Məhkəmə qərarları › İş №2(105)-881/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-881/2023

30.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-881/2023 30.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin (ləğv prosesindədir) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Fəxrəddin oğluna qarşı mülki iş üzrə (Açar sözlər: kredit borcu tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, İddiaçı ASC-nin (ləğv prosesindədir) nümayəndəsi Nümayəndə2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Fəxrəddin oğlunun iştirakı ilə, Xaçmaz Rayon Məhkəməsinin e-2(067)-113/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin (ləğv prosesindədir) ərizə ilə məhkəməyə müraciət edərək cəmi 24092.62 (iyirmi dörd min doxsan iki dollar, 62 sent) ABŞ dolları - bundan 6569.81 (altı min beş yüz altmış doqquz dollar 81 sent) ABŞ dolları əsas, 8886.68 (səkkiz min səkkiz yüz səksən altı dollar, 68 sent) ABŞ dolları faiz, 7682.45 (yeddi min altı yüz səksən iki dollar, 45 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 953.68 (doqquz yüz əlli üç dollar, 68 sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 212.87 (iki yüz on iki manat, 87qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 19 iyun 2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 (otuz altı) ay müddətinə 8925 (səkkiz min doqquz yüz iyirmi beş) ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2015-ci il tarixli Əlavə sazişə əsasən kreditorun borcalan Cavabdeh1 verdiyi kreditin qalıq məbləği 7293.76 (yeddi min iki yüz doxsan üç dollar, 76 sent) ABŞ dolları təşkil etmiş, kreditin müddəti xx.xx.2019-cu il tarixədək müəyyən edilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında 19 iyun 2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. xx.xx.2022-ci il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 24092.62 (iyirmi dörd min doxsan iki dollar 62 sent) ABŞ dolları təşkil edir. Bundan 6569.81 (altı min beş yüz altmış doqquz dollar, 81 sent) ABŞ dolları əsas, 8886.68 (səkkiz min səkkiz yüz səksən altı dollar, 68 sent) ABŞ dolları faiz, 7682.45 (yeddi min altı yüz səksən iki dollar, 45 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 953.68 (doqquz yüz əlli üç dollar, 68 sent) ABŞ dolları faiz borcu təşkil edir. Xaçmaz Rayon Məhkəməsinin e-2(067)-113/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 6569,81 ABŞ dolları əsas, 5972,42 ABŞ dolları faiz, 200 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 953.68 ABŞ dolları (əlavə) faiz borcu və iş üzrə ödənilmiş 212,87 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək (birgə) qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir (hakim Vüsalə Qasımova). Birinci instansiya məhkəməsi işin faktiki hallarına, tərəflərin və şahidlərin ifadələrinə, iş üzrə keçirilmiş ekspert rəyinə istinad etməklə iddianı qismən təmin etmişdir. Məhkəmə AR Mülki Məcəlləsinin 372, 373, 374, 375, 377, 385.1, 443.1, 448.1, 470.1, 471.1, 739.1, 741, 742.1-ci maddələrinə, AR Konstitusiyasının 17, 34-cü maddələrinə istinad edərək iddianı qismən təmin etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Cavabdeh1 apellyasiya şikayətində qeyd etmişdir ki, iddianın əsasını təşkil edən kredit müqaviləsi 19 iyun 2014-cü ildə 36 aylığına bağlanmış, xx.xx.2015-ci il tarixli əlavə sazişlə kreditin müddəti xx.xx.2019-cu il tarixədək müəyyən edilmişdir. İddiaçı məhkəməyə kredit müqaviləsinin müddətinin başa çatdığı gündən etibarən 3 il ərzində, yəni son tarix xx.xx.2022-ci il saat 23:59:59-dək müraciət etməli olduğu halda, 19 iyul 2022-ci il tarixdə müraciət etmişdir. Göründüyü kimi Mülki Məcəllənin 373.3-cü maddəsindəki 3 illik müddət ötürüldüyü halda məhkəmə belə qənaətə gəlmişdir ki, müddət ötməyib. Bununla da maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Məhkəmə maddi hüquq normasının tətbiqində pozuntuya yol verib, bu məsələ prosessual normadan yan keçə bilməz. Prosessual pozuntu bu işdə qəbul edilmiş qətnamənin qanuniliyinə olan şübhədən irəli gəlir. Hesab edir ki, maddi hüquq normasının pozulması ilə qəbul edilmiş qətnamə qanunsuzdur. Bu isə qətnamənin qanuniliyi ilə əlaqədar prosessual hüquq normasının pozuntusu deməkdir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddiaçı ilə razılığa gələ bilmirlər. Müqavilənin müddəti 2019-cu ildə bitib. 3 il müddət keçib və ona bank tərəfindən heç bir xəbərdalıq olunmayıb. Banka ödənişlərinə dair qəbzlərin yarısı qalıb. Çünki o, hərbçidir, təyinatla müxtəlif bölgələrdə xidmət edib. Hər dəfə yeni bölgəyə köçəndə, köç prosesində bəzi qəbzləri itirib. Daha sonra bildirdi ki, razılaşmaq üçün banka gedib. Ona rəsmi sənəd verilmədi, amma borca dair əlyazma verdilər. Bildirdilər ki, cəmi 6000 manata qədər borcu qalıb, onun da 3000 manat hissəsi keçən il restruktruzasiya olunub. Bildirdiklərinə görə cəmi 3017 manat borcu qalıb. 2019cu ildən bu günə heç bir ödəniş etməyib, bank da onunla heç bir əlaqə yaratmayıb. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Xaçmaz Rayon Məhkəməsinin e-2(067)-113/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı ASC-nin (ləğv prosesindədir) nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, maliyyə arayışında tərəflərin xx.xx.2019-cu il tarixədək olan borcu əks olunub, 6569,81 ABŞ dolları borc hesablanıb. Restruktruzasiyanın cavabdehlərə tətbiq olunmamasının səbəbi yəqin ki, məbləğlə bağlıdır. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Xaçmaz Rayon Məhkəməsinin e-2(067)-113/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 Fəxrəddin oğlu bildirdi ki, qətnamədən apellyasiya şikayəti verməsə də onu müdafiə edir. 7 il ərzində bank zamin kimi ona bir dəfə belə müraciət etməyib. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Xaçmaz Rayon Məhkəməsinin e-2(067)-113/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 742.1-ci maddəsinə əsasən əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 471.1-ci maddəsinə uyğun olaraq borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmamışsa, zamin və ya borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373-cü maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir; Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir; Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər; Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. 374-ci maddəsinə əsasən əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir; İddia müddətləri axımının dayandırılması və kəsilməsi əsasları bu Məcəllə ilə müəyyənləşdirilir. 375-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir; Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır 377-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir; İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır; İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır; Reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır. Mülki Prosessual Məcəllə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, tərəflərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin e-2(067)-113/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi qismən, 5972,42 ABŞ dolları faiz, 200 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 953.68 ABŞ dolları (əlavə) faiz borcunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək (birgə) qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi hissəsində ləğv edilməli, iddia tələbi həmin hissələrdə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan iddiaçı DəmirBank” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 19 iyun 2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 arasında bağlanmış 19 iyun 2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 (otuz altı) ay müddətinə 8925 (səkkiz min doqquz yüz iyirmi beş) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında 19 iyun 2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 9/6787 saylı ekspert rəyindən görünür ki, cavabdehlərin 6710.09 ABŞ dolları əsas, 5972.42 ABŞ dolları faiz, kredit müqaviləsi bitəndən sonra hesablanmış (əlavə) faiz borcu üzrə 962.71 ABŞ dolları faiz borcları vardır. İş materiallarında olan xəbərdarlıq bildirişindən görünür ki, cavabdehlərə müraciət olunmasına baxmayaraq kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliyi lazımi qaydada icra etməmişlər. Bundan başqa cavabdeh tərəf iddia müddətinin tətbiqinə dair ərizə verərək iddianın təmin edilməməsini xahiş etmişlər. İddia müddəti ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddia 19 iyul 2022-ci il tarixdə verildiyindən iddia müddəti ötürülməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin kredit müqaviləsi üzrə əsas borca dair gəldiyi nəticəni əsaslı sayır. Belə ki, müəyyən edilmişdir ki, iddiaçı təşkilat ilə cavabdeh arasında kredit müqaviləsi imzalanmış, bu müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud olmamış, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi cavabdehin risk dairəsinə daxil olan öhdəliyi olduğu üçün o, bu öhdəliklərin icra edilməməsinə görə iddaçı qarşısında cavabdehlik daşımışdır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə də əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cavabdehdən kredit müqaviləsi üzrə borcunu tələb etməsinin qanuni əsası olmuşdur. Cavabdehin kredit müqaviləsi üzrə borc məbləği keçirilmiş ekspertiza rəyi ilə də müəyyən edilmişdir. Bununla da cavabdehin müqavilə üzrə əsas borcunun iddia tələbinə uyğun olması ekspert rəyi ilə bir daha təsdiqini tapmışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehdən əsas borca görə 6569,81 ABŞ dolları tutulması barədə gəldiyi nəticə haqlı olduğundan qətnamə qeyd edilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Bununla yanaşı məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin faiz, cərimə və gecikdirilmiş vaxt üçün cavabdehdən pulun tutulması barədə gəldiyi nəticəyə qiymət verərək hesab edir ki, məhkəmə gəldiyi nəticədə əsaslı olmamışdır. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh1 iddiaçı bankdan 19 iyun 2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsinə əsasən 36 (otuz altı) ay müddətinə 8925 (səkkiz min doqquz yüz iyirmi beş) ABŞ dolları məbləğində kredit götürmüşdür. İş materallarından görünür ki, cavabdehin müqavilə üzrə əsas borcu 6569,81 ABŞ dolları müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərdən müqavilə üzrə faiz, gecikdirilmiş borc, cərimə borcunun tutulması əsaslı sayıla bilməz. Belə ki, işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Cavabdeh1 kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Həmin Məcəllənin 431.2-ci maddəsinə əsasən kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər. Azərbaycan Respublikası Prezidentin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının tələblərinə əsasən Fiziki şəxslərin banklara 10.000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməlidir. Bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17.000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin edilməli, nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi təmin edilməli, nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanması təklif edilməli, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görülməlidir. Fərmanın preambulasında həmin sənədin qəbul edilməsini zəruri edən hallar qeyd olunur. Orada deyilir ki, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir. Son dövrdə respublikada makroiqtisadi sabitliyin təmin olunması, iqtisadi inkişaf templərinin bərpa edilərək artması və maliyyə imkanlarının genişlənməsi digər sahələr kimi, əhalinin xarici valyutada olan ödəmə vaxtı keçmiş kredit borclarının ödənilməsinə də dövlət dəstəyi göstərilməsi üçün şərait yaratmışdır. Göründüyü kimi həmin Fərman onun təsir dairəsinə düşən şəxslərin borclarının ödənilməsinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə qəbul edilmişdir. Dəstək göstərmək borcun ödənilməsinə dəstək kimi qəbul edilməlidir. Təsadüfi deyil ki, həmin Fərmanda dövlətin qarşılayacağı borcun əvəzi olaraq banklara külli miqdarda kredit ayrılması (qərarın 19-cu bəndi), bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi təmin edilmişdir. Fərmana əsasən (qərarın 22-ci bəndi) banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görməli idilər. Fərmanda qeyd olunan faizlər dedikdə, bütün faizlər, əsas, cərimə və.s. faizlər nəzərdə tutulurdu. Qalan əsas məbləğə münasibətdə güzəştli şərtlərlə müqavilə bağlanması təklif olunurdu. Qeyd olunan fərmanda faizlərin hansısa şərtlərlə silinməsi barədə müddəa nəzərdə tutulmamışdır. Fərmanın qəbul edilməsi ilə dövlət özü güzəşt olunan borcu (bütün faizləri) ödəmiş olur. Qərarın 16-17-ci bəndlərində qeyd olunan maddi hüquq normalarının hazırkı hala tətbiqi müzakirə olunmalıdır. Ona görə ki, Fərmanın tələblərinə uyğun olaraq dövlət öhdəliyin bir hissəsini ödəməyi öz üzərinə götürmüş və icra etmişdir. İşdən göründüyü kimi cavabdeh iddiaçı bankdan 19 iyun 2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 (otuz altı) ay müddətinə 8925 (səkkiz min doqquz yüz iyirmi beş) ABŞ dolları məbləğində kredit götürmüş, müqavilənin son müddəti xx.xx.2017-ci il müəyyən edilmiş, müqavilə müddətinin sonuna, yəni qeyd edilən Fərmanın qəbulundan əvvəl cavabdehin müqavilə üzrə əsas borcu 6569,81 ABŞ dolları müəyyən edilmişdir. Kredit müqaviləsinin müddəti bitəndən iki ilə yaxın müddət sonra hazırki Fərman qəbul edilmiş, müqavilənin şərtləri Fərmanın təsiri altına düşmüşdür. Göründüyü kimi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının qəbul edildiyi tarixə cavabdehin əsas borcu 6569,81 ABŞ dolları təşkil etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının yuxarıda qeyd edilən bəndləri nəzərə alınaraq, cavabdehlərdən yalnız müqavilə üzrə əsas borca görə 6569,81 ABŞ dolları əsas borc tutulmalı, müqavilə Fərmanın təsiri altına düşdüyündən, müqavilə üzrə faiz, cərimələr silinməli olduğundan həmin müqavilə üzrə cavabdehdən əsas borca görə faiz, cərimə, gecikdirilmiş faiz borcunun tələb edilməsi əsassız olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin e-2(067)-113/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi qismən, 5972,42 ABŞ dolları faiz, 200 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 953.68 ABŞ dolları (əlavə) faiz borcunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək (birgə) qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi hissəsində ləğv edilməli, iddia tələbi həmin hissələrdə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iddia müddətinin tətbiq edilməsinə dair ərizəni təmin etməməkdə haqlı olmuşdur. Belə ki, iş materiallarından görünür ki, iddia ərzəsi xx.xx.2023-cü il tarixdlə elektron qaydada imzalanmış və xx.xx.2023-cü il tarixdə, saat 10:55-də məhkəmə tərəfindən qəbul edilmişdir. Yəni qanun üzrə müəyyən edilmiş müddət ötürülməmişdir. Ona görə də apellyasiya şikayətinin bu dəlili əsassız oloduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin e-2(067)-113/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi qismən, 5972,42 ABŞ dolları faiz, 200 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 953.68 ABŞ dolları (əlavə) faiz borcunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək (birgə) qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi hissəsində ləğv edilməli, iddia tələbi həmin hissələrdə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 384.0.2,392- 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə Xaçmaz Rayon Məhkəməsinin e- 2(067)-113/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi qismən, 5972,42 ABŞ dolları faiz, 200 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 953.68 ABŞ dolları (əlavə) faiz borcunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək (birgə) qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi hissəsində ləğv edilsin. İddia tələbi həmin hissələrdə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar