Məhkəmə qərarları › İş №2(105)-876/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-876/2021

03.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-876/2021 03.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X4, iddiaçı “xxxx” ASC-nin nümayəndəsi X1 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(060)-4007/2020 saylı qətnaməsindən İddiaçı ASC-nin verdiyi apelyasiya şikayətinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(060)-4007/2020 saylı qətnaməsi ilə (hakim A.M.Süleymanova) İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcun tutulması tələbinə dair iddiası qismən təmin edilib, Cavabdeh1 xx xxxxxx 2014cü il tarixli kredit müqaviləsi üzrə 8.324,14 ABŞ dolları əsas borc, 3.643,8 ABŞ dolları faiz borcu, 300 ABŞ dolları cərimə və illik 5 faiz hesablanmaqla gecikdirilmiş vaxt üçün 1141,6 ABŞ dolları olmaqla, cəmi 13409,54 ABŞ (on üç min dörd yüz doqquz ABŞ dolları əlli dörd sent) dolları borc (ödəniş gününə manata məzənnə ilə) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 28,20 (iyirmi səkkiz manat iyirmi qəpik) manatın İddiaçı ASC-nin xeyrinə tutulması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı ASC apelyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(060)-4007/2020 saylı qətnaməsinin qismən ləğv edilərək iddianın tam təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən “xxxx” İKB ASC-dən illik 22 faizlə 24 ay müddətinə 15.000 ABŞ dolları kredit götürmüşdür. xx.xx.2015-ci il tarixli əlavə sazişə əsasən kreditin qalıq müddəti xx.xx.2017-ci il tarixədək uzadılmışdır. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə xx xxxxxx 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. Ona görə də, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 8.324,14 ABŞ dolları əsas borc, 3.643,8 ABŞ dolları faiz borcu, 1.179,56 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1.141,6 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 14.289,1 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı ASC apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi xx xxxxxxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, xx xxxx 2020-ci il tarixli bankın birinci instansiya məhkəməsinə təqdim etdiyi iddia ərizəsində zaminlərə qarşı münasibətdə xx.xx.2015-ci il tarixli əlavə sazişə əsasən kreditin qalıq müddəti xx.xx.2017-ci il tarixədək uzadılması və borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə xx xxxxxx 2014-cü il tarixli zaminlik müqaviləsinin bağlanması qeyd olunmuşdur. Həmçinin iddia ərizəsində qoşma hissəsinin 6-cı bəndində kredit və zaminlik müqavilələrinə əlavələrin asilləri iddia ərizəsinə əlavə edilməsi qeyd olunmuşdur. Lakin birinci instansiya məhkəməsi zaminlərlə əlavə sazişin bağlanması hissəsinə əhəmiyyət verməmişdir. Cavabdeh2 və Cavabdeh3 ilə bank arasında xx xxxx 2015-ci il tarixli, 4-M-4-0-1333-14 saylı, xx.xx.2014-cü il tarixli kredit və 4-M-4-0-1333-14 saylı, xx.xx.2014-cü il tarixli zaminlik müqavilələrinə əlavə bağlanmışdır. Həmin müqavilə ilə zaminin bank qarşısında olan öhdəliklərinin müddəti, həcmi, faiz dərəcəsinin müəyyən edilməsi və eləcədə müvafiq olaraq hesablanan dəbbə pulunun kredit müqaviləsində göstərilən valyutada ödənilməsi müəyyən edilmişdir. Belə olan halda, \aminlik müqavilələrinə əlavə ilə nəzərdə tutulan halların zaminə münasibətdə mövcud olmasına baxmayaraq, həmçinin “xxxx” İKB ASC və zaminlər arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, 4-M-4-0-1333-14 saylı zaminlik müqavilələrinə əlavələr birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilərək iddianın tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X2 apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-ha¬ki¬min məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “xxxx” İKB ASC və Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014-cü il kredit müqaviləsindən görünür ki, kreditor borcalana 24 ay müddətinə illik 22 faiz ödənilməsi şərti ilə 15.000 ABŞ dolları məbləğində kredit verməyi, borcalan həmin kreditdən məqsədli istifadə etməyi və müəyyən olunmuş müddətdə kredit və hesablanmış faizləri qaytarmağı öhdəsinə götürmüşdür. “xxxx” İKB ASC və Cavabdeh2 və Cavabdeh3 arasında bağlanılmış xx xxxxxx 2014-cü il tarixli zaminlik müqavilələrinə əsasən zaminlər xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə borclu Cavabdeh1 öhdəliklərinin icrası ilə bağlı üzərlərinə birgə məsuliyyət götürmüşlər. xx.xx.2014-cü il tarixli, 4-M-4-0-1333-14 saylı kredit və 4-M-4-0-1333-14 saylı, xx.xx.2014-cü il tarixli zaminlik müqavilələrinə xx xxxx 2015-ci il tarixli Əlavə Saşizin məzmunundan görünür ki, xx xxxxxx 2014-cü il tarixli müqavilənin müddəti xx.xx.2017-ci il tarixə qədər uzadılmışdır. “xxxx” İKB ASC-nin maliyyə arayışından görünür ki, Cavabdeh1 xx xxx 2020-ci il tarixə xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 8.324,14 ABŞ dolları əsas, kreditin bitmə tarixinə 3.643.8 ABŞ dolları faiz, 1.179,56 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1.141,6 ABŞ dolları borcu vardır. Birinci instansiya məhkəməsi iddia ərizəsini kredit müqaviləsi üzrə öhdəlikərə istinad edərək qismən təmin etdikdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 448, 449.4, 462.1, 467-ci maddələrini rəhbər tutaraq hesab etmişdir ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənilməli olduğu halda vaxtında ödəniş etməmiş, bununlada müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır.Birinci instansiya məhkəməsi iddia ərizəsini zaminlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə təmin etməkdən imtina etdikdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinə istinad edərək hesab etmişdir ki, araşdırılan mübahisə üzrə zaminliyə artıq xitam verilmişdir, bu səbəbdən də Cavabdeh2 və Cavabdeh3 qarşı yönəlmiş tələb əsassızdır və təmin edilə bilməz. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənilməli olduğu halda vaxtında ödəniş etməmiş, bununlada müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 739.1, 739.2-ci maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 8.324,14 ABŞ dolları əsas borc, 3.643,8 ABŞ dolları faiz borcu və illik 5% hesablanmaqla gecikdirilmiş vaxt üçün 1141,6 ABŞ dolları İddiaçı ASC-nin xeyrinə tutulması barədə nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Birinci instansiya məhkəməsi cavabdehin üzərində əsas borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsini onun vəziyyətini daha da ağırlaşdırdığını, habelə cavabdehin əmlak mənafelərini nəzərə alaraq hesab etmişdir ki, 1.179,56 ABŞ dolları məbləğində cərimə azaldılaraq 300 ABŞ dolları müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 470.2-ci maddəsində zaminlik müqaviləsinin gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlanmasının mümkünlüyü nəzərdə tutulmuşdur. Bu zaman nəzərə almaq lazımdır ki, gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər. “xxxx” İKB ASC ilə zaminlər Cavabdeh2 və Cavabdeh3 ilə bank arasında xx xxxx 2015-ci il tarixli, 4-M-4-0-1333-14 saylı, xx.xx.2014-cü il tarixli kredit və 4-M-4-0-1333-14 saylı, xx.xx.2014-cü il tarixli zaminlik müqavilələrinə əlavə bağlanmışdır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxxxx 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyinin) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir”. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 324.4, 385.1, 386.1, 405.1 və 739-cu maddələrinə uyğun olaraq tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır… Zaminlik müqaviləsinin bağlanması üçün kredit xətti müqaviləsinin əsas şərtləri aydın müəyyən olunmalıdır. Zaminin sonradan əmələ gələcək öhdəliyə görə məsuliyyətinin həcmini müəyyən etməyə imkan verən hallar mühüm şərtlər hesab edildiyindən onlar kredit xətti müqaviləsində dəqiq göstərilməlidir… Kredit müqaviləsinin mühüm şərtlərinə kreditin məbləği, müddəti, illik faiz dərəcəsi və s. aid edilə bilər... Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir.» Göründüyü kimi, qanunuvericilik fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilmək hüququnu, müqavilənin ləğv edilmə qaydasını müəyyən etmiş, eyni zamanda öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər birinin vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə əməl etməli olmasını təsbit etmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, zaminliyə xitam verilməsinin əsasları Mülki Məcəllənin 477-ci maddəsində nəzərə tutulmuşdur. Həmin normaya əsasən zaminliyə aşağıdakı hallarda xitam verilir: zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Məlum olduğu kimi zaminlik öhdəliklərin icrasının təmin edilməsi üsullarından biri kimi çıxış edir və daha çox bank-kredit münasibətlərində tətbiq olunması ilə xarakterikdir. Göründüyü kimi, zamin üzərinə birgə məsuliyyət götürdüyü halda onun kreditor qarşısında məsuliyyəti də borclu ilə eyni həcmdə olur və onların hər ikisi də öhdəliklərin icrası üçün kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Hətta, mülki qanunvericilik zaminliyin gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də verilməsini istisna etməmişdir. Ancaq, nəzərə almaq lazımdır ki, hər bir halda, zaminlik müqaviləsi mülki məcəllə ilə nəzərdə tutulmuş tələblərə uyğun şəkildə tərtib olunmalı və müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin mahiyyəti tam olaraq əks olunmalıdır. Zaminlik mücərrəd öhdəliklər üzrə verilə bilməz. Əks təqdirdə, zamin hansı öhdəliyin icrası üçün zəmanət verməsindən məlumatlı olmayacaqdır ki, bu da onu gələcəkdə ağır şərtlər qarşısında qoya bilər. Hazırki işin materiallarından isə görünür ki, “xxxx” İKB ASC ilə zaminlər Cavabdeh2 və Cavabdeh3 ilə bank arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, 4-M-4-0-1333-14 saylı, xx.xx.2014-cü il tarixli kredit və 4-M-4-0-1333-14 saylı, xx.xx.2014-cü il tarixli zaminlik müqavilələrinə əlavədə zamin kimi onların yazılı razılıqları alınmışdır. Beləliklə, məhkəmə kollegiyası iddiaçı Bankın apelyasiya şikayətində göstərdiyi dəlilləri qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində ləğvi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası şərh olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi zaminlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə iddianı təmin etməkdən imtina edərkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, nəticədə tətbiq edilməli olan qanunu tətbiq etməyərək maddi və prosessual hüquq normalarını pozmaqla qətnamə qəbul etmişdir. Bu da qətnamənin apelyanta münasibətdə ləğvi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1 və 385.1.2-ci maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası toplanmış sübutları müqayisəli surətdə tədqiq edərək, işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - «İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcun tutulması tələbinə dair iddiası təmin edilməsin» hissəsində ləğv edilib, iddia həmin hissədə təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1, 386, 392- 393, 402, 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı ASC-nin verdiyi apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(060)-4007/2020 saylı qətnaməsi qismən – «İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcun tutulması tələbinə dair iddiası təmin edilməsin» hissəsində ləğv edilsin. İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcun tutulması tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 8.324,14 ABŞ dolları əsas borc, 3.643,8 ABŞ dolları faiz borcu, 300 ABŞ dolları cərimə və illik 5 faiz hesablanmaqla gecikdirilmiş vaxt üçün 1141,6 ABŞ dolları olmaqla, cəmi 13409,54 ABŞ (on üç min dörd yüz doqquz ABŞ dolları əlli dörd sent) dolları borc (ödəniş gününə manata məzənnə ilə) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 28,20 (iyirmi səkkiz manat iyirmi qəpik) manat İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar