Məhkəmə qərarları › İş №2(105)-90/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-90/2022

09.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-90/2022 09.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X2, cavabdeh Ələkbərov Xəzail Mənaf oğlunun nümayəndəsi Vəkil iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli, 2(060)-3263/2020 saylı qətnaməsindən cavabdeh Ələkbərov Xəzail Mənaf oğlunun verdiyi apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli, 2(060)-3263/2020 saylı qətnaməsi ilə (hakim A.M.Süleymanova) İddiaçı MMC-nin cavabdeh Ələkbərov Xəzail Mənaf oğluna qarşı pul tələbinə dair iddiası təmin edilib, cavabdeh Ələkbərov Xəzail Mənaf oğlundan 15.244 (on beş min iki yüz qırx dörd) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pulun İddiaçı MMC-nin xeyrinə tutulması qət edilmişdir. Cavabdeh Ələkbərov Xəzail Mənaf oğlu apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli, 2(060)-3263/2020 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Ələkbərov Xəzail Mənaf oğlundan 15.244 manat borc və 30 manat dövlət rüsumunun alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və Ələkbərov Xəzail Mənaf oğlu arasında şifahi razılığa gəldikdən sonra malların alqı-satqısı başlanılmışdır. 29 iyun 2015-ci il tarixli “nisyə alqı-satqı” müqaviləsi üzrə aktın tərtib edildiyi tarixə alıcı və satıcı arasında olan qarşılıqlı hesablaşmaların vəziyyəti barədə üzləşmə aktından görünür ki, alıcı və satıcı arasında pul və mal öhədliklərinin son vəziyyətinə əsasən Xəzail Ələkbərovun 15244 manat borcu vardır və həmin borc akta imza edilməklə Cavabdeh tərəfindən təsdiq edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh Ələkbərov Xəzail Mənaf oğlu verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 28 sentyabr 2020-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Birinci instansiya məhkəməsi onun iştirakı olmadan birtərəfli qaydada işə baxaraq əsassız qətnamə qəbul etmişdir. 29 iyun 2015-ci il tarixli nisyə alqı-satqı müqaviləsi və 11 may 2020-ci il tarixli maliyyə arayışından heç bir məlumatı yoxdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni qeyd olunan 29 iyun 2015-ci il tarixli nisyə alqı-satqı müqaviləsi və 11 may 2020-ci il tarixli maliyyə arayışına istinad etmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh Ələkbərov Xəzail Mənaf oğlunun nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak dən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materialında olan 29 iyun 2015-ci il tarixli “nisyə alqı-satqı” müqaviləsi üzrə aktın tərtib edildiyi tarixə alıcı və satıcı arasında olan qarşılıqlı hesablaşmaların vəziyyəti barədə üzləşmə aktından görünür ki, alıcı və satıcı arasında pul və mal öhədliklərinin son vəziyyətinə əsasən Xəzail Ələkbərovun 15244 manat borcu vardır. 11 may 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Ələkbərov Xəzail Mənaf oğlunun İddiaçı MMC-yə 15.244 manat borcu vardır. Cavabdeh Ələkbərov Xəzail Mənaf oğlu 29 iyun 2015-ci il tarixli “nisyə alqı-satqı” müqaviləsi və 11 may 2020-ci il tarixli maliyyə arayışı sonuncu tərəfindən mübahisələndirilərək həmin müqavilədəki imzanın onun tərəfindən icra olunmadığını göstərmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 avqust 2021-ci il tarixli, 4/607 saylı və 09 fevral 2022-ci il tarixli, 4/91 saylı rəyləri ilə müəyyən olur ki, İddiaçı MMC və Ələkbərov Xəzail Mənaf oğlu arasında 29 iyun 2015-ci il tarixli üzləşmə aktının “Alıcı” hissəsində “(imza, şəxsi xətti ilə adı, soyadı, ata adı/möhür)” qrafasındakı imza - Ələkbərov Xəzail Mənaf oğlu tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərəin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Konstitusiya Məhkəməsi həmin qərarında müəyyən etmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır ( MM-in 375.1 və 375.2 maddələri). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Yuxarıda qeyd olunan normaların tələblərindən də görünür ki, pozulmuş hüquqların bərpası ilə bağlı müraciət yalnız həmin mübahisələrə tətbiq olunan iddia müddətləri ərzində edilə bilər. Tərəflər arasındakı münasibətlər müqavilə öhdəlikərinə şamil edilir ki, bu fəsildən yaranan mübahisələrə 3 illik iddia müddəti tətbiq edilir. Mövcud mübahisə üzrə üzləşmə aktında qeyd edilir ki, bu akt tərəflərin imzaları və möhürü olan tərəfin möhürü ilə təsdiq edildiyi andan hüquqi qüvvəyə minir. Müqavilədən irəli gələn mübahisələr isə 3 il ərzində, yəni 29 iyun 2018-ci il tarixədək qaldırıla bilərdi. Lakin iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə 18 may 2020-ci il tarixdə müraciət etmişdir. Mülki qanunvericiliyin tələbinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İşin faktiki halları ilə müəyyən olur ki, birinci instansiya məhkəməsi işə baxarkən cavabdeh Ələkbərov Xəzail Mənaf oğlunun məhkəmə iclasında iştirakının təmin edilməsi üçün müvafiq tədbirlər görməmiş və çəkişmə, tərəflərin bərabərliyi prinsipi pozulmuşdur. Belə ki, iş materialının 3-cü səhifəsində olan DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən 24 fevral 2020-ci il tarixdə verilmiş arayışında görünür ki, Ələkbərov Xəzail Mənaf oğlu Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Yat-6, 2-ci paralel küçə, məhəllə 6 ünvanda qeydiyyatdadır. İş materialları ilə müəyyən olunur ki, Ələkbərov Xəzail Mənaf oğluna məhkəmə bildirişləri lazımi qaydada qeydiyyatda olduğu ünvana göndərilsə də, məhkəmə zərflər “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Göründüyü kimi məhkəmə bildirişlərinin cavabdeh tərəfindən qəbul edilməsini təsdiq edən heç bir sübut əlavə olunmamışdır. Rəsmi qaydada verilməli olan məhkəmə sənədlərinin siyahısı göstərilmiş Azərbaycan Respublikası MPM-nin 134.1 və 134.1.4-cü maddələrinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə məhkəmə bildirişlərini rəsmi qaydada verməlidir. Məhkəmə aktlarının da daxil olduğu məhkəmə sənədlərinin rəsmən verilməsi anlayışını açıqlayan Azərbaycan Respublikası MPM-nin 135-ci maddəsinə əsasən, sənədin rəsmən verilməsi məhkəmənin göndərdiyi rəsmi sənədlərin çatdırılmasıdır. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi Azərbaycan Respublikası MPM-nin 135.1 və 135.2-ci maddələrinin tələbinə görə bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədlərinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxslərin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlamış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. İş materialları ilə müəyyən olur ki, birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh Ələkbərov Xəzail Mənaf oğlu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş və onun iştirakı olmadan işə baxılmışdır. Belə olan halda cavabdeh Ələkbərov Xəzail Mənaf oğlunun kredit müqaviləsi əsasında tələb üzrə iddia müddətinin tətbiqi barədə ərizə vermək hüququndan məhrum olmuşdur ki, sonuncunun apellyasiya şikayəti verdikdə bu barədə ərizəsi qəbul edilib, iş materialları ilə birgə tədqiq edilməlidir. İşin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçı qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət etmədiyindən iddia əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.2 və 387.2.2-ci maddələrinə əsasən işə işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini nəzə¬¬¬¬rə alaraq, işdə olan sübut¬¬¬ları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətlən¬¬¬dirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilib, İddiaçı MMC-nin cavabdeh Ələkbərov Xəzail Mənaf oğluna qarşı pul tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 avqust 2021-ci il tarixli, 4/607 saylı ekspertiza tədqiqatının dəyəri 125 manat və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 fevral 2022-ci il tarixli, 4/91 saylı ekspertiza tədqiqatının dəyəri 138 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsi təmin edilmədiyinən iddia ərizəsinin məhkəmədə baxılması üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu onun özünə aid edilməli, həmçinin ekspertiza tədqiqatının ümumi dəyəri olan ümumilikdə 263 manat İddiaçı MMC-dən alınıb AZ.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 387.2, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh Ələkbərov Xəzail Mənaf oğlunun verdiyi apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli, 2(060)-3263/2020 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı MMC-nin cavabdeh Ələkbərov Xəzail Mənaf oğluna qarşı pul tələbinə dair iddia təmin edilməsin. İddia ərizəsinin məhkəmədə baxılması üçün iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu onun özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan ümumilikdə 263 (iki yüz altmış üç) manat İddiaçı MMC-dən alınıb AZ.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar