Məhkəmə qərarları › İş №e-2-2(119)-775/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-775/2024

16.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-775/2024 16.05.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X1 qızının katibliyi ilə, İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “borcun tutulması və avandanlığın qaytarılması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı 01 dekabr 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh1 qarşı "borcun tutulması və avandanlığın qaytarılması" tələbinə dair iddia ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 28 aprel 2022-ci il tarixli öhdəlik müqaviləsi üzrə ödənilməmiş 6535 (altı min beş yüz otuz beş) manat əsas borc və gecikdirilmiş günlər üçün 635,8 (altı yüz otuz beş manat 80 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 7170,8 (yeddi min yüz yetmiş manat 80 qəpik) manat məbləğində borcun və 91,71 (doxsan bir manat 71 qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzinin Cavabdeh1 tutularaq İddiaçınə ödənilməsi və avadanlıqların iddiaçıya geri qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsində həmin iş üzrə aparılan araşdırma zamanı Cavabdeh2 digər cavabdeh qismində işə cəlb olunmuşdur. Xaçmaz Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli qərardadı ilə həmin iddia ərizəsi üzrə olan e-2(067)-568/2024 nömrəli iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. Lakin, həmin iddia ərizəsinə dair kommersiya işi üzrə 16 may 2024-cü il tarixinə təyin edilmiş məhkəmə baxış iclasına tərəflər gəlməmişlər. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “borcun tutulması və avandanlığın qaytarılması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi aşağıda göstərilənlərə əsasən baxılmamış saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı hazırkı iş üzrə vermiş olduğu iddia ərizəsi ilə 01 dekabr 2023-cü ildə məhkəməyə müraciət etməmişdən əvvəl mövcud mübahisəni Cavabdeh1 ilə məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması qaydasına riayət etməmişdir. Halbuki, iş materiallarında olan satıcı İddiaçı (VÖEN **********) ilə alıcı – Cavabdeh1 arasında bağlanmış 28 aprel 2022-ci il tarixli 0015 nömrəli Öhdəlik Müqaviləsinin şərtlərinə görə tərəflər Müqavilə ilə bağlı meydana gələn bütün mübahisələri və fikir ayrılıqlarını mümkün təqdirdə danışıqlar yolu ilə həll etməlidirlər (müqavilənin 6.1-ci bənd). Həmin Müqavilənin 6.3-cü bəndinə əsasən, tərəflər Müqavilə ilə bağlı meydana gələn bütün mübahisələri danışıqlar yolu ilə həll edə bilmədikdə, mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həll edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.3-cü maddəsinə əsasən, əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. Həmin Məcəllənin 150.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilməlidir. Göründüyü kimi, yuxarıda təsvir olunan hallar hazırkı mübahisə ilə əlaqədar məhkəməyə müraciət etməzdən əvvəl iddiaçı tərəfindən Mülki-Prosessual Məcəllənin tələblərinin lazımi qaydada yerinə yetirilmiş olmasını təsdiq etmir. Halbuki, kommersiya mübahisələri üzrə işə baxılarkən cavabdeh(lər)in mövcud mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi hüquqları və imkanları gözlənilməli və iddia ərizəsi verilənədək iddiaçı tərəfin qanunla müəyyən edilmiş qaydada müraciəti əsasında cavabdeh tərəf mübahisənin məhkəməyə qədər nizama salınması imkanlarından istifadə edə bilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə - iddia ərizəsi baxılmamış saxlanılır. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsinə dair tələblərin müvafiq qaydada yerinə yetirilməməsi - gələcəkdə hazırkı mübahisəni mahiyyəti üzrə həll edəcək məhkəmə aktının qanuniliyini və əsaslılığını şübhə altına ala biləcəyindən, həmin tələblərin yerinə yetirilməsi məqsədi ilə hazırkı mərhələdə İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “borcun tutulması və avandanlığın qaytarılması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi Azərbaycan Respublikası Mülki- Prosessual Məcəllənin 259.0.1-ci maddəsinə əsasən baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Eyni zamanda, məhkəmə, iddiaçı tərəfin diqqətinə çatdırmağı lazım bilir ki, iddia ərizəsinin Mülki-Prosessual Məcəllənin tələblərinə uyğun tərtib edilərək aidiyyəti üzrə mavafiq məhkəməyə təqdim olunması iddiaçının vəzifəsidir və iddiaçı tərəfindən bu sahədə müvafiq prosessual tələblərə riayət edilməməsi - mübahisənin məhkəmədə baxılmasını mümkünsüz edir. Ona görə də, kommersiya mübahisələri ilə əlaqədar işlər üzrə iddiaçı məhkəməyə müraciət edərkən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 149-150-ci maddələrinin müvafiq tələblərini lazımi qaydada yerinə yetirməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “borcun tutulması və avandanlığın qaytarılması” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra iddiaçı ümumi qaydada iddia ərizəsi ilə müvafiq məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar