Məhkəmə qərarları › İş №2(105)-874/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-874/2024

04.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-874/2024 04.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin e-2(012)-3882/2023 nömrəli, 18 dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov) iddianın təmin edilməsi, Cavabdeh 15000 manat pul və 135 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15000 (on beş min) manat məbləğində pulun və həmçinin tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 135 (bir yüz otuz beş ) manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 26 may 2022-ci il tarixdə Sumqayıt şəhəri 4 saylı notariat kontorunda kredit (borc) müqaviləsi bağlamaqla xx.xx.2022-ci il tarixinədək qaytarılmaq şərtilə Cavabdeh 15000 (on beş min) manat məbləğində borc pul vermişdir. Müqavilədə göstərilən vaxt tamam olsa da cavabdeh aldığı borcu qaytarmamışdır. Hər dəfə borcunu qaytarması üçün ona müraciət etdikdə o, müxtəlif bəhanələr gətirərək, borcun qaytarılmasını yubadır. Bununla əlaqədar olaraq müvafiq qaydada Sumqayıt Şəhər Polis İdarəsinə rəsmi qaydada şikayət ərizəsi ilə müraciət etsə də Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi tərəfindən xx.xx.2023-cü il tarixli cavab məktubu ilə bildirilmişdir ki, iddia ərizəsi ilə məhkəmə orqanlarına müraciət etməniz məqsədəmüvafiqdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Rəcəbov X2 Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının özünün arzusu ilə, İddiaçı yeznəsi Taleh Kərimov və İddiaçı qızı Günel vasitəsi ilə, yəni Taleh Kərimovun və İddiaçı və onun qızı Günelin istifadəsində olan bank kartına köçürmə yolu ilə 11000 (on bir min) manat hissəsini qaytarmış, pulun 4300 (dörd min üç yüz) manatını isə, bu məbləğ miqdarında tikinti materiallarını İddiaçı təqdim edilməsi üçün Taleh Kərimova təqdim etmişdir. Ümumilikdə 15300 manat məbləğində pul İddiaçı Cavabdeh tərəfindən qaytarılmışdır. Bütün bu dediklərini məhkəmədə təsdiq edəcək şahidləri vardır. Həmçinin pulların köçürülməsi barədə çıxarışlar məhkəmə prosesi zamanı təqdim ediləcəkdir. Onun ümumiyyətlə bu iddiadan xəbəri olmamış, məhkəmə proseslərində iştirakı təmin edilməmişdir. Bu səbəbdən qaytardığı pullar barədə məhkəməyə həqiqəti bildirə bilməmişdir. İddiaçı isə məhkəməni aldadaraq, əsassız varlanmaq niyyəti ilə ondan xeyli məbləğdə pul tələb etmiş, çox təəsüflər olsun ki, belə bir ədalətsiz qətnamə qəbul edilməsinə nail olmuşdur. Qətnamə barədə ona yalnız İcra və Probasiya şöbəsi tərəfində çağrıldığı zaman bilmişdir. Bundan sonra sözügedən qətnaməni 22 fevral 2024-cü ildə əldə edə bilmişdir. Bundan sonra qanunla nəzərdə tutlmuş 1 ay müddətində hazırki iddianı verir. Belə olan halda bu qədər məbləğin ondan tələb edilməsi əsassız, qanunsuz və ədalətsizdir. İddiaçı ondan pulu qaytarmağına baxmayaraq, yenidən 15000 manat məbləğində pulu tələb etməklə, onun mülkiyyət hüquqlarını pozur. Buna görə də hesab edir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(012)-3882/2023 nömrəli qətnaməsi ləğv edilməli, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmalıdır. İşə baxan məhkəmə məhkəmə proseslərində iştirakını təmin etməmiş, qeyd olunan prosessual hüquq normasının tələblərini kobud surətdə pozaraq, qətnamə qəbul etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı nümayəndəsi Vəkil3 apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, nümayəndəsi Vəkil2 “AZEMİS”-də yaradılan elektron kabinet vasitəsilə ərizə təqdim edərək, apellyasiya şikayətini müdafiə etdiyini, məhkəməyə təqdim ediləcək əlavə sübutu olmadığını, buna görə də apellyasiya şikayətinə onun iştirakı olmadan baxaraq, apellyasiya şikayətini təmin edib, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdehin üzərinə düşən öhdəliyi icra etməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalan cavabdeh qətnaməni mübahisələndirərək, apellyasiya şikayətinin təmin edilməsi və qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd olunanlara əsasən hüquqi qiymət verilməlidir. İşdən görünür ki, tərəflər arasında 26 may 2022-ci il tarixdə Sumqayıt şəhəri 04 saylı Notariat Ofisində kredit müqaviləsinin bağlanması işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi borcun qaytarılması barədədir. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 739-cu maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə görə bu cür iddiaların təmin olunması üçün tərəflər arasında etibarlı borc müqaviləsi bağlanmış olmalıdır və bu cür tələblər üzrə pulun verildiyini sübut etmək yükü iddiaçının üzərində olsa da, o bu yükdən o zaman azad edilir ki, cavabdeh bu pulun ona verilmədiyini təkzib edən sübutlarla təsdiq etsin. İşdən görünür ki, cavabdeh pulun ona verilmədiyini deyil, əksinə həmin pulun 11.000 manatını iddiaçının qohumları vasitəsi, digər hissəsini isə ona tikinti materialları verməklə ödənildiyini bildirmiş, lakin bunu təsdiq edən heç bir sübut məhkəmə kollegiyasına təqdim etməmişdir. Bu cavabdehin nümayəndəsi Vəkil2 “AZEMİS”-də yaradılan elektron kabinet vasitəsilə göndərilən ərizəsində də öz təsdiqini tapır. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən kredit müqaviləsi üzrə borcun cavabdehə verilməsini sübut etmə yükü üzərinə düşən iddiaçı tələb etdiyi 26 may 2022-ci il tarixli kredit müqaviləsi üzrə 15.000 manat məbləğində pulu cavabdehə verdiyini sübut etdiyi halda, cavabdeh isə bunu təkzib edən hər hansı bir tutarlı sübut təqdim etməmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2. maddələri). Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekpertlərin rəyləri ilə, yeində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (Azərbaycan Respublikası MPM-nin 76.1, 76.2-ci maddələri) Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarı). Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna, yaxud iddiaçı öz tələbini təsdiq edən müəyyən halları sübut etdiyi və ya bunlar işin mübahisələndirilməyən halları olduqda iddiaya etirazın əsasları kimi istinad olunan halları sübut etmə yükü cavabdehin üzərinə qoyula bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Prosessual qanunvericiliyə əsasən heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Əgər məhkəmə iş üzrə hər hansı sübutu (məsələn şahid ifadəsini) statusuna və ya alınma mənbəyinə görə daha üstün olan digər sübutdan (məsələn səlahiyyətli dövlət orqanı tərəfindən lazımi qaydada tərtib olunmuş rəsmi sənəddən) daha mötəbər hesab edirsə, yaxud eyni qüvvəli, lakin məzmunca biri-biri ilə ziddiyyət təşkil edən sübutlardan birini qəbul, digərini qəbul etmirsə bununla bağlı mövqeyini işdə olan digər sübutlarla müqayisəli şəkildə inandırıcı və ağlabatan qaydada əsaslandırmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etdiyi halda cavabdeh bunu təkzib edən o cümlədən, qaytarılmasını təsdiq edən tutarlı sübut məhkəməyə təqdim edə bilmədiyindən, iddia tələbini təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməməsi barədə dəlilinə gəldikdə isə qeyd edir ki, iş materiallarında olan bildirişə əsasən cavabdehin müqavilədə qeyd etdiyi nömrəsinə sms bildiriş müvafiq qaydada sonuncuya çatdırılmış, həmçinin qeydiyyatda olduğu ünvanına bildiriş göndərilmiş, lakin sonuncu məhkəmə iclasında iştirakının təmin edilməməsi barədə heç bir tutarlı sübut təqdim etmədiyindən, məhkəmə kollegiyası şikayətin bu dəlilini də əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi hazırki işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırkı iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar