Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-883/2023 02.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X68 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçının nümayəndəsi X56 və Cavabdeh iştirakları ilə, İddiaçı QSC BOKT-un Cavabdeh qarşı faiz borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə Qubadlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(028)-21/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 14 % ödəmək şərti ilə 890000 (səkkiz yüz doxsan min) manat məbləğində kredit verilmişdir.
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 10 fevral tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı müvafiq sənədlərinin SFK-1403 saylı, xx.xx.2018-ci il tarixli təhvil-təslim aktına əsasən borclu Cavabdeh "xxxx" ASC-yə cəmi borc (kredit) 344726,66 manat, əsas borc yoxdur, faiz borcu (kredit) 344726,66 manat təşkil edir, cərimə faizləri (dəbbə məbləği) yoxdur.
3. “X61 Edilməsi Agentliyi” MMC kredit alana bildiriş göndərmişdir. Bildirişdə göstərilir ki, borc öhdəliyi icra edilmədiyi halda qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət ediləcəkdir.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı QSC BOKT iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh BOKT İddiaçı QSC-nin xeyrinə kredit müqaviləsi üzrə faiz borcu üzrə 344726,66 (üç yüz qırx dörd min yeddi yüz iyirmi altı manat, 66) manat, cəmi 344726,66 (üç yüz qırx dörd min yeddi yüz iyirmi altı manat, 66) manat məbləğində pul vasaitinin və 634,73 (altı yüz otuz dörd, 73) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 10 fevral tarixli, 101S saylı sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu Cavabdeh dair sənədlər SFK- 1403 saylı, xx.xx.2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. "xxxx" ASC-nin Suraxanı filialı ilə Cavabdeh arasında xx.xx.2010-cu il tarixli, №204/10 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 14 % olmaqla 36 ay müddətinə 890000 (səkkiz yüz doxsan min) manat məbləğində kredit verilmişdir. xx.xx.2010-cu il tarixli kassa məxaric orderindən də göründüyü kimi Cavabdeh ayrılmış kredit vəsaitini məxaric edərək ssuda hesabından istifadə etmişdir. Həmin müqaviləyə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı borcalanın ssuda hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixindən sonrakı gün başlanır. (5.4 bəndi) Bocalana verilən kredit vəsaitindən istifadə müddəti 36 aydır. Qeyd olunan kredit müqaviləsinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 14%-lə hesablanır. Cavabdeh bank qarşısında öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Hal-hazıra qədər cavabdehin müqavilə üzrə 344726,66 (üç yüz qırx dörd min yeddi yüz iyirmi altı manat, 66) manat, cəmi 344726,66 (üç yüz qırx dörd min yeddi yüz iyirmi altı manat, 66) manat borcu var. Bank tərəfindən pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdeh şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, borcdan istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirməmişdir. Qanunun qeyd edilən maddəsinə əsasən hesab edirlər ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 634,73 manat dövlət rüsumu cavabdehə həvalə edilməlidir.
6. Cavabdeh iddianı etiraf etməyərək göstərmişdir ki, "xxxx" ASC ilə onun arasında xx.xx.2010-cu il tarixdə, 204/10 saylı uydurma kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən guya ona illik 14 % olmaqla 36 ay müddətinə 890000 (səkkiz yüz doxsan min) manat məbləğində kredit verilmişdir. xx.xx.2010-cu il tarixli kassa məxaric orderindən belə görünür ki, ayrılmış kredit vəsaitini guya o, məxaric edərək ssuda hesabından istifadə etmişdir. Əslində isə ona bir manat da olsun pul verilməmişdir. O, vaxtikən rəhbərliyin göstərişi ilə banka gedərək mahiyyətini bilmədiyi sənədlərə imza etmişdir. Bankdan ona imzalandığı hər hansı bir sənədin, o cümlədən sonradan məlum olan kredit müqaviləsinin surəti verilməmişdir. "xxxx" ASC-nin İdarə Heyətinin sədri və digərlərinin barəsində cinayət işi qaldırılandan sonra o, şahid kimi çağırılıb dindiriləndən sonra bilmişdir ki, onun adına xx.xx.2010-cu il tarixdə, 204/10 saylı uydurma kredit müqaviləsi rəsmiləşdirilmişdir. Onun adına ayrılan kredit vəsaiti elə bankın xəzinəsində qalmış və bankın rəhbərliyi tərəfindən mənimsənilmişdir. Bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü vardır.
7. Qubadlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(028)-21/2023 nömrəli qətnaməsi ilə (hakim Vladimir Ruvinov) Cavabdeh BOKT İddiaçı QSC-nin xeyrinə kredit müqaviləsi üzrə faiz borcu üzrə 344726,66 (üç yüz qırx dörd min yeddi yüz iyirmi altı manat, 66) manat, cəmi 344726,66 (üç yüz qırx dörd min yeddi yüz iyirmi altı manat, 66) manat məbləğində pul vəsaitinin və 634,73 (altı yüz otuz dörd, 73) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə iddia tələbi təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 (101)-975/16 saylı 14 oktyabr 2016-ci il tarixli hökmün müəyyən etdi hissəsindən görünür ki, "xxxx" ASC-nin İdarə Heyətinin sədri X2 Şaiq Əli oğlunun adına rəsmiləşdirilmiş xx.xx.2010-cu il tarixli, 204/10 №-li kredit müqaviləsinə əsasən xx.xx.2010-cu il tarixdə 885560 manat Suraxanı filialın kassasından götürüb ona etibar edilmiş külli miqdarda özgə əmlakının mütəşəkkil dəstə halında talayaraq mənimsəməklə "xxxx" ASC-yə külli miqdarda ziyan vurmuşdur. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli kredit müqaviləsi yalnız görünüş üçün bağlanmışdır. Buna görə həmin kredit müqaviləsi uydurma əqd olduğuna görə əhəmiyyətsizdir.
9. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 82.4, 337, 340.1ci, Mülki Prosessual Məcəllənin 14, 77, 106, 217-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.
10. Qətnamədən İddiaçı QSC BOKT apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanı ilə qərara alınmışdır ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Mərkəzi Bankı on beş gün müddətində "xxxx" ASC-yə məxsus problemli aktivləri müəyyən etsinlər və həmin aktivlərin mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxarılması və dövlətə məxsus İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının idarəetməsinə verilməsi üçün tədbirlər görsünlər. Həmin Fərmanda müəyyən edilmişdir ki, (2.1) bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş aktivlərin İddiaçı QSC tərəfindən alınmasının və idarə edilməsinin maliyyələşdirilməsi dövlət zəmanəti əsasında uzunmüddətli, aşağı faizli borc istiqrazlarının İddiaçı QSC tərəfindən emissiya edilərək qiymətli kağızlar bazarında yerləşdirilməsi hesabına təmin edilir; (2.2) İddiaçı QSC tərəfindən emissiya ediləcək istiqrazların tələb olunan həcmi və müddətləri "xxxx" ASC-dən aktivlərin alınması tədbirləri ilə uzlaşdırılır və buna müvafiq dövlət zəmanətinin həcmi hər ilin dövlət büdcəsinin daxili borclanma limitinin məbləğində nəzərə almır; (2.3) İddiaçı QSC bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq alınmış aktivləri idarə edərkən aşağıdakı vəzifələri yerinə yetirir: (2.3.1) "xxxx" ASC-dən alınacaq aktivlər üzrə əsas borclar (kreditlər) və faizlər, borcun təminatı olan girov (ipoteka), zaminlik üzrə tələb hüquqlarını qanunvericiliyə əsasən əldə etmək və həyata keçirmək; (2.3.2) ödəmə vaxtı keçmiş kredit borclarının (faizlərin) qaytarılması və borcalanlar tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər (məhkəmədə iddia qaldırmaq, tələbi girova yönəltmək və s.) görmək; (2.3.3) tələb girova (ipotekaya) yönəldildiyi halda, girov (ipoteka) qoyulmuş əmlakın idarə edilməsini həyata keçirmək, həmin əmlakın dövlət əmlakına aid edilməsi barədə təkliflər vermək və ya ixtisaslaşmış təşkilatlar tərəfindən açıq hərraclarda satışını təşkil etmək, əldə olunan vəsaitin borc öhdəliklərindən irəli gələn tələblərin ödənilməsinə yönəldilməsini təmin etmək; (2.34.) aktivlərin idarə edilməsi ilə əlaqədar tələb olunan xərcləri bu Fərmanın 2.1ci bəndinə əsasən əldə olunan vəsait hesabına, bu məqsədlər üçün hər il təsdiq olunan xərclər smetasına uyğun olaraq həyata keçirməkdir. Lakin birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, məhkəmə cavabdehin verdiyi izahata uyğun əsaslandırma aparmış və kredit müqaviləsinin əsasında pul vəsaitinin yəni cavabdehin adına ayrılan kredit vəsaiti elə bankın xəzinəsində qalmış və bankın rəhbərliyi tərəfindən mənimsənilmişdir. Halbuki, cavabdehin pul vəsaitinin qəbul etməsi barədə xx.xx.2010-cu il tarixli məxaric orderini imzalanması barədə mötəbər sübut mövcuddur. Bu hissədə məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli olan halların sübut edilməməsi dəqiq göstırilməli və hər birinin qarşısında bunun nədə ifadə olunmasına (qanunla göstərilən sübutlarla təsdiq edilməməsi və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilməsi) aydın şəkildə izah verilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X78 apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
Maddə 340. Uydurma və yalan əqdlərin etibarsızlığı 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (...)
Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
16. “Ə.İbrahimovun şikayəti” üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2004-cü il 12 aprel tarixli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur.
17. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Buna görə də cinayət işindən meydana gələn ziyanın ödənilməsi barədə mülki işə baxan məhkəmə öz qətnaməsində cavabdehin təqsirlilik məsələsinə qiymət verə bilməz.
18. “C.İsmayılzadənin şikayəti” üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 6 iyun tarixli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeydşərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir.
19. Q.Məmmədova və digərlərinin şikayəti” üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2015-ci il 15 iyul tarixli Qərarı və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2016-cı il 23 fevral tarixli Qərarlarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... Məhkəmənin qanuni qüvvəyə minmiş qərarları preyudisial əhəmiyyətə malikdir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir.
20. “G.Əhmədovanın şikayəti” üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2019-cu il 24 iyul tarixli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar (...) 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Maddə 89. Yazılı sübutlar 89.1. Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. (...)
Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı (...) 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (...)
Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
22. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 mart 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
24. Belə ki, işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 14 % ödəmək şərti ilə 890000 (səkkiz yüz doxsan min) manat məbləğində kredit verilmişdir.
25. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 10 fevral tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı müvafiq sənədlərinin SFK-1403 saylı, xx.xx.2018-ci il tarixli təhvil-təslim aktına əsasən borclu Cavabdeh "xxxx" ASC-yə cəmi borc (kredit) 344726,66 manat, əsas borc yoxdur, faiz borcu (kredit) 344726,66 manat təşkil edir, cərimə faizləri (dəbbə məbləği) yoxdur. “X61 Edilməsi Agentliyi” MMC kredit alana bildiriş göndərmişdir. Bildirişdə göstərilir ki, borc öhdəliyi icra edilmədiyi halda qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət ediləcəkdir.
26. Birinci instansiya məhkəməsi qətnamədə həmçinin istinad etmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-975/16 saylı 14 oktyabr 2016-ci il tarixli hökmünün müəyyən etdi hissəsindən görünür ki, "xxxx" ASC-nin İdarə Heyətinin sədri X2 Şaiq Əli oğlunun adına rəsmiləşdirilmiş xx.xx.2010-cu il tarixli, 204/10 №-li kredit müqaviləsinə əsasən xx.xx.2010-cu il tarixdə 885560 manat Suraxanı filialın kassasından götürüb ona etibar edilmiş külli miqdarda özgə əmlakının mütəşəkkil dəstə halında talayaraq mənimsəməklə "xxxx" ASC-yə külli miqdarda ziyan vurmuşdur.
27. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2, 308.2, 309.2 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş X16, CM-in 179.3.1, 179.3.2 və 309.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş X17, CM-in 179.3.1, 179.3.2, 228.1 və 228.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş X46, CM-in 179.3.1, 179.3.2 və 309.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş X10 və qeyrilərinin barəsində olan cinayət işi üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının 18 aprel 2019-cu il tarixli 1(102)-205/2019 nömrəli qərarının surətindən görünür ki, birinci instansiyası məhkəməsinin hökmünə əsasən, X39 Azərbaycan Respublikası CM-nin 179.3.1, 179.3.2, 308.2, 309.2 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, 27 mart 2001-ci il tarixdən 02 aprel 2015-ci il tarixə kimi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri vəzifəsində işlədiyi müddətdə bir neçə cinayətin törədilməsi məqsədilə həmin Cəmiyyətin Mərkəzi filialının müdiri vəzifəsində işləyən X57 və X47, həmin filialın müdir müavini, daha sonra isə müdiri vəzifələrində işləyən X40, Nəqliyyat filialının müdiri vəzifəsində işləyən X58, Nərimanov filialının müdiri vəzifəsində işləyən X29, qeyd olunan Cəmiyyətin balansında olan binaların mühafizəsini həyata keçirən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru vəzifəsində işləyən X41, yaxın dostu X69 və qeyriləri ilə qabaqcadan birləşib sabit cinayətkar qrup - mütəşəkkil dəstə yaradaraq həmin dəstəyə rəhbərlik etmiş, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş külli miqdarda özgə əmlakını vahid niyyətlə əhatə olunan qəsdlə və təkrarən talayaraq mənimsəyib "xxxx" ASC-nə külli miqdarda ziyan vurmuş, tamah və sair şəxsi niyyətlərlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edib vəzifə saxtakarlığı etmiş, həmçinin vəzifəli şəxs olaraq xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə və xidməti səlahiyyətlərin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edib vəzifə səlahiyyətlərini aşmaqla hüquqi şəxs kimi "xxxx" ASC-nin hüquqlarına və qanuni mənafelərinə, həmçinin, dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmuşdur.
28. Qərarda həmçinin göstərilmişdir ki, cinayət işinin materiallarındakı sübutlardan şahidlər X4, X11, X5, X30, X18, X31, X19, X48, X32, X6, X59, X12, X7, X24, X25, X20, X33, X49, Cavabdeh, X50, X8, X34, X35, X42, X36, X13, X21, X23, X14, X20, X36, X24, X25, X37, X1, X3, X26, X43, X15, X44 və X51 ifadələrindən müəyyən olunur ki, göstərilən şəxslər İbrahim Hüseynovun göstərişi əsasında Bankın filialına gedib kredit müqaviləsinə imza etsələr də, Bankdan onlara kredit müqaviləsində göstərilən məbləğ verilməmiş və onlar tərəfindən də İbrahim Hüseynova heç bir məbləğdə pul verilməmişdir.
29. Belə ki, məhkum İbrahim Hüseynov istintaq və birinci instansiya məhkəməsində verdiyi ifadələrində göstərmişdir ki, direktoru olduğu "xxxx" MMC "xxxx" ASC-yə aid olan obyektlərin inzibati binaların mühafizəsini təşkil etmişdir. O, MMC-nin direktoru işlədiyi dövrdə Bankın sabiq rəhbəri Cahangir Hacıyev və onun keçmiş sürücüsünün göstərişi əsasında tabeliyində olan işçilərinə göstəriş vermişdir ki, hər birinin adına müəyyən məbləğlərdə kredit rəsmiləşdirilməsi üçün "xxxx" ASC-nin Mərkəzi, Nərimanov Nəqliyyat filiallarına getsinlər. 2008-ci ildən 2015-ci il də daxil olmaqla müxtəlif vaxtlarda tarixlərdə onun 37 nəfər işçisinin adlarına ümumilikdə, 29.713.191,52 manat məbləğində kredit verilsə də, işçilərindən heç biri bankdan pulu götürməmiş, yalnız imza etmişlər. İşçiləri adlarına rəsmiləşdirilmiş kredit vəsaitinin bir hissəsi metal alverinə xərclənsə də, qalan pulların nəyə xərclənməsindən xəbəri olmamışdır.
30. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının 18 aprel 2019-cu il tarixli 1(102)-205/2019 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 iyun 2017-ci il tarixli qərarı məhkumlar X39, X69 və X22 aid hissədə dəyişdirilmədən saxlanılmış, məhkum X17 müdafiəçisi Şirinzadə Kənan Tərlan oğlunun kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 iyun 2017-ci il tarixli qərarı məhkum X27 aid hissədə dəyişdirilərək məhkum X17 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.1 və 179.3.2-ci maddələri ilə ixtisaslaşdırılmış cinayət əməlləri CM-in 32.5, 179.3.1 və 32.5, 179.3.2-ci maddələrinə tövsif edilmiş, X27 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 179.3.1 və 32.5, 179.3.2-ci maddələri ilə (yeni redaksiyada) 05 (beş) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edilmiş, hazırki qərarla məhkum X27 müəyyən edilmiş cəza Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci maddəsi ilə ona təyin edilmiş 03 (üç) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilən əsas cəzanı əsas cəza ilə qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə məhkum İ.F.Hüseynova qəti olaraq 03 (üç) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edilmiş, cəzasının əvvəlinin hökmdə göstərildiyi vaxtdan – 19 sentyabr 2015-ci il tarixdən hesablanması, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 iyun 2017-ci il tarixli qərarı məhkum X27 aid qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
31. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda adı çəkilən qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilən hallar hazırki mülki iş üzrə preyudisial əhəmiyyət daşıyır.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Mənzil- Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 10 iyun 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 17 fevral 2020-ci il tarixli qərarında göstərilmişdir ki, kredit xətti müqaviləsi üzrə pulun çıxarılması faktı özözlüyündə borcun etiraf edilməsi kimi qiymətləndirilə bilməz. Belə nəticə üçün iki tərəf arasında bağlanan kredit müqaviləsinin doğruluğuna, uydurma əqd olub-olmamasına, bank təcrübəsində böyük məbləğdə verilən kreditə görə kredit müqaviləsinin real təminat olmadan bağlanması faktına və digər sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.
33. Ali Məhkəmənin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli Qərarının 4-cü bəndində göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 82.4cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Buna görə də cinayət işindən meydana gələn ziyanın ödənilməsi barədə mülki işə baxan məhkəmə öz qətnaməsində cavabdehin təqsirlilik məsələsinə qiymət verə bilməz.
34. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə müvafiq olaraq, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarın mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün preyudisiallığı işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşır və yalnız hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Yəni, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarın preyudisial əhəmiyyəti prosessual qanunvericiliklə müəyyən edilmiş subyektiv və obyektiv hədlərdə mümkündür. Preyudisiallığın subyektiv həddi şəxslərin dairəsi ilə, obyektiv həddi isə hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsi ilə müəyyən edilir.
35. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə tərəflər arasındakı mübahisənin əsasını təşkil edən cavabdeh ilə bağlanmış kredit müqaviləsi real müqavilə olmamış, görünüş üçün bağlanmışdır. Həmin müqavilə əsasında cavabdehin bankdan pul götürməməsi və müqavilənin cavabdehlə əslində görünüş üçün bağlandığı işdə olan mötəbər sübutlarla təsdiqini tapır.
36. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərarı).
37. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (Mülki Məcəllənin 337.3 və 337.4-cü maddələri).
38. Sadalanan qanunvericilik aktları normalarına və məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh ilə bağlanmış xx.xx.2010-cu il tarixli kredit müqaviləsi əhəmiyyətsiz əqd olduğundan, iddiaçının həmin əqd üzrə öhdəliklərdən irəli gələn faiz borcunun ödənilməsi barədə mövcud iddia tələbi əsassızdır.
40. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə mövcud apellyasiya şikayəti əsasında məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.
41. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Qubadlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(028)-21/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.