Məhkəmə qərarları › İş №2(105)-888/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-888/2023

28.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-888/2023 28.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "zaq̇ ırəzA" İstehsalat Bı̇ rlı̇ yinin cavabdeh Nı̇ yazov Kənan Ağakərı̇ m oğluna qarşı mülki iş üzrə (Açar sözlər: prosessual müddətin bərpasına dair) X5 Süleymanovanın sədrliyi və məruzəsi, X3 Qafari və X1 ibarət tərkibdə, Ramilə Camaləddin qızı Məmmədovanın katibliyi ilə, İddiaçı "zaq̇ ırəzA" İ̇stehsalat Bı̇ rlı̇ yinin cavabdeh Nı̇ yazov Kənan Ağakərı̇ m oğluna qarşı "dəymiş ziyanın ödənilməsi" tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli e-2(012)-3652/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. Abşeron Rayon Məhkəməsinin e-2(012)-3652/2022 saylı, 11 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia tələbi təmin edilməmişdir.

2. Qətnamədən narazı qalan İddiaçı Abşeron Rayon Məhkəməsinin e-2(012)- 3652/2022 saylı, 11 oktyabr 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir.

3. Abşeron Rayon Məhkəməsinin e-2(012)-3652/2022 saylı, 01 dekabr 2022-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin e-2(012)-3652/2022 saylı, 11 oktyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti müddət ötürülməklə verildiyindən geri qaytarılmışdır.

4. Həmin qərardaddan İddiaçı tərəfindən şikayət verilmiş, Abşeron Rayon Məhkəməsinin e-2(012)-3652/2022 saylı, 15 dekabr 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin e-2(012)-3652/2022 saylı, 01 dekabr 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

5. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin e- 2(012)-3652/2022 saylı, 01 dekabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

6. İddiaçı nümayəndəsi Abşeron Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, e-2(012)-3652/2022 saylı qətnaməsindən apellyasiya şikayəti və apellyasiya şikayəti vermə müddətinin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin e-2(012)-3652/2022 saylı, 11 oktyabr 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi ilə əlaqədar prosessual müddətin bərpa edilməsini xahiş etmişdir.

7. Ərizə onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin e-2(012)- 3652/2022 saylı 11 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı İB-nin Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilmişdir. Abşeron Rayon Məhkəməsinin e-2(012)-3652/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı apellyasiya şikayəti geri qaytarılmışdır. Abşeron rayon Məhkəməsinin e-2(012)-3652/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi elektron məhkəmə sisteminə xx.xx.2022-ci il tarixdə yerləşdirilmiş, 1 gün ötürməklə qətnamədən apellyasiya şikayəti verilmişdir.

8. Abşeron Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli e-2(012)-3652/2022 nömrəli qərardadı ilə İddiaçı Abşeron Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, e- 2(012)-3652/2022 saylı qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin bərpası barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır.

9. Həmin qərardaddan narazı qalan İddiaçı tərəfindən şikayət verilərək, Abşeron Rayon Məhkəməsinin e-2(012)-3652/2022 saylı xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsi, qətnamədən apellyasiya şikayəti verilməsi ilə əlaqədar prosessual müddəti bərpa edilməsi və apellyasiya şikayətinin baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir.

10. Abşeron Rayon Məhkəməsinin 07 mart 2023-cü il tarixli e-2(012)-3652/2022 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin e-2(012)- 3652/2022 saylı, 21 fevral 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

11. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360, 130.1, 133.1, 155 və 156-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Şikayətin dəlilləri

12. İddiaçı "zaq̇ ırəzA" İ̇stehsalat Bı̇ rlı̇ yinin nümayəndəsi şikayəti onunla əsaslandırmışdır ki, məhkəmənin qərardadı əsassızdır və ləğv edilməlidir. Belə ki, məhkəmənin qətnaməsi xx.xx.2022-ci il tarixdə elekron məhkəmə sisteminə yerləşdirilmiş, 1 gün ötürməklə qətnamədən apellyasiya şikayəti verilmişdir. Hesab edir ki, iş üzrə həqiqətə nail olmaq üçün 1 gün müddət bərpa edilməli idi. Odur ki, Abşeron Rayon Məhkəməsinin e-2(012)-3652/2022 nömrəli xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir.

b) Şikayətə qarşı etirazın dəlilləri Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

14. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Abşeron Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli e-2(012)-3652/2022 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Abşeron Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli e-2(012)- 3652/2022 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Maddə 134.1.5. Birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməlidir. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 357.1. Birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş, qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilərlər. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli e-2(012)-3652/2022 nömrəli və bununla bağlı 07 mart 2023-cü il tarixli e-2(012)-3652/2022 nömrəli qərardadları ləğv edilməli, apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsi barədə İddiaçı nümayəndəsi Nümayəndə vəsatəti təmin edilməlidir.

17. Belə ki, iş materiallarından müəyyən olunur ki, Abşeron Rayon Məhkəməsinin e-2(012)-3652/2022 nömrəli, 11 oktyabr 2022-ci il tarixli qətnaməsi 28 oktyabr 2022-ci il tarixdə tərəflərin qeydiyyat ünvanına göndərilmişdir və “Elektron Məhkəmə” İnformasiya Sistemindən çıxarışdan aydın olur ki, İddiaçı elektron kabinetinə 28 oktyabr 2022-ci il tarixdə yerləşdirilmişdir.

18. İddiaçı tərəfindən apellyasiya şikayəti 29 noyabr 2022-ci il tarixdə “Elektron Məhkəmə” İnformasiya Sisteminə daxil olmuşdur. İddiaçı apellyasiya şikayətini qətnaməni qəbul etdiyi 28 oktyabr 2022-ci il tarixdən 1 ay müddətində verməli olduğu halda, müddəti 1 gün ötürməklə, 29 noyabr 2022-ci il tarixdə “Elektron Məhkəmə” İnformasiya Sisteminə yerləşdirmişdir.

19. Göründüyü kimi İddiaçı nümayəndəsi Nümayəndə iş üzrə həqiqətə nail olmaq üçün ötürülmüş 1 gün müddətin bərpa edilməsini xahiş etmişdir.

20. Məhkəmə kolegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini nəzərdə tutur.

21. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

22. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci hissəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

23. Konstitusiyanın qeyd edilən normaları həmçinin müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirməklə, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir.

24. Qeyd olunmalıdır ki, mülki icraat zamanı şikayətlərin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətlərin tətbiqi məhkəmə müdafiəsi hüququnun məhdudlaşdırılması əsaslarındandır.

25. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Həmin hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur.

26. Məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir.

27. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında qeyd etmişdir ki, prosessual normaların tətbiqi zamanı məhkəmələr tərəfindən icraatın ədalətliliyinə mənfi təsir edə biləcək ifrat formallıqdan qaçılmalıdır. Prosessual normaların ciddi tətbiqi bəzən məhkəməyə əlçatanlıq hüququnun əsl mahiyyətinə xələl gətirə bilər (Valçli Fransaya qarşı iş üzrə 2007-ci il 26 iyul və Laberger Fransaya qarşı iş üzrə 2006-cı il 26 sentyabr tarixli Qərarlar).

28. Avropa Məhkəməsi Puaro Fransaya qarşı iş üzrə 2011-ci il 15 dekabr tarixli Qərarında isə məhkəmələr tərəfindən müvafiq prosessual normaların həddən artıq formal tətbiqi ilə ərizəçinin məhkəməyə müraciət etmək hüququna qeyri-mütənasib yanaşıldığını göstərmiş, bununla da Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir.

29. Kollegiya işin faktiki hallarına qiymət verərək hesab edir ki, buraxılmış prosessual müddətin bərpası ilə bağlı qanunvericiliyin prosessual tələblərinə birinci instansiyası məhkəməsi formal yanaşmış, müvafiq normaları ciddi şəkildə tətbiq etmiş və nəticədə iddiaçının məhkəmə müdafiəsi və ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. Məhkəmə kollegiyasının qənaətincə qeyd edilən prosessual müddətin bir gün ötürülməsi əhəmiyyətli olmamaqla, bu müddətin bərpa edilməsi hər bir kəsin hüquq və mənafelərin məhkəmə müdafiəsinə təminat, məhkəməyə əlçatımlıq, məhkəmə qərarlarından şikayət vermək hüququ kimi konstitision prinsiplərə və beynəlxalq insan hüquqlarının təməl prinsiplərinə əməl edilməsi baxımından məqsədəmüvafiqdir.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır.

31. Şərh olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, şikayət təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli e-2(012)-3652/2022 nömrəli və bununla bağlı 07 mart 2023-cü il tarixli e-2(012)-3652/2022 nömrəli qərardadları ləğv edilməli, Abşeron Rayon Məhkəməsinin e-2(012)-3652/2022 saylı, 11 oktyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verməsi üçün prosessual müddətin buraxılması üzrlü hesab edilərək bərpa edilməlidir.

32. Kollegiya eləcə də qeyd edir ki, apellyasiya şikayəti qanunvericiliyin tələblərinə riayət etməklə verildiyindən, Mülki Prosessual Məcəllənin 357-363-cü maddələrinin tələbləri baxımından şikayətin uyğunluğunun müəyyən edilməsi məqsədilə yenidən birinci instansiya məhkəməsinə qaytarılmasına ehtiyac yoxdur.

33. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398, 400-cü maddələrini rəhbər tutaraq

q ə r a r a a l d ı:

İddiaçı "zaq̇ ırəzA" İstehsalat Bı̇ rlı̇ yinin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli e-2(012)-3652/2022 nömrəli və bununla bağlı 07 mart 2023-cü il tarixli e-2(012)-3652/2022 nömrəli qərardadları ləğv edilsin. Abşeron Rayon Məhkəməsinin e-2(012)-3652/2022 saylı, 11 oktyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verməsi üçün buraxılmış prosessual müddət bərpa edilsin. Apellyasiya şikayəti baxılması və qeydə alınaraq icraata verilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına təqdim edilsin. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar