Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-914/2023 04.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 2(060)-440/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 400 manat maddi ziyanın və 30 manat ödədiyi dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə təxminən saat 18-19 radələrində cavabdeh-qonşusu Cavabdeh maşının arxasından çıxıb önə doğru gəlib əyilmiş, iddiaçının eyvanda olduğunu görən kimi özünü itirərək cəld şlanqı götürüb ağacları suvarmağa başlamışdır və iddiaçı onun maşının ətrafında fırlandığını görmüşdür. Təxminən 21 radələrində isə iddiaçı avtomaşını sürərkən qəfildən maşının təkərlərinin boşaldığını müşahidə etdikdə maşını saxlamış və maşının təkərlərini qonşusu sökdükdə təkərlərə bolt-qayka batdığını görmüşdür. Həmin anda 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Ramil adlı polis əməkdaşı həmin hadisə yerinə gəlib iddiaçıdan ərizə almışdır. Təhqiqat orqanı tərəfindən aparılmış araşdırma ilə Cavabdeh iddiaçıya məxsus əmlaka qəsdən ziyan vurması faktı təsdiq edilmiş və onun barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati material toplanaraq Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(060)- 2730/2022 saylı qərarı ilə cavabdeh barəsində olan inzibati xəta üzrə icraata İXM-nin 53.1.6-cı maddəsinə əsasən (inzibati məsuliyyətə cəlb etmə ilə bağlı bu məcəllənin 38-ci maddəsində nəzərdə tutulan 3 aylıq müddət başa çatdıqda) xitam verilmiş və iddiaçıya mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Göründüyü kimi icraata xitam vermə qərarı inzibati xəta törədən şəxsin 3 ay müddətində inzibati cəzaya məruz qalmaması və müddətin ötürülməsi səbəbindən qəbul edilmiş və bu da şəxsi maddi məsuliyyətdən azad etmir. İddiaçıya məxsus olan avtomaşının 4 təkəri cavabdehin təqsiri üzündən yararsız hala düşmüş və «Hunday Accent» markalı 99CD981 dövlət qeydiyyat nişanlı avtomaşında istifadə etdiyi «Kumho Solus» koreya istehsalı olan bir təkərin qiymətini orta bazar qiyməti əsasında hesabladıqda 4 təkərə görə dəymiş ziyanı 400 manat məbləğində qiymətləndirilir. Sumqayıt Şəhər Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 2(060)-440/2023 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh 400 manat maddi ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı ödənilməsi tələbinə dair iddia tələbi rədd edilmişdir (hakim Elmir Hüseynov). Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 2(060)-440/2023 nömrəli qətnaməsini ləğv edərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, yetərincə sübutların olmasına baxmayaraq məhkəmə təqdim etdiyi sübutları ondan qəbul etməmiş və birtərəfli işə baxaraq əsaslı iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul etmişdir. Qarşı tərəf 1-ci məhkəmə prosesinə gəlməmiş, 2-ci məhkəmə prosesində isə təkərin qiymətinin baha olmasından narazılığını bildirmiş və «bu nə maşın sürür ki, bu məbləğdə pulu məndən tələb edir?» demiş və məhkəmə ondan maşının dəyər qiyməti ilə bağlı sənəd təqdim etməsini demiş, qarşı tərəf növbəti məhkəmə prosesinə şahid gətirəcəyini bildirsə də, növbəti məhkəmə məhkəmə prosesinə ümumiyyətlə gəlməmiş, məhkəmə də onun təqdim etdiyi qiymətləndirmə barədə arayışı götürməmişdir. Qarşı tərəf məhkəmədə verdiyi ifadəsində bildirmişdir ki, guya o, oturacağı sındırmış, lakin belə bir hal baş verməmişdir, bu cavabdehin ona növbəti böhtanıdır. Belə ki, o, məhkəmə prosesində cavabdehə sual vermişdir ki, «mən skameykanı hansı tərəfdə qırmışam», o bildirdi ki, «skameykanı onların podyezinin qarşısında qırmışam», lakin qətnamədə isə onun ifadəsi kimi göstərilir ki, «Qızyetərgilin podyezinin qarşısındakı skameykanı guya o, qırmış, bununla da onun yalanı üzə çıxmış, sahə rəisi Şahmar Qəhrəmanov da bu zaman onun yanında olmuşdur. Qarşı tərəf AR DİN-nin 102 xidmətinə zəng vurmuşdur ki, guya o, ağac qırmış, AR DİN 102 xidmətinin göndərişi ilə 4-cü PB-nin əməkdaşları ora gələrək onu və cavabdehi çağırmışlar, lakin ağacın qırılmadığı təsdiq olunmuş və onun daha bir yalanı da üzə çıxmışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qəbul edilmiş qərarın surəti, naməlum şəxslərin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati tənbeh tədbirlərinin görülməsindən ötrü Sumqayıt ŞPİ-nin 4-cü PB-nə göndərilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2730/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən xitam verilmiş, zərərçəkmiş şəxs İddiaçı vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi üçün mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları izah olunmuşdur. Birinci instansiya məhkəməsində aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2022-ci ildə özünə məxsus avtomobili idarə edərkən sükanının ağırlaşdığını hiss etmiş, baxarkən avtomobilin ön təkərlərinin boşaldığını və təkərlərə bolt batırıldığını görmüşdür. Bundan sonra iddiaçı 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş, Cavabdeh təqsirli olduğunu bildirmişdir. xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı ilə cinayət işinin başlanması rədd edilmiş, qəbul edilmiş qərarın surəti, naməlum şəxslərin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati tənbeh tədbirlərinin görülməsindən ötrü Sumqayıt ŞPİ-nin 4-cü PB-nə göndərilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2730/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən xitam verilmiş, zərərçəkmiş şəxs İddiaçı vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi üçün mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları izah olunmuşdur. Bundan sonra iddiaçı hazırki iddia tələbi ilə müraciət etmişdir. İddiaçı avtomobilinə cavabdeh tərəfindən ziyan dəydiyini bildirsə də, bunu sübut edə bilmir. Sadalananlara əsasən, birinci instansiya məhkəməsi İddiaçı Cavabdeh qarşı “maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddiasının sübuta yetirilməməsi səbəbindən iddia tələbini təmin etməmişdir. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında aparılmış araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ona məxsus avtomobilə cavabdeh tərəfindən ziyan vurulduğunu bildirsə də, iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı sübutları məhkəmə kollegiyasına təqdim edə bilməmiş, şikayətinin əsası kimi Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2730/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına istinad etsə də, həmin qərarda Cavabdeh İddiaçı zərərin vurulmasında təqsirli olması öz təsdiqini tapmamış, Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlbetmə müddətinin keçməsi səbəbindən xitam verilmiş, tərəflərin məhkəmə iclasında verdikləri izahatlarla da qərarda qeyd edilən halların əksi sübut olunmamışdır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iş üzrə qəbul edilmiş qətnamə işin faktiki hallarına və yuxarıda sadalanan maddi hüquq normalarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda iddiaçı apellyasiya şikayətinin dəlillərini qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qənaətinə gəldiyindən qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 2(060)-440/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-914/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-914/2023
04.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver