Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-902/2025 03.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Yüzbəyov Mı̇ kayıl Şahbala oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) X3 Süleymanovanın sədrliyi və məruzəsi, X2 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçı Mı̇ kayıl Şahbala oğlu Yüzbəyovun, Cavabdeh1 iştirakları ilə, İddiaçı Yüzbəyov Mı̇ kayıl Şahbala oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 13 mart 2025-ci il tarixli, 2(067)-276/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada ona borclu olduqları 2700 manatın və ödənilmiş 47 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2023-cü ilin yay sezonunda cavabdehlərlə münasibəti yaxşı olduğundan etibar edib bağının məhsulunu onlara dəfələrlə nisyə satmışdır. Malı satdıqdan sonra malın pulunu gətirib ona vermişlər. Sonuncu dəfə cavabdehlər ondan 2700 manatlıq gilas alıb aparanda bildirmişlər ki, gilası satan kimi pulu gətirib ona verəcəklər. İndiyə kimi həmin borclu olduqları 2700 manatdan pul qaytarmamışlar. Cavabdeh2 söhbət zamanı ona həmin puldan 500 manat, sonra da qalanını qaytaracağını desə də, heç bir dəfə də ödəniş etməmişdir. Cavabdeh1 isə ona demişdir ki, o puldan ona qaytarmalı olduğu hissəni malı şərikli aldığı adama yəni hazırki iş üzrə birinci Cavabdeh2 qaytarmışdır. Ona borcu yoxdur. Ondan cavabddehlər gilası ikisi bir yerdə şərikli aldıqlarından ona hər ikisi də müştərək qaydada borclu olduqlarını onlara bildirsə də, uzun müddət keçməsinə baxmayaraq borclu olduqları pulu qaytarmamışlar.
3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək göstərmişdir ki, 2022-ci ilin yay sezonunda cavabdehlərlə münasibəti yaxşı olduğundan onlara etibar edib bağının məhsulunu onlara dəfələrlə nisyə satmışdır. Malı satdıqdan sonra malın pulunu gətirib ona vermişlər. Sonuncu dəfə cavabdehlər ondan 2700 manatlıq gilas alıb aparanda bildirmişlər ki, gilası satan kimi pulu gətirib ona verəcəklər. İndiyə kimi həmin borclu olduqları 2700 manatdan pul qaytarmamışlar. Cavabdeh2 söhbət zamanı ona həmin puldan 500 manat, sonra da qalanını qaytaracağını desə də, heç bir dəfə də ödəniş etməmişdir. Cavabdeh1 isə ona demişdir ki, o puldan ona qaytarmalı olduğu hissəni malı şərikli aldığı adama yəni hazırki iş üzrə birinci Cavabdeh2 qaytarmışdır. Ona borcu yoxdur. Ondan cavabdehlər gilası ikisi bir yerdə şərikli aldıqlarından ona hər ikisi də müştərək qaydada borclu olduqlarını onlara bildirsə də, uzun müddət keçməsinə baxmayaraq borclu olduqları pulu qaytarmamışlar. Ona görə də cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada ona borclu olduqları 2700 manatın və ödənilmiş 47 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Cavabdeh2 tərəfindən yazıldığı göstərilmiş xx.xx.2022-ci il tarixli iltizamdan (əlyazma-qəbz) müəyyən olunur ki, Cavabdeh2 Cavabdeh1 ilə birlikdə şərikli İddiaçı bağından 2700 manat dəyərində gilas alıb aparıb satmışlar. Həmin pulun yarısını, yəni 1350 manatı İddiaçı borclu olduğu pulu 2024-cü ilin avqust ayında qaytaracaq.
6. Cavabdeh1 məhkəməyə göndərdiyi teleqramdan müəyyən olunur ki, o, İddiaçı tanımır. Onun tanıdığı Cavabdeh2dur, ondan mal alaraq pulunu ödəmişdir.
7. Ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia tələbi ilə əlaqədar 47 manat rüsum ödənilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
8. Xaçmaz Rayon Məhkəməsinin 13 mart 2025-ci il tarixli, 2(067)-276/2025 nömrəli qətnaməsi ilə (hakim Aynur Əliyeva) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2700 manat məbləğində pul və ödənilmiş 47 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385, 427, 442, 448.1, 21.2, 567, 600.1, 600.4, 601.1 və 601.2-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1, 14.2, 106.3, 191.3, 217.4, 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
10. Xaçmaz Rayon Məhkəməsinin 13 mart 2025-ci il tarixli, 2(067)-276/2025 nömrəli qətnaməsi ilə razılaşmayan Cavabdeh1 apellyasiya şikayəti verərək qətnaməni “cavabdehlər Cavabdeh2 və X1 müştərək qaydada 2700 manat məbləğində pul və ödənilmiş 47 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin” hissəsində ləğv etməklə, ona münasibətdə iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Apellyator şikayəti onunla əsaslandırmışdır ki, o, puldan qaytarmalı olduğu hissəni malı şərikli aldığı adama, yəni hazırkı iş üzrə birinci Cavabdeh2 qaytarmışdır. İddiaçıya borcu yoxdur. Qətnamədən də göründüyü kimi məhkəmə iclasında iddiaçı bildirmişdir ki, ondan 10000 manatlıq mal aparılaraq pulu ödənilmiş, sonuncu dəfə isə 2000 manatlıq borcu ödəməmişlər. Göründüyü kimi iddiaçı əvvəlcə 2700 manat borclu olduqlarını göstərmiş, məhkəmə iclasında isə 2000 manat borclu olduqlarını bildirmişdir. Şəxsən onun İddiaçı hər hansı borcu yoxdur. O, əvvəllər tanımadığı Cavabdeh2 ilə təsadüfən tanış olmuş, onun Qazel markalı maşını olduğuna görə Cavabdeh2 onun maşını ilə meyvə daşımağı təklif etmişdir. Beləliklə münasibət yaranmış və bir neçə dəfə digər şəxslərdən mal alaraq soyuducuya təhvil vermiş, Sənan da digər şəxslərdən aldığı malı onun maşını ilə soyuducuya vermişdir. Hər kəs öz pulunu sərbəst qazanır. Sənanın topladığı məhsulu maşını ilə daşıdığına görə ondan pul vəsaiti almışdır. Onda olan hesabat dəftərdə hər şey açıq aşkar qeyd olunub. Dəftəri məhkəmədə təqdim edə bilər. İddiaçı ilə heç bir alqı-satqısı olmamış və ona hər hansı borcu olmamışdır. İddia ərizəsinin özündə də iddiaçı göstərir ki, Cavabdeh2 söhbət zamanı ona həmin puldan 500 manat, sonra da qalanını qaytaracağını desə də, heç bir dəfə də ödəniş etməmişdir. Qətnamədə göstərilir ki, tərəflər arasında şifahi olaraq bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı bağında gilas məhsulunu alıcıya satmışdır. Lakin qətnamədə alıcının adı göstərilməmişdir. Məhkəmə ümumi terminlərdən istifadə etməklə onun üzərinə də borc hesablamışdır. Özü də iş üzrə digər Cavabdeh2 yazdığı ərizəyə istinad etmişdir. Təbii ki, borclu Cavabdeh2 üzərinə düşən məsuliyyəti azaltmaq üçün guya onunla şərik olaraq iddiaçıdan gilas məhsulu aldığını göstərmişdir. Halbuki, onun İddiaçı ilə hər hansı alqısatqı, o cümlədən nisyə alqı-satqı müqaviləsi yoxdur. İddiaçı özü də məhkəməyə ondan mal almağını təsdiq edən hər hansı mötəbər sübutu təqdim etməmişdir. Ona görə də məhkəmənin gəldiyi nəticə ona münasibətdə tamamilə əsassız hesab edilməlidir. İddiaçı ilə onun arasında gilas məhsulunun alqı-satqısına dair, o cümlədən nisyə alqı-satqısına dair hər hansı müqavilə mövcud deyildir. Qətnamədən də göründüyü kimi hər hansı müqaviləyə istinad edilməmiş və edilə də bilməzdi, çünki belə bir müqavilə yoxdur. Məhkəmə yalnız iş üzrə əsas borclu olan Cavabdeh2 ərizəsinə istinad etməklə qərar qəbul etmiş, bütün faktiki halları araşdırmamış, iddiaçı ilə onun arasında gilas məhsulu almaq barədə hər hansı razılaşmanın olmamasına əhəmiyyət verməmiş, hətta iddiaçıdan heç olmasa ondan mal alması barədə adi bir qəbz belə tələb etməmişdir. Onun İddiaçı borcu olması barədə hər hansı mötəbər sübut mövcud deyil. Başqa sözlə onun həmin şəxsə borclu olmasını təsdiqləyən hər hansı müqavilə və ya digər sənəd mövcud deyil və ola da bilməzdi. Çünki o, həmin şəxsdən heç bir məhsul almamışdır. Ümumiyyətlə həmin şəxsi tanımır. Yuxarıda göstərildiyi kimi məhkəmə yalnız iddiaçının guya ona müştərək qaydada borclu olmağı barədə izahatına və Cavabdeh2 ərizəsinə istinad etmişdir. Halbuki, məhkəməyə ünvanladığı teleqramda da göstərmişdir ki, İddiaçı tanımır, tanıdığı şəxs Cavabdeh2dur, ona da heç bir borcu yoxdur. Qətnamədə isə bunların tam əksi göstərilir. Yəni nəticə işin hallarına uyğun deyildir. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
13. Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
14. İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Həmçinin bildirdi ki, məhsulun alqı-satqısı ilə bağlı danışıqları Sənanla olmuş, Sənan ona məhsulun satış pulunu ödəmişdr.
15. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, tərəflərin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab edir.
Apellyasiya baxışının hədləri
16. Kollegiya qeyd edir ki, hazırkı iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının apellyasiya şikayəti vermiş şəxsə münasibətdə yoxlanılması təşkil edir. Cavabdeh2 şikayət vermədiyindən qətnamə ona münasibətdə yoxlanılmır. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv olunmalı, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia Cavabdeh1 aid hissədə rədd edilməlidir.
20. Məhkəmə kollegiyası araşdırma zamanı müəyyən etdi ki, iddiaçı 2022-ci ilin yay aylarında cavabdehlərlə münasibəti yaxşı olduğundan onlara etibar edib bağının məhsulunu onlara dəfələrlə nisyə satdığını, sonuncu dəfə cavabdehlərin ondan 2700 manatlıq gilas alıb apardıqlarını, gilası satan kimi pulu gətirib ona verəcəklərini bildirdiklərini, lakin indiyə kimi həmin borclu olduqları 2700 manatı ödəmədikərini iddia edərək araşdırılan tələblə məhkəməyə müraciət etmişdir.
21. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilmişdir.
22. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında şifahi olaraq bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı bağında gilas məhsulunu alıcıya satmışdır. Cavabdehlərdən Cavabdeh2 ərizə yazaraq Cavabdeh1 ilə birlikdə şərikli olaraq İddiaçı bağından 2700 manat dəyərində gilas alıb aparıb satdıqlarını, həmin pulun yarısını, yəni 1350 manatı İddiaçı borclu olduğu olduğunu və pulu 2024-cü ilin avqust ayında qaytaracağını bildimişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia tələbi Cavabdeh2 münasibətdə onun etirafı ilə sübut olunmuş hesab edilir və işin mübahisəsiz halına çevrilir. Cavabdehlərdən Cavabdeh1 isə məhkəməyə teleqram göndərərək İddiaçı tanımadığını və Cavabdeh2 mal alaraq pulunu ödədiyini bildirmişdir. Məhkəmə həmin izahata tənqidi yanaşaraq hesab etmişdir ki, cavabdehin qeyd olunan məzmunda göndərdiyi teleqram müki məsuliyyətdən yayınmaq məqsədi daşıyır və onun teleqramda qeyd etdikləri iddiaçının və digər cavabdehin izahatları ilə təkzib edilir. Beləliklə, tərəflər arasında malın alqı-satqısına dair şifahi nisyə alqı-satqı müqaviləsinin olduğu, cavabdehlərin iddiaçıdan 2700 manatlıq mal aldığı, lakin aldığı malın pulunu ödəmədikləri işin mübahisəsiz halıdır. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, mülki prosessual qanunvericiliyin tələbləri nəzərə alınaraq, iddia tələbi təmin edilməlidir.
23. Xaçmaz Rayon Məhkəməsinin 13 mart 2025-ci il tarixli, 2(067)-276/2025 nömrəli qətnaməsi ilə razılaşmayan Cavabdeh1 apellyasiya şikayəti verərək ona münasibətdə iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq şikayətin dəlillərini əsaslı hesab edir. Kollegiyanın qənatincə birinci instansiya məhkəməsi mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmişdir.
25. İş materiallarında olan Cavabdeh2 tərəfindən yazıldığı göstərilmiş xx.xx.2022-ci il tarixli iltizamdan (əlyazma-qəbz) müəyyən olunur ki, Cavabdeh2 Cavabdeh1 ilə birlikdə şərikli İddiaçı bağından 2700 manat dəyərində gilas alıb aparıb satmışlar. Həmin pulun yarısını, yəni 1350 manatı İddiaçı borclu olduğu pulu 2024-cü ilin avqust ayında qaytaracaq.
26. İddia tələbinin əsası olarq qeyd olunan qəbzə istinad edilmişdir.
27. Göündüyü kimi, göstərilən qəbz bir tərəfli qaydada tərtib olunub və yalnız Cavabdeh2 tərəfindən imzalanıb. Qəbzdə cavabdehin digər Cavabdeh1 ilə birlikdə şərikli İddiaçı bağından 2700 manat dəyərində gilas alması barədə göstərdikləri Cavabdeh1 öhdəliyinin yaranması əsası kimi qəbul edilə bilməz.
28. Məhkəmə kollegiyası Cavabdeh1 müştərək qaydada 2700 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi hissəsində iddianın təmin olunması barədə məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə hərtərəfli, tam araşdırma aparılmamışdır. Məhkəmənin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, işin faktiki halları ilə uzlaşmır, sübutlarla təsdiqini tapmır.
29. Kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
30. Kollegiya qanunvericiliyin göstərişlərindən çıxış edərək bildirir ki, mülki prosesdə bir qayda olaraq “sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipini rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.
31. Məhkəmə kollegiyası hesab edir ki, araşdırılan mübahisəyə məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”.
33. Qeyd olunmalıdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Göstərilənləri ümumilşədirərərk kollegiya hesab edir ki, Cavabdeh1 iddiaçı qarşısında öhdəliyinin olması iş tmaterialları ilə öz təsdiqini tapmadı. Birinci instnasiya məhkəməsi tərəfindən iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymət verilməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması, sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Konstitusiyasının və beynəlxalq hüquq normalarının tələblərinə görə ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. Qanunvericiliyin tələblərinin pozulması ilə baxılmış iş üzrə çıxarılan məhkəmə aktı ədalət mühakiməsinin qanuna uyğun aktı kimi qəbul edilə bilməz.”
37. Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli Qərarında göstərilir ki, “…məhkəmə qətnaməsinin qanunvericiliyin tələblərinə əməl olunmadan çıxarılması həmin qətnaməni ədalət mühakiməsinin qanuna uyğun aktı kimi qəbul etməyə imkan vermir.”
38. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 13 mart 2025-ci il tarixli, 2(067)-276/2025 nömrəli qətnaməsi qismən ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, Cavabdeh1 aid hissədə iddia təmin edilməməlidir.
39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.2, 385.2, 392,393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 13 mart 2025-ci il tarixli, 2(067)-276/2025 nömrəli qətnaməsi qismən - Cavabdeh1 aid hissədə ləğv olunsun. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı Yüzbəyov Mı̇ kayıl Şahbala oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası Cavabdeh1 aid hissədə təmin olunmasın. Qətnamə dərhal qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.