Məhkəmə qərarları › İş №2(105)-918/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-918/2023

01.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-918/2023 01.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X8 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(074)-60/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. "xxxx" ASC-nin Şamaxı filialı ilə X5 arasında bağlanmış BPM**********66 nömrəli, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən, bank tərəfindən sonuncuya 41 ay müddətinə, illik 29 faiz dərəcəsi ilə 1560 manat məbləğində kredit verilmişdir.

2. X2 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Şamaxı Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2021-ci il tarixli məktubunda qeyd olunur ki, xx.xx.2019cu il tarixdə vəfat etmiş X3 miras qalmış əmlaka dair arvadı Cavabdeh ərizəsi əsasında vərəsəlik işi açılmış, lakin vətəndaş Cavabdeh vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün müraciət etməmişdir.

3. "xxxx" ASC tərəfindən X1 vərəsəsi Cavabdeh kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair xx.xx.2021-ci il tarixli bildirişlə müraciət edilərək, BPM**********66 nömrəli, xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borcun 5 (beş) gün müddətində tam ödəməsi xahiş olunmuş, əks təqdirdə bank tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət olunacağı bildirilmişdir.

4. X1 vərəsəsi Cavabdeh "xxxx" ASC-yə ünvanladığı xx.xx.2021-ci il tarixli ərizəsində BPM**********66 nömrəli, xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borcun ödəyəcəyini öz öhdəsinə götürdüyünü bildirmişdir.

5. "xxxx" ASC-nin Şamaxı filialı tərəfindən verilmiş maliyyə arayışına əsasən, BPM**********66 nömrəli, xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc 620,62 manat, faiz borcu 0,01 manat olmaqla, cəmi borc məbləği 620,63 manat təşkil edir.

Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 620,62 manat əsas və 0,01 manat faiz borcu olmaqla, cəmi 620,63 (altı yüz iyirmi manat altmış üç qəpik) manat məbləğində kredit borcunun, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0,4 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC-nin “Şamaxı” filialı ilə X5 arasında bağlanmış BPM**********66 nömrəli, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən sonuncuya 41 ay müddətinə, illik 29 faiz dərəcəsi ilə hesablanmaqla, 1560 manat məbləğində kredit verilmişdir. X2 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Şamaxı Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2021-ci il tarixli 2/1014 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum X3 miras qalmış əmlaka dair vərəsəlik işi arvadı Cavabdeh tərəfindən mərhumun vəfatından sonra miras qalmış əmlakın qəbul edilməsinə dair verilmiş ərizə əsasında açılmışdır. Bankın “Şamaxı” filialı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən, X4 vəfat etdiyi tarixə banka 620,62 manat əsas borc və 0,01 manat faiz borcu olmaqla, cəmi 620,63 manat kredit borcu qalmışdır. Cavabdeh, mərhum X3 qalmış mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir.

8. Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə Şamaxı Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət edərək, xx.xx.2019cu ildə vəfat etmiş əri X3 qalmış mirası əldə etmək üçün vərəsəlik açdırmışdır. Lakin, vərəsəlik açdırdığına baxmayaraq, heç bir əmlaka sahib deyildir. Övladları yoxdur, tək qadındır. Mərhum ərinin qohumları onu yaşadığı evdən qovublar və o, hazırda kirayədə yaşayır. Vərəsəliklə bağlı notariusa müraciət etdiyi zaman, "xxxx" ASC mərhum ərinin kredit borcunun ödənilməsi ilə bağlı ona bildiriş göndərmişdir. Vərəsəlik açılmamışdan öncə, hər ay müəyyən miqdarda ödənişlər etmişdir. Lakin, bir halda ki, mərhum ərindən qalmış hər hansı bir əmlaka sahib deyil, kredit borcu üzrə ödəniş etməsini əsassız hesab edir.

9. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(074)-60/2023 nömrəli qətnaməsi ilə (hakim Fərid Yaqubov) iddia təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, öhdəliyin əmələ gəlməsi üçün Cavabdeh ilə iddiaçı "xxxx" ASC arasında müqavilə mövcud olmamış, BPM**********66 nömrəli, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən, kredit götürmüş X4 ölümündən sonra, vərəsə olan Cavabdeh vəfat etmiş Qəzənfər Xəlilovun hər hansı bir əmlakına sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamamış, bununla bağlı iddiaçı tərəfdən hər hansı bir mötəbər sübut təqdim olunmamış və ümumiyyətlə X4 ölümündən sonra ondan qalmış miras əmlakın dairəsi müəyyən olunmamışdır. Bununla da, X4 ölümündən sonra mirası qəbul etməmiş vərəsə - Cavabdeh kredit müqaviləsi üzrə borcun ödənilməsini tələb etməklə, iddiaçı "xxxx" ASC haqlı olmamışdır.

11. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 385.1, 386.1, 442, 739.1, 1145, 1151, 1243, 1306-cı maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77, 119.1, 217.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.

12. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Hazırkı mübahisədən və mülki iş materiallarından da görünür ki, Cavabdeh X1 arvadı olduğu üçün birinci növbəli qanuni vərəsəsidir. Göründüyü kimi, iddiaçı tərəf olaraq tərəflərindən Cavabdeh qarşı iddia tələbi mərhum şəxsin qanuni vərəsəsi olduğu üçün verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Hazırkı mübahisədən və mülki iş materiallarından da görünür ki, Şamaxı Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2021-ci il tarixli məktubu ilə müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X3 miras qalmış əmlaka dair arvadı Cavabdeh ərizəsi əsasında vərəsəlik işi açılmışdır. Göründüyü kimi Cavabdeh vərəsə olaraq mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdiyi üçün o, X1 vərəsəsidir. Bundan başqa X1 vərəsəsi Cavabdeh xx.xx.2021-ciil tarixdə ərizə ilə Banka müraciət edərək X1 vərəsəsi olduğunu bildirmiş, kredit müqaviləsi üzrə yaranmış borcun aylıq hissə-hissə ödənilməsini öz öhdəsinə götürmüş və 10 ay müddətində ödənişlər etmişdir. Bununlada Cavabdeh X7Tarix oğlunun vərəsəsi olduğunu şəksiz formada nümayiş etdirmişdir. İddiaçı tərəf olaraq tərəfimizdən Cavabdeh qarşı iddia tələbi mərhum şəxsin qanuni vərəsəsi olduğu üçün verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1267-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat orqanına mirası qəbul etməsi və ya vərəsəlik haqqında şəhadətnamə alınması barədə ərizə verdikdən sonra mirasdan imtina edilməsinə yol verilmir. Belə ki, Cavabdeh məhkəmə prosessində izahat verərək, xx.xx.2019-cu ildə vəfat etmiş əri X3 qalmış mirası əldə etmək üçün vərəsəlik açdırdığını, banka ərizə ilə müraciət edərək mərhum ərinin vərəsəsi olduğunu və borc öhdəliyinin vərəsə olduğu üçün onun tərəfindən ödəniləcəyini və 10 ay ərzində ödəniş etdiyini etiraf etmiş, lakin vərəsəlik açıldıqdan sonra mərhum ərinin qohumları tərəfindən miras əmlak olan yaşadığı evdən qovulduğu üçün ödənişləri dayandırdığını bildirmişdir. Göründüyü kimi cavabdehin bildirdiyi formada vərəsə mirasın açıldığı yer üzrə notariat orqanına mirası qəbul etməsi və ya vərəsəlik haqqında şəhadətnamə alınması barədə ərizə verdikdən sonra mirasdan imtina edilməsinə yol verilmir. Birinci instansiya məhkəməsi qətnaməsində göstərmişdir ki, qanunvericilikdə öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin olması bir şərt olaraq nəzərdə tutulmuşdur. Digər tərəfdən, müqavilə üzrə borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələrin miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşımaları qanunvericilikdə nəzərdə tutulmuşdur. Öhdəliyin əmələ gəlməsi üçün Cavabdeh ilə iddiaçı "xxxx" ASC arasında müqavilə mövcud olmamış, BPM**********66 nömrəli, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən, kredit götürmüş X4 ölümündən sonra, vərəsə olan Cavabdeh vəfat etmiş Qəzənfər Xəlilovun hər hansı bir əmlakına sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamamış və bununla bağlı iddiaçı tərəfdən hər hansı bir mötəbər sübut təqdim olunmadığı nəticəsinə gələrək yanlışlığa yol vermişdir. Belə ki, Cavabdeh "xxxx" ASC-yə xx.xx.2021-ci il tarixli ərizə ilə müraciət edərək X1 vərəsəsi olduğunu bildirmiş, kredit müqaviləsi üzrə yaranmış borcun aylıq hissə-hissə ödənilməsini öz öhdəsinə götürmüş və 10 ay ərzində ödənişlər edərək X1 vərəsəsi olduğunu şəksiz formada nümayiş etdirmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi və izahatında bildirdi ki, o, 1988-ci ildə X5 ilə ailə qurmuşdur. Birgə nikahlarından uşaqları olmamışdır. Əri ağır xəstə olmuşdur. Xəstəliyinin müalicəsi ilə əlaqədar olaraq "xxxx" ASC-nin Şamaxı filialından kredit götürmüşdür. Ərinin heç bir əmlakı qalmamışdır. 2019-cu ildə baş vermiş zəlzələdən sonra onların yaşadıqları ev dövlət hesabına təmir edilmişdir. Təmir qurtardıqdan sonra qaynı tərəfindən evdən çıxarılmışdır. Əri vəfat etdikdən sonra ərizə ilə notariusa müraciət etmiş və notarius tərəfindən vərəsiliyə dair məktub verilmişdir. Qaynını məhkəməyə vermək üçün vərəsəlik sənədlərini almaq istəmişdir. Həmçinin ərinin adına kredit qalmaması üçün borcun müəyyən hissəsini ödəmək niyyəti olmuşdur. Lakin sonradan ona məlum olmuşdur ki, yaşadığı ev qayınatasının atasının adına sənədləşdirilibmiş, yəni ərinin adına heç bir əmlak yox imiş.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.

Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (...)

Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

Maddə 1145. Mirasın açılması Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

Maddə 1151. Miras əmlak 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.

Maddə 1243. Mirasın qəbul edilməsi 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

Maddə 1306. Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1306.2. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar.

18. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 iyun 2018-ci il tarixli Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır.

19. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarında qeyd olunur ki, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. Mülki prosesin dispozitivlik, çəkişmə prinsiplərindən və sübutetmə yükünün iddiaçının üzərində olmasından irəli gələrək miras qoyanın kreditoru öz hüquq və qanuni mənafelərinin müdafiəsi üçün hüquq varisliyini və ya digər tələbini təsdiq edən sübutları məhkəməyə təqdim etməlidir.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

21. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 mart 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

23. Belə ki, işin birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, "xxxx" ASC-nin Şamaxı filialı ilə X5 arasında bağlanmış BPM**********66 nömrəli, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən, bank tərəfindən sonuncuya 41 ay müddətinə, illik 29 faiz dərəcəsi ilə 1560 manat məbləğində kredit verilmişdir. X5 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir.

24. "xxxx" ASC hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsi üzrə qalıq borcun X4 vərəsəsi Cavabdeh tutulmasını xahiş edir.

25. Məhkəmə kollegiyası qeyd edir ki, vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar.

26. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 iyun 2018-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 558ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153-cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir.

27. Belə ki, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

28. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

29. Göründüyü kimi, borclunun öhdəliklərinə görə vərəsənin məsuliyyəti onun qəbul etdiyi mirası əmlakın dəyəri ilə məhdudlaşdır.

30. Qanunvericilik mirasın qəbulunun iki üsulunu, formal və qeyri-formal üsullarını müəyyən etmişdir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

31. Şamaxı Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin məktubuna əsasən, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X3 miras qalmış əmlaka dair arvadı Cavabdeh ərizəsi əsasında vərəsəlik işinin açıldığı, lakin vətəndaş Cavabdeh vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün müraciət etməməsi müəyyən edilir.

32. Hazırkı işdən görünür ki, cavabdehin vərəsə olması barədə notariat ofisinə ərizə verməsi barədə məlumat olsa da, qəbul edə biləcəyi hər hansı miras əmlakın mövcud olması barədə məhkəməyə sübut təqdim edilməmişdir.

33. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh vərəsə kimi tanınması barədə ərizə verməsinin ona iddia qaldırmaq üçün lazım olduğunu bildirmişdir.

34. Cavabdeh "xxxx" ASC-yə xx.xx.2021-ci il tarixli ərizə ilə müraciət edərək borcun aylıq hissə-hissə ödənilməsini öz öhdəsinə götürməsinin onun X4 vərəsəsi olduğunun şəksiz formada nümayiş etdirilməsi barədə iddiaçının apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, miras olduğu halda onu qəbul edən vərəsənin üzərinə miras qoyanın öhdəliklərinə görə vərəsənin miras əmlakı qəbul etdiyi həcmdə öhdəlik qoyula bilər.

35. Cavabdehin ərizə ilə banka müraciət edərək, borcu hissə-hissə ödəməyə razı olması onun üzərinə hər hansı öhdəliyin qoyulması üçün əsas deyil. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

36. Mülki qanunvericilikdə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi kimi istisna hallar nəzərdə tutulsa da, hazırkı mübahisə üzrə cavabdehdən borcun tələb edilməsi qeyd edilən halların da təsir dairəsinə düşmür.

37. Məhkəmə kollegiyası hesab edir ki, "xxxx" ASC-nin Şamaxı filialı ilə X5 arasında bağlanmış BPM**********66 nömrəli, xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borcun cavabdehdən tələb edilməsi üçün hazırda əsas yoxdur.

38. Məhkəmə kollegiyası hesab edir ki, borclunun öhdəliklərinə görə vərəsənin məsuliyyəti onun qəbul etdiyi mirası əmlakın dəyəri ilə məhdudlaşdığından, hazırkı halda borcluya məxsus olmuş miras əmlakın olması barədə iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübutlar təqdim etmədiyindən, birinci instansiya məhkəməsi haqlı olaraq iddianı təmin etməmişdir.

39. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil.

40. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasından baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır.

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(074)-60/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar