Məhkəmə qərarları › İş №2(105)-905/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-905/2025

03.07.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-905/2025 03.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Davud oğluna qarşı mülki iş üzrə (Açar sözlər: istifadə hüququnun tanınması) X6 Süleymanovanın sədrliyi və məruzəsi, X2 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçı, Cavabdeh X3 iştirakları ilə, İddiaçı Cavabdeh Davud oğluna qarşı "evə istifadə hüququnun tanınması" tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli, 2(027)- 1879/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı Cavabdeh Davud oğluna qarşı “evə istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Davud oğlunun Quba rayonu, Timiryazev kəndində yerləşən evinə istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2004-cü il tarixdə Quba rayonu, Timiryazev kəndində doğulmuş, Cavabdeh Davud oğlu doğma atasıdır. Cavabdeh anası Fiqurə Seyfəddinova ilə 2009-cu ildə ayrılmışlar. Həmin vaxt o, anası Fiqurə Seyfəddinovanın himayəsində qalmış və onu anası böyütmüşdür. Cavabdeh təhsili ilə, maddi dolanışığı ilə maraqlanmamışdır. Hal-hazırda anası Fiqurə Seyfəddinova ilə Şabran rayonunda kirayədə yaşayır. Cavabdeh Quba rayonu, Timiryazev qəsəbəsində geniş evi vardır. Onun cavabdehə məxsus evdən istifadə hüququ vardır.

3. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır.

4. AZ-İV 480082 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Cavabdeh Davud oğlu ilə X1 birgə nikahından doğulmuşdur.

5. Azərbaycan Respublikası DİN-nin ******* saylı arayışından görünür ki, İddiaçı xx.xx.2004-cü il tarixdə Quba rayonu, Timiryazev qəsəbəsində doğulmuş, Quba rayonu, Rəngdar kəndində qeydiyyatdadır.

6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin sorğuya cavab məktubundan görünür ki, 2006-cı il tarixdən hal-hazıradək Cavabdeh Davud oğlunun adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

7. Quba Rayon Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli, 2(027)-1879/2024 nömrəli qətnaməsi ilə (hakim Vüqar Seyidov) İddiaçı Cavabdeh Davud oğluna qarşı “evə istifadə hüququnun tanınması” tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi, 29-cu maddəsinin İ və İİ bəndləri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.1, 157.2, 157.4, 228.1, 228.2 və 228.5ci maddələri, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2 və 30.4-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4, 216-220-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

9. Quba Rayon Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli, 2(027)-1879/2024 nömrəli qətnaməsi ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və Cavabdeh Davud oğluna məxsus Quba rayonu Timiryazev kəndində yerləşən evə istifadə hüquququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Quba Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə razılaşmır, qətnamə qanunsuz və ədalətsiz olmaqla maddi və prosessual hüquq normaları pozmuşdur. Belə ki, cavabdeh - atası Cavabdeh Davud oğlu kiçik yaşlarından onları atıb getmiş, onun heç bir maddi tələbatını ödəməmiş və üzərinə düşən atalıq vəzifəsini yerinə yetirməmişdir. Anasının himayəsi altında çox çətinliklə böyümüşdür. Atasının öz üzərinə düşən valideynlik vəzifəsini yerinə yetirməməsinə görə hal-hazırda da özünə məxsus yaşamaq hüququ olan bir ev olmadığından kirayələrdə yaşamaq məcburiyyətində qalır. Ona görə də cavabdeh indi özünə məxsus olan evdə ona yaşamaq hüququ verməyə borcludur. Həmçinin onu da qeyd edir ki, o, uşaqlıqdan “Epilepsiya” xəstəliyindən əziyyət çəkir. Maddi imkanı olmadığından hətta dərmanlarını belə ala bilmir. Həmçinin anası da xəstə olduğundan işləyə bilmir, gündəlik maddi tələbatlarını ödəyə bilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1ci maddəsinə əsasən - Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən - Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. 60.4-cü maddəsinə əsasən - Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Qeyd etmək istəyir ki, cavabdeh uşaqlıq vaxtından onu atıb getdiyini, onunla heç vaxt maraqlanmadığını və yeni ailə qurduğu üçün ona məxsus evdə yaşamaq hüququ vermədiyini özü təsdiq etmişdir. Əlavə etdiyi xəstəliyi barədə sənədlərdən aşkar olur ki, o, uşaqlıq dövründən " epilepsiya" xəstəliyindən əziyyət çəkir. Cavabdeh bu günə kimi onun müalicəsinə heç bir köməklik göstərməmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

12. İddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

13. Cavabdeh Davud oğlu apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

Apellyasiya baxışının hədləri

14. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi İddiaçı verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

16. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

18. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

19. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Cavabdeh Davud oğlunun qızıdır. İddiaçının anası 2009-cu ildən cavabdehdən ayrılaraq başqa yaşayış yerinə köçüb getmişdir. İddiaçı anasınn himayəsində qalmışdır, 2009-cu ildən atası ilə yaşamır. İddiaçı hazırda kirayədə yaşadığını, daimi yaşayış yeri olmadığı əsası ilə çıxış edərək atası olan cavabdehin yaşadığı Quba rayonu, Timiryazev kəndində yerləşən evə istifadə hüququnun tanınmasını tələb edir. Mübahisə predmeti olan yaşayış sahəsinə dair mülkiyyət hüquqları qeydə alınmamışdır.

21. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ilə iddia təmin edilməmişdir.

22. Mövcud sübutların tədqiq edilməsi və qanunvericilik normalarının təhlil edilməsi əsasında məhkəmə hesab etmişdir ki, iddiaçının yaşayış sahəsinə istifadə hüququ yaranmadığından belə bir iddia tələbi irəli sürməkdə haqlı olmamışdır və iddia tələbi əsassız olduğundan rədd edilməlidir.

23. Məhkəmə həmçinin qeyd etmişdir ki, məhkəmədə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddia üzrə cavabdehin ev üzərində mülkiyyət hüquqları olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdehin yaşadığı ev xüsusi mülkiyyət kimi dövlət reyestrindən qeydiyyatdan keçirilməmişdir. İddiaçı mülkiyyətçi arasında qanunda nəzərdə tutulmuş notarial qaydada təsdiq olunmuş razılaşmanın olması və bu hüququn dövlət qeydiyyatından keçməsi müəyyən edilməmişdir. Belə ki, iddiaçı həmin mübahisəli evə istifadə hüququnun yaranmasını mübahisəli evdə doğulması (iddiaçı həmin evdə deyil cavabdehin atasına məxsus evdə doğulmuşdur, yəni babasına məxsus evdə doğulmuşdur) və cavabdehlə qohumluq əlaqələrinin olması ilə əlaqələndirmişdir ki, bu hal qanunla nəzərdə tutulmuş qaydada istifadə hüququnun yaranmasına əsas olan mülkiyyətçi ilə notarial formada bağlanılmış razılaşmanı əvəz edə bilməz və bu fakt notarial razılaşma kimi qiymətləndirilə bilməz.

24. Quba Rayon Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli, 2(027)-1879/2024 nömrəli qətnaməsi ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti vermişdir.

25. Apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə və əsaslandırma ilə razılaşır və hesab edir ki, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlinmişdir.

26. İşin müəyyən edilmiş faktiki hallarından göründüyü kimi iddiaçı mübahisə predmeti olan yaşayış sahəsinə köçürülməmiş, cavabdehlə birgə yaşamamış, bərabər istifadə həyata keçirməmişdir. İddiaçı 2009-cu ildən atası ilə yaşamır, anası ilə birgə köçüb getmişdir. İddiaçı cavabdehlə olan qohumluq əlaqəsinə – atası olmasına istinadən araşdırılan iddia ilə məhkəməyə müraciət etmişdir.

27. Məhkəmə kollegiyası işin sadalanan hallarına hüquqi qiymət verərək hesab edir ki, iddiaçının həmin əmlaka istifadə hüququnun yaranması üçün hüquqi əsas yoxdur. Birinci instansiya məhkəməsinin iddianın rədd edilməsinə dair gəldiyi nəticə qanuni və əsaslıdır.

28. Kollegiya həmçinin vurğulayır ki, iddiaçının istifadə hüququnun tanınmasını tələb etdiyi mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyindən hüquqi statusu etibarilə özbaşına tikili hesab edilir. Özbaşına tikiliyə əmlak hüququnun yaranması qanunla istisna olunur, eləcə də bu məsələləri birbaşa tənzimləyən maddi hüquq norması olmadığından kollegiyanın qənaətinə görə mübahisə birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilmişdir.

29. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli, 2(027)-1879/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar