətdə qeyri-müəyyənliyi, qeyri-sabitliyi aradan qaldırmağa xidmət göstərir.

26. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa olunmaması ilə bağlı mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edildikdə prosessual qanunun tələblərinin pozuntusuna yol verilməmişdir. Tərəfin göstərdiyi dəlil ilə keçən zaman arasındakı müddəti nəzərə alaraq kollegiya hesab edir ki, qeyd olunan hal hazırkı vəziyyətdə buraxılmış prosessual müddətin bərpa edilməsinin üzürlü səbəb kimi qiymətləndirilməsinə əsas vermir. Odur ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 18 aprel 2025-ci il tarixli, 2(060)-3745/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

27. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq

q ə r a r a a l d ı:

Cavabdeh2 nümayəndəsi və vəkili Qanuni nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 18 aprel 2025-ci il tarixli, 2(060)-3745/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar