Məhkəmə qərarları › İş №2(105)-894/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-894/2022

05.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-894/2022 05.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı, Cavabdeh Mübarək oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin artırılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9409/2021 nömrəli, 27.12.2021-ci il tarixli qətnaməsindən Cavabdeh Mübarək oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9409/2021 nömrəli, 27.12.2021-ci il tarixli qətnaməsi ilə (hakim A.Behbudova) iddia tələbinin qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 20.09.2018-ci il tarixli, 2(060)-7433/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh İddiaçı xeyrinə, 23.09.2013-cü il təvəllüdlü X2, 01.05.2015-ci il təvəllüdlü X4 və 06.07.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər uşaq üçün hər ay 140 (yüz qırx) manat olmaqla, ümumilikdə 420 (dörd yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir. Qətnamədən Cavabdeh Mübarək oğlu apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9409/2021 nömrəli, 27 dekabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə nikahlarını 26.02.2013-cü ildə rəsmi qaydada qeydiyyatdan keçirməklə ailə həyatı qurmuşlar. Rəsmi nikahlarından 23.09.2013-cü il tarixdə X2, 01.05.2015-ci il tarixdə X4 və 06.07.2016-cı il tarixdə X3 anadan olmuşdur. Cavabdehlə nikahları Sumqayıt Şəhər Məhkəməsinin 20.09.2018-ci il tarixli, 2(060)- 7433/2018 saylı qətnaməsilə ləğv edilmişdir. Məhkəmə qətnaməsinə əsasən 20.09.2018ci il tarixdən başlayaraq hər bir uşaq üçün yetkinlik yaşına çatana qədər ayda 100 manat olmaqla, cəmi 300 manatın Cavabdeh tutularaq ona ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 01.01.2021-ci il tarixli “Yaşayış minimumu haqqında’" Qanuna əsasən bir uşağın saxlanması üçün minimum hədd 175 manat təşkil edir. Cavabdehin ödəməli olduğu alimentin məbləği isə hər uşağa görə 100 manatdır. Həmin məbləğ uşaqların heç bir tələbatını ödəmir. Bu baxımdan hesab edir ki, alimentin miqdarı “Yaşayış minimumu haqqında” Qanuna uyğunlaşdırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmədən Cavabdeh 23.09.2013-cü il tarixdə anadan olmuş X2, 01.05.2015-ci il tarixdə anadan olmuş X4 və 06.07.2016-cı il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Sumqayıt Şəhər Məhkəməsinin 20.09.2018-ci il tarixli qətnaməsilə müəyyən edilmiş hər uşağa görə 100 manat alimentin miqdarının artırılaraq hər uşağa görə 175 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh Mübarək oğlu apellyasiya şikayətində heç bir əsas göstərmədən iş üzrə qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Əlavə etdi ki, İddiaçı onun maddi vəziyyətində dəyişikliyin olmasını sübut edəcək dəlilləri məhkəməyə təqdim edə bilməmişdir. O, "xxxx" MMC-də traktorçu-maşinist işləyir, 300 manat əmək haqqı alır, maddi durumu və səhhəti tələb olunan məbləğdə aliment ödəməyə imkan vermir. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Birinci instansiya məhkəməsi işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah ləğv edilmiş və bu barədə akt qeydləri kitabında 03.01.2019-cu il tarixində 04 nömrəsi ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra kişiyə Yusifov, qadına isə Yusifova soyadı verilmişdir. Yenə iş materiallarında olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, X2 23.09.2013-cü il tarixdə, X4 01.05.2015-ci il tarixdə, X3 isə 06.07.2016-cı il tarixdə anadan olmuşlar. Ataları Cavabdeh, İddiaçıdır. Yenə də iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 20.09.2018-ci il tarixli, 2(060)-7433/2018 saylı qətnaməsindən görünür ki, İddiaçı iddia tələbi təmin edilərək, Cavabdeh ilə İddiaçı arasında Sumqayıt nikah evində 26.02.2013-cü il tarixdə bağlanmış, 110 nömrəsi ilə qeydə alınış nikahın pozulması, birgə nikahdan doğulmuş 23.09.2013-cü il təvəllüdlü X2, 01.05.2015-ci il təvəllüdlü X4 və 06.07.2016-cı il təvəllüdlü X1 anası İddiaçı yanında qalması, 19 iyul 2018-ci il tarixdən etibarən 23.09.2013-cü il təvəllüdlü X2, 01.05.2015-ci il təvəllüdlü X4 və 06.07.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay sabit pul məbləğində hər birinə 100 manat, ümumilikdə 300 manat alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. İşə əlavə edilmiş 02.12.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 24.11.2021-ci il tarixindən hal-hazıradək "xxxx" MMC-də traktorçu-maşinist vəzifəsində işləyir və aylıq əmək haqqı olaraq 300 (üç yüz) manat alır. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iş üzrə tərəflərin izahatlarını dinləyərək, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9409/2021 nömrəli, 27.12.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, tərəflərin nikah münasibətlərindən 23.09.2013-cü il təvəllüdlü X2, 01.05.2015-ci il təvəllüdlü X4 və 06.07.2016-cı il təvəllüdlü X3 anadan olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 20.09.2018-ci il tarixli, 2(060)-7433/2018 saylı qətnaməsi ilə tərəflərin nikahına xitam verilmiş, onların yetkinlik yaşına çatmyan övladları 23.09.2013-cü il təvəllüdlü X2, 01.05.2015-ci il təvəllüdlü X4 və 06.07.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay sabit pul məbləğində hər birinə 100 manat olmaqla, ümumilikdə 300 manat alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. Hazırda İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 20.09.2018-ci il tarixli qətnaməsilə müəyyən edilmiş hər uşağa görə 100 manat alimentin miqdarının artırılaraq hər uşağa görə 175 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh maddi durumunun imkan verməməsi səbəbilə aliment məbləğinin artırılmasını qəbul etmir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ hissəsinə görə analıq, atalıq, uşaqlıq qanunla qorunur. Həmin maddənin İV hissəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd edilmişdir. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə isə bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələblərinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Yenə həmin Məcəllənin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İstinad olunan normaların əsas dispozitiv şərtindən göründüyü kimi, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla müəyyən edilir. Eləcə də məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, alimentin müəyyən olunmuş miqdarının dəyişməsi üçün zəruri şərt tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmasıdır. Bununla yanaşı məhkəmə kollegiyası nəzərə alır ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, geyim, qida, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericilklə maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir, çünki valideynlərin hər biri uşaqların maddi ehtiyaclarını birgə ödəməlidirlər. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” AR Qanununa əsasən 2021-ci il üzrə ölkədə yaşayış minimumu uşaqlar üçün 175 manat təşkil etmişdir. Hazırda həmin məbləğ 193 manatdır. Daha öncə istinad olunan qanunvericilik aktlarından göründüyü kimi həmin aktların əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Məhkəmə kollegiyası hesab edir ki, aliment təyin olunarkən tərəflərin hər ikisinin maddi vəziyyəti, azyaşlıların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması nəzərə alınmalı, alimentin tutulması barədə tərəflərin hər birinə münasibətdə balanslaşdırılmış qətnamə çıxarılmalıdır. Birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, məhkəmə iddia tələbinin hər uşağa görə 175 manat olmasına baxmayaraq, cavabdehin aylıq qazancı, həmin məbləğin onun, eləcə də iddiaçının himayəsində olan yetkinlik yaşına çatmayan uşaqların saxlanması və digər xərclərinin ödənilməsi üçün sərf edildiyini və digər diqqətəlayiq halları nəzərə alaraq, iddianın qismən, hər uşağa görə aliment məbləğini140 manat həcmində təmin etməklə hər iki tərəfə münasibətdə balanslaşdırmış qətnamə qəbul etmişdir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, alimentin miqdarının bu həddə (əvvəlki cəmi məbləğdən 120 manat) artırılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikasının MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən saxlanması, apelyasiya şikayətinin isə təmin edilməməsi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün ondan kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9409/2021 nömrəli, 27.12.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar