Məhkəmə qərarları › İş №2(105)-900/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-900/2025

01.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-900/2025 01.10.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: subroqasiya qaydasında pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X6 (sədrlik edən və məruzəçi), X7 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, Cavabdeh iştirakı ilə Xızı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(068)-51/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. xx.xx.2022-ci il tarixli, CSB100181877 nömrəli sığorta şəhadətnaməsindən görünür ki, X2 məxsus “Dodge Charger” minik markalı, 90-XJ033 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinə qədər avtonəqliyyat vasitəsini tam sığorta növü üzrə sığortalanmışdır.

2. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(008)-911/2022 nömrəli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törədilməsində təqsirli bilinmişdir.

3. xx.xx.2022-ci il tarixli qiymətləndirmə aktından görünür ki, “Dodge Charger” minik markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 18000 manat zərər dəymişdir.

4. 05/01569 nömrəli, 13 mart 2023-cü il tarixli bildirişdən görünür ki, iddiaçı cavabdehə 7 iş günü müddətində borcun ödənilməsi ilə bağlı xəbərdarlıq etmişdir.

5. 22 avqust 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən, 130,75 manat dövlət rüsumu ödəmişdir.

6. Cavabdeh idarə etdiyi “Mercedes Benz” markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobil icbari sığorta şəhadətnaməsi ilə "xxxx" ASC tərəfindən avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış və İAS223586 saylı sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən iddiaçı "xxxx" ASC-yə 4165,70 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.

7. CSB113941 saylı sığorta aktından və ödəniş tapşırığından görünür ki, iddiaçı ilə zərərçəkmiş sığortalı X3 arasındakı sığorta müqaviləsinə əsasən, 250 manat şərtsiz azadolma məbləği (franşiza) müəyyənləşdirilmiş, nəqliyyat vasitəsinin qəzadan sonra dəyəri azaldığından, növbəti dəfə yenidən avtomobilin 50000 manat məbləğində sığortalanması üçün X2 veriləcək 817 manat sığorta ödənişindən çıxılmış və xx.xx.2022-ci il tarixli ödəniş sənədinə əsasən, müvafiq xərclər çıxıldıqdan sonra, 16933 manat iddiaçı tərəfindən X1 bank hesabına ödənilmişdir.

8. Mərkəzi Ekspertiza Bürosunun xx.xx.2025-ci il tarixli, MEB-234-0725 nömrəli rəyində göstərilmişdir ki, “Dodge Charger” markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı minik avtomibilinə dəymiş zərərin (ehtiyat hissələrinin qiyməti və təmir xərcləri nəzərə alınmaqla) dəyəri 2025-ci ilin avqust ayı üçün 14804 manat, 2022-ci ilin iyul ayı üçün (qəza baş verdiyi zaman): 10363 manat təşkil edir.

Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən sığorta ödənişinin əvəzi olaraq 13584,30 manat zərər məbləğinin və ödənilmiş 130,75 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə, saat 14:30 radələrində Bakı şəhəri, B.Bünyadov küçəsi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, Cavabdeh idarə etdiyi “Mercedes Benz” markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobil, X1 idarə etdiyi “Dodge Charger” markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan dəymişdir. “Dodge Charger” markalı, 99-XJ033 dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinə qədər CSB ********* saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsinin tam sığorta növü üzrə sığortalanmışdır. xx.xx.2022-ci il tarixli qiymətləndirmə aktından görünür ki, “Dodge Charger” minik markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 18000 manat zərər dəymişdir. İddiaçı ilə zərərçəkmiş sığortalı X3 arasındakı sığorta müqaviləsinə əsasən, 250 manat şərtsiz azadolma məbləği (franşiza) müəyyənləşdirilmişdir. Nəqliyyat vasitəsinin qəzadan sonra dəyəri azaldığından, növbəti dəfə yenidən avtomobilin 50000 manat məbləğində sığortalanması üçün X2 veriləcək 817 manat sığorta ödənişindən çıxılmışdır. xx.xx.2022-ci il tarixli ödəniş sənədinə əsasən, müvafiq xərclər çıxıldıqdan sonra, 16933 manat iddiaçı tərəfindən X1 bank hesabına ödənilmişdir. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(008)- 911/2022 nömrəli qərarından və YNH-nin təfərrüatları barədə arayışdan göründüyü kimi, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törədilməsində təqsirli bilinmişdir. Cavabdeh idarə etdiyi “Mercedes Benz” markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobil icbari sığorta şəhadətnaməsi ilə "xxxx" ASC tərəfindən avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış və ödəniş sənədindən göründüyü kimi 4165,70 manat "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. İddiaçının qalan 13584.30 manat ödənilmiş sığorta məbləğini isə Cavabdeh tələb etmək hüququ vardır. Göründüyü kimi, “Dodge Charger” markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə Cavabdeh təqsiri ucbatından maddi ziyan dəymişdir və zərərin əvəzi olaraq "xxxx" ASC tərəfindən sığorta ödənişi həyata keçirildiyindən iddiaçının subroqasiya tələbi yaranmışdır.

11. Xızı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(068)-51/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 13584,30 (on üç min beş yüz səksən dörd manat otuz qəpik) manat məbləğində pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 130,75 (yüz otuz manat yetmiş beş qəpik) manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir (hakim İlqar Cabbarov).

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1, 886.1, 888.1, 936.1, 936.2, 936.5, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 23.1.6-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 88, 107, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh apellyasiya şikayəti verib Xızı Rayon Məhkəməsinin xx.xx.2025-ci il, 2(068)-51/2025 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş ziyan məbləği sığorta şirkəti tərəfindən ödənilmiş, bununla bağlı olaraq isə məhkəmə həmin məbləği ondan tam olaraq tutmuşdur. Əsas məqam məhz həmin məbləğin ondan tutulmalı olmaması ilə bağlıdır. Belə ki, sığortanın mahiyyəti məhz riskin sığorta şirkətinin üzərinə götürülməsi ilə bağlıdır. Belə ki, sığorta şirkəti müqavilə bağlayarkən hər hansı yol nəqliyyat hadisəsi ola biləcəyini nəzərə alaraq müqavilə bağlayır və bu hadisə baş verən dövrdən sığorta ödənişləri yığmışdır. Belə olan halda məhz avtomobilin mülkiyyətçi tərəfindən aparılmış ödənişlər də sığorta şirkətinə xeyir olaraq ödənilmişdir. Bu halda nəzərə almaq lazımdır ki, sığorta institunun mahiyyəti risk olsa da, hazırki halda sığorta şirkəti heç bir risk altına girmədən qazanc əldə etmiş olur. Bu isə tamamilə qanunsuzdur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Lakin birinci instansiya məhkəməsi qeyd edilən maddənin tələblərinə əhəmiyyət verməmiş, lazımi qaydada araşdırma aparmamışdır. Belə ki, birinci instansiya məhkəməsi avtomobilə vurulan ziyan məbləği ilə bağlı onun etiraz etməsinə baxmayaraq heç bir əlavə sübut yığmadan və zərər məbləğinin həqiqiliyini müəyyən etmədən qətnamə qəbul etmişdir ki, bu da onun hüquqlarının kobud surətdə pozulmasına gətirib çıxarmışdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hazırki prosessual hüquq nomasından göründüyü kimi, məhkəmə qətnamə qəbul edərkən hansı halların müəyyən edildiyini, onların iş üzrə hansı əhəmiyyətinin olmasını tam olaraq sübutlarla birlikdə qiymətləndirməlidir. Lakin bildirmək istəyir ki, məhkəmə yuxarıda qeyd etdiyi kimi iddiaçının təqdim etdiyi sübutlara qiymət verməklə qətnamə qəbul etmiş, işin digər hallarını, vurulmuş zərərin miqdarını heç bir ekspertiza keçirmədən və ümumiyyətlə araşdırmadan təmin etmiş və düzgün hüquqi qiymət verməmişdir. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Vurulmuş ziyan məbləğinin həqiqəti əks etdirməməsi barədə kifayət qədər izahat verməyinə baxmayaraq, birinci instansiya məhkəməsi avtomobilə vurulmuş ziyan məbləğinin həqiqəti əks etdirib-etdirmədiyini müəyyən etmək üçün ekspertiza təyin etmədən qətnamə qəbul etmişdir. Bu isə təbii ki onun hüquqlarını kobud surətdə pozmuşdur. Həmin avtomobilə iddia tələbində qeyd edilən məbləğdə ziyanın vurulması tamamilə absurddur və onun etirazlarına uyğun olaraq məhkəmənin təşəbbüsü ilə ekspertiza keçirilməklə müəyyən edilməli idi.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bununla belə nümayəndəsi Nümayəndə ərizə ilə müraciət edərək Mərkəzi Ekspertiza Bürosunun xx.xx.2025-ci il tarixli, MEB-234-0725 nömrəli rəyi ilə müəyyən edilmiş məbləğ etiraz etdiklərini, xx.xx.2022-ci il tarixli qiymətləndirmə aktından avtomobilə 18000 manat məbləğində zərərin dəydiyini bildirərək məhkəmə iclasının iştirakı oladan keçirilməsini və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

18. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.

19. Məhkəmə kollegiyası apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

20. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

21. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

22. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

23. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

24. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

25. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.

26. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

27. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.

28. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

29. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

30. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

35. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

36. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

39. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

41. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

42. Apellyasiya şikayətindən görünür ki, Cavabdeh Xızı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(068)-51/2025 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş edərək tam həcmdə mübahisələndirmişdir. Ona görə də kollegiya Xızı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinin mübahisələndiirlən hissəsində yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli, Cavabdeh 5130,3 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

44. Kollegiya əvvəla qeyd edir ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: 1. törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; 2. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; 3. ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir.

45. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələb, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəlindiyi təqdirdə təmin edə bilərlər.

46. İşdən göründüyü kimi Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsinin iştirakçısı olmaqla, həmin yol-nəqliyyat hadisəsinin baş verməsində Azərbaycan Respublikası CMnin 263.1-ci maddəsi ilə təqsirli bilinmişdir və zərərin əvəzi olaraq "xxxx" ASC tərəfindən sığorta ödənişi həyata keçirildiyindən iddiaçının subroqasiya tələbi yaranmışdır. Beləliklə də iddiaçının cavabdehə qarşı subroqasiya hüququnun yaranması üçün ilk öncə ziyanın cavabdeh tərəfindən vurulması müəyyən edilir.

47. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının pul tələbinin təmin olunması barədə düzgün nəticəyə gəlsə də məbləğ barədə düzgün nəticəyə gəlməmişdir.

48. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekpertizası təyin edilərək “Dodge Charger” minik markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği neçə manat (ehtiyat hissələrinin qiyməti və təmir xərcləri nəzərə alınmaqla) təşkil etməsinin müəyyən edilməsi, həmin avtomobilin hansı hissələrinin təmirə, hansı hissələrinin isə dəyişdirməyə ehtiyac olmasının və hər birinin dəyərinin ayrı-ayrılıqda göstərilməsi qərara alınmışdır.

49. Əldə edilmiş rəy ilə müəyyən edilmişdir ki, “Dodge Charger” markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı minik avtomibilinə dəymiş zərərin (ehtiyat hissələrinin qiyməti və təmir xərcləri nəzərə alınmaqla) dəyəri 2025-ci ilin avqust ayı üçün 14804 manat, 2022-ci ilin iyul ayı üçün (qəza baş verdiyi zaman): 10363 manat təşkil edir.

50. İşin mübahisəsiz hallarındandır ki, Cavabdeh idarə etdiyi “Mercedes Benz” markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobil icbari sığorta şəhadətnaməsi ilə "xxxx" ASC tərəfindən avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış və İAS223586 saylı sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən iddiaçı "xxxx" ASC-yə 4165,70 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.CSB113941 saylı sığorta aktından və ödəniş tapşırığından görünür ki, iddiaçı ilə zərərçəkmiş sığortalı X3 arasındakı sığorta müqaviləsinə əsasən, 250 manat şərtsiz azadolma məbləği (franşiza) müəyyənləşdirilmiş, nəqliyyat vasitəsinin qəzadan sonra dəyəri azaldığından, növbəti dəfə yenidən avtomobilin 50000 manat məbləğində sığortalanması üçün X2 veriləcək 817 manat sığorta ödənişindən çıxılmış və xx.xx.2022-ci il tarixli ödəniş sənədinə əsasən, müvafiq xərclər çıxıldıqdan sonra, 16933 manat iddiaçı tərəfindən X1 bank hesabına ödənilmişdir.

51. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin ödəməli olduğu pulun məbləği hissəsində dəyişdirilərək 5130,3 manat (10363-4165,7-250-817=5130,3) məbləğində müəyyən edilməlidir.

52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.

53. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

54. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.

55. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməli, Cavabdeh 5130,3 manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Xızı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(068)-51/2025 nömrəli qətnaməsi “Cavabdeh 13584,30 (on üç min beş yüz səksən dörd manat otuz qəpik) manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi” hissəsində dəyişdirilsin. Cavabdeh 5130,3 (beş min yüz otuz manat otuz qəpik) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar