Məhkəmə qərarları › İş №2(105)-903/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-903/2025

22.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-903/2025 22.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X4 qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X9 və X1 ibarət tərkibdə, X11 qızının katibliyi, İddiaçı, cavabdeh X3 iştirakları ilə, İddiaçı cavabdeh X4 qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-223/2025 nömrəli qətnaməsindən cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı 2024-cü ilin fevral ayında heyvan satışı bazarından 1660 manata “qovuq ağqulaq” cinsli iribuynuzlu heyvan almışdır. İddiaçı Şamaxı rayonu, Göylər kəndində yerləşən özünə məxsus təsərrüfatda olan iribuynuzlu heyvanları (inək-düyə) otarmaq məqsədi ilə, cavabdeh X5 ilə razılaşıb, 2024-cü ildə aralarında şifahi tapşırıq müqaviləsi bağlanmışdır. Razılaşmaya əsasən, cavabdeh iddiaçının iribuynuzlu heyvanlarını hər gün səhər saatlarında qəbul edib otlaqa aparmalı, axşam da, gətirib təhvil verməlidir. Bunun müqabilində, iddiaçı hər ay 30 manat pulu cavabdehə verməlidir. 2024-cü ilin sentyabr ayına kimi, bu qaydada tərəflər arasında razılaşmanın şərtlərinə əməl edilmişdir. xx.xx.2024-cü il tarixdə, səhər saatlarında, yenə də olduğu kimi, iddiaçı beş baş iribuynuzlu heyvanını otarmaq üçün cavabdehə təhvil vermişdir. Həmin gün axşam saatlarında dörd baş mal-qarası evə qayıtmış, lakin 2024-cü ilin fevral ayında heyvan satışı bazarından aldığı iribuynuzlu heyvanı qayıtmamışdır. Bir neçə gün sonra, həmin heyvan otlaq sahəsində tələf olmuş vəziyyətdə tapılmışdır.

2. “Şirvan” Ticarət Kompleksi tərəfindən verilmiş arayışda qeyd olunur ki, heyvan bazarında bir baş “qovuq ağqulaq” cinsli iribuynuzlu heyvanın orta bazar qiyməti 1600- 1700 manat təşkil edir.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdeh X4 qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəymiş zərərin əvəzi olaraq cavabdehdən 1750 manat pulun və ödənilmiş 38 manat dövlət rüsumunun tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ailə üzvləri ilə birlikdə Şamaxı rayonu, Göylər kəndində yaşayır. 2024-cü ilin fevral ayında Ağsu heyvan bazarından “qonur ağqulaq” cinsli inək-düyə alıb, Göylər kəndinə gətirmək üçün 60 manat sürücüyə pul verib, kəndə gətirmişdir. Göylər kəndində 40 nəfərdən artıq kənd sakini heyvan sahiblərindən aylıq 30 manat toplamaqla cavabdeh X5 camaatın mal-qarasını otardığı kimi, onun da mal-qarasını otarmış və hər ay buna görə 30 manat pul ödəmişdir. X10 razılaşdırıldığı kimi camaatın mal-qarasını hər səhər salamat halda qəbul edib otlaqa aparılması, axşam da salamat halda gətirib təhvil verilməsi barədə öhdəlik götürmüşdür. xx.xx.2024-cü il tarixdə səhər-səhər onun beş baş mal-qarasını otarmaq üçün Rəşada təhvil vermişdir. Həmin gün axşam dörd baş mal-qarası evə qayıtmış, lakin Ağsu rayonundan mal bazarından aldığı “qonur ağqulaq” cinsli düyəsi evə qayıtmamışdır. Həmin düyə 3 aylıq boğaz idi və bu barədə süni mayalanma sənədi də vardır. O, dərhal Rəşad Fərzəliyevin mobil telefonuna zəng edib bir baş malının evə gəlmədiyini bildirmişdir. Rəşad isə həmin gün naxırı örüşdən yığıb kəndə gətirmək üçün getmədiyini, səhər gedib tapacağını demişdir. Bundan üç gün sonra Rəşad zəng edib ona otlaq sahəsində heyvanın ölüb qaldığını bildirmişdir. O, Rəşada “mən səhər mal-qaramı sənə sağ-salamat təhvil vermişəm, sən də, malları otarıb axşam sağ-salamat mənə təhvil verməli idin, indi heyvanımı səndən tələb edirəm, ya mənə pulunu ödə, ya da əvəzinə heyvan al ver” demiş, Rəşad isə onunla mübahisə edərək, “get hara istəyirsən de, mən sənə nə pulunu, nə də, heyvan verməyəcəm” demişdir. Nəticədə ona 1660 manat düyənin pulu, 60 manat yol pulu və 30 manat süni mayalanma pulu olmaqla, cəmi 1750 manat zərər dəymişdir. Bu səbəbdən məhkəməyə müraciət etməli olmuşdur.

5. Məhkəmə iclasında cavabdeh X5 iddia tələbini əsassız hesab edərək, bildirmişdir ki, o, Şamaxı rayonu, Göylər kəndində ailəsi ilə birlikdə yaşayır, kənd sakinlərinin malqarasını otaqmaqla məşğul olur və buna görə hər ailədən hər ay 30 manat məbləğində pul alır. Mal-qaranı o hər gün tezdən qəbul edib otarmağa aparır və axşam vaxtı sahiblərinə qaytarır. Lakin mal-qaranın hər hansı səbəbdən tələf olmasına görə o, məsuliyyət daşımır. xx.xx.2024-cü il tarixdə səhər saatlarında digər kənd sakinləri kimi İddiaçı beş baş iribuynuzlu heyvanını otarmaq üçün təhvil almışdır. Lakin həmin gün axşam vaxtı Məhluqənin dörd baş heyvanı geri qayıtmışdır. Bir neçə gün sonra Məhluqənin bir baş düyəsinin otlaq sahəsində ölmüş vəziyyətdə tapmışdır. Həmin heyvanın hansı şəraitdə tələf olmasından məlumatı olmamışdır. İddiaçının iribuynuzlu heyvanının tələf olmasına görə məsuliyyət daşımadığından iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-223/2025 nömrəli qətnaməsi ilə (hakim Fərid Yaqubov) iddia qismən təmin edilərək, dəymiş zərərin əvəzi olaraq cavabdeh X2 1700 (bir min yeddi yüz) manat məbləğində pul və ödənilmiş 37 (otuz yeddi) manat dövlət rüsumunun əvəzi tutularaq, İddiaçı verilməsi, iddianın qalan hissədə təmin olunmaması qərara alınmışdır.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq şifahi tapşırıq müqaviləsi bağlanmışdır. Cavabdeh müqavilə əsasında iddiaçıdan razılaşdırılmış pul məbləğini almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında iddiaçıya müvafiq xidmətlərin qüsursuz və vicdanlı göstərilməsinə dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh tapşırıq müqaviləsi əsasında iddiaçıdan pul vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin xidmətləri qüsursuz göstərməsinə dair vəzifəsini isə tam icra etməyərək, öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən müqavilə üzrə öhdəliklərin icra olunmaması nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, iddiaçı əlavə olaraq yol xərcinə və heyvanın süni mayalanmasına görə, dəymiş zərərin əvəzinin cavabdehdən tutulmasını tələb etsə də, həmin hissədə tələbini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, həmin hissədə iddia təmin olunmamalıdır.

8. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 385.1, 442, 448.1, 777.1, 777.2, 783.2, 778.1, 778.2, 779.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4, 217.3, 218.3-cü maddəsinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən cavabdeh X5 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)-223/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsində onun adı ilə yazılanların hamısı yalan və şər-böhtandır. O heç vaxt iş üzrə məhkəmə iclasında deməmişdir ki, xx.xx.2024-cü il tarixində səhər saatlarında İddiaçı məxsus beş baş mal-qaranı qəbul etmiş və günün sonunda isə onun dörd baş mal-qarası geri qayıtmış, biri isə bir neçə gün sonra ölmüş vəziyyətdə tapılmışdır. Şamaxı Rayon Məhkəməsi iclaslarda onun danışmasına imkan verməmiş və ancaq özü danışmışdır. Övladı xəstə olduğundan baxış iclasının birində isə üzürlü səbəbdən iştirak edə bilməmişdir. Odur ki, iş üzrə məhkəmə iclaslarında iddiaçı ilə məhkəmənin hakimi özləri danışıb, özləri də bir-birinin sözlərini təsdiqləmişdirlər. Məhkəmə iclasları video-kamera vasitəsilə aparılır, sübut üçün həmin videogörüntülər dinlənilə bilər. Digər tərəfdən qeyd etmişdir ki, həqiqətən də iddiaçının bir baş heyvanı naməlum şəraitdə ölmüş vəziyyətdə tapılmışdır, ancaq bu onun təqsiri səbəbindən baş verməmişdir. Bildirmişdir ki, o, həqiqətən də, Şamaxı Rayonu Göylər kəndində mal-heyvanı olan təxminən 25-30 ailənin mal-qarasını səhər tezdən qəbul edib naxırçı kimi onları səhərdən axşamadək otarmaqla məşğul olmuş və bundan ötəri hər bir ailədən qarşılıqlı razılaşma ilə 30 (otuz) manat verəcəklərini onlara bildirmişdir. Bu razılaşma kənd sakinləri tərəfindən qəbul edilmişdir. İş materiallarından da görünür ki, 9 nəfər akt imzalayaraq təsdiq etmişdir ki, o, yaşadığı kənddə həqiqətən də naxırçılıqla məşğul olmuş, amma mal-heyvan sahiblərinə bildirmişdir ki, sıldırım qayalardan yıxılan, uçuruma yuvarlanan və vəhşi heyvanlar tərəfindən hücuma məruz qalıb məhv edilən malqaraya cavabdeh deyildi. Yəni o hətta həmin gün mal nobatında olsaydı belə, yuxarıda qeyd etdiyi təhlükəli hadisə baş vermiş olsa idi buna cavabdehlik daşımırdı. Lakin əsas məsələ odur ki, xx.xx.2024-cü il tarixdə onun başına hadisə gəldiyindən mal nobatı olmamışdır və həmin gün o, naxırçılıq fəaliyyəti ilə məşğul ola bilməmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə X8 Sarayında qonşusunun toyuna dəvət olunmuşdur. Toyun gedişində dava düşmüş, o və başqa dörd nəfər orada harayçılıq edərək dalaşanları sakitləşdirməyə çalışmış, lakin bu nəticə vermədiyindən toy məclisindəki dava-dalaşa Şamaxı Rayon Polis əməkdaşları cəlb olmuşdur. Odur ki, xx.xx.2024-cü il tarixdə gecə saa 23:00-dan etibarən o və əlavə dörd nəfər Şamaxı Rayon Polis Şöbəsinə aparılmış və xx.xx.2024-cü il tarixində axşam saat 20:00 radələrində Polis Şöbəsində saxlanılmışdır. Qeyd etmişdir ki, o da daxil olmaqla, cəmi 5 (nəfər) şəxs xx.xx.2024-cü il tarixində gecə vaxtından xx.xx.2024-cü il tarixinin axşam saatlarınadək məcburi qaydada Şamaxı Rayon Polis Şöbəsində qalmışdırlar. Belə halda, o, xx.xx.2024-cü il tarixində səhər vaxtı kiminsə mal heyvanını qəbul edib axşamadək naxırçılıq edə bilməzdi. Bu yeni sübut deyil, amma Şamaxı Rayon Məhkəməsində baş vermiş hadisə ilə bağlı ona ağzını açıb danışmağa imkan verməmişdirlər. Məhkəmə iclasında hər dəfə danışmaq istəyərkən, “sən hələ otur söz verəcəyəm” deyilsə də, ona söz verilməmişdir. Lakin o, bunun sübutunu əldə edə bilməmişdir. Şamaxı Rayon Məhkəmə prosesi müddətində o, Şamaxı Rayon Polis Şöbəsinə müraciət edərək xx.xx.2024-cü il tarixində gecə saatlarından polis tərəfindən saxlanılaraq Şamaxı Rayon Polis Şöbəsinə aparıldığını və xx.xx.2024-cü il tarixində axşam saat 20:00 radələrinədək orada saxlanıldığını təsdiq edən sübuta dair ona sənəd verilməsini xahiş etmişdir. Şamaxı Rayon Polis Şöbəsindən ona bildirmişdilər ki, əgər məhkəmə tərəfindən onlara sorğu göndərilərsə, həmin fakta dair lazımi sənədi hazırlayıb məhkəməyə göndərəcəklər. Lakin Şamaxı Rayon Məhkəməsini iş üzrə həqiqətin müəyyən edilməsi maraqlandırmadığına görə onu ümumiyyətlə dinləmək istəmədilər, danışmasına da imkan vermədilər. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsindən xahiş etmişdir ki, apellyasiya şikayətinə daxil edilmiş vəsatətini təmin edərək Şamax Rayon Polis Şöbəsinə sorğu göndərsin və bu zaman Apellyasiya Məhkəməsinə aydın olacaqdır ki, xx.xx.2024-cü il tarixdə gecə saatlarından xx.xx.2024-cü ilin axşam saatlarınadək o, Şamaxı Rayon Polis Şöbəsində polis nəzarətində olmaqla şöbədə saxlanılmış vəziyyətdə olmuşdur. Bu səbəbdən iddiaçının uydurduğu kimi o, xx.xx.2024-cü il tarixində naxırıçılıq edə bilməmişdir. O eyni gündə bütün gün ərzində həm Polis Şöbəsində saxlanıla, həm də mal-qaranı otarmaqla məşğul ola bilməzdi. Bildirmişdir ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)-223/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsində istinad edilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385, 442, 448, 777-779 və 783-cü maddələri yersiz olduğundan onların hazırki iddia tələbi üzrə təfsiri və tətbiqi həqiqətin müəyyən edilməsini təmin etmir. Təkrarən bildirmişdir ki, o, heç vaxt iddiaçının iddia tələbini birbaşa və ya bilavasitə etiraf etməmişdir və bu mümkün deyildir. Çünki o həmin gün (xx.xx.2024-cü il tarixdə) səhərdən axşamadək Şamaxı Rayon Polis Şöbəsində polis nəzarətində olmuşdur. Ona görə də cəfəngiyyatlar yazılmış Şamaxı Rayon Məhkəməsinin 2(074)-223/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi tamamilə ləğv olunmalı və iş üzrə yeni qətnamə qət edilməklə iddia tələbi təmin edilməməlidir. Üstəlik bu dərəcədə aşkar yalan və şərböhtanla məşğul olan İddiaçı cəzalandırılmalı və onun barəsində qanunamüvafiq ölçü götürülməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iştirak edən cavabdeh X5 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

13. Məhkəmə kollegiyasının iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

14. Maddə 777. Tapşırıq müqaviləsi 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. (...) 777.4. Bu Məcəlləyə uyğun olaraq müqavilələrin hər hansı növünə aid olan müqavilələrə, o cümlədən podrat müqaviləsinə tapşırıq müqaviləsi haqqında qanunvericilik yalnız subsidiar şəkildə (əlavə vasitə kimi) tətbiq edilir.

15. Maddə 778. Tapşırığın məzmunu 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. 778.3. Əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir.

16. Maddə 779. Vəkalət alanın məsuliyyəti 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 779.2. Vəkalət alanın məsuliyyət daşıdığı vicdanlılıq dərəcəsi aşağıdakılar nəzərə alınmaqla tapşırığın növü ilə müəyyənləşdirilir: 779.2.1. peşə fəaliyyəti ilə bağlı risk və tapşırığın həyata keçirilməsi üçün zəruri olan xüsusi biliklər; 779.2.2. vəkalət verənin bildiyi və ya bilməli olduğu, vəkalət alanın qabiliyyəti və keyfiyyətləri.

17. Maddə 783. Vəkalət alanın xərclərinin əvəzinin ödənilməsi və muzdu 783.1. Vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. 783.2. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. 783.3. Əgər bu Məcəllənin 783.2-ci maddəsində nəzərdə tutulan hallarda muzdun miqdarı müəyyənləşdirilməyibsə, tarif olduqda bu tarifə uyğun muzd, tarif olmadıqda isə vəkalət alanın olduğu yerdə qəbul edilmiş muzd şərtləşdirilmiş muzd sayılır.

18. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (...)

19. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

20. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

21. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

22. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

24. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

25. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

26. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. İş materiallarına əsasən müəyyən edilmişdir ki, tərəflər arasında beş baş iribuynuzlu heyvanı otarmağa dair şifahi razılaşma olmuşdur. Cavabdeh şifahi müqavilə əsasında iddiaçıdan razılaşdırılmış pul məbləğini almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında iddiaçıya müvafiq xidmətlərin qüsursuz və vicdanlı göstərilməsinə dair vəzifələrin daşıyıcısı olmuşdur.

30. Lakin işdən görünür ki, cavabdeh mübahisəsi gedən iri buynuzlu heyvanın xx.xx.2024-cü il tarixində həqiqətən tələf olmasına, bu halın onun ehtiyatsızlığından baş verməməsinə və bu barədə heyvanın sahibinə vaxtında məlumat verməsinə, dəymiş zərərin qismən də olsa aradan qaldırılması üçün tədbirlər gördüyünə dair hər hansı sübut növü təqdim etməmişdir.

31. Kollegiya apellyasiya şikayətinin dəlilinə, həmçinin cavabdehin bu barədə verdiyi vəsatətə əsasən Şamaxı Rayon Polis Şöbəsinə sorğu göndərmiş və Şamaxı Rayon Polis Şöbəsi xx.xx.2025-ci il tarixli, 313-108/2-8016/25 nömrəli məktubunda qeyd etmişdir ki, X5 xx.xx.2024-cü il tarixində Şamaxı Rayon Polis Şöbəsinə gətrilmiş proflaktiki söhbətlər aparılaraq həmin tarixdə buraxılmışdır.

32. Mülki Məcəllənin 779.1-ci maddəsinə görə vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır...

33. Birinci instansiya məhkəməsində icraat zamanı “Şirvan” Ticarət Kompleksinin 052 nömrəli arayışına əsasən müəyyən edilmişdir ki, “Şirvan” Ticarət Kompleksinin “Heyvan” bazarında 1 baş “qovluq aqqulaq” cinsli iri buynuzlu inəyin orta bazar qiyməti 1600 (bir min altı yüz) və 1700 (bir min yeddi yüz) manat təşkil edir.

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri iş üzrə təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilən sübutlarla təsdiq olunmadığından, mövcud şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qətbnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

35. Belə ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri).

36. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

37. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.

38. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.

40. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasından baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır.

41. Kollegiya MPM-in 402-ci maddəsinə əsasən həmçinin qeyd edir ki, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-223/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar