Məhkəmə qərarları › İş №2(105)-915/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-915/2021

06.04.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-915/2021 06.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Tağızadə Gülnarə Fikrət qızının və Quliyev Telman Osman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi, üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)- 2144/2020 saylı, 14.10.2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 2(012)-2144/2020 saylı, 14.10.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 19, 58 saylı mənzildən 30 noyabr 2020-ci il təvəllüdlü övladı X8 və əşyaları ilə birlikdə hüququ olmayan şəxs kimi çıxarılması və mənzilin İddiaçı təhvil verilməsi qət edilmişdir (hakim E.T.Məmmədov). Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 2(012)-2144/2020 saylı, 14.10.2020-ci il tarixli qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ünvan 1-ə hüququ olmayan şəxs hesab edilməsi, 30 noyabr 2020-ci il təvəllüdlü övladı X8 ilə birlikdə əşyaları ilə birlikdə ünvan 1-dən çıxarılması və mənzilin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ilə razı deyildir, həyat yoldaşından boşandıqdan sonra uşağı üçün aliment tələb etdikdə qarşı tərəf onu evdən çıxaracağını bildirmişdir. Məhkəmə qətnaməsi ilə 160 manat aliment müəyyən edilmişdir. Hər şey qaynanasının adına olub, keçmiş həyat yoldaşının adına heç nə olmayıb. Abşeron rayonu, Xırdalan şəhərui, 28-ci məhəllə, ev 19, 58 saylı mənzil qaynanasının adına olmuş, 2012-ci ildə isə baldızı İddiaçı adına keçmişdir. Hal-hazırda oğlu ilə birlikdə həmin evdə yaşayır. Odur ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 2144/2020 saylı, 14.10.2020-ci il tarixli qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə teleqram vuraraq sağlamlığı ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs “xxxx” ASC-nin nümayəndəsi X6 izahatında göstərdi ki, mübahisəli mənzil ipoteka müqaviləsinə əsasən “xxxx” ASC-nin xeyrinə yüklü edilmişdir. Hazırda həmin ipoteka müqaviləsinə dair məhkəmə mübahisəsi var. Həmin mübahisədə Cavabdeh olaraq göstərilməmişdir. Hazırki iddianın mövcudluğundan məhkəmə tərəfindən üçüncü şəxs qismində işə cəlb olunduqdan sonra məlumatlı olublar Qeyd olunanlara əsasən mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iş üzrə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-haki¬min məruzəsini, tərəflərin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsində İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh onun qardaşı X9 ilə 29 sentyabr 2009-cu ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından 30 noyabr 2010-cu il təvəllüdlü Cavidan anadan olmuşdur. Cavabdehin qardaşı ilə nikahı məhkəmə qaydasında pozulmuşdur və həmin qətnaməyə əsasən, uşağın ananın yanında saxlanılması qət edilmişdir. Cavabdeh müvəqqəti olaraq onun mülkiyyətində olan ünvan 1 ünvanında 2010-cu ildən etibarən uşağı ilə yaşayır. Ev 2009-cu ilədək özəlləşdirilmiş, 2011-ci ildən əvvəl onun anasının adına olmuş, sonra anası evi ona bağışlamışdır və 2011-ci ildən onun adınadır. O, dəfələrlə mənzilini boşaltmasını tələb etsə də cavabdeh hər dəfə müxtəlif bəhanələrlə tələbini icra etməmişdir. Cavabdehin onun mənzilində yaşaması, özünə məxsus əşyalarını mənzilində yerləşdirməsi onun mülkiyyətindən maneəsiz, sərbəst istifadə hüququnu aşkar məhdudlaşdırmışdır. O, öz mənzilinə köçüb normal yaşamaq hüququnu həyata keçirə bilmir. Ona məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 19, 58 saylı mənzil bankda girovdadır. O, evi kirayəyə vermək istəyir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh izahat verərək bildirmişdir ki, ərindən boşandıqdan sonra uşaq üçün aliment tələb etdikdə qarşı tərəf onu evdən çıxaracağını bildirmişdir. Hər şey qaynanasının adınadır, keçmiş həyat yoldaşının adına heç nə yoxdur. Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 19, 58 saylı mənzil qaynanasının adına olmuş, sonradan 2012-ci ildə isə baldızı İddiaçı adına keçmişdir. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin 08.10.2020-ci il tarixli məktubundan görünür ki, Abşeron rayon 2 saylı DNK tərəfindən təsdiq edilmiş 05.06.2001-ci il tarixli 4Ə-2-285 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 19, 58 saylı mənzil X2 adına özgəninkiləşdirilərək mülkiyyət hüququna dair 1245 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. 19.04.2011-ci il tarixdə Abşeron rayon 2 saylı dövlət notariat kontorunda təsdiq edilmiş 4Ə-03-435 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən mənzil İddiaçı adına özgəninkiləşdirilmişdir. Qeyd edilən mənzil İddiaçı adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 01.08.2011-ci il tarixdə qeydiyyata alınmışdır. Mənzil “xxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bankın 27.11.2019cu il tarixli bildirişinə əsasən tutmaya yönəldilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-509/2019 saylı, 30 yanvar 2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı X7 cavabdeh X3 qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilmiş, tərəflər arasında bağlanmış 29 sentyabr 2009-cu il tarixli nikah pozulmuş, uşaqlar cavabdehin himayəsində saxlanılmış, iddiaçıdan uşaqların saxlanılması üçün aliment tutulması qət edilmişdir. Müəyyən edilmişdir ki, sözügedən mənzil 05.06.2001-ci il tarixdən iddiaçının anasının mülkiyyətində olmuş, sonradan bağışlama yolu ilə iddiaçının mülkiyyətinə keçmiş və 01.08.2011-ci il tarixdən onun mülkiyyətindədir, cavabdeh isə onun ailə üzvü deyildir. Cavabdehin mübahisəli mənzildə yaşaması üçün məhkəmədə hər hansı bir hüquqi əsas müəyyən edilmədiyindən Cavabdeh həmin evdən çıxmaması iddiaçının mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir. Qeyd edilənlərə əsasən məhkəmə haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməli və Cavabdeh 30 noyabr 2020-ci il təvəllüdlü övladı X8 və əşyaları ilə birlikdə İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 19, 58 saylı mənzildən çıxarılmalı və mənzil İddiaçı təhvil verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Pleniumunun 27 may 2008-ci il tarixli qərarına əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi, istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması kimi şərtlər olmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 08.10.2013-cü il tarixli Qərarının nəticə hissəsində göstərilir ki, "Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir". Azərbycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. İş materialları ilə müəyyən olunur ki, cavabdeh hazırda iddiaçının ailə üzvü deyildir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlə yanaşı cavabdehin övladı 30.11.2020-ci il təvəllüdlü X4 da mübahisəli mənzildən çıxarılması barədə gəldiyi nəticədə də haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 27.2-ci maddəsinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. İş materiallarından görünür ki, cavabdeh apelyasiya şikayətinin dəlillərini təsdiq edən halları sübuta yetirib əsaslandıra bilməmişdir. İnsan hüquqlarının və X5 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində qeyd edilən dəlillər formal mülahizə daşıdığından və onlara məhkəmə qətnaməsində qiymət verildiyindən təmin edilə bilməz. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Abşeron Rayon Məhkəməsinin 2(012)-2144/2020 saylı, 14.10.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti təmin olunmasın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar