Məhkəmə qərarları › İş №2(105)-898/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-898/2024

12.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-898/2024 12.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “Azəriqaz" İstehsalat Birliyinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: dəymiş ziyanın ödənilməsi tələbi, sübutetmə) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi ilə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-773/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı İB ilə istehlakçı Cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” xx.xx.2020-ci il tarixli, 14/4449 saylı müqavilədən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür.

2. xx.xx.2023-cü il tarixli ******* saylı aktdan görünür ki, Cavabdeh yaşadığı evə baxış keçirilən zaman abonentin sayğacın girişindən rezin boru vasitəsilə qeyri-qanuni qoşularaq qazdan istifadə etdiyi aşkar olunmuş, itirilmiş qazın bərpası üçün hesabat verilməsi qərara alınmışdır.

3. İddiaçı İB-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Qaz işlədicilərindən PQ2-nin maksimal saatlıq qaz sərfi 0.6 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün, Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin cəmi 30240 m3 ödənilməsi qərara alınmışdır. Əsas olaraq xx.xx.2023-cü il tarixli ******* saylı akt olmuşdur.

4. Abonent kodu **********02030 olan, Cavabdeh adına olan abonent saldosundan görünür ki, Abşeron rayonu N5481, Mehdiabad kənar ünvanında xx.xx.2020-ci il tarixdə Zenner G4 Mexaniki tipli **********8 nömrəli sayğac quraşdırılmış, cihazlar: 4 gözlü qaz plitələri (PQ-4)(1/1),Qızdırıcı radiator peçi(1/1). Abonentin akta əsasən, 2023-cü ilə aid olan borcu 3628,80 manat.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı İB Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 3628,80 manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 5,12 manat və 56,34 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 3690,26 manat pul vəsaitinin cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı İB ilə abonent Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə 14/4449 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqavilə»si imzalanmış və həmin müqavilə əsasında İddiaçı İB abonentə məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********02030 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X1”nın tələblərinə əməl etmək) və “X1”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmuş və təbii qazı talamışdır. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və fakt Birliyin əməkdaşları tərəfindən fotoçəkilişlərlə lentə alınmışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə, cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X1nın pozulması haqqında” müvafiq akt tərtib edilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 3628,80 manat İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 5,12 manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda, abonentin saldosu üzrə 3633,92 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə, təqsirli hərəkətləri nəticəsində İddiaçı İByə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

7. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-773/2024 nömrəli qətnaməsi ilə iddia ərizəsinin qismən təmin edilməsi, abonent Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 302,40 (üç yüz iki manat qırx qəpik) manat dəymiş ziyan və ödənilmiş dövlət rüsumuna görə 56,34 (əlli altı manat otuz dörd qəpik) manat olmaqla, ümumilikdə, cəmi 358,74 (üç yüz əlli səkkiz manat otuz dörd qəpik) manat pul vəsaitinin İddiaçı İB-nin xeyrinə tutulması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Habil Əhmədov).

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1, 136.4, 139.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1, 425.2, 430.1, 442-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «X1»nın 4.2, 4.8, 4.9-cu bəndləri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1 və 220.5-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı İB apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-773/2024 nömrəli qətnaməsinin ləğv edilməsinə və apellyasiya şikayətinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, prosessuаl hüquq normаsının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirlən qətnamənin qismən ləğv edilməsinə əsasdır. Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii X1nın pozulması haqqında” Aktla rəsmiləşdirilmişdir. Daha sonra həmin Akt əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə təsdiq edilmişdir (iş materiallarında vardır). Həmin Tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həçminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi cavabdeh qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə iddiaçıya böyük məbləğdə ziyan vurmuşdur. Belə olan halda birinci instansiya məhkəməsi iddia tələbini tam təmin etməyərək, səhv nəticəyə gələrək, qismən əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş sübutlar iddia tələbinin tam təmin edilməsinə əsas verdiyi halda, birinci instansiya məhkəməsi əsassız yerə iddia tələbini tam təmin yox, qismən təmin etmişdir. İddiaçının ona vurulmuş maddi zərərin əvəzini tam ödənilməsini tələb etmək və s. hüququnun olmasına, həmçinin buna əsas olan sübutların olmasına, həmin maddi hüquq normasına qətnamədə istinad olunmasına baxmayaraq, məhkəmə iddia tələbinin vurulmuş maddi zərərin əvəzinin cavabdehdən tutulması hissəsində qismən təmin etməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. Məhkəmə sübutlara faktların müəyyən edilməsi, mötəbərliyi baxımından obyektiv, qərəzsiz, hərtərəfli araşdırılmasını və sonra hüquq normalarına müvafiq olaraq düzgün qiymətləndirilməsini təmin etməmişdir. Belə olmasa idi iddia tələbi tam təmin edilərdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini aydın göstərməlidir

11. İddia tələbi tam əsaslı olduğu halda və iddiaçı tərəf olaraq da bu halı sübuta yetirdikləri halda, məhkəmə iddia tələbini tam yox, hər hansı bir əsas olmadan qismən təmin etmişdir. Digər tərəfdən, cavabdeh nə iddia ərizəsinə etiraz bildirmiş, nə də ki ona dair Aktın tərtib edilməsini mübahisələndirmişdir. Göründüyü kimi, məhkəmə prosessual hüquq normasını pozaraq, tam sübuta yetirilmiş iddia tələbini tam yox, qismən təmin etmişdir.

12. Bildirirlər ki, iddia tələbinin tamamilə təmin edilməməsi abonenti təbii qazla təchiz edən və onun dəyərini yığmaq öhdəliyini daşıyan İddiaçı hüququnun pozulması kimi qiymətləndirilməlidir. Sayğacdankənar xəttə qanunsuz qoşulma öz-özlüyündə sayğaca təbii qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir. İddiaçı məhz cavabdeh tərəfindən qanunsuz istifadə edilmiş təbii qazın həcmini (qeydə alınmayan) hesablayaraq müvafiq akta qeyd etmişdir. Belə ki, dəymiş ziyan həcmi Birliyin mütəxəssisləri tərəfindən hesablanmışdır. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar. Məlum məsələdir ki, abonent təbii qazı sayğacsız istifadə edərkən qənaət etmək barədə düşünməyəcək, əksinə israf edərək təbii qazı talayacaqdır. Bunun nəticəsi olaraq da, birinci instansiya məhkəməsinin gəldiyi səhv nəticə qazpaylayıcı şirkətin hüquqlarını kobud surətdə pozmuşdur. Məhkəmənin qətnamədə göstərdiyi nəticə qismən işin hallarına uyğun olmamışdır.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər.

15. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır.

16. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

17. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

18. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

19. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

20. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Tətbiq edilən hüquq “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu

21. Bənd 8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.

22. Bənd 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X1 ilə tənzimlənir.

23. Bənd 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X1 ilə tənzimlənir. X1 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X1”

24. Bənd 4.2. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

25. Bənd 4.6. Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.

26. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

27. Bənd 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

28. Bənd 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

29. Bənd 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası.

30. Bənd 6.5-2. İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.

31. Bənd 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.

32. Bənd 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

37. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

38. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

39. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

40. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

42. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

43. İddiaçı apellyasiya şikayətinin xahiş hissəsində Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-773/2024 nömrəli qətnaməsinin ləğv edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdiyini bildirsə də şikayətin məzmunundan aydın olur ki, o iddianın təmin edilməyən hissəsini mübahisələndirmişdir.

44. Ona görə də kollegiya Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-773/2024 nömrəli qətnaməsinin qismən, yəni iddianın təmin edilməyən hissəsində yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

46. Məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamentində qeydiyyatda olmaqla xx.xx.2020-ci il tarixli, 14/4449 saylı müqavilə əsasında fasiləsiz təbii qazdan istifadə etmişdir. Həmin ünvana İddiaçı İB tərəfindən **********02030 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində Zenner G4 markalı Mexaniki tipli, **********8 zavod nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh qaz xəttinə qeyri-qanuni qoşulduğuna görə ona akt tərtib olunaraq dəymiş ziyan hesablanmışdır. Ziyan hesablanarkən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 14 mart 2011-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii X1nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydaları” əsas götürülmüşdür. Cavabdeh onunla bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və ona təbii qazdan istifadəyə görə tərtib olunmuş akt əsasında cəmi 3628,80 manat dəymiş ziyan hesablanmışdır. İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamentinin təbii X1nın pozulması haqqında aktından və foto şəkillərdən görünür ki, istehlakçı sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyinə görə təbii X1nı pozmuşdur.

47. İddianı qismən təmin edən birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı iddiaçının “X1”nın tələblərinə zidd olaraq, təbii qazdan qeyri-qanuni istifadə etməsi öz təsdiqini tapmış və bu barədə iddiaçıya təbii X1nın pozulması barədə tələbnamə tərtib edilərək xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən 360 gün (12 ay) müddəti üçün cərimə hesablamışdır. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, təbii X1nın tələblərinə uyğun olaraq həmin qaydalara riayət etmək abonent olaraq cavabdehin vəzifəsi olsa da, sayğacın işlək vəziyyətdə olmasına nəzarət etmək isə qazpaylayıcısının birbaşa vəzifəsi olmaqla həmin vəzifənin icrasını 30 gündən bir həyata keçirməlidir. Lakin göründüyü kimi, iddiaçının nümayəndələri tərəfindən cavabdehin mənzilinə quraşdırılmış qaz sayğacına vaxtında nəzarət edilməməsi nəticə olaraq, cavabdehin də qaz sayğacından qeyri-qanuni istifadə etməklə təbii qazı talaması halını istisna etməmişdir. Bununla belə, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə etməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından məhkəmə sadə riyazi hesablama üsulu ilə cavabdehdən iddiaçının xeyrinə xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən tərtib olunmuş xx.xx.2023-cü il tarixli tələbnaməyə uyğun olaraq, 302.4 (0.6x24x30=432, 1.5x24x30=1080, 1.4x24x30=1008, 432+1080+1008=2520, 2520x0.12=302.4) manat pul vəsaitinin cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulması qənaətinə gəlir. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi tərtib olunmuş aktın cavabdehin təbii qazdan qeyri-qanuni istifadə etməsinə görə 360 gün müddəti üçün tərtib edildiyini bildirsə də, iddia tələbinin əsasını təşkil edən həmin halları sübuta yetirə bilməmişdir. Ona görə də iddia tələbləri bu hissədə qismən təmin edilməlidir.

48. İddiaçı apellyasiya şikayətinin dəlillərində birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, prosessuаl hüquq normаsının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirlən qətnamənin qismən ləğv edilməsinə əsasdır. Qazpaylayıcı şirkətin hüquqlarını kobud surətdə pozmuşdur. Məhkəmənin qətnamədə göstərdiyi nəticə qismən işin hallarına uyğun olmamışdır. İddia tələbi tam əsaslı olduğu halda və iddiaçı tərəf olaraq da bu halı sübuta yetirdikləri halda, məhkəmə iddia tələbini tam yox, hər hansı bir əsas olmadan qismən təmin etmişdir. Digər tərəfdən, cavabdeh nə iddia ərizəsinə etiraz bildirmiş, nə də ki ona dair Aktın tərtib edilməsini mübahisələndirmişdir. Göründüyü kimi, məhkəmə prosessual hüquq normasını pozaraq, tam sübuta yetirilmiş iddia tələbini tam yox, qismən təmin etmişdir.

49. Birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edən apellyasiya kollegiyası əvvəla qeyd edir ki, təbii X1nın tələblərinə uyğun olaraq həmin qaydalara riayət etmək abonent olaraq cavabdehin vəzifəsi olsa da, sayğacın işlək vəziyyətdə olmasına nəzarət etmək isə qazpaylayıcısının birbaşa vəzifəsi olmaqla həmin vəzifənin icrasını 30 gündən bir həyata keçirməlidir.

50. Hazırkı iş üzrə isə iddiaçının nümayəndələri tərəfindən cavabdehin mənzilinə quraşdırılmış qaz sayğacına vaxtında nəzarət edilməməsinin nəticəsi olaraq, cavabdeh qaz sayğacından qeyri-qanuni istifadə etmişdir. Eyni zamanda iddiaçı tərəf tərtib olunmuş aktın cavabdehin təbii qazdan qeyri-qanuni istifadə etməsinə görə 360 gün müddəti üçün tərtib edildiyinə istinad etsə də bu halı sübuta yetirə bilməmişdir.

51. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar yoxdur.

52. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamənin mübahisələndirilən hissəsində düzgün nəticəyə gələrək iddianı təmin etməmişdir. Məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğundur.

53. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər əsasən formal mülahizələrdir və apellyasiya şikayətinin tələb edilən formada təmin edilməsi üçün əsas ola bilməz.

54. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz.

55. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-773/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar