Məhkəmə qərarları › İş №2(105)-91/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-91/2025

12.06.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-91/2025 12.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: paylı mülkiyyətdə olan əmlakın naturada ayrılması, həmin hissələrdən istifadə qaydalarının müəyyən edilməsi-ekspertiza məsələləri) X1 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış evindən naturada istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-182/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları

1. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın çıxarışından görünür ki, Quba rayonu, Zizik kədində yerləşən 0.09 ha torpaq sahəsinin 7/16 hissəsi Cavabdeh, 6/16 hissəsi Əsbət Səlimovaya, 3/16 hissəsi isə İddiaçı məxsus olmaqla, üzərində yerləşən 142.3 kv.m fərdi yaşayış evinin 1/4 hissəsi Cavabdeh, ¾ hissəsi isə İddiaçı məxsusdur.

2. Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-1012/2020 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh azyaşlı uşaqları xx.xx.2005-ci il təvəllüdlü Maraqlı şəxs, xx.xx.2011-ci il təvəllüdlü X8, X7 və X6 ilə birlikdə Quba rayonu, Zizik kəndində yerləşən, qeydiyyat nömrəsi ********** olan, xx.xx.2019-cu il tarixli çıxarışla X4 məxsus 142,2 kv.metr sahəsi olan evə istifadə hüquqları tanınması və həmin evə köçürülmələri müəyyən edilmişdir.

3. Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(105)-2449/2020 nömrəli qətnaməsindən görünür ki, Quba Rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli, 2(027)-1012/2020 nömrəli qətnaməsi Cavabdeh və uşaqlarının Quba rayonu, Zizik kəndində yerləşən və xx.xx.2019-cu il tarixli çıxarışla X4 məxsus evdən istifadə hüquqlarının tanınması hissəsində ləğv edilməsi və iddia həmin hissədə təmin edilməməsi, iddiaçının və uşaqlarının mübahisəli evə köçürülmələri hissəsində qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

4. Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(027)-890/2022 nömrəli qərarından görünür ki, X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 500 (beş yüz) manat məbləğdə cərimə edilmişdir.

5. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/2171 saylı rəyindən görünür ki, **********54-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Quba rayonu, Zizik kəndində 0.09 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 142.3 kv.metr olan fərdi yaşayış evindən texniki pasportda göstərilən 2,5,6,8,9,10,11-saylı literlərdə olan otaqlar paylara yaxın şəkildə 3/4 hissədə olmaqla cəmi 108.0 kv.metr sahənin iddiaçının istifadəsində qalmaqla, texniki pasportda göstərilən 3.4-saylı literlərdə olan otaqların paylara yaxın şəkildə ümumi sahəyə əlavə edilməyən V (talvar, anbar) tikilisinin yerində küçəyə tərəf qapı açılmaqla, eyni zamanda mətbəx və sanitar qovşağı (ayaqyolu-hamam) inşa edilməklə, texniki pasportda göstərildiyi kimi ayrı-ayrı giriş-çıxışı olmaqla 1/4 hissədə cəmi 34.3 kv.metr sahənin cavabdehin istifadəsində qalmaqla payların iddiaçı və cavabdeh arasında İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun bəndlərinin və Məhkəmə Tikinti-X3 Metodlarının tələblərinə uyğun qaydada naturada təcrid mənzillər şəklində texniki cəhətdən bölünməsi mümkündür. Apellyasiya icraatı zamanı yerli baxış zamanı müəyyən edilmiş;

6. Yaşayış evi çiy kərpicdən inşa edilməklə, iki mərtəbədən ibarətdir. Baxış zamanı həmçinin müəyyən edilmişdir ki, iddiaçı tərəf öz ailə üzvləri ilə birlikdə evin ikinci mərtəbəsində yaşamaqla, onun evə giriş-çıxışı evin qabaq hissəsindəndir. Cavabdeh də hazırda ailə üzvləri ilə birlikdə evin ikinci mərtəbəsində yaşayır, lakin onun evə giriş-çıxışı ayrıca pilləkən quraşdırılmaqla evin arxa (yol tərəfə) tərəfindəndir. Yaşayış evi ikinci mərtəbədə tərəflərin faktiki yaşadığı hissəyə uyğun olaraq arakəsmə divarla təcrid olunmuşdur. Tərəflərin hər birinin sanitar qovşağı ayrıdır. Hətta həyət arxa tərəfdən arakəsmə divarla bölünmüşdür. Apellyasiya icraatı zamanı əldə edilmiş:

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/9364 nömrəli ekspert rəyində ekspert göstərib ki: rəyin təsviri hissəsində qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-i tərəfindən verilmiş reyestr nömrəsi **********54-10301 olan çıxarışa əsasən Quba rayonu, Zizik kəndində 0.09 ha torpaq sahəsində yerləşən X9 (yalnız torpaq sahəsində), Cavabdeh (1/4 hissə) və İddiaçı (3/4 hissə) paylı mülkiyyətlərində olan fərdi yaşayış evinin ikinci mərtəbəsindən Cavabdeh hazırda faktiki olaraq bölünmüş vəziyyətdə istifadəsində olan 21.1 kv.metr otağın və 18.0 kv.metr olan bağlı eyvanın ayrıca giriş-çıxışı olmaqla İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun bəndlərinin və Məhkəmə Tikinti-X3 Metodlarının tələblərinə uyğun qaydada naturada təcrid mənzillər şəklində texniki cəhətdən ayrılması mümkündür.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, sonradan isə iddianın dəqiqləşdirilməsi ilə məhkəməyə müraciət edərək “Quba rayonu, Zizik kəndində yerləşən 3/4 hissədə ona, 1/4 hissədə isə Cavabdeh məxsus olmaqla, ikimərtəbəli yaşayış evinin ikinci mərtəbəsindən ona, yaşayış evinin birinci mərtəbəsindən isə cavabdehə istifadə etmək qaydalarının müəyyən edilməklə, naturada bölünməsi” barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

9. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(027)-1012/2020 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh azyaşlı uşaqları ilə birlikdə Quba rayonu, Zizik kəndində yerləşən, qeydiyyat nömrəsi ********** olan, xx.xx.2019-cu il tarixli çıxarışla X4 məxsus 142,2 kvm sahəsi olan evə istifadə hüquqları tanınması və həmin evə köçürülməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(105)-2449/2020 saylı qətnaməsi ilə Quba Rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli 2(027)-1012/2020 saylı qətnaməsi Cavabdeh və uşaqlarının Quba rayonu, Zizik kəndində yerləşən və xx.xx.2019-cu il tarixli çıxarışla X4 məxsus evdən istifadə hüquqlarının tanınması hissəsində ləğv edilməsi və iddianın həmin hissədə təmin edilməməsi, qalan hissədə, yəni iddiaçının və uşaqlarının mübahisəli evə köçürülmələri hissəsində qətnamə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışına əsasən yaşayış evinin 3/4 hissəsi ona, 1/4 hissəsi isə Cavabdeh məxsusdur. O, anası ilə həmişə evin ikinci mərtəbəsində yaşamış və vərəsəlik şəhadətnaməsi əsasında yaşayış evinin 3/4 hissəsi ona keçdikdən sonra da o, anası ilə ikinci mərtəbədə yaşayır. Cavabdeh ona yaşayış evinin 1/4 hissəsi keçənə kimi də evin birinci mərtəbəsində yaşamışdır. Yuxarıda qeyd olunan qətnamənin icrası ilə əlaqədar, aralarında evin istifadə qaydalarına dair cavabdeh mübahisə yaratmış və təkid etmişdir ki, uşaqları ilə birlikdə yaşayış evinin ikinci mərtəbəsində yaşasın. Bununla əlaqədar Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru qətiyyən qanuna hörmət qoymadan, cavabdehin tələbi ilə onu və uşaqlarını yaşayış evinin ikinci mərtəbəsinə daimi yaşaması üçün imkan vermədiyinə görə onu inzibati məsuliyyətə cəlb edərək, məhkəmədə 500 manat cərimə olunmağına nail olmuşdur. Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnamələrində cavabdehin sadəcə uşaqları ilə evə köçürülməsi qət edilmişdir. Yaşayış evinin 3/4 hissəsi ona məxsus olduğundan 1/4 hissəsi isə Cavabdeh məxsus olduğundan, o, yaşayış evinin ikinci mərtəbəsində, o isə evin birinci mərtəbəsində yaşamalıdır. Məhkəmə qətnaməsinə əsasən, mülkiyyət hüququ əsasında yaşayış evinin yuxarıda qeyd edilən paylara uyğun olaraq, yaşayış evinin ikinci mərtəbəsində onun və anasının, birinci mərtəbəsindən isə cavabdehin istidafə qaydaları müəyyən edilməlidir.

10. Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-182/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.( hakim V.Seyidov)

11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın çıxarışına əsasən Quba rayonu, Zizik kədində yerləşən 142.3 kv.m fərdi yaşayış evi Cavabdeh ilə İddiaçı birgə mülkiyyətindədir. Həmin fərdi yaşayış evinin 1/4 hissəsinə Cavabdeh, 3/4 hissəsinə İddiaçı payı müəyyən edilmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(027)-1012/2020 saylı qətnaməsi ilə Cavabdeh azyaşlı uşaqları ilə Quba rayonu, Zizik kədində yerləşən 142,2 kv.metr sahəsi olan evə istifadə hüquqları tanınması və həmin evə köçürülmələri müəyyən edilsə də, Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(105)-2449/2020 saylı qətnaməsi ilə Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(027)-1012/2020 saylı qətnaməsi Cavabdeh həmin evdən istifadə hüquqlarının tanınması hissəsində ləğv edilmiş və qətnamə Cavabdeh və uşaqlarının mübahisəli evə köçürülməsi hissəsində qüvvədə qalmışdır. Hazırda İddiaçı və Cavabdeh mübahisə predmeti olan evdə birgə yaşayırlar. Qeyd edilən mənzilə dair Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq rəyindən görünür ki, Quba rayonu, Zizik kədində yerləşən 142,2 kv.metr sahəsi olan yaşayış evinin texniki bölünməsinin mümkünlüyü müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edib ki, iddia təmin edilməli, **********54-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Quba rayonu, Zizik kəndində 0.09 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 142,3 kv.metr olan fərdi yaşayış evi ekspert rəyinə uyğun, texniki pasportda göstərilən 2,5,6,8,9,10,11saylı literlərdə olan otaqlar paylara yaxın şəkildə 3/4 hissədə olmaqla cəmi 108.0 kv.metr sahə İddiaçı istifadəsində qalmaqla, texniki pasportda göstərilən 3,4-saylı literlərdə olan otaqların paylara yaxın şəkildə ümumi sahəyə əlavə edilməyən V (talvar, anbar) tikilisinin yerində küçəyə tərəf qapı açılmaqla, eyni zamanda mətbəx və sanitar qovşağı (ayaqyolu-hamam) inşa edilməklə, texniki pasportda göstərildiyi kimi ayrı-ayrı giriş-çıxışı olmaqla 1/4 hissədə cəmi 34.3 kv.metr sahə Cavabdeh istifadəsində qalmaqla, paylar iddiaçı və cavabdeh arasında İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun bəndlərinin və Məhkəmə Tikinti-X3 Metodlarının tələblərinə uyğun qaydada naturada təcrid mənzillər şəklində bölünməlidir.

12. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1, 220.1, 220.2, 220.3, 220.4-cü maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh Telli Səmədova qətnamədən apellyasiya şikayəti vermişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə əhəmiyyətli halları nəzərə almamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-69/2024 nömrəli qətnaməsindən göründüyü kimi, həmin iş üzrə cavabdehin, hazırkı iş üzrə iddiaçı X18 faktiki bölgünün aparıldığını, lakin rəsmi olaraq sənəd almaq istədiyini məhkəmə iclasında bildirmişdir. Məlum olduğu kimi məhkəmə cavabdehlə birgə 03 azyaşlı və 01 yetkinlik yaş həddinə çatmış övladlarının yaşadıqlarına hüquqi qiymət verməmişdir. Digər tərəfdən, evin faktiki olaraq iddiaçının istifadəsində olan birinci mərtəbəsinin otaqlarının döşəməsinin betondan olduğuna, qrunt sularının təsiri altında həmin otaqların divar və döşəmələrinin daima nəm olduğuna, həmin səbəbdən yaşayış üçün yararsız olduğuna görə həmin otaqlardan hətta faktiki istifadəçinin istifadə etmədiyinə münasibət bildirilməmişdir. Nəmlik səbəbindən birinci mərtəbədə hətta məişət əşyalarının saxlanılması mümkün deyildir. Bu halda 4 uşağı ilə birlikdə cavabdehin rütubətli, yaşayış üçün yararsız olan belə otaqda acınacaqlı həyat tərzi sürə biləcəyini məhkəmə nəzərə almamışdır. Göründüyü kimi məhkəmə cavabdehin hüquqlarının kobud surətdə pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə iddia tələbinin rədd edilməsi barədə yeni və qanuni qətnamə qəbul edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, hazırkı vəziyyətdə mübahisəsi gedən fərdi yaşayış evinin ikinci mərtəbəsində o uşaqları ilə birlikdə yaşayır. İddiaçı tərəfin yaşayış otaqları ilə onun otağı arasında divar arakəsmə inşa etmişlər. Onun evinə giriş çıxışı həyətin digər hissəsindən pilləkən vasitəsilə birbaşa evin ikinci mərtəbəsinədir. Fərdi yaşayış evində onun müəyyən payı vardır. Həmin pay evin mərtəbəsinə deyil, sahəsinə uyğun müəyyən edilib. İddiaçı tərəfin evin yalnız aşağı mərtəbəsindən onun istifadə etməsinin müəyyən edilməsi barədə dəlilini əsassız hesab edir və bununla razılaşmır. Göstərilənlərə əsasən sonda cavabdeh apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, cavabdeh hazırda evin ikinci mərtəbində yaşayır. Onlar da ikinci mərtəbədə yaşadıqları üçün mütəmadi olaraq səs-küy, narahatçılıq onların normal yaşayışlarına maneə yaradır. Bu səbəbdən hesab edir ki, cavabdeh tərəfin evin birinci mərtəbəsində yaşayış və istifadə hüququ müəyyən edilməlidir. İş üzrə iki ekspert rəyi əldə edilmişdir. Həmin rəylərdən birincisini əsaslı, ikincisini əsassız hesab edir. Eyni ünvana dair fərqli ekspert rəyi verilməsi ekspertizanın düzgün keçirilmədiyini sübut edir. Göstərilənlərə əsasən iddiaçı sonda apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Mülki Məcəlləsi; Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.2.Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər Maddə 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Maddə 221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli Qərarında Məhkəmənin hüququ mövqeyi ondan ibarət olmuşdur ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 06 dekabr 2024-cü il tarixli Qərardadı.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.2. Əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayırKassasiya baxışının hədləri. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya şikayətindən görünür ki, apellyator Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-182/2023 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

23. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş materialları ilə birlikdə tam və hərtərəfli araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməlidir.

25. İddia tələbinin ümumilikdə mahiyyətindən görünür ki, tələb iki hissədən-payın naturada ayrılması və istifadə qaydalarının müəyyən edilməsi barədədir.

26. İddianın dəqiqləşdirilməsi tələbinə nəzər saldıqda görünür ki, həmin ərizə məhkəmənin baxış iclasında verilmiş, birinci instansiya məhkəməsi də icraata qəbul edərək mahiyyəti üzrə baxmışdır. Lakin cavabdeh tərəf bunu mübahisələndirməmişdir.

27. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, iddia tələbinin hansısa formada dəyişdirilməsi (azaldılması və ya artırılması) və bu ərizənin məhkəmə baxışı iclasında təqdim olunması (MPM-in 53-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş hallar istisna olmaqla) MPM-in normalarının pozulması deməkdir.

28. Lakin konkret halda kollegiya dəyişdirilmiş iddia tələbinin mübahisələndirilmədiyini, hər iki tərəf paylarının naturada ayrılmasında maraqlı olduğunu, eləcə də əlavə vaxt itkisinin qarşını almaq, həmçinin prosessual qənaət prinsipi baxımından apellyasiya instansiya məhkəməsi işə bu qaydada baxılmasını mümkün hesab etmişdir

29. Baxılan işin mübahisəsiz halarından müəyyən edilir ki, Quba rayonu, Zizik kədində yerləşən 0.09 ha torpaq sahəsinin 7/16 hissəsi Cavabdeh, 6/16 hissəsi Əsbət Səlimovaya, 3/16 hissəsi isə İddiaçı məxsus olmaqla, üzərində yerləşən 142.3 kv.m fərdi yaşayış evinin 1/4 hissəsi Cavabdeh, ¾ hissəsi isə İddiaçı məxsusdur.

30. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparan kollegiya ilk növbədə qeyd edir ki, yalnız iddia tələbində qeyd olunan əsaslarla iddia irəli sürüldükdə, bu həmin tələblərin birmənalı olaraq təmin olunması anlamına gəlinə bilməz. Həmin iddiaların təmin olunması üçün ilk növbədə hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.

31. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 220-ci maddəsi təşkil edir. Məcəllənin 220.2-220.3-cü maddələrinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.

32. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

33. İstinad olunan maddi hüquq normalarının mənasına görə ilk növbədə əşyadakı payın naturada ayrılması barədə iddia tələbinə baxan məhkəmə belə ayrılmanın mümkün olub-olmadığını, həm də bunun ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkünlüyünü araşdırmalıdır.

34. Qeyd olunan qaydanın tətbiqi həm ayrılmaq istəyən paylı mülkiyyətçinin, həm də qalan mülkiyyətçinin mülkiyyət hüquqlarının müdafiəsinə yönəlmişdir.

35. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayan kollegiya bildirir ki, iddiaçı payın naturada ayrılmasını tələb etməklə yanaşı, eyni zamanda özünün müəyyən etdiyi qaydada, yəni yaşayış evinin birinci mərtəbəsindən cavabdehin, ikinci mərtəbəsindən isə özünün istifadə qaydasının müəyyən edilməsini xahiş etmişdir.

36. Lakin təqdim olunmuş sənədlərdən müəyyən edilir ki, tərəflərin hər birinin yaşayış sahəsində payı ümumi əmlakdan müəyyən edilmişdir. Kollegiya qeyd edir ki, iddiaçının arzu etdiyi qaydada istifadə qaydalarının müəyyən edilməsi yalnız tərəflərin özlərinin razılığı əsasında müəyyən edilə bilər, əks halda iş üzrə keçirilmiş ekspertiza rəyi əsas kimi götürələrək, iddia tələbi ekspert rəyinə uyğun həll edilməlidir.

37. Belə ki, kollegiya tərəfindən mübahisəli əmlaka yerli baxış keçirilirkən müəyyən edilmişdir ki, iddiaçı tərəf öz ailə üzvləri ilə birlikdə evin ikinci mərtəbəsində yaşamaqla, onun evə giriş-çıxışı evin qabaq hissəsindəndir. Cavabdeh də hazırda ailə üzvləri ilə birlikdə evin ikinci mərtəbəsində yaşayır, lakin onun evə giriş-çıxışı ayrıca pilləkən quraşdırılmaqla evin arxa (yol tərəfə) tərəfindəndir. Yaşayış evi ikinci mərtəbədə tərəflərin faktiki yaşadığı hissəyə uyğun olaraq arakəsmə divarla təcrid olunmuşdur. Tərəflərin hər birinin sanitar qovşağı ayrıdır. Hətta həyət arxa tərəfdən arakəsmə divarla bölünmüşdür.

38. Yerli müayinə zamanı yaşayış evinin birinci mərtəbəsinə, xüsusən də birinci instansiya məhkəməsi tərəfindən cavabdehə ayrılmış hissəyə də baxış keçirilmiş və bu zaman müəyyən edilmişdir ki, otaqların biri nisbətən təmirli olsa da, digər otaq tamamilə təmirsiz, eləcə də rütubətlidir. Həmin otaqların çıxış hissəsi evin qabaq hissəsinədir (i/m 1-ci cild səh.223).

39. Kollegiya qeyd edir ki, mübahisəli yaşayış sahəsi tərəflərin paylı mülkiyyətində olduğundan və hətta payların qeyri-bərabər olmasına baxmayaraq naturada ayrılmanın iddiaçının arzu etdiyi formada həyata keçirilməsi, cavabdehin mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməlidir.

40. Belə ki, tərəflərin hər ikisi bərabər hüquqlu olmaqla öz payları üzərində qanunvericiliklə müəyyən olunmuş hüquqlara, o cümlədən sərbəst qaydada istifadə etmək üçün subyektiv hüquqa malik olan şəxslərdir.

41. Mübahisənin həllinə yuxarıda göstərilən kontekstdən yanaşan kollegiya mübahisəyə aydınlıq gətirilməsi üçün xüsusi biliklər tələb olunduğunu hesab edərək, iş üzrə əlavə tikinti-texniki ekspertizası təyin etmiş və ekspert qarşısında mübahisəli yaşayış sahəsinin mülkiyyətçilərin payına uyğun naturada ayrılmasının mümkünlüyü barədə müvafiq suallar qoymuşdur.

42. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/9364 nömrəli ekspert rəyində qeyd olunub ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-i tərəfindən verilmiş reyestr nömrəsi **********54-10301 olan çıxarışa əsasən Quba rayonu, Zizik kəndində 0.09 ha torpaq sahəsində yerləşən X9 (yalnız torpaq sahəsində), Cavabdeh (1/4 hissə) və İddiaçı (3/4 hissə) paylı mülkiyyətlərində olan fərdi yaşayış evinin ikinci mərtəbəsindən Cavabdeh hazırda faktiki olaraq bölünmüş vəziyyətdə istifadəsində olan 21.1 kv.metr otağın və 18.0 kv.metr olan bağlı eyvanın ayrıca giriş-çıxışı olmaqla İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun bəndlərinin və Məhkəmə Tikinti-X3 Metodlarının tələblərinə uyğun qaydada naturada təcrid mənzillər şəklində texniki cəhətdən ayrılması mümkündür.

43. Araşdırılan iş üzrə təqdim edilmiş ekspert rəyindən də görünür ki ümumi paylı mülkiyyətdə olan yaşayış evindən tərəflərin, faktiki yaşadığı hissədə payının naturada ayrılması həmin evin təyinatına tənasübsüz zərər vurulmadan da mümkündür, həmçinin ümumi mülkiyyətdə olan fərdi yaşayış evindən tərəflərin, eləcə də payların naturada ayrılması mülkiyyət üzvlərinin əsaslı mənafelərinə qanunsuz müdaxiləyə səbəb olmur.

44. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 06 dekabr 2024-cü il tarixli Qərardadının 43-cü bəndində qeyd edilmişdir ki, məhkəmə payın naturada ayrılmasının formaları barədə hər bir tərəfin təklifini dinləməli, mübahisəli məqamların alternativ həlli yolları ilə bağlı qarşılıqlı müzakirələr aparmalıdır. Bundan sonra yekun təkliflər əsasında, bunun mümkün olmadığı halda isə tərəflərin mənafelərinə bərabər şəkildə xidmət edəcək ən əlverişli formada naturada ayrılmanın mümkünlüyünü prosessual qanunvericiliyin yol verdiyi imkanlardan istifadə etməklə araşdırmalıdır.

45. Mübahisənin həllinə bu kontekstdən yanaşan kollegiya qeyd etməyi vacib bilir ki, ekspert rəyində göstərilən qaydada payların dəyişməsi ilə nəticələnən naturada bölgü cavabdehin payından kənara çıxma ilə deyil, iddiaçının payından kənara çıxmanı, yəni, ona düşən payın çüzi şəkildə (3.5 kv.m) azalması ilə nəticələnsə də, iddiaçı israrlı şəkildə buna etiraz etməmiş, yalnız evin qarşı hissəsində yerləşən torpaq sahəsi ilə bağlı qarşılıqlı razılığa gəlmək niyyətində olduğunu, cavabdeh də uzunsurən məhkəmə çəkişmələrindən qurtarmaq məqsədilə artıq hissə (3.5 kv.m ) ilə bağlı qarşılıqlı razılığa gələ bilmək imkanının tükənmədiyini bildirmişdir.

46. Beləliklə, kollegiya payın naturada ayrılmasının forması barədə hər bir tərəfin fikrini dinləməklə, mübahisəli məqamların alternativ həlli yolunu sonuncu ekspert rəyində göstərilən qaydada müəyyən edilməsini daha ağlabatan hesab etmişdir.

47. Kollegiya bu qənaətə gələrkən (eləcə də sonuncu ekspert rəyini əvvəlki rəydən fərqləndirərkən) həm də hesab etmişdir ki, nə qədər ki tərəflər artıq öz aralarında vaxtilə razılaşaraq yuxarıda qeyd olunan formada bölgü aparıb mübahisəni bu qaydada həll etmişlər və həmin bölgüyə əsasən cavabdehin yaşadığı sahə iddiaçı tərəfin yaşadığı sahədən təcrid olunmaqla, ayrıca giriş-çıxışı var, onda naturada bölgünün də məhz həmin qaydada, yəni tərəflərin faktiki yaşadığı və vərdiş etdikləri vəziyyətdə bölünməsi daha məqsədəmüvafiqdir. Əks halda, yəni payların digər qaydada naturada ayrılması tərəflər arasında daha uzun sürən məhkəmə mübahisələrinin davam etməsi ilə nəticələnə bilər. Odur ki, məhkəmə kollegiyası qeyd olunan ekspert rəyini mötəbər sübut kimi qiymətləndirir və hesab edir ki, mübahisənin həlli məhz həmin rəyə uyğun formada həll edilməlidir.

48. Kollegiyanın qənaətinə görə hazırkı iş üzrə əldə edilən nəticə, tərəflər arasında yaranmış mübahisənin mahiyyəti, mübahisəli yaşayəş sahəsinə paylı mülkiyyətçilərin mülkiyyət hüququn qorunması baxımından ədalətli yanaşma hesab edilməlidir.

49. Beləliklə, yuxarıda qeyd olunanları ümumiləşdirən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı qarşılqılı münasibətə düzgün qiymət verməməklə, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etməmişdir. Bu səbəbdən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilməlidir.

50. MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütanasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

51. Kollegiyanın qənaətinə görə iddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumu və aparılmış ekspertiza tədqiqatının dəyəri tərəflər arasında mütənasib qaydada bölünməlidir.

52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.3, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-182/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. **********54-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Quba rayonu, Zizik kəndində 0.09 ha torpaq sahəsində yerləşən X9 (yalnız torpaq sahəsində), Cavabdeh (1/4 hissə) və İddiaçı (3/4 hissə) paylı mülkiyyətlərində olan fərdi yaşayış evinin ikinci mərtəbəsindən Cavabdeh hazırda faktiki olaraq bölünmüş vəziyyətdə istifadəsində olan 21.1 kv.metr otağın və 18.0 kv.metr olan bağlı eyvanın ayrıca giriş-çıxışı olmaqla İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun bəndlərinin və Məhkəmə Tikinti-X3 Metodlarının tələblərinə uyğun qaydada naturada təcrid mənzillər şəklində bölünsün. Ödənilmiş dövlət rüsumunun 50 (əlli) manatı Cavabdeh alınaraq İddiaçı verilsin. Dövlət rüsumunun qalan 50 manat hissəsi iddiaçıya aid edilsin. İş üzrə ekspertiza xərci 100 (bir yüz) manatın 50 (əlli) manatı İddiaçı, 50 (əlli) manatı isə Cavabdeh alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar