Məhkəmə qərarları › İş №2(105)-904/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-904/2025

07.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-904/2025 07.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: nisyə alqı-satqı müqaviləsi üzrə borcun qaytarılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X5 (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, İddiaçı iştirakı ilə Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-405/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları:

1. İş materiallarına əsasən müəyyən edilir ki, İddiaçı ərizəsi əsasında Quba RPŞ-də HK- 1/2539 saylı təhqiqat materialı üzrə iş açılmışdır.

2. Həmin iş üzrə qəbul edilmiş qərardan göründüyü kimi, izahatı alınmış İddiaçı bildirmişdir ki, Quba rayonu Timiryazev qəsəbəsində bağçılıqda məşğul olur. 2023-cü ilin oktyabr ayında 2-ci Nügədi kənd sakini X2 bağından 11903 kq alma almışdır. Həmin şəxsə məxsus olan 1000-dək karzin sahəsində qalmışdır. Qoşqar ona karzinləri sataraq pulunu götürməsini demişdir. Sonradan özü göndərdiyi karzinləri onun dediyi qiymətlə həmin şəxslərə verərək əvəzində 650 manat borcundan ödəmiş, qalan 4212 manat borcunu ödəməmişdir. Qalan borcu, yaxın müddətdə ödəyəcəyini bildirmişdir.

3. İzahatı alınmış X2 bildirmişdir ki, 2023-cü ilin oktyabr ayında İddiaçı 11 ton alma aldığını, ondan öncə də onunla alveri olduğunu, iddiaçının bağında qalmış ona məxsus meyvə karzinlərinin satdırıb 650 manat ona olan borcundan çıxdıqdan sonra, onun 4900 manat borcu qaldığını və yaxın zamanlarda qalan borcunu da ona qaytaracağını bildirmişdir.

4. Cinayət işinin başlanmasının rədd edilməsi barədə 12 sentyabr 2024- cü il tarixli qərardan göründüyü kimi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, İddiaçı ərizəsi əsasında toplanmış HK-1\2539 saylı material üzrə cinayət işinin başlanılması rədd edilməsi, vət. İddiaçı Şıxbaba oğluna, X1 borc tələbi ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olması izah edilməsi və qərarın surətinin maraqlı tərəflərə və rayon prokuroruna göndərilməsi qərara alınmışdır. Cavabdeh qeyd edilən qərardan şikayət verməmişdir.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Şıxbaba oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 öhdəlik üzrə 4900 (dörd min doqquz yüz) manat, həmin pulun uçot faiz dərəcəsinə görə 4263 (dörd min iki yüz altımış üç) manat və ödənilmiş dövlət rüsumuna görə 112 (bir yüz on iki) manat olmaqla, cəmi 9275 (doqquz min iki yüz yetmiş beş) manat pulun alınaraq alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, Quba rayonunun Timiryazev kəndində ona məxsus bağ sahəsi vardır və o uzun illərdir təsərrüfatla məşğul olur. 2023-cü ilin oktyabr ayında cavabdeh malın (alma) dəyərini sonradan ödəmək şərtilə ondan 11903 kq nisyə meyvə almış və onun hazırda 4900 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Dəfələrlə meyvənin pulunu tezliklə ödəyəcəyini bildirsə də, hazırki vaxtadək həmin öhdəliyinə əməl etməyərək ona xeyli miqdarda ziyan vurmuşdur. Ehtiyaclarını və xərclərini həmin bağdan yetişdirdiyi məhsul hesabına təmin edir və görəcəyi işləri ona görə proqnozlaşdırır. Cavabdehin öhdəliyinə əməl etməməsi nəticəsində bağa çəkdiyi xərcləri tam olaraq ödəyə bilməmiş və onun bu hərəkətləri nəticəsində ona əlavə olaraq 4263 manat məbləğində ziyan dəymişdir. Belə ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mərkəzi Bank sonuncu uçot faiz dərəcəsini 7.25 % müəyyən etdiyindən dəymiş ziyanın illik məbləği 4263 manat müəyyən edilmişdir (4900x7,25x12). Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.

7. Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-405/2025 nömrəli qətnaməsi ilə (hakim A.Babayev) iddia qismən təmin edilərək, X1 4900 manat borc və dövlət rüsumu üzrə 59 manat pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbi malın dəyəri üzrə 4900 manat məbləğində ödənilməmiş borcun tutulması hissəsində əsaslı olmaqla təmin edilməli və 4900 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı eyni zamanda AR Mülki Məcəlləsinin 449.4-cü maddəsinin tələbinə əsasən hər gecikdirilən gün üçün Mərkəzi Bankın müəyyən etdiyi uçot dərəcəsinə uyğun olaraq 4263 manat faiz məbləğinin tutulmasını tələb etmişdir. Məhkəmə araşdırması zamanı məbləğin qaytarılmaması dövrünü əhatə edən 2023- cü ilin oktyabr ayından hazırki vaxtadək hansı dövr üçün hesablanmasına və həmin dövr üçün iddiaçının cavabdehə yönələn qeyd edilən tələbinin birbaşa irəli sürülməsini sübut edən hər hansı sübut təqdim olunmamışdır. Ona görə də məhkəmə hesab edib ki, iddia tələbi faiz borcunun tutulması hissəsində əsassız olmaqla, təmin edilməməlidir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427, 449.1, 449.4, 567, 600.1, 600.4-cü maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edilərəkən maddi və prosesual hüquq normalarını pozmuş, onları düzgün tədbiq etməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmamış, qətnaməsində göstərilmiş nəticələrin işin hallarına uyğun olub olmamasını yoxlamamış, iddia tələbi ilə əlaqədar hərtərəfli, tam,obyektiv, qərəzsiz araşdırma aparmamış nəticədə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddənin tələblərini pozmuşdur. İddiaçının hazırkı iddia tələbi qanunsuz və əsassızdır, belə ki, cavabdeh olaraq o məhkəmədə iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçıdan alma almış və pulunu ödəmişdir. Onun iddiaçıya 4400 manat borcu qalmışdır, eyni zamanda ona məxsus 4500 manat dəyərində olan meyvə yeşikləri iddiaçının bağında qalmışdır. İddiaçı bu yeşikləri satmış və bununla da ona olan borc qismən ödənilmişdir. İddiaçı məhkəmə araşdırmalarında izahatında göstərmişdir ki, həqiqətən cavabdehə məxsus olan 4500 manat dəyərində olan 2500 ədəd meyvə yeşikləri ona məxsus olan bağda saxlanılmış və iddiaçının dediyinə görə həmin yeşikləri 650 manata satmışdır. Cavabdeh onun razılığı olmadan həmin yeşikləri satmışdır. 2500 ədəd meyvə yeşiklərinin dəyəri bazar qiyməti ilə 3900 manat təşkil edir. Belə olduğu halda onun cavabdehə 1000 manat borclu qalmalı idi. Göstərilənlərə əsasən Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-405/2025 nömrəli qətnaməsi ləğv edilməli və ondan iddiaçının xeyrinə 1000 manat məbləğində pulun tutulmasına dair yeni qətnamə qəbul edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasında iştirak etmiş İddiaçı izahatında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirdi ki, şikayətin heç bir əsası yoxdur. Belə ki, cavabdehlə aralarında ona məxsus olan almaların satışı ilə bağlı razılaşma əldə edilmiş və sonuncuya ümumilikdə dəyəri 5562 manat dəyərində alma təhvil vermişdir. Cavabdeh almaları apardıqdan sonra malın (almaların) əvəzi olan pulu ona ödəməmişdir. Cavabdehin atası və qardaşını da tanıdığı üçün onlara bu barədə bildirmiş, atası bir müddət ona şərait yaradılmasını və cavabdehin pulu ödəyəcəyini bildirmişdir. Lakin bir müddət sonra da cavabdeh ona heç bir ödəniş etməmişdir. Cavabdehin onun bağında 2500 ədəd alma yeşiki olmuş, ondan 1344 yeşiyi özü aparmış, qalan yeşiklər isə cavabdehin təklifi ilə satılmış və əldə edilən 650 manat məbləğində pul ona olan borcdan silinmişdir. Qalan borc məbləğini cavabdeh yenə ödəməmiş, nəticədə o polisə müraciət etmişdir. Cavabdehin polis bölməsində verdiyi izahat iddia tələbində qeyd olunanları təsdiq edir. Göstərilənlərə əsasən iddiaçı sonda apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh Qoşqar Əmrullayev (onun vəkili) məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

15. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 433.1. Borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Maddə 433.2. Əgər öhdəliyin icrasını ixtiyarsız şəxs qəbul edərsə, öhdəlik kreditorun buna razılıq verməsi və ya bu icradan fayda götürməsi şərti ilə icra olunmuş sayılır. Maddə 433.3. Öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər..

17. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Maddə 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya şikayətindən görünür ki, apellyator Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-405/2025 nömrəli qətnaməsini yalnız ondan tutulmalı olan pul məbləğinə münasibətdə mübahisələndirmişdir. İddiaçı tərəf qətnamədən apellyasiya şikayəti verməmişdir.

19. Ona görə də, kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə yoxlanılmasını zəruri hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. İddia tələbinin ifadə tərzindən və mahiyyətindən belə görünür ki, iddiaçı nisyə alqısatqı müqaviləsi əsasında satılmış malın dəyərini (razılaşdırılmış məbləğdə pulun geri qaytarılmasını) tələb edir.

22. İşin faktiki hallarından müəyyən edilir ki, iddiaçı Quba rayonunun Timiryazev kəndində ona məxsus bağ sahəsində təsərrüfatla məşğul olur. 2023-cü ilin oktyabr ayında cavabdeh malın (alma) dəyərini sonradan ödəmək şərtilə ondan 11903 kq nisyə meyvə almış və onun hazırda iddiaçıya ödənilməmiş borcu qalmışdır. Cavabdehlə aralarında razılaşma əldə edilmədiyindən iddiaçı cavabdeh barəsində polisə müraciət etmişdir. Həmin orqan tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi barədə 12 sentyabr 2024-cü il tarixli qərar qəbul edilmiş, İddiaçı Şıxbaba oğluna, X1 borc tələbi ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Bundan sonra iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş, məhkəmə mübahisəni yuxarıda qeyd olunan formada həll etmiş, narazı qalan cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir.

23. Məhkəmə kollegiyası qeyd edir ki, istər cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan, istər iş üzrə tərəflərin məhkəmə iclaslarında verdikləri izahatlardan bəlli olur ki, hazırkı halda tərəflər arasında iddia ərizəsində qeyd olunan formada öhdəlik münasibəti yaranmışdır.

24. Belə ki, cavabdeh tərəf apellyasiya şikayətində iddiaçı tərəfin qeyd etdiyi kimi ondan meyvə aldığını habelə həmin malın dəyərinin tələb olunan həddə - 4900 manat olması ilə razılaşmışdır. Lakin cavabdehin hazırda yeganə dəlili ondan ibarətdir ki, ona məxsus olan 2500 ədəd meyvə yeşikləri iddiaçının bağında qalmış, iddiaçı cavabdehin ona olan borcunun əvəzi kimi həmin yeşikləri satmışdır. Cavabdeh yeşiklərin real dəyərinin 3900 manat olmasını bildirərək hazırkı halda iddiaçıya onun cəmi 1000 manat borcu qalmasını etiraf edir.

25. Sübutları araşdırmaq və təhlil etmək səlahiyyətinə malik olan apellyasiya instansiya məhkəməsi hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və tərəflər arasında razılaşdırılmış nisyə alqı satqı müqaviləsinin yuxarıda qeyd olunmuş müddəaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə olan halda öhdəliyin icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 442-ci maddəsinə görə həll edilməlidir.

26. Həmin maddəyə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

27. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir.

28. Kollegiya hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları baxımından cavabdehin apellyasiya şikayətində qeyd etmiş olduğu dəlillər dolayısıyla iddia tələbinin təsdiqi kimi qiymətləndirilməlidir.

29. Məhkəmə kollegiyası bu hissədə qeyd edir ki, cavabdeh apellyasiya şikayətində iddiaçıdan aldığı malın 4900 manat dəyərini qəbul etmiş, lakin öz mülahizəsinə əsaslanaraq, ona məxsus meyvə yeşiklərinin satışından əldə edilən vəsaiti 3900 manat kimi qiymətləndirib, iddiaçıya hazırkı halda 1000 manat borcu qalmasını bildirir ki, bu halı kollegiya əsaslı hesab etmir. Ona görə ki, əvvəla tərəflər arasında yuxarıda qeyd olunan nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliyin qeyd olunan formada icrasını nəzərdə tutan hər hansı razılaşma mövcud olmamışdır. İkincisi iddiaçı tərəf həmin meyvə yeşiklərinin 650 manata satıldığını bildirmişdir. Nəhayət cavabdeh tərəf ona məxsus meyvə yeşiklərinin onun icazəsi olmadan satıldığını bildirirsə, bu hissədə onun iddiaçıya qarşı heç bir iddia tələbi olmamışdır. Sadalanan halları nəzərə alaraq kollegiya qeyd edir ki, hazırkı halda cavabdehin heç bir sübutla təsdiq olunmayan şifahi arqumentləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

30. Şərh olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

31. Kollegiya qeyd edir ki, qətnamənin mübahisələndirilən hissəsi 5000 manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayət verilə bilməz.

32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-405/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar