Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-912/2022 11.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, İddiaçı Yevqenyevnanın, tərcüməçi X1 iştirakı ilə, İddiaçı Yevqenyevnanın Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə çıxarılmış Qusar Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 2(029)- 1064/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Qusar Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.Vəliyev) iddia tələbinin təmin edilməsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4504/2015 saylı 22 oktyabr 2015-ci il tarixli qərarı ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək xx xxxxxx 1987-ci ildə Ukrayna Respublikası Odessa şəhərində anadan olmuş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2 ünvanda yaşayan Cavabdeh İddiaçı Yevqenyevnanın xeyrinə 15 sentyabr 2012-ci il təvəllüdlü X4 və 25 aprel 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 175 (yüz yetmiş beş) manat olmaqla cəmi isə 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin tutulması, miqdarı dəyişdirilmiş alimentin tutulması bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir. Cavabdeh Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Yevqenyevna Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən birgə nikahdan olan uşaqları, 15 sentyabr 2012-ci il təvəllüdlü Nikita və 25 aprel 2014-cü il təvəllüdlü Mixayıl adlı uşaqların saxlanmaları üçün onun xeyrinə tutulan alimentin miqdarının artırılmasına və cavabdehlə birgə nikahlarından olan 15 sentyabr 2012-ci il təvəllüdlü Nikita və 25 aprel 2014-cü il təvəllüdlü Mixayıl adlı uşaqların saxlanmaları üçün hər ay hər uşağa görə 175 manat olmaqla cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 10 oktyabr 2010-cu il tarixdə nikahı rəsmi qeyd etdirməklə cavabdehlə ailə həyatı qurmuşdur. Cavabdeh ilə birgə nikahlarından 15 sentyabr 2012-ci il təvəllüdlü Nikita və 25 aprel 2014-cü il təvəllüdlü Mixayıl adlı uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün ayrılmışlar və aralarındakı nikah 22 dekabr 2015-ci il tarixdə pozulmuşdur. Cavabdehlə ayrıldıqları vaxtdan azyaşlı uşaqlar onun himayəsində qalmışlar. Qusar rayon məhkəməsinin 06 mart 2015-ci il tarixli 2(029)- 175/2015 saylı qətnaməsinə əsasən cavabdehdən azyaşlı uşaqların saxlanmaları üçün onun xeyrinə hər ay hər uşağa görə 80 (səksən) manat olmaqla cəmi 160 (yüz altmış) manat miqdarında alimentin tutulması qət edilmişdir. Həmin qətnamədən onun tərəfindən Apellyasiya şikayəti olmuş, Apellyasiya məhkəməsi Qusar rayon Məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır. Sumqayıt Apellyasiya məhkəməsinin qətnaməsindən onun tərəfindən Ali Məhkəməyə kassasiya şikayəti olmuş və Ali Məhkəmənin 22 oktyabr 2015-ci il tarixli 2(102)-4504/2015 saylı qərarına əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilərək hər uşağa görə 100 (yüz) manat olmaqla, iki uşağa görə 200 (iki yüz) manat sabit pul məbləğində aliment verilməsi qət edilmişdir. Beləliklə, hal-hazırda cavabdeh ona uşaqların saxlanması üçün hər ay 200 (iki yüz) manat aliment ödəyir. Bildirir ki, cavabdehin ona ödədiyi 200 (iki yüz) manat aylıq aliment uşaqların cüzi ehtiyaclarını belə ödəməyə kifayət etmir. Belə ki, uşaqlar böyüdükcə onların maddi ehtiyaclarıda artır. Uşaqların gündəlik ehtiyaclarını ödəyə bilmir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Qusar Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən maddi normaların tələblərini pozmuş, mübahisəyə düzgün qiymət verməmişdir. İşə baxılarkən ayrı-ayrı məhkəmə tərkibləri arasında alimentin təyini, əmək və qazancın və sairənin müəyyən edilməsinə münasibətdə fərqli hüquqi yanaşmaların mövcud olduğu müəyyən olunmuşdur. Məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədi ilə Apellyasiya Məhkəməsinin mübahisəli hüquqi məsələyə dair vahid hüquqi mövqeyini təsbit edən qətnaməsinin qəbul edilməsi zərurəti yaranmışdır. Məhkəmənin qətnaməsi qanunsuz və əsassız hesab edilməli, tətbiq edilməli olan hüquq normaları tətbiq edilməlidir. Məhkəmə isə, ümumiyyətlə kor təbii qətnamə çıxartmışdır. Məhkəmə nəzərə almamışdır ki, o halhazırda X9 ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Birgə nikahdan 08.08.2016-cı il təvəllüdlü X5 və 15.04.2021-cı il təvəllüdlü X3 olmuşdur. Bundan başqa, onun rəsmi iş yeri vardır və əmək haqqı 669 manat 71 qəpik təşkil edir. Qanuna əsasən, 3 və daha çox uşağa əmək haqqının ½ hissəsində aliment təyin edilməlidir. Onun 4 uşağı olduğu üçün 669 manat 71 qəpik ½ hissəsi 335 manat edir onu da 2 ailənin uşaqların arasında bərabər böldükdə 1 uşağa 84 manat olmaqla 2 uşağa 168 manat təşkil edir. O isə bu günə kimi Ali məhkəmənin qərarına əsasən hər uşağa 100 manat olnaqla cəmisi 200 manat aliment verir və verməkdə də davam etmək istəyir. Lakin Qusar rayon məhkəməsi isə qanunu pozaraq əmək haqqına görə alimenti müəyyən etmək əvəzinə iş yeri və əmək haqqı olmamış kimi sabit pul məbləğində aliment təyin etməklə qanunu pozmuşdur. Lakin qeyd etmək istəyir ki, məhkəmə tərəfindən aliment təyin olunarkən, eləcə də, bundan sonra da, onun ailə və maddi vəziyyəti və sairə məsələləri nəzərə alınmamışdır. O, yenidən ailə quraraq rəsmi nikaha daxil olmuşdur. İddiaçıya isə bu qədər təyin olunmuş alimenti ödəməyə imkanı yoxdur. İş yeri məlum, əmək haqqı məlumdur, başqa heç bir gəlir əldə etmir, buna fiziki cəhətdən də, imkanı yoxdur. Qusar rayon məhkəməsi qanunsuz və əsassız olaraq alimentin artırılması barədə ədalətsiz qətnamə çıxartmışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı Yevqenyevna apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və iddiaçının izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini iddiaçı ilə cavabdehin ümumi birgə nikahlarından anadan olmuş azyaşlı Nikita və Mixayıl adlı uşaqların təkbaşına saxlanmasının iddiaçı üçün çətin olmasını, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4504/2015 saylı 22 oktyabr 2015-ci il tarixli qərarının qəbul edildiyi vaxtdan 6 ildən çox müddət keçməsini, həmin qərar ilə təyin olunmuş alimentin hazırda həmin uşaqların saxlanması üçün kifayət etməməsini və bunun isə iddiaçının maraqlarını və uşaqların mənafeyini əhəmiyyətli dərəcədə pozmasını, həmçinin işin digər hallarını nəzərə alması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsi). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Konstitusiyanın 34-cü maddəsinin İV hissəsinə görə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz (Ailə Məcəlləsinin 56.1. və 60.1. maddələri). Valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar (Ailə Məcəlləsinin 58.1. və 58.2. maddələri). Ailə Məcəlləsinin 112.1. maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qeyd etmək lazımdır ki, hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. Hər hansı bir valideyn övladının saxlanmasından yayındıqda və ya saxlamaqdan, maddi tələbatının ödənilməsindən imtina etdikdə onun valideynlik borcunun yerinə yetirilməsi üçün məcburi qaydada aliment alına bilər. Bu zaman ilk növbədə həmin valideynin aylıq qazancının olub-olmaması aydınlaşdırılmalı, əgər hər hansı bir aylıq qazancı yoxdursa və ya şəxsin qazancı uşaqların saxlanılması üçün yetərli hesab olunmazsa, onda ondan sabit məbləğdə aliment alınmalıdır. Alimentin miqdarı uşağın maddi tələbatının ödənilməsinin minimum həddində müəyyən edilir ki, uşağın saxlanılmasının yaşayışı minimum həddə təmin edilsin. Uşağın saxlanılması üçün yaşayış minimumdan az olmayaraq, daha yüksək həddə də alimentin tutulması istisna edilmir. Uşağın tələbatı yaş artıqda onun saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı da artırıla bilər. Hazırkı iş üzrə tərəflərin birgə nikahından olan 15 sentyabr 2012-ci il təvəllüdlü X4 və 25 aprel 2014-cü il təvəllüdlü X2 saxlanılması üçün 2015-ci il tarixdə alimentin miqdarı bir uşaq üçün 100 manat müəyyən edilmişdir ki, hazırda həmin vaxtdan uzun müddətin keçməsi, uşaqların tələbatının artması nəzərə alınarsa, iddiaçı haqlı olaraq alimentin məbləğinin artırılması barədə məhkəmə müraciət etmişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən uşaqların saxlanılması üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması barədə gəlinən nəticə qanuni və əsaslı hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Qusar Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası MPM-nin 112.1.3. maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə tələb Ali Məhkəmə tərəfindən bir uşaq üçün tutulan 100 manat olmaqla 200 manat miqdarında alimentin artırılaraq hər ay hər uşaq üçün 175 (yüz yetmiş beş) manat olmaqla 350 manat miqdarda tutulması təşkil edir (350-200=150 manat). Həmin artımın bir il ərzində məcmusu isə (150 X 12 ay = 1800 manat) 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2., 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-912/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-912/2022
11.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver