Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-912/2025 03.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: subroqasiya tələbi) X5 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 11 mart 2025-ci il tarixli, e-2(067)-977/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, müəyyən etdi: İşin halları:
1. İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4906,00 (dörd min doqquz yüz altı) manat sığorta ödənişi məbləğinin və 69,06 (altmış doqquz manat altı qəpik) manat dövlət rüsumunun, cəmi 4975,06 (dörd min doqquz yüz yetmiş beş manat altı qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixində PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Lexus LX470” markalı, ** SK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2018-ci il tarixdə “Lexus LX470” markalı, ** SK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Xaçmaz rayonu ərazisində yolnəqliyyat hadisəsi törətmiş, Xaçmaz “Parklar və İşıqlandırma” İdarəsinə məxsus fontana zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 4906,00 (dörd min doqquz yüz altı) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Xaçmaz RPŞ DYPŞ-dən ünvana İnzibati xəta haqqında Qərar daxil olmuş, həmin Qərara əsasən Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə təqsirli bilinmiş və Cavabdeh hadisə yerindən yayındığı qeyd olunmuşdur. Xaçmaz RPŞ DYPŞ-nin "xxxx" ASC-yə təqdim etdiyi Arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır.
3. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. 5109 nömrəli sığorta aktından müəyyən olunur ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə “Lexus LX470” markalı, ** SK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Xaçmaz rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmiş, Xaçmaz “Parklar və İşıqlandırma” İdarəsinə məxsus fontana zərər vurmuşdur. Sığorta ödənişinin məbləği 4906 manat təşkil edir.
5. 26.09.2018-ci il tarixli BO000012156 nömrəli ödəniş tapşırığından müəyyən olunur ki, "xxxx" ASC tərəfindən 4906 manat məbləğində pul Xaçmaz “Parklar və İşıqlandırma” idarəsinin hesabına ödənilmişdir.
6. İnzibati tənbeh vermə haqqında qərarın surətindən müəyyən olunur ki, Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə təqsirli bilinmiş və 100 manat cərimə olunmuşdur.
7. Xaçmaz "Parklar və İşıqlandırma" idarəsinin rəisi X3, Xaçmaz "Parklar və İşıqlandırma" İdarəsinin nəzarətçisi X4, Xaçmaz “Parklar və tşıqlandımıa" idarəsinin nəzarətçisi X2 iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, xx.xx.2018-ci il tarixdə, axşam saat 22:00 radələrində Xaçmaz Parklar və İşıqlandırma idarəsinin fəvvarələr parkı ərazisindəki fantan, Lexus markalı, ** SK *** dövlət nömrə nişanlı avtomaşın tərəfindən vurulmuş və idarəyə 6500.00 (altı min beş yüz) manat dəyərində maddi ziyan dəymişdir.
8. Mədaxil qəbzindən müəyyən olunur ki, "xxxx" ASC məhkəmədə iddia ərizəsinə baxılması üçün 69.06 manat məbləğində dövlət rüsumu ödəmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
9. Xaçmaz Rayon Məhkəməsinin 11 mart 2025-ci il tarixli, e-2(067)-977/2025 nömrəli qətnaməsi ilə (hakim Sərxan Səmədzadə) iddianın təmin edilməsi, Cavabdeh 4906 manat pul vəsaiti və 69.06 manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1, 1114.1, 1097.1, 21.1, 936.1, 936.2, 936.5-ci maddələri, «Azərbaycan Respublikasında nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında» Təlimatın 9 və 62-ci bəndləri, «İcbari sığortalar haqqında» Azərbaycan Respublikasının Qanununun 63.1-ci maddəsi, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 23-1, 284-5.1, 284-5.2, 284-5.3, 284-5.4, 284-6.1, 217.2, 14.2, 77.1, 119.1, 284-1, 216-220 və 222-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
11. Xaçmaz Rayon Məhkəməsinin 11 mart 2025-ci il tarixli, e-2(067)-977/2025 nömrəli qətnaməsi ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixdə o, həqiqətən də inzibati xəta törətmiş və inzibati xəta protokolu ilə təsdiqlənir. Lakin dəymiş zərərin məbləği ilə bağlı məhkəmə tərəfindən hər hansı dəqiqləşmə aparılmamışdır. İddia tələbində qeyd olunan sığorta ödənişi iddiaçının subyektiv qiymətləndirməsinin nəticəsidir. Həmin məbləğin absurd olması həm də onunla təsdiqlənir ki, zərər çəkmiş Xaçmaz “Parklar və İşıqlandırma” İdarəsinin tərtib etdiyi aktdan görünür ki, dəymiş zərərin ümumi məbləği 6500 manat təşkil edir. Təkcə bu faktın özü təsdiq edir ki, sığorta ödənişinin məbləği ilə Xaçmaz “Parklar və İşıqlandırma” İdarəsinin məbləği arasında kəskin fərq vardır. Təəssüf ki, hazırkı iddia tələbinə məhkəmə tərəfindən iddia icraatı qaydasında deyil, sadələşdirilmiş icraat qaydasında baxılmışdır. Əks təqdirdə bununla bağlı məhkəməyə əlavə sübutlar təqdim edə bilərdi, yaxud məhkəmə tərəfindən ekspertiza təyin oluna bilərdi. Bu səbəbdən hesab edir ki, məhkəmə tərəfindən Mülki Məcəllənin 636.1 və 636.2-ci maddələrinin tələbləri pozulmuşdur. İddiaçı "xxxx" ASC iddia tələbində qeyd etdiyi sığorta ödənişini aralarında bağlanılmış xx.xx.2018-ci il tarixli sığorta müqaviləsinə əsasən həyata keçirmişdir. Həmin müqavilə 1 (bir) il müddətinə, yəni xx.xx.2019-cu il tarixədək qüvvədə olmuşdur. Nəticə etibarilə hazırkı tələb müqavilə tələbidir. Müqavilə tələbləri üzrə iddia müddəti isə 3 ildir. Bu o deməkdir ki, həmin tələb üzrə "xxxx" ASC iddia müddətini hələ 2022-ci ildə ötürmüşdür. Odur ki, hazırkı iş üzrə iddia müddəti tətbiq edilməli və iddia rədd edilməli idi. İş materillarından görünür ki, Xaçmaz Rayon Məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 9.2-ci maddəsinin tələbləri, yəni ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsipi pozulmuşdur. Onun ümumiyyətlə yuxarıda qeyd olunmuş iddia ərizəsindən məlumatı olmamışdır. Bundan başqa, birinci instansiya məhkəməsi tərəfindən faktlar düzgün araşdırılmamışdır. Mülki Prosessual Məcəllənin 284-4-cü maddəsi verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmadığı halda iddia tələbinə sadələşdirilmiş icraat qaydasında baxılmasına yol vermir. İş materillarından görünür ki, iddia tələbində qeyd olunmuş məbləğ barədə əsaslandırılmış sübut mövcud deyil. Odur ki, Xaçmaz Rayon Məhkəməsi prosessual pozuntuya yol vermişdir. Hesab edirik ki, məhkəmə dəymiş zərərin məbləği ilə bağlı hissəni araşdırmamışdır.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
14. Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
15. İddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışının hədləri
16. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Maddə 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
18. “İcbari sığortalar haqqında” Azərbayan Respublikası Qanunu: Maddə 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.8. Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda. Maddə 63.1. Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müqaisəli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
21. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Məhkəmə kollegiyası araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh tərəfindən idarə edilən “Lexus LX470” markalı, ** SK *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci il tarixdə Xaçmaz “Parklar və İşıqlandırma” İdarəsinə məxsus fontana zərər vurmuşdur. Mülki məsuliyyətinin icbari sığortası şəhadətnaməsi üzrə "xxxx" ASC tərəfindən hadisə nəticəsində dəymiş zərərə görə sığorta ödənişi ödənilmişdir. İddiaçı "xxxx" ASC “İcbari sığortalar haqqında” Qanunun 63.1-ci maddəsinə müvafiq olaraq subroqasiya hüququnun yarandığını iddia edərək 4906 manat məbləğində sığorta ödənişinin əvəzinin ödənilməsini tələb edir.
23. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilmişdir.
24. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh apellyasiya şikayəti vermişdir.
25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə razılaşır və hesab edir ki, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlinmiş və tətbiq edilməli olan maddi hüquq normaları düzgün tətbiq edilmişdir.
26. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir.
27. Şikayətin dəlilindən göründüyü kimi apellyator birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulduğunu, məlumatlandırılmadığını mübahisələndirmişdir. Kollegiya şikayətin dəlilini əsassız hesab edir.
28. Belə ki, mülki iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin yaşayış yeri üzrə iddia ərizəsi və məhkəmə bildirişi göndərilmiş, xx.xx.2025-ci il tarixdə məhkəmə sənədləri cavabdeh tərəfindən rəsmi qaydada qəbul edilmiş, qanunla nəzərdə tutulmuş müddətdə iddiaya etiraz verilməmişdir (i/v56).
29. Şikayətin digər dəlili tərəflər arasında müqavilə münasibətlərinin olması, iddia tələbi üzrə üç illik iddia müddətinin tətəbiq edilməsi ilə bağlıdır. Məhkəmə kollegiyası şikayətin bu dəlilini də əsassız hesab edir.
30. Kollegiya vurğulayır ki, “Subroqasiya hüququ” sığorta ödənişi almış şəxsin sığorta hadisəsinin baş verməsində təqsirli olan səxs(lər)ə qarşı zərərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarının sığortaçıya keçməsidir.
31. Kollegiya qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış sığorta müqaviləsi üzrə yaranması güman edilən mübahisələrə tətbiq edilməli olan iddia müddəti ilə vurulmuş zərərin nəticələrinin aradan qaldırılmasından əmələ gələn mübahisələrə tətbiq edilməli olan iddia müddəti fərqli anlayışlardır.
32. Hazırkı halda öhdəlik sığorta müqaviləsindən deyil, vurulmuş zərərin nəticələrinin aradan qaldırılmasından əmələ gəlmişdir ki, bu cür iddialara da Mülki Məcəlləsinin 373.1-ci maddəsi ilə müəyyən edilən ümumi iddia müddəti şamil edilir.
33. Kollegiya qeyd edir ki, araşdırılan mübahisə ümumi iddia müddəti (on il) tətbiq edilən mübahisələrə aid olunduğundan, iddia tələbi üzrə iddia müddəti ötürülməmişdir.
34. Apellyatorun digər dəlili zərərin müəyyən edilməsinə dair müvafiq sübutların təqdim olunmaması ilə bağlıdır.
35. İş materialların əlavə edilmiş Hesablama arayışından görünür ki, Xaçmaz “Parklar və İşıqlandırma” İdarəsinə məxsus əmlaka 4906 manat zərər dəymiş və həmin məbləğ zərərçəkənə ödənilmişdir.
36. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlillərlə razılaşmır və hesab edir ki, həmin dəlillər formal mülahizəyə əsaslanmaqla, əsassızdır. Apellyasiya şikayətində qeyd olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
37. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 382, 384.0.1, 385 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 11 mart 2025-ci il tarixli, e-2(067)-977/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.