Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-881/2021 17.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, İddiaçı, Cavabdeh, cavabdehin vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt şəhər məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(060)-4751/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt şəhər məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.İsmayılov) iddia tələbinin təmin edilməsi, Cavabdeh 41.000 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulması qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh 41.000 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehi illər öncə maşın ehtiyyat hissələri satışı ilə məşğul olması səbəbi ilə tanımış və daha sonra münasibətləri dostluq çərçivəsində davam etmişdir. Cavabdeh dəfələrlə işi ilə əlaqədar ondan borca pul almış və həmişə vaxtında qaytarmış və beləliklə də, onun və ailəsinin etibarını qazanmışdır. Hətta onun vasitəçiliyi ilə qardaşı X1 belə borca pul almışdır. Cavabdeh bir gün ona yenidən işi ilə əlaqədar borca pul istəmiş və o, məbləğ çox olduğundan, onunla həmin borc pula dair notariatda müqavilə bağlanmasını bildirmiş və cavabdeh bununla razılaşmışdır. Beləliklə, cavabdehlə onun arasında Sumqayıt “Asan Xidmət” X3 Xüsusi Notariusunda xx xxxx 2019-cu il tarixli kredit müqaviləsi bağlanmışdır. O, müqavilə üzrə Cavabdeh 44.000 manat pulu xx.xx.2019-cu il tarixədək qaytarması şərti ilə vermişdir. Lakin cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, pulu tam şəkildə bu günə qədər ona geri ödəməmiş, qeyd edilən məbləğdən ona ödədiyi 3.000 manat pul olmuşdur. O, cavabdehə dəfələrlə müqavilə üzrə üzərinə düşən öhdəliyi tam şəkildə icra etməsini bildirsə də, cavabdeh onu dinləməmiş və müqavilə üzrə üzərinə düşən öhdəliyi tam şəkildə icra etməkdən qərəzli şəkildə yayınmışdır. Göründüyü kimi, Cavabdeh onun etibarından sui-istifadə edərək, onu aldadaraq 41.000 manat pul məbləğini ələ keçirmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Sumqayıt şəhər məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozmaqla qəbul olunmuşdur. Məhkəmə qətnamə çıxararkən mülki iş üzrə dəlillərə və sübutlara düzgün qiymət verməmişdir. Qətnamə əsassız, ədalətsiz və qanunsuzdur. Məhkəmə gəldiyi nəticə üçün bütün faktiki halları aydınlaşdırmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin vəkili X4 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt şəhər məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini cavabdehin üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək nəticəni mübahisələndirmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni aşağıdakı əsaslara görə qanuni və əsaslı hesab edir. İşdən görünür ki, Cavabdeh İddiaçı 44.000 manat məbləğində borc pul almış, bu barədə Sumqayıt “Asan Xidmət” X3 Xüsusi Notariusunda xx xxxx 2019-cu il tarixli kredit müqaviləsi bağlanmış, o, müqavilə üzrə 44.000 manat pulu xx.xx.2019-cu il tarixədək qaytarmağı öhdəsinə götürmüş, lakin iddiaçı cavabdehin 3000 manat məbləğində pulu qaytardığını, geri qalan borcu qaytarmadığını əsas gətirərək, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, cavabdehdən 41000 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 44.000 manat məbləğində pulu borc vermiş, cavabdeh krediti xx.xx.2019-cu il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2. maddələri). Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekpertlərin rəyləri ilə, yeində müayinə keçirməklə, səs və video yazıları il, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən olunur. (Azərbaycan Respublikası MPM-nin 76.1, 76.2-ci maddələri) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudovun Rusiyaya qarşı iş üzrə» xx xxxx 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etdiyi halda cavabdeh bunu təkzib edən tutarlı sübut məhkəməyə təqdim edə bilmədiyindən, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarı). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi hazırki işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırkı iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt şəhər məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt şəhər məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-881/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-881/2021
17.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver