Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-877/2023 03.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: kiçik iddialar üzrə - iddia ərəzisinin icraata qəbul edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X3 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borc pul tələbi üzrə Qusar Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2(029)-286/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, kollegiya müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı “kiçik iddialar dair işlər üzrə sadələşdirilmiş icraata” dair iddia ərizəsi ilə Qusar Rayon Məhkəməsinə müraciət edib, Cavabdeh tərəfindən 22 dekabr 2021-ci il tarixli, № 21/95 olan alqı-satqı müqaviləsi üzrə öhdəliyin pozulması nəticəsində ona borclu qaldığı 152.02 (yüz əlli iki manat iki qəpik) manat və məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qusar Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2(029)-286/2023 nömrəli qərardadı ilə (hakim Ə.Cəlilov) İddiaçı Cavabdeh qarşı “kiçik iddialar dair işlər üzrə sadələşdirilmiş icraata” dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması qərara alınmışdır. İddiaçı həmin qərardaddan şikayət vermişdir. Qusar Rayon Məhkəməsinin 24 fevral 2023-cü il tarixli, 2(029)-286/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş İddiaçı və Cavabdeh arasında bağlanılmış 22 dekabr 2021-ci il tarixli müqavilənin 6.1-ci bəndində göstərilir ki, müqavilənin icrası ilə əlaqədar tərəflər arasında yaranan mübahisələr tərəflər arasında yaranan qarşılıqlı razılaşma yolu ilə həll olunur. Həmin müqavilənin 6.2-ci bəndində göstərilir ki, qarşılıqlı razılaşma yolu ilə həll olunmayan mübahisəli məsələlər müvafiq qanunvericiliyə əsasən məhkəmə yolu ilə həll olunur. İş materiallarına iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd əlavə olunmamasını əsas götürərək məhkəmə hesab etmişdir ki, İddiaçı və Cavabdeh arasında bağlanılmış 22 dekabr 2021-ci tarixli müqavilənin 6.1-ci bəndin tələbi pozulmuş və müqavilənin icrası ilə əlaqədar tərəflər arasında yaranan mübahisələr tərəflər arasında yaranan qarşılıqlı razılaşma yolu həll etmək imkanı pozulmuş, ona xəbərdarlıq edilməmişdir. Cavabdehə malın verilməsini təsdiq edən sənəd də ərizəyə əlavə olunmamışdır. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1, 152.2, 284-3, 284-3.2, 284-3.5-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat Şikayətin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin qərardadında göstərilənlərin əksinə olaraq iddia ərizəsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284.3.2-ci maddəsinin tələblərinə uyğun olaraq, məhkəmənin adı, onun (iddiaçının) və cavabdehin soyadı, adı, atasının adı, yaşayış yeri, mobil telefon nömrələri, hər iki tərəfin eyniləşdirilmə məlumatları (şəxsiyyət vəsiqələrinin seriya və nömrələri), onun tələbi və tələbin əsaslandırılmış halları qeyd edilmiş, iddia tələbi əsaslandırılmış sənədlər (mövcud halda iddia tələbi əsaslandırılmış yeganə sübut olan alqı-satqı müqaviləsinin əsli) iddia ərizəsinə əlavə edilmiş və həmin sənədlərin siyahısı iddia ərizəsində qeyd edilmişdir. Məhkəmə qərardadında göstərilənlərin əksinə olaraq, hesab edir ki, iddia ərizəsi MPM-nin 284.3.1 və 284.3.2-ci maddələri ilə müəyyən edilmiş forma və məzmununa uyğun olaraq tərtib edilmişdir, iddia ərizəsinin geri qaytarılması üçün həmin Məcəllənin 152.1-152.1.9-cu maddələri ilə müəyyən edilmiş əsaslar yoxdur və qeyd edilən Məcəllənin 284-3.5-ci maddəsinə əsasən iddia ərizəsinin geri qaytarılması qeyri-qanunidir. Daha sonra məhkəmənin qərardadında göstərilir ki, iddia ərizəsində göstərilən məhsulların (yəqin ki, mallar nəzərdə tutulur) cavabdehə verilməsi barədə heç bir sənəd əlavə edilməmişdir. Məhkəmə tərəfindən nəzərə alınmamışdır ki, cavabdehlə olan müqavilə “alqı-satqı müqaviləsi”dir. Müqavilədə qeyd edilib ki, onun tərəfindən alıcıya hissə-hissə ödənilməsi şərti ilə müqavilədə nəzərdə tutulmuş mal satılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə nəzərə almamışdır ki, pərakəndə satış oyektlərində, o cümlədən mağazalarda, mal satılanda, satılmış malın alıcıya verilməsinə dair hər hansı bir sənədin tərtib edilməsi zəruriliyi nə mülki, nə də ticarət qanunvericiliyində nəzərdə tutulmuşdur. Bundan əlavə məhkəmə tərəfindən nəzərə alınmamışdır ki, müqavilə bağlanandan sonra cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixində 20 manat vəsait qalıq borcdan ödənilmişdir. Həmin hal iddia ərizəsinin geri qaytarılması üçün əsas kimi də mülki prosessual qanunvericiliyində nəzərdə tutulmamışdır. b) Şikayəti qarşı etirazın dəlilləri Şikayətə qarşı yazılı etiraz və vəsatət verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 284-3-cü maddəsinin tələbinə əsasən ərizə məhkəməyə ümumi qaydada verilir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə ərizə həmin sistemdə qeydiyyatdan keçmiş mülki işlər üzrə işdə iştirak edən şəxslər, habelə kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərilir. 284-3.2-ci maddəsinə əsasən ərizədə aşağıdakılar göstərilməlidir: Ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər ərizəni nümayəndə verirsə), cavabdehin soyadı, adı, atasının adı, yaşayış yeri (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), olduğu halda - iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, həmin şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddiaçının tələbi və onun əsaslandığı hallar; tələbin əsaslığını təsdiq edən sənədlər, əmlakın verilməsi tələbləri üzrə tələb olunan əmlakın dəyərinə dair sübutlar; . əlavə edilən sənədlərin siyahısı... 284-4.1. Məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından aşağıdakı hallarda imtina edir: 284-4.1.3. verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa. 284-4.2. Bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. 284-4.3. Ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3-cü maddəsinə əsasən qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Qusar Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2(029)-286/2023 nömrəli qərardadının tam ləğv olunmasını xahiş etmişdir. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qərardadının tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv araşdırıb və toplanmış sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin 14 mart 2023cü il tarixli, 2(105)-877/2023 nömrəli qərardadı (mümkünlük barədə qərardadı) və şikayətin təmin edilməyib işlə birlikdə apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə Qusar Rayon Məhkəməsinin 24 fevral 2023-cü il tarixli, 2(029)-286/2023 nömrəli qərardadları ləğv edilərək, şikayətin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “ərizəni qəbul etməkdən imtina” barədə mövqeyi ilə razılaşsa da, 16 fevral 2023-cü il tarixli, 2(029)-286/2023 nömrəli qərardaddan şikayətin verilməsinin nəzərdə tutulması barədə mövqeyi ilə razılşmır. Belə ki, MPM-in 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Göründüyü kimi kiçik iddialara dair ərizələrin qəbul edilməsindən imtina edilməsi barədə qərardad qəbul edildikdə, həmin qərardadlardan şikayət verilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Beləliklə yuxarıda qeyd olunanlara və tətbiq edilməli olan hüquq normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 2(105)-877/2023 nömrəli qərardadı (mümkünlük barədə qərardadı) və şikayətin təmin edilməyib işlə birlikdə apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə Qusar Rayon Məhkəməsinin 24 fevral 2023-cü il tarixli, 2(029)-286/2023 nömrəli qərardadları ləğv edilərək, 16 fevral 2023-cü il tarixli, 2(029)-286/2023 nömrəli qərardaddan verilmiş şikayətə yenidən baxılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 284-4.2, 357, 360, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 2(105)-877/2023 nömrəli qərardadı (mümkünlük barədə qərardadı) və şikayətin təmin edilməyib işlə birlikdə apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə Qusar Rayon Məhkəməsinin 24 fevral 2023-cü il tarixli, 2(029)-286/2023 nömrəli qərardadları ləğv edilsin. Qusar Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2(029)-286/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə (icraata qəbul edilməsinin mümkün olub-olması məsələsinə) yenidən baxılması üçün mülki Qusar Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-877/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-877/2023
03.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver