Məhkəmə qərarları › İş №2(105)-878/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-878/2024

23.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-878/2024 23.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil Qalibiyyət oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 15 fevral 2024-cü il tarixli, 2(060)-2/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Kreditor İddiaçı borclu Cavabdeh qarşı borcun alınması barədə məhkəmə əmri verilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, borcludan onun xeyrinə 8877 (səkkiz min səkkiz yüz yetmiş yeddi) manat məbləğində pulun tutulmasına dair məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixində Cavabdeh məzmununa görə borcun etirafı haqqında müqavilə hesab olunan, “Raspiska” (qəbz) yazmışdır (sonradan “borcun etirafı haqqında müqavilə” adlandırılacaq). Borcun etirafı haqqında müqavilə sadə yazılı formada tərtib edilmiş və borclu tərəfindən imzalanmışdır. Borcun etirafı haqqında müqavilənin şərtlərinə görə xx.xx.2014 tarixində borclu Abasov 8877 (səkkiz min səkkiz yüz yetmiş yeddi) manat məbləğində pulu borc götürmüşdür və hər ay 700 (yeddi yüz) manat ödəmək yolu ilə borcun qaytarılmasını öhdəsinə götürür. Ərizəyə əlavə edilmiş borcun etirafı haqqında müqavilənin məzmunundan görünür ki, 8877 manat borc öhdəliyi həy ay 700 manat məbləğində təmin edilmiş olsaydı, öhdəlik xx.xx.2015 tarixinə qədər tam icra olunardı. Buna baxmayaraq borclu Cavabdeh borc öhdəliyini icra etməmiş, borc öhdəliyi olduğu kimi qalmışdır. Hal hazırda borclu Cavabdeh ona 8877 (səkkiz min səkkiz yüz yetmiş yeddi) manat borcu vardır. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(060)-12323/2015 nömrəli məhkəmə əmri ilə xx.xx.1989-cu ildə Azərbaycan Respublikası, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Cavabdeh 8877 (səkkiz min səkkiz yüz yetmiş yeddi) manat məbləğində pulun tutularaq ünvan 2 ünvanında yaşayan İddiaçı xeyrinə ödənilməsi barədə məhkəmə əmri çıxarılmışdır (hakim Elman Məmmədov). X2 Abasoviç Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-cı il tarixli, 2(060)- 12323/2015 nömrəli məhkəmə əmrinə etiraz ərizəsi ünvanlamışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(060)-12323/2015 nömrəli məhkəmə qərardadı ilə kreditor İddiaçı borclu Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(060)- 12323/2015 nömrəli məhkəmə əmrinin ləğv edilməsi, işə mahiyyəti üzrə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Daha sonra İddiaçı birinci instansiya məhkəməsinə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, əsas borc üzrə 8877 manat, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi üzrə hesablanmış faiz üzrə 3.994,65 manat, hüquqi xidmətin göstərilməsi üçün ödənilmiş haqq üzrə 300 manat, dövlət rüsumuna görə 30 manat, cəmi 13.201,65 manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin həcminin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, halhazırda ləğv olunmuş məhkəmə əmrinin verilməsindən 8 il, xx.xx.2014-cü il tarixli borc müqaviləsindən isə 9 ildən çox vaxt keçmişdir. Beləliklə iddiaçının hüququ çatır ki, cavabdehdən əsas borcun 5 faiz hissəsini təşkil edən 8877*5%=3994,65 manat faiz tələb etsin. Beləliklə iddiaçı iddia tələbinin həcmini artırmaqda haqlıdır. Sumqayıt Şəhər Məhkəməsinin 15 fevral 2024-cü il tarixli, 2(060)-2/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 12871,65 (on iki min səkkiz yüz yetmiş bir manat altmış beş qəpik) manat məbləğində borc və ödənilmiş 130 (bir yüz otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir (hakim Günel Tanrıverdiyeva). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 15 fevral 2024-cü il tarixli, 2(060)-2/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, məhkəmə iclasında iştirak edərək qeyd olunan əlyazmanın onun tərəfindən yazıldığını bildirmiş və orada qeyd edilən borcun əsas hissəsini ödəmiş, təxminən 1000 manata qədər hissəsi qalmışdır. İddiaçıya birinci dəfə üçün 2600 manat ödəniş etmiş və 2016-cı ilin mart ayında həbs olunaraq 2019-cu ildə komendaturaya çıxmış, bundan sonra pandemiya səbəbindən işləməmiş və gəliri olmadığı üçün qalan 1000 manat borcu bağlaya bilməmişdir. Həbsdə olduğu müddətdə və həbsdən çıxandan sonra da belə bir məhkəmə qərarının olması barədə ona hər hansı bir bildiriş daxil olmamış, yalnız 2023-cü ildə icra şöbəsinə dəvət olunandan sonra məlumat əldə etməklə həmin əmri götürməklə ondan şikayət vermişdir.O, iddiaçıya qalan 1000 manat pulu qaytarmağa etiraz etmədiyini bildirmiş və məhkəmədən ədalətli qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxan məhkəmə iddia tələbini qismən təmin etməklə 12871,65 (on iki min səkkiz yüz yetmiş bir manat altmış beş qəpik) manat məbləğində borcun və ödənilmiş 130 (bir yüz otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. O, məhkəmə qətnaməsi ilə razı olmadığı üçün ondan apellyasiya şikayəti vermişdir. O, iddiaçı ilə şərikli iş birliyi qurmuş və tərəfindən yazılmış raspiskada ondan pul aldığını qeyd etsə də, əslində həmin vəsait onların şərikli gördüyü işə qoyulmuş, lakin həmin işdə zərərə düşdükləri üçün o, həmin pulu iddiaçıya qaytarmalı olmuşdur. İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl ona həmin pulun qaytarılmalı olması barədə hər hansı bir bildiriş və ya pretenziya göndərməmiş, onun xəbəri və məlumatı olmadan məhkəməyə müraciət etmiş və 2015-ci ildə qəbul edilmiş məhkəmə əmrinin icrasını 2023-cü ildə, yəni 9 il sonra tələb etmişdir. İddiaçı həmin icra işində yalnız iltizamda yazılan məbləği ondan tələb etsə də o, iddiaçıya pulun çox hissəsini ödədiyi və 1000 manata yaxın borcu qaldığı üçün məhkəmə əmrindən şikayət vermiş və ödədiyi pulların borcdan çıxarılmasını istəmişdir. Lakin məhkəmə nəinki tələb olunan məbləği azaltmış, əksinə iltizamdan sonra keçən müddət üçün illik 5 faiz hesablama aparmaqla ondan 12871,65 manat pulun tutulmasına qərar vermişdir. Halbuki o, 2016-2019-cu ildə həbsdə olmuş və 2020-ci ilə kimi komendaturada cəza çəkmişdir, lakin məhkəmə bu halı da nəzərə almamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil Qalibiyyət oğlu apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan əlyazma ilə yazılmış xx.xx.2014-ci il tarixli iltizamdan (tərcümə ilə) görünür ki, Cavabdeh 2014-cü ilin əvvəlində İddiaçı 8877 mant borc aldığını bildirmiş və həmin borcu hər ay 700 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Bu iltizam hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında borc münasibətləri 2014-cü ilin əvvəllərində yaranmış, borc məbləği hər ay 700 manat olmaqla təxminən 1 il ərzində, yəni 2015-ci ilin əvvəlində cavabdeh tərəfindən ödənilməli olmuşdur. Lakin borc bugünədək ödənilməmiş, beləliklə borcun ödənilməsi 9 il müddətinə gecikdirilmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsi hesab etmişdir ki, müqavilə müddəti bitdikdən sonra, yəni 2015-ci il tarixdən 2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 3994,5 manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində də iddia tələbi əsaslıdır. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək qeyd etmişdir ki, Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etməməklə həmin müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Belə olan halda, 8877 manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır. Birinci instansiya məhkəməsi eyni zamanda qeyd etmişdir ki, cavabdeh həmin borcun əsas hissəsini ödədiyini bildirsə də, məhkəməyə bu halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsi cavabdehin məhkəmə əmrindən məlumatlı olmadığı üçün iddia tələbinin əsas borca illik 5 faizlə hesablanmış borcun tutulması hissəsində təmin edilməli olmaması barədə etirazının dəlilləri ilə də razılaşmayaraq qeyd etmişdir ki, cavabdeh məhkəmə əmrindən məlumatlı olmasa da, iddiaçıya borclu olduğundan məlumatlı olmuş, bunu öz xətti ilə yazdığı iltizamda etiraf etmişdir. İltizamın yazıldığı vaxtdan keçən 9 il müddətində isə cavabdeh borcunu ödəməmiş, nəticədə iddiaçının gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququ yaranmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. AR Mülki Məcəlləsinin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki,ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. İş materiallarında olan əlyazma ilə yazılmış xx.xx.2014-ci il tarixli iltizamdan (tərcümə ilə) görünür ki, Cavabdeh 2014-cü ilin əvvəlində İddiaçı 8877 mant borc aldığını bildirmiş və həmin borcu hər ay 700 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Bu iltizam hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərində borc məbləğini tamamilə ödədiyini bildirsə də, borc öhdəliyini icra etməsini təsdiq edən hər hansı sübutu məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bununla əlaqədar birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında borc münasibətləri 2014-cü ilin əvvəllərində yaranmış, borc məbləği hər ay 700 manat olmaqla təxminən 1 il ərzində, yəni 2015-ci ilin əvvəlində cavabdeh tərəfindən ödənilməli olmuşdur. Lakin borc bugünədək ödənilməmiş, beləliklə borcun ödənilməsi 9 il müddətinə gecikdirilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, müqavilə müddəti bitdikdən sonra, yəni 2015-ci il tarixdən 2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 3994,5 manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində də iddia tələbi əsaslıdır. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə kollegiyası apellyasiya şikayətindəki dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qənaətinə gəldiyindən qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 15 fevral 2024-cü il tarixli, 2(060)-2/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar