Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-882/2023 08.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı nümayəndə və vəkili X2, Cavabdeh nümayəndə və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Qubadlı Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, e-2(028)-48/2023 saylı qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 124.460 manat pul vəsaitinin və məhkəmə rüsumu üçün ödənilmiş 416 manat pul vəsaitinin, toplam olaraq 124.876 manat pul vəsaitinin alınaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qubadlı Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, e-2(028)-48/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 124.460 manat pul vəsaiti və məhkəmə rüsumu üçün ödənilmiş 416 manat pul vəsaiti, toplam olaraq 124.876 (yüz iyirmi dörd min səkkiz yüz yetmiş altı) manat pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi qət edlmişdir (hakim Vladimir Ruvinov). Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Qubadlı Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, e-2(028)-48/2023 saylı qətnaməsinin iddianın təmin olunmuş hissəsində qismən ləğv edilərək, borcun onun tərəfindən etiraf olunan 67000 manat həcmində tutulmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində Azərbaycan Respublikasının ərazisində tanıdığı bir-biri ilə yaxın qohum olan şəxslərlə tanış olub, 2014-cü ildən 2019-cu illərədək bir sıra malların tekstil-mebel üzlüklərinin, pərdələrin, pokrıvalların və s. satışı ilə əlaqədar razılığa gəlinmiş və o, mütəmadi həmin şəxslərlə iş birliyi etdiyini, əvvəllər həmin şəxslər (qohumlar) ona çatası pulları göndərsələr də, 2019-cu ilin ortalarından malların satılmadığını və anbarlarda və dükanlarda qaldığını bəhanə edib hər hansı əldə olunmuş vəsaiti ondan gizlədib ələ keçirmiş və ona göndərmədikərini, 2019-cu ildən etibarən zənglərinə cavab vermədikərini, bu hərəkətləri ilə Anarın 164.457 dollar dəyərində mallarını satıb mənimsədiyini və etibarından suiistifadə edib ələ keçirməklə ona vermədiyini, əmlakını və pullarını istədikdə onu müxtəlif hədələrlə qorxudaraq hər biri ayrılıqda sifariş göndərmiş və ya telefonla ölümlə hədələdiyini bildirmişdir. Azərbaycan Respublikası DİN-nin Qaradağ RPİ-dən göndərilən cavab məktubunda həmin şəxslərin ona olan borcları özləri tərəfindən öz xeyirlərinə miqdarı azaldılaraq etiraf olunduğunu bildirmişdir. Onların etiraflarının həqiqətə uyğun olmadığının, Qaradağ rayon Polis İdarəsinin İstintaq Şöbəsində material üzrə araşdırma aparılaraq Cavabdeh izahatında, onun İddiaçı 2008-ci ildə 10.000 ABŞ dolları (17.000 manat), 2020–ci il tarixdə 67.000 manat nağd pul verəcəyi qalmış və eyni zamanda İsmetin onda 25.000 ABŞ dolları (42.500 manat) dəyərində satılması üçün ona göndərdiyi yataq dəstləri mövcud olmuşdur. Yəni toplam olaraq bugünkü gün cavabdehin ona 126.500 manat borcu vardır. Bundan sonra Cavabdeh ilə onun arasında pul vəsatinin hissə-hissə qaytarılması ilə bağlı danışıqlar aparılmış və cavabdeh “Zolotaya Korona” onlayn ödəniş vasitəsilə İddiaçı xx.xx.2022-ci il tarixdə 300 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 200 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 200 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 200 ABŞ dolları, xx.xx.2022- ci il tarixdə 300 ABŞ dolları, toplam olaraq 1200 ABŞ dolları (2040 manat) göndərsə də sonradan maddi imkanının olmaması səbəbindən ödənişi dayandırmışdır. Bu barədə ödəniş tapşırığı barədə sənədlərin surətlərini iddia ərizəsinə əlavə etmişdir. Yekun olaraq ödədiyi məbləği yəni, 1200 ABŞ dolları (2040 manat) ümumi borcdan çıxdıqda cavabdehin 124.460 manat pul borcu qalmış olur. Göründüyü kimi İddiaçı tərəfindən mülki iş materiallarına əlavə edilmiş Qaradağ RPİ-nin müstəntiqi tərəfindən İddiaçı Abuzər oğlunun müraciəti əsasında toplanılmış HK-1/75 materiallarında olan Cavabdeh ifadəsinə istinad etmiş, 124.460 manat pul borcunu əks etdirən hər hansı müqavilə və ya yazılı etiraf mövcud olmamışdır. Belə olan halda Cavabdeh 124.460 manat pul vəsaiti və məhkəmə rüsumu üçün ödənilmiş 416 manat pul vəsaiti, toplam olaraq 124.876 (yüz iyirmi dörd min səkkiz yüz yetmiş altı) manat pul vəsaitinin İddiaçı xeyrinə tutulması Mülki Məcəllənin tələblərinə ziddir. İş materiallarında olan cinayət işi başlanamasının rədd edilməsi haqqında xx.xx.2022- ci il tarixli qərarında Cavabdeh, 2009cu ildən 2020-ci ilin mart ayına qədər “Sədərək Ticarət Mərkəzində” yataq dəstlərinin alış satışı ilə məşğul olduğunu, 2008-ci ildə Türkiyə Respublikasına gedən zaman orada İsmət Belli ilə tanış olduğnu, həmin vaxtı o İsmət Bellidən 10000 ABŞ dolları dəyərində yataq dəsti aldığını, təxminən 2020-ci ilin mart ayınadək o İsmət Bellidən dəfələrlə yataq dəsti alıb satdığını, pulu İsmetə göndərdiyini və İsmət də həmin pulun müqabilində ona yataq dəsti göndərdiyini, sonuncu dəfə İsmət 2020-ci ilin fevral ayında yataq dəsti göndərdiyini, 2020-ci ilin mart ayında ölkə ərazisində baş vermiş pandemiya ilə əlaqədar olaraq bazarların bağlandığını və buna görə də malları sata bilmədiyini, İsmete olan borcunun da, satılması üçün ona göndərdiyi 25000 ABŞ dolları dəyərində yataq dəstləri ilə birlikdə 67.000 manat olduğunu bildirdiyi halda, məhkəmə iddiaçının iddia tələbini tam təmin etmişdir. İddiaçı tərəfindən müki iş materiallarına əlavə edilmiş Qaradağ RPİ-nin müstəntiqi tərəfindən İddiaçı Abuzər oğlunun müraciəti əsasında toplanılmış HK-1/75 materiallarına baxılan zaman Cavabdeh ifadəsinə istinad etmiş, 124.460 manat pul borcunu əks etdirən hər hansı müqavilə və ya yazılı etiraf mövcud olmamışdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndə və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddiaçı cavabdehin ifadəsini təhrif edərək borc tələb edir. Amma 10000 ABŞ dolları iddiaçıya Türkiyəyə nağd şəkildə göndərilib. Verilməsə idi belə 2010-cu ildə verilmiş məbləği bu gün tələb edə bilməzdi. Cavabdeh iddiaçıya 67 000 manat verəcəyi olduğunu, onun 42500 manatının (25000 dollar) satılmamış yataq dəsti şəklində onda olduğunu və 24500 manat da nağd borcu olduğunu səmimi şəkildə etiraf edib. Bu gün də həmin etiraf qüvvədədir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin iddianın təmin olunmuş hissəsində qismən ləğv edilərək, borcun cavabdeh tərəfindən etiraf olunan 67000 manat həcmində tutulmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndə və vəkili X2 apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, cavabdeh izahatında göstərir ki, onun hesablamasına görə 67000 manat nağd verəcəyi, bundan əlavə satılmamış yataq dəstləri var. İndi başqa cür izahat versələr də, həmin satılmamış malın 67000 manatın içərisinə daxil olması barədə sübutu yoxdur. Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində də eyni izahat verilib. Cavabdeh ona da gəlib eyni formada etiraf etmişdi və aylıq ödənişlər etməyə başlamışdı. Amma iddiaçı narazılıq etdi ki, ayda 200 ABŞ dolları şəklində bu borcun ödənilməsi ona uyğun deyil. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyası iş materiallarını, iddia ərizəsini, tərəfin izahatını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Qubadlı Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, e-2(028)-48/2023 saylı qətnaməsi ləğv edilməli, iş baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. İş materiallarında olan cinayət işi başlanamasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli Qərardan görünür ki, Qaradağ RPİ-nin müstəntiqi tərəfindən İddiaçı Abuzər oğlunun müraciəti əsasında toplanılmış HK-1/75 materiallarına baxılan zaman Cavabdeh ifadəsində bildirmişdir ki, 2009-cu ildən 2020-ci ilin mart ayına qədər “Sədərək Ticarət Mərkəzində” yataq dəstlərinin alış-satışı ilə məşğul olmuşdur. Təxminən 2008-ci ildə Türkiyə Respublikasına gedən zaman orada İsmət Belli ilə tanış olmuşdur. İsmət Türkiyə Respublikasında tekstil alış-satışı ilə məşğul olmuşdur.Həmin vaxtı o İsmət Bellidən 10000 ABŞ dolları dəyərində yataq dəsti almış və gətirib Azərbaycan Respublikasında satmışdır. Bundan sonra o təxminən 2020-ci ilin mart ayınadək o İsmət Bellidən dəfələrlə yataq dəsti alıb satmışdır. O pulu İsmetə göndərilmiş və İsmət də həmin pulun müqabilində ona yataq dəsti göndərmişdir. İsmət yataq dəstlərini göndərmiş o da burada satıb onun pulun ödəyirmiş. Sonuncu dəfə İsmət 2020-ci ilin fevral ayında yataq dəsti göndərmişdir. Münasibətlər yaxşı olduğundan İsmet ona nisyə mal tez-tez göndərirmiş. 2020-ci ilin mart ayında ölkə ərazisində baş vermiş pandemiya ilə əlaqədar olaraq bazarlar bağlanmış, buna görə də onlar malları sata bilməmişlər.O, İsmete olan borcunu da ödəyə bilmirmiş.2020-ci ilin yay aylarında İsmetlə danışmış və münasibətləri pisləşməyə başlamışdır. Onun hesablanmasına görə İsmete 67.000 manat nağd pul verəcəyi qalmış, eyni zamanda İsmetin onda 25000 ABŞ dolları dəyərində satılması üçün ona göndərdiyi yataq dəstləri olmuşdur. Hal-hazırda o, mağaza tapıb işləyə bilmədiyi üçün İsmetin pulunu ödəyə bilməmişdir. Məhkəmə kollegiyası iş materiallarını, tərəflərin izahatlarını tədqiq edərək belə qənaətə gəlir ki, hazırkı iş üzrə tərəflər arasında mübahisə sahibkarlıq fəaliyyəti ilə bağlı yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Hazırki halda iş materiallarından tərəflərin izahatlarından müəyyən olunur ki, tərəflər arasında mövcud borc münasibətləri məhz onların hər ikisinin vergi ödəyicisi olduqları vaxt, sahibkarlıq fəaliyyəti, yataq dəstlərinin satışı ilə məşğul olduqları zaman yaranmışdır. İşə əlavə edilmiş Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh taksi fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir, vergi ödəyicisidir və adına ********** nömrəli VÖEN vardır və hazırda aktivdir. İşə əlavə edilmiş Türkiyə Respublikası Gelir İdaresi Başkanlığı İnternet Vergi Dairesi”indən (www.intvrg.gib.gov.az) alınmış məlumata görə İddiaçı vergi ödəyicisidir və adına ********** nömrəli VÖEN (vergi kimlik numarası) vardır və hazırda aktivdir. Eyni zamanda iş materiallarında görünür ki, tərəflər arasında münbasibətlər sahibkarlıq fəaliyyəti ilə bağlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası MPM-in 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 31.1-ci madddəsinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.4-cü maddəsinə görə aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Həmin Məcəllənin 17.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsinin qanunla müəyyən olunmuş qaydada həmin məhkəmənin tərkibinə seçilmiş hakimlər həyata keçirirlər. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 mart 2003-cü il tarixli, 3 saylı qərarının 1-ci bəndində göstərilir ki, aidiyyət qaydalarını pozmaqla işi öz icraatına qəbul etmiş məhkəmə Azərbaycan Respublikası MPM-nin 44.2.2-ci maddəsinə əsasən işi qərardadla qısa müddət ərzində aid olduğu məhkəməyə göndərməlidir. Yuxarı instansiya məhkəmələri məhkəmələr tərəfindən aidiyyət qaydaları pozulmaqla icraata qəbul edilmiş işlər üzrə məhkəmə qərarlarını ləğv etdikdə, işi aid olduğu məhkəməyə göndərməlidirlər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Qubadlı Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, e- 2(028)-48/2023 saylı qətnaməsi ləğv edilməli, iş baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 31.1, 263-264, 357, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALİR: Apellyasiya şikayəti qismən təmin edilsin. Qubadlı Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, e-2(028)-48/2023 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi aidiyyatı üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-882/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-882/2023
08.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver