Məhkəmə qərarları › İş №2(105)-874/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-874/2023

03.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-874/2023 03.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: X2 (sədrlik edən və məruzəçi), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e2(029)-284/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ : İşin halları: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e2(029)-284/2023 nömrəli qərardadı ilə (sədrlik edən, hakim Əli Cəlilov) İddiaçı Cavabdeh qarşı kiçik iddialar dair işlər üzrə sadələşdirilmiş icraata dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması qərara alınmışdır. İddiaçı tərəf Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e2(029)-284/2023 nömrəli qərardadından şikayət vermişdir. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə xx.xx.2023-cü il tarixli, e2(029)-284/2023 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3.5-ci maddəsinin tələbinə əsasən iddiaçının iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, ərizəyə iddia ərizəsində göstərilən məhsulun cavabdehə verilməsi barədə heç bir sənəd əlavə olunmamışdır. Bundan başqa iş materiallarına iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd də əlavə olunmamışdır. İddiaçı müvafiq məhkəmə qərardadından şikayət verərək, onun ləğv edilməsini və Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinə baxılması üçün prosessual hərəkətlərin davam etdirilməsi barədə qəraradad çıxarılmasını xahiş etmişdir. Şikayətin dəlilləri: Şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qərardadını əsassız və qeyriqanuni hesab edir. Məhkəmənin qərardadında göstərilənlərin əksinə olaraq iddia ərizəsinə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284.3.2-ci maddəsinin tələblərinə uyğun olaraq, məhkəmənin adı, onun (iddiaçının) və cavabdehin soyadı, adı, atasının adı, yaşayış yeri, mobil telefon nömrələri, hər iki tərəfin eyniləşdirilmə məlumatları (şəxsiyyət vəsiqələrinin seriya və nömrələri), onun tələbi və tələbi əsaslandırılmış hallar qeyd edilmiş, iddia tələbi əsaslandırılmış sənədlər (mövcud halda iddia tələbi əsaslandırılmış yeganə sübut olan alqı-satqı müqaviləsinin əsli) iddia ərizəsinə əlavə edilmiş və həmin sənədlərin siyahısı iddia ərizəsində qeyd edilmişdir. Məhkəmə qərardadında göstərilənlərin əksinə olaraq, iddia ərizəsi MPM-nin 284.3.1 və 284.3.2-ci maddələri ilə müəyyən edilmiş forma və məzmununa uyğun olaraq tərtib edilmişdir, iddia ərizəsinin geri qaytarılması üçün həmin Məcəllənin 152.1-152.1.9-cu maddələri ilə müəyyən edilmiş əsaslar yoxdur və qeyd edilən Məcəllənin 284-3.5-ci maddəsinə əsasən iddia ərizəsinin geri qaytarılması qeyri-qanunidir. Daha sonra məhkəmənin qərardadında göstərilir ki, iddia ərizəsində göstərilən məhsulların (yəqin ki, mallar nəzərdə tutulur) cavabdehə verilməsi barədə heç bir sənəd əlavə edilməmişdir. Məhkəmə tərəfindən nəzərə alınmamışdır ki, cavabdehlə olan müqavilə alqı-satqı müqaviləsidir. Müqavilədə qeyd edilib ki, onun tərəfindən alıcıya hissə-hissə ödənilməsi şərti ilə müqavilədə nəzərdə tutulmuş mal satılır. Məhkəmə nəzərə almamışdır ki, pərakəndə satış oyektlərində, o cümlədən mağazalarda, mal satılanda, satılmış malın alıcıya verilməsinə dair hər hansı bir sənədin tərtib edilməsinin zəruriliyi nə mülki, nə də ticarət qanunvericiliyində nəzərdə tutulmuşdur. Həmin hal iddia ərizəsinin geri qaytarılması üçün əsas kimi də mülki-prosessual qanunvericiliyində nəzərdə tutulmamışdır. Bundan əlavə, məhkəmə tərəfindən nəzərə alınmamışdır ki, müqavilə bağlanandan sonra cavabdeh tərəfindən xx.xx.2022, 13.12.22 və xx.xx.2023-cü illərdə, müvafiq olaraq 57,0, 81,0 və 20,0 manat borcdan vəsait ödənilmişdir. Məhkəmənin qərardadında həmçinin göstərilir ki, iş materiallarına iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd də əlavə olunmamışdır. Qərardadda qeyd edilmiş həmin halla əlaqədar o fərdi sahibkarlıqla məşğul olur, cavabdeh isə fərdi sahibkarlıqla məşğul olmayan (hər halda bağlanmış müqaviləyə münasibətdə) fiziki şəxsdir. Azərbaycan Respublikasının heç bir qanunu ilə fiziki şəxslə fərdi sahibkarlıqla məşğul olan fiziki şəxs arasında bağlanan alqı-satqı müqavilələrə görə yaranan mübahisələrin pretenziya qaydasında nizama salınması nəzərdə tutulmamışdır. Bu hal müqavilədə nəzərdə tutula bilər. Lakin müqavilədə də belə hal nəzərdə tutulmamışdır. Mübahisələrin pretenziya qaydasında həll edilməsi, qanunvericiliklə müəyyən edilmiş kategoriya işlər üçün (iqtisadi mübahisələrdə, tərəflər hüquqi şəxs və ya fəri sahibkarlıq fəaliyyət ilə məşğul olanlar olduqda) və bilavasitə müqavilədə nəzərdə tutulmuş hallarda tətbiq edilir. Apellyasiya instansiya məhkəməsində icraat Şikayətə qarşı yazılı izahat və etirazlar daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-3.1-ci maddəinə əsasən ərizə məhkəməyə ümumi qaydada verilir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə ərizə həmin sistemdə qeydiyyatdan keçmiş mülki işlər üzrə işdə iştirak edən şəxslər, habelə kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərilir. 284-3.2-ci maddəsinə görə ərizədə ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər ərizəni nümayəndə verirsə), cavabdehin soyadı, adı, atasının adı, yaşayış yeri (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, həmin şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddiaçının tələbi və onun əsaslandığı hallar; tələbin əsaslığını təsdiq edən sənədlər, əmlakın verilməsi tələbləri üzrə tələb olunan əmlakın dəyərinə dair sübutlar; əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur 152.1.6-cı maddəsinə görə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 372.1-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi tаm hüquqlu məhkəmə kimi işə, işdə olаn və əlаvə təqdim olunmuş sübutlаr əsаsındа mаhiyyəti üzrə bаxır. 372.7-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsinin məhkəmənin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Apellyasiya baxışının həddi Məhkəmə kollegiyası hesab edir ki, hazırki mülki iş üzrə apellyasiya baxışının predmetini şikayət məhkəmə qərardadının tam ləğvinə yönəldiyindən, qərardadın tam qanuniliyinin yoxlanılması təşkil edir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilən qərardad ləğv edilərək iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Qusar Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia ərizəsini geri qaytararkən istinad etdiyi hallarla bağlı qeyd edir ki, iddia ərizəsinin geri qaytarılmasına əsas olan hallar mülki prosessual qanunvericilikdə dəqiq şəkildə qeyd olunmuşdur. Birinci instansiya məhkəməsinin iddia ərizəsinin geri qyatarılmasına əsas olan hal kimi istinad etdiyi iddia ərizəsində göstərilən məhsulun cavabdehə verilməsi barədə heç bir sənəd əlavə olunmaması əsası mülki prosessual qanunvericilikdə iddia ərizəsinin geri qaytarılmasına əsas olan hal kimi nəzərdə tutulmamışdır. Eyni zamanda, qeyd olunmalıdır ki, qeyd edilən hal iddia ərizəsinin icraata götürülməsi mərhələsində deyil, məhz məhkəmə araşdırması mərhələsində aydınlaşdırılmalı olan haldır. Bundan başqa, birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən həmçinin iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinədair sənəd də əlavə olunmamasına istinad etmişdir ki, məhkəmə kollegiyası bunu da əsaslı hesab etmir. Belə ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsində mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmalı olması barədə birmənalı şəkildə müddəa nəzərdə tutulmamışdır. Digər tərəfdən, hazırki mübahisə kateqoriyasına görə də qanunla məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmalı mübahisə olmamaqla, bununla bağlı qanunda da hər hansı göstəriş nəzərdə tutulmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı prosessual hüquq normalarının tələblərinin pozulması ilə qəbul edilmiş, yuxarıda sadalanan hallara düzgün hüquqi qiymət verməmiş, nəticədə iddiaçının Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə təsbit edilmiş məhkəmə müdafiəsi hüquqları pozulmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan halları əsas götürərək, şikayətdə göstərilən dəlilləri araşdıraraq, hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilən qərardad ləğv edilərək, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Qusar Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e2(029)-284/2023 nömrəli qərardadı ləğv edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Qusar Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar