Məhkəmə qərarları › İş №2(105)-881/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-881/2024

21.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-881/2024 21.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X1 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 30 yanvar 2024cü il tarixli, 2(029)-36/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 723 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 18 ay müddətinə, illik 30 % dərəcəsi ilə 4200 (dörd min iki yüz) manat məbləğində kredit verilmişdir.

2. İddiaçı ASC və Cavabdeh arasında bağlanmış 04 may 2011-ci il tarixli 723 saylı kredit müqaviləsinə əlavəyə əsasən kreditin bağlanma müddəti, 723 saylı 26 iyul 2010-cu il tarixli kredit müqaviləsində nəzərdə tutulmuş şərtlər qüvvədə qalmaqla, 26 oktyabr 2012ci il tarixədək uzadılmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsi üzrə ödənilməmiş 1373,29 (bir min üç yüz yetmiş üç manat, iyirmi doqquz qəpik) manat əsas, 106,42 (bir yüz altı manat, qırx iki qəpik) manat müqavilə müddəti üzrə hesablanmış faiz, 766,71 (yeddi yüz altmış altı manat, yetmiş bir qəpik) manat cərimə borcu və kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 712,69 (yeddi yüz on iki manat, altmış doqquz qəpik) manat 5 % faiz borcu olmaqla, cəmi 2959,11 (iki min doqquz yüz əlli doqquz manat, on bir qəpik) manat kredit borcunun və iş üzrə ödənilmiş 49,60 manat dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 723 saylı kredit müqaviləsinə əsasən cavabdehə 18 (on səkkiz) ay müddətinə illik 30 (otuz) faiz dərəcəsi ilə 4200 (dörd min iki yüz) manat məbləğində kredit verilmişdir. Daha sonra tərəflər arasında razılaşma əsasında qeyd edilən kredit müqaviləsinə xx.xx.2011-ci il tarixli əlavə əsasında müqavilədəki şərtlər saxlanılmaqla müqavilənin müddəti xx.xx.2012-ci il tarixinə qədər uzadılmışdır. Kredit müqaviləsinin 7.1-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehə bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından və hesabdan çıxarış məlumatlarından da göründüyü kimi, cavabdeh borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi.

5. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən tərtib edilmiş 20 fevral 2023-cü il tarixli, **********082 saylı maliyyə arayışından görünür ki, İddiaçı ASC və Cavabdeh arasında bağlanmış 26 iyul 2010-cu il tarixli, (00)**********00723 saylı kredit müqaviləsi üzrə 2 fevral 2023-cü il tarixinə 1373,29 ( bir min üç yüz yetmiş üç manat, iyirmi doqquz qəpik) manat əsas, 106,42 ( bir yüz altı manat, qırx iki qəpik) manat müqavilə müddəti üzrə hesablanmış faiz, 766,71 ( yeddi yüz altmış altı manat, yetmiş bir qəpik) manat cərimə borcu və kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014cü il tarixli Plenum qərarına əsasən hesablanmış 712,69 ( yeddi yüz on iki manat, altmış doqquz qəpik) manat 5% faiz borcu olmaqla, cəmi 2959,11 ( iki min doqquz yüz əlli doqquz manat, on bir qəpik) manat borcu mövcuddur.

6. Qusar Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, 2(029)-36/2024 nömrəli qətnaməsi ilə (hakim Əli Cəlilov) iddia rədd edilmişdir.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə iddia müddəti keçdiyindən rədd edilməlidir.

8. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 372.1, 373.2, 376, 377.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 218.3-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Məlumdur ki, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Lakin hazırki iş üzrə tərəflər öz aralarında iddia müddətinin hesablanma qaydasını müəyyən etmiş və onun öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə qədər qüvvədə olmasına dair iradələrini müqavilədə əks etdirmişlər. Bu isə o deməkdir ki, tərəflər öz aralarında iddia müddətinin hesablanma qaydasını müəyyən etmiş və onun öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə qədər qüvvədə olmasına dair iradələrini müqavilədə əks etdirmişlər. Müqavilədə qeyd olunmuş 18 aylıq müddət müqavilənin qüvvədə olma müddəti deyil, borcun hissə-hissə qaytarılmasını müəyyən edən şərtdir. Bundan əlavə mübahisə edilən qətnamə ilə razılaşmalı olsaq, sözügedən pul məbləğinin cavabdehdə qalması iddiaçının həmin pul məbləği üzərində mülkiyyət hüququnu məhdudlaşdırmaqla yanaşı, cavabdehin əsassız varlanmasına rəvac verir. Görünüyü kimi hələ də borclu tərəfindən kredit öhdəliklərinin tam yerinə yetirilməsi təmin edilməmişdir, lakin məhkəmə yuxarıda göstərilən halları araşdırmadan əsassız qərar qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı cavabdeh yazılı etiraz təqdim etmiş və iddia müddəti keçdiyi üçün iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

12. Maddə 372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

13. Maddə 375. İddia müddətinin tətbiqi 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır

14. Maddə 377. İddia müddətinin başlanması 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. 377.4. Reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır.

15. Maddə 376. İddia müddətinin əlavə tələblərə tətbiqi Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir.

16. Maddə 399. Müqavilənin qüvvəsi 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 399.2. Tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir. 399.3. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir.

17. Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

18. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

19. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

20. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

21. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı (...) 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (...)

22. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

23. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

24. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

25. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. Belə ki, işin hallarından müəyyən olunur ki, İddiaçı ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 723 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 18 ay müddətinə, illik 30 % dərəcəsi ilə 4200 (dörd min iki yüz ) manat məbləğində kredit verilmişdir. İddiaçı ASC və Cavabdeh arasında bağlanmış 04 may 2011ci il tarixli 723 saylı kredit müqaviləsinə əlavəyə əsasən kreditin bağlanma müddəti, 723 saylı 26 iyul 2010-cu il tarixli kredit müqaviləsində nəzərdə tutulmuş şərtlər qüvvədə qalmaqla, 26 oktyabr 2012-ci il tarixədək uzadılmışdır.

28. Kredit müqaviləsi üzrə borc ödənilməmiş və iddiaçı ləğv prosesində olan İddiaçı ASC hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək kredit borcunun Cavabdeh tutulmasını xahiş etmiş, Cavabdeh isə iddia müddətinin tətbiqi barədə birinci instansiya məhkəməsinə ərizə verərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

29. İddia müddətinin tətbiqi ilə bağlı kollegiya qeyd edir ki, Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir.

30. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

31. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

32. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir.

33. Həmin Məcəlləinin 399-cu maddəsi müqavilənin qüvvədə olma müddətinə aid müddəaları müəyyən edir ki, kredit müqaviləsində də yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər.

34. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarında göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.

35. Göründüyü kimi, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.

36. Müddətin tətbiqi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, “…müddətin əhəmiyyəti aşağıdakılardan ibarətdir: o hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqularını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; müddət institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; müddət tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır”.

37. Verilmiş apelyasiya şikayəti əsasında işin hallarını araşdıran məhkəmə kollegiyası iddia müddətinin ötürülməməsi ilə bağlı apelyasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, iş materiallarından göründüyü kimi xx.xx.2010-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 18 ay müddətinə 4200 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli 723 saylı kredit müqaviləsinə əlavəyə əsasən kreditin bağlanma müddəti xx.xx.2012-ci il tarixədək uzadılmışdır. Müqavilə üzrə iddia müddətinin başlanğıcı xx.xx.2012-ci il tarixdən hesablandıqda iddia müddəti xx.xx.2015-ci ildə bitmiş, iddiaçı ləğv prosesində olan İddiaçı ASC hazirki iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir.

38. İddiaçı tərəfindən iddia müddətinin axımının dayandırılmasına və ya iddia müddətinin ötürülməməsinə səbəb olan sübutlar məhkəməyə təqdim edilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin cavabdeh tərəfin ərizəsi əsasında iddia müddətini tətbiq edərək iddia tələbini təmin etməməsi əsaslı olmuşdur.

39. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə mövcud apellyasiya şikayəti əsasında məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.

40. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, 2(029)-36/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar