Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-878/2025 24.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası – hakimlər X1 (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi ilə, iddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun tutulması tələbinə dair” mülki iş üzrə Qubadlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(028)-59/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qubadlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(028)-59/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 26269,25 manat əsas borc, 3644,33 manat faiz borcu, 497,90 manat cərimə borcu olmaqla cəmi 30411,48 manat məbləğində kredit borcu və 181,64 manat məbləğində ödənilmiş dövlət rüsumu əvəzinin iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulması qət edilmişdir (hakim Elmir Hüseynov). Qətnamədən Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı "xxxx" KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 kredit müqaviləsi üzrə 26269,25 manat əsas borc, 3644,33 manat faiz borcu, 497,90 manat cərimə borcu olmaqla, cəmi 30411,48 manat məbləğində kredit borcunun və 181,64 manat məbləğində ödənilmiş dövlət rüsumu əvəzinin "xxxx" KB ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə illik 23% ödəmək şərtilə 30000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən, bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və ödəniş qrafiki ilə müəyyən olumuş qaydada onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı üçün digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən zaminlər kredit öhdəliklərinin yerinə yetirilməsinə görə borcalanla eyni həcmdə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. Lakin cavabdeh-borcalan müqavilə şərtlərini pozaraq kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə "xxxx" KB ASC-yə 26269,25 manat əsas borcu, 3644,33 manat faiz borcu, 497,90 manat cərimə borcu olmaqla, cəmi 30411,48 manat məbləğində kredit borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etmək qərarına gəlmişdir. Ona görə də kredit müqaviləsi üzrə hesablanmış borcun və ödənilmiş dövlət rüsumu əvəzinin cavabdehlərdən Bankın xeyrinə tutulması xahiş edilmişdir. Birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan qətnamə qəbul etmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verərək, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(028)-59/2025 nömrəli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və işdə iştirak edən şəxslərin dəlilləri Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə baxışında onun iştirakı təmin edilməmiş, məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxaraq onlardan kredit borcunun tutulması barədə qətnamə qəbul etmişdir. Halbuki, kredit müqaviləsinin müddəti hələ sona çatmamış, iddiaçı isə müqavilə üzrə borcalanın öhdəliklərinin icra müddətinin qurtarmasını gözləmədən kredit məbləğinin ona hesablanmış faiz və cərimələrlə birlikdə tam olaraq geri qaytarılmasını tələb etmişdir. Hesab edir ki, məhkəmə iddianı təmin etməkdə düzgün nəticəyə gəlməmişdir. Ona görə də apellyasiya sikayətinin təmin edilərək, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(028)-59/2025 nömrəli qətnaməsinin ləğv edilərək iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərə apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası, MPM-in 376.2-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 izahatlarında iddiaçının tələbini əsas borc məbləğinə aid hissədə qəbul etdiklərini, lakin hesablanmış faiz və cərimə borcları ilə razılaşmadıqlarını, bankın onlara krediti onsuz da çox yüksək faizlə verdiyini bildirmiş, əsas borcun hissə-hissə ödənilməsi üçün onlara şərait yaradılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işdə olan sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli və iş üzrə Qubadlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(028)-59/2025 nömrəli qətnaməsi iddianın təmin olunmuş faiz və cərimə borcları, habelə ümumi borc hissəsində dəyişdirilməlidir. Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 1618micSUM/23 saylı Əlavə kredit müqaviləsindən görünür ki, "xxxx" KB ASC Cavabdeh1 36 ay müddətinə, xx.xx.2026-cı il tarixədək illik 23% ödəmək şərti ilə 30000 (otuz min) manat kredit vermişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 1618micSUM/23 saylı Zaminlik müqaviləsindən görünür ki, zaminlər Cavabdeh2 və Cavabdeh3 "xxxx" KB ASC qarşısında borclu Cavabdeh1 xx.xx.2023-cü il tarixli 1618micSUM/23 saylı Əlavə kredit müqaviləsi üzrə öhdəlikləri tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərlərinə götürmüşlər. xx.xx.2024-cü il tarixli, BANK/PİKMD/1243114 saylı maliyyə arayışından görünür ki, Cavabdeh1 "xxxx" KB ASC-yə 1618micSUM/23-EM saylı kredit müqaviləsi üzrə 26269,25 manat əsas borcu, 3644,33 manat faiz borcu, 497,90 manat cərimə borcu olmaqla, cəmi 30411,48 manat borcu yaranmışdır. İş materiallarından görünür ki, "xxxx" KB ASC kredit alan Cavabdeh1 xx.xx.2024-cü il tarixli bildiriş göndərmişdir (bildiriş xx.xx.2024-cü il tarixdə təqdim olunmuşdur). Bildirişdə göstərilir ki, xx.xx.2023-cü il tarixli, 1618micSUM/23 saylı kredit müqaviləsi üzrə 26 sentyabr 2024-cü il tarixinə 26269,25 manat əsas borc, 2518,80 manat faiz borcu və 213,80 manat cərimə borcu olmaqla cəmi 29.001,85 manat məbləğində borc yaranmışdır. Həmin borc məbləği 3 iş günü ərzində ödənilməyəcəyi halda qanunla müəyyən olunmuş qaydada məhkəməyə müraciət ediləcəkdir. Qeyd edildiyi kimi, iddiaçı "xxxx" KB ASC-nin iddia tələbi onun xeyrinə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx.xx.2023-cü il tarixli, 1618micSUM/23 nömrəli Əlavə kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə hesablanmış 26269,25 manat əsas borc, 3644,33 manat faiz borcu, 497,90 manat cərimə borcu olmaqla cəmi 30411,48 manat məbləğində kredit borcunun və iş üzrə ödənilmiş 181,64 manat məbləğində dövlət rüsumu əvəzinin tutulması ilə bağlıdır. Birinci instansiya məhkəməsi iddianı tələb həcmində təmin etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirak etdikləri apellyasiya baxışı iclasında iddiaçının əsas borc məbləği ilə bağlı tələbini qəbul etdiklərini, lakin onlara faiz və cərimə borclarının hesablanması ilə razılaşmadıqlarını bildirsələr də, Cavabdeh1 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi ilə ümumiyyətlə razılaşmadığını, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddəti sona çatmadan iddiaçının kredit borcunu tam şəkildə geri tələb etməsini və bu tələbin məhkəmə tərəfindən təmin olunmasını qanunsuz hesab etdiyini göstərmiş, ona görə də həmin qətnamənin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır; 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. İstinad edilən normalar baxımından cavabdeh (borcalan) kredit müqaviləsi üzrə öhdəliklərini davamlı surətdə icra etmədiyindən, bununla müqaviləni əhəmiyyətli dərəcədə pozduğundan iddiaçının (kreditorun) həmin müqaviləni vaxtından əvvəl birtərəfli qaydada ləğv etməyə (müqavilədən imtina etməyə) əsası olmuşdur. İddiaçı kredit müqaviləsinin müddətinin qeyd edilən (yəni öhdəliklərin icra olunmadığı) tərzdə başa çatmasını gözləməyə borclu deyildi. Ona görə də, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddəti sona çatmadan iddiaçının kredit borcunu tam şəkildə geri tələb etməsinin qanunsuzluğu barədə cavabdehin apellyasiya şikayətinin dəlili əsassız və qəbulolunmazdır. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının faiz və cərimə borclarının tutulması ilə bağlı tələbinin həlli zamanı maddi hüquq normalarını düzgün tətbiq etməmiş, həmin borcların iddiaçı tərəfindən sonuncunun müəyyən etdiyi müddətədək hesablanması ilə razılaşmaqda səhvə yol vermiş, nəticədə cavabdehlərdən faiz və cərimə borclarının (və bundan irəli gələn ümumi borcun) bir qədər artıq məbləğdə tutulmasını qət etmişdir. Ona görə də cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmuş faiz və cərimə borcları, habelə ümumi borc hissəsində dəyişdirilməlidir. Belə ki, Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, vicdanlılıq prinsipi baxımından borc alan kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor da davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarında kredit müqaviləsi üzrə borcun müqavilədə nəzərdə tutulan qaydada ödənişinin gecikdirilməsi nəticəsində borc verənin müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etdiyi (müqavilədən imtina etdiyi) halda, eləcə də kreditorun tələbinin girov predmetinə yönəldildiyi təqdirdə müqavilə tərəflərinin hüquqi vəziyyəti ilə bağlı qeyd edilmişdir ki: “Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bitməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər”. Qanunvericiliyin mənasına görə, iddiaçının kredit müqaviləsi üzrə bütün borcu geri tələb etməsinə dair borcluya verdiyi bildirişdə (xəbərdarlıqda) göstərilən əlavə müddət bitdiyi tarixdən müqavilə ləğv olunmuş sayıldığına görə bundan sonrakı dövr üçün cavabdehdən müqavilə faizi tələb etməsi yolverilməzdir. Kreditor həmin tarixdən etibarən borcun tam qaytarıldığı vaxtadək öhdəliyin icra edilməməsinə görə faiz formasında zərərin (əgər digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, ən azı illik beş faizin) ödənilməsini borcludan tələb edə bilər. İşdə olan xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, iddiaçı tərəfindən cavabdehə (borcalana) həmin tarixədək yaranmış kredit borcunun 3 iş günü müddətində ödənilməsi təklif olunmuş, əks təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Göründüyü kimi, istinad edilən bildirişə əsasən iddiaçı borcun müqavilədə nəzərdə tutulan qaydada ödənişinin təmin olunmaması səbəbindən müqavilə müddətinin bitməsini gözləmədən cavabdehdən bütün məbləğin ödənilməsini tələb etmiş və ona ödəniş üçün xx.xx.2024-cü il tarixədək vaxt vermişdir ki, bu da iddiaçının kredit müqaviləsini birtərəfli qaydada ləğv etməklə bağlı iradə ifadəsini təsdiqləyir. Cavabdehlər iddiaçı tərəfindən əlavə verilmiş müddət ərzində də kredit öhdəliklərini icra etmədiklərinə (həmçinin icra etmək niyyətlərini göstərən addım atmadıqlarına) görə tərəflər arasındakı müqavilə əlavə müddətin bitdiyi, yəni xx.xx.2024-cü il tarixdən ləğv olunmuş sayılır. Belə olduğu halda iddiaçı müqavilə faizləri üzrə yalnız həmin (xx.xx.2024-cü il) tarixədək hesablanan borcun cavabdehlərdən tutulmasını tələb edə bilər. Həmin tarixdən sonrakı dövr üçün isə iddiaçı cavabdehlərdən öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanan faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Bildirişdən göründüyü kimi, iddiaçı tərəfindən kredit müqaviləsi ləğv edilən ərəfədə cavabdehin həmin müqavilə üzrə 26269,25 manat əsas borc, 2518,80 manat faiz borcu və 213,80 manat cərimə borcu olmaqla cəmi 29.001,85 manat məbləğində borcu olmuşdur. İddiaçı xx.xx.2024-cü il tarixə olan borcun tələbi ilə bağlı məhkəmədə iddia qaldırmış, bu zaman kredit müqaviləsini ləğv etdiyi vaxtdan sonrakı iki ay (oktyabr, noyabr) üçün də kredit borcunu müqavilə faizi və cəriməsi tətbiq etməklə hesablamışdır. Halbuki, qeyd edildiyi kimi, həmin iki ay üçün iddiaçının müqavilə faizi və cəriməsi hesablaması qanuni olmamışdır; iddiaçı kredit müqaviləsi ləğv olunan vaxtdan iddia irəli sürülənədək keçən dövr üçün cavabdehlərdən əsas borca münasibətdə illik 5% hesabı ilə zərər (əldən çıxmış fayda) əvəzinin ödənilməsini tələb edə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmuş faiz və cərimə borcları, habelə ümumi borc hissəsində dəyişdirilməli, iddiaçının xeyrinə cavabdehlərdən müştərək qaydada xx.xx.2024-cü il tarixə yaranmış 26269,25 manat əsas borc, 2518,80 manat faiz borcu və 213,80 manat cərimə borcu, kredit müqaviləsinin ləğvindən sonrakı dövr (2 ay) üçün isə 218,90 manat zərər (əldən çıxmış fayda) əvəzi olmaqla cəmi 29.220,75 manat məbləğində kredit borcunun və 181,64 manat məbləğində ödənilmiş dövlət rüsumu əvəzinin tutulması qət edilməlidir. MPM-in 384.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Birinci instansiya məhkəməsi dövlət rüsumunun tutulması ilə bağlı məsələni qanuna müvafiq qaydada həll etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384,385, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Qubadlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(028)-59/2025 nömrəli qətnaməsi iddianın təmin olunmuş faiz və cərimə borcları, həmçinin ümumi borc hissəsində dəyişdirilsin. İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx.xx.2023-cü il tarixli, 1618micSUM/23 nömrəli Əlavə kredit müqaviləsi üzrə 26269,25 manat əsas borc, 2518,80 manat faiz borcu və 213,80 manat cərimə borcu, kredit müqaviləsinin ləğvindən sonrakı müddət (2 ay) üçün isə 218,90 manat zərər (əldən çıxmış fayda) əvəzi olmaqla cəmi 29.220,75 manat (iyirmi doqquz min iki yüz iyirmi manat 75 qəpik) məbləğində kredit borcu və 181,64 manat (bir yüz səksən bir manat 64 qəpik) məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutulsun. Qubadlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(028)-59/2025 nömrəli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində tələbləri təmin olunmayan şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet üzərindən Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-878/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-878/2025
24.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver