Məhkəmə qərarları › İş №2(105)-918/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-918/2025

26.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-918/2025 26.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: kredit borcunun tutulması, vərəsələrin kreditorlar qarşısında məsuliyyəti ilə bağlı mübahisələr, sübutetmə vəzifəsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X14 (sədrlik edən və məruzəçi), X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4, Cavabdeh iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-3108/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı "xxxx" ASC ilə İlyasova Sevinc Nuru qızı arasında bağlanmış BPM**********65 nömrəli, xx.xx.2020-ci il tarixli tam kart çərçivə müqaviləsinə və bank kartına kredit limitinin təyin olunmasına dair razılaşmaya əsasən borcverən borcalana 36 ay müddətində 600 manat məbləğində kreditdən istifadəyə görə illik 24 faiz ödəmək şərtilə kredit verməyi, borcalan isə tam kart, eləcə də hesablar vasitəsilə aparılmış əməliyyatlara, o cümlədən tam kartdan isifadəyə görə bank xidmətlərinin haqqını ödəməyi, bank tərəfindən ayrılmış kreditdən 2.3-cü bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür.

2. Eyni zamanda iddiaçı ilə İlyasova Sevinc Nuru qızı arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı İlyasova Sevinc Nuru qızına kreditdən istifadəyə görə illik 21 faiz ödəmək şərtilə 48 ay müddətində 5250 manat məbləğində kredit vermişdir.

3. İlyasova Sevinc Nuru qızı xx.xx.2022-ci ildə vəfat etmişdir.

4. İlyasov Cavabdeh Sevinc Nuru qızının qanun üzrə vərəsəsi təyin edilmiş, ona xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən əmək qabiliyyətinin olmaması vərəqələri üzrə ödəniləcək 260,61 manat pul məbləğindən ibarət miras əmlakdan tam hissədə pay almışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia qaldıraraq İlyasova Sevinc Nuru qızının vərəsəsi olaraq cavabdehdən onun xeyrinə nağd kredit üzrə 4484,7 manat əsas borc, 1193,56 manat faiz borcu və 58,17 manat cərimə borcu olmaqla, cəmi 5736,43 manat borcun, kart limiti üzrə 425,78 manat əsas borc və 8,98 manat faiz borcu olmaqla, cəmi 434,76 manat borcun və ödənilmiş 81,72 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. İddia tələbi işin yuxarıda qeyd edilən hallarına istinadla onunla əsaslandırılmışdır ki, cavabdeh mərhum İlyasova Sevinc Nuru qızından qalmış mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın iddiaçı qarşısında olan öhdəliyini icra etməmişdir. Son ödəniş xx.xx.2022-ci il tarixdə borclu İlyasova Sevinc Nuru qızı tərəfindən edilmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2024-cü il tarixində 6-2-22/2-5561/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir.

7. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-3108/2024 nömrəli iş üzrə 13 iyun 2024cü il tarixli qətnaməsi ilə (hakim X5) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 260,61 (iki yüz altmış manat altmış bir qəpik) manat pul vəsaitinin və ödənilmiş 81,72 manat dövlət rüsumunun 30 (otuz) manat hissəsinin tutularaq, "xxxx" ASC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, kredit götürən vəfat etdiyindən müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməmiş və bunun nəticəsində iddiaçıya borcu yaranmışdır. Cavabdeh borclunun vərəsəsi olaraq mirası qəbul etməsinə baxmayaraq, miras qoyanın bank qarşısında əsas və faiz borcunu vaxtında ödəməmiş, bununla da, iddiaçının müqavilənin şərtlərinə uyğun olaraq əsas və faiz borcunu tələb etmək hüququ yaranmışdır.

9. Cavabdeh tərəfindən sözügedən kredit müqaviləsi üzrə iddiaçı banka ödənilməli olan pulun məbləğinə gəlincə, məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarındakı mövqedən çıxış edərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Hazırki işdə iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Cavabdeh vərəsə olaraq 260,61 manat məbləğində miras payı çatmışdır. Ona görə də İlyasova Sevinc Nuru qızının kredit müqaviləsi üzrə borc məbləği miras qalmış 260,61 manat pul vəsaiti həcmində onun mirası qəbul etmiş vərəsəsindən tutulmalıdır.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1, 442, 443.1, 448.1, 739, 1133.1, 1133.2, 1151.1, 1306.1, 1309-cu, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 119.1, 218.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli qərarındakı hüquqi mövqelərə istinad edərək əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

11. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1455/2024 nömrəli, 22 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər - X11 (sədrlik edən və məruzəçi), X15 və X6) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 13 iyun 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, vərəsələrin məsuliyyətinin həddi ilə bağlı Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti miras əmlakın dəyəri ilə məhdudlaşır. Bu baxımdan cavabdehin qəbul etdiyi miras əmlak (miras aktivi) 260,61 manat təşkil etdiyindən, birinci instansiya məhkəməsi haqlı olaraq ödənilməli borcun yalnız miras aktivi həcmində ödənilməsinə yönəldilməsi qənaətinə gəlmişdir.

14. Məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə həmin hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 448.1, 739, 1151.1, 1159.1, 1306.1-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 385.2, 402.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli qərarındakı hüquqi mövqelərə istinad edərək əsaslandırmışdır.

Kassasiya instansiyası məhkəməsindəki icraat

16. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Hazırki icraat zamanı isə apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü tərəflər arasında düzgün bölüşdürməyərək həm prosessual hüquq normalarını, həm də konkret vəziyyətdə sübutetmə yükünün kimə aid olmasını tənzimləyən maddi hüquq normasını pozmuşdur. Belə ki, vərəsəlik haqqında şəhadətnamə mirasın notarius tərəfindən siyahıya alınması demək deyil. Ona görə də vərəsə vərəsəlik haqqında şəhadətnamədə göstərilən miras əmlakdan başqa miras əmlak qəbul etmədiyini sübut etmək vəzifəsi daşıyır. Cavabdeh tərəfindən isə miras qoyanın borcunun mirasdan çox olduğu barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir.

18. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli 2(102)-1030/2025 nömrəli qərarı ilə (hakimlər X7 (məruzəçi), X2 və X12) kassasiya şikayətinin təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1455/2024 nömrəli, 22 oktyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

19. Kassasiya instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə miras əmlak olaraq yalnız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən əmək qabiliyyətinin olmaması vərəqələri üzrə ödəniləcək 260,61 manat pul göstərilmişdir. Bu isə özlüyündə mirasın ancaq qeyd edilən əmlakdan ibarət olması demək deyildir. Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquq təsdiqedici xarakter daşıyır və şəhadətnamədə mirasın kütləsinə daxil olan hər hansı əmlakın qeyd edilməməsi vərəsənin həmin əmlakı qəbul etməməsini ehtiva etmir. Belə ki, Mülki Məcəllənin 1257-ci maddəsinə əsasən hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. Digər tərəfdən qeyd edilməlidir ki, “Notariat haqqında” Azərbaycan Respublikasının qanununun 58-ci maddəsinə müvafiq olaraq vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi əsasında verilir və bu zaman qanunvericilik notariusun üzərinə mirasın kütləsinin dəqiq müəyyənləşdirilməsi ilə bağlı hər hansı bir öhdəlik qoymur. Bu isə onu deməyə əsas verir ki, vərəsə miras qoyanın kreditorları qarşısında olan öhdəliklərindən yayınmaq məqsədi ilə mirasın kütləsinə daxil olan əmlakları gizlədə və vərəsəlik şəhadətnaməsinin alınması zamanı verdiyi ərizəsində həmin əmlakları göstərməyə bilər. Məhz ona görə də qanunverici kreditorların hüquqlarının müdafiəsi üçün bu qəbildən olan işlər üzrə sübutetmə yükünü vərəsənin üzərinə qoymuşdur. Belə ki, Mülki Məcəllənin “Vərəsələr tərəfindən kreditorların təmin edilməsi zamanı sübutetmə yükü” adlanan 1307-ci maddəsində təsbit edilmişdir ki, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Görünüyü kimi hazırkı iş üzrə miras qoyanın vərəsəlik şəhadətnaməsində göstərilən əmlakdan başqa əmlakının olmamasını sübutetmə yükü cavabdehin üzərinə düşür. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü tərəflər arasında düzgün bölüşdürməyərək, həm prosessual hüquq normalarını, həm də konkret vəziyyətdə sübutetmə yükünün kimə aid olmasını tənzimləyən maddi hüquq normasını pozmuşdur.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən düzgün qərar qəbul edilməmişdir. Belə ki, qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən cavabdeh miras əmlakından tam hissədə pay almışdır. Cavabdeh miras əmlakını, yəni miras qoyanın aktivlərini tam həcmdə qəbul etməklə, miras passivlərini də tam həcmdə qəbul etmişdir. Beləliklə, miras əmlakını tam həcmdə qəbul etdiyi üçün borc öhdəliklərini tam həcmdə ödəməyi öz üzərinə götürmüşdür. Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da, bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Qanunvericiliyin tələblərinə əsasən vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. 1 saylı Sumqayıt regional “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən göndərilən məktuba əsasən vərəsə Cavabdeh miras əmlakından tam hissədə pay almaqla bağlı qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. Beləliklə, İlyasova Sevinc Nuru qızının vərəsəsinin Cavabdeh olduğu, ondan savayı heç bir vərəsə müəyyən edilmədiyi qeyd edilmişdir. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Cavabdeh miras əmlakını, yəni miras qoyanının aktivlərini (əmlak hüquqlarını) tam həcmdə qəbul edərək, miras passivlərini (əmlak vəzifələrini) də tam həcmdə qəbul etmişdir. Nəticədə, iddia ərizəsində göstərilən borc tələbi cavabdehdən tam tutularaq iddiaçının xeyrinə ödənilməldir. Lakin, məhkəmə qeyd edilən halları, nəzərə almadan, qanunsuz yekun məhkəmə qərarı qəbul etmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

21. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

22. Məhkəmə iclasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X10 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi.

23. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək şikayətinin təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 739 (əvvəlki redaksiya) Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

25. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

26. Maddə 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

27. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

28. Maddə 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

29. Maddə 1133.1 Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

30. Maddə 1133.2 Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

31. Maddə 1151.1 Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

32. Maddə 1159.1.1 Qanun üzrə vərəsəlik zamanı birinci növbədə vərəsələr - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.

33. Maddə 1306.1 Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

34. Maddə 1307 Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.

35. Maddə 1309 Vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

39. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

41. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

42. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

43. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.

44. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya baxışının hədləri

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

46. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

47. Apellyasiya şikayətindən görünür ki, iddiaçı Sumqayıt Şəhər Məhkəməsinin e- 2(060)-3108/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsini tam mübahisələndirmişdir. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tam ləğv edilməli və iddianın qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır.

49. Qanunvericiliyin tələbini, eləcə də kassasiya instansiyasının qərarında şərh olunan hüquqi mövqeyini rəhbər tutan məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir; nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsi hüquq normalarını ətraflı təfsir etməklə əvvəlki apellyasiya baxışı zamanı buraxılmış səhvin mahiyyətinin nədən ibarət olduğunu və sübutlara necə qiymət verilməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etmişdir və qərardakı hüquqi mövqelərlə razılaşmamaq üçün heç bir əsas mövcud deyildir.

50. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin etməklə səhv hüquqi nəticəyə gəlmişdir.

51. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə miras əmlak olaraq yalnız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən əmək qabiliyyətinin olmaması vərəqələri üzrə ödəniləcək 260,61 manat pul göstərilmişdir.

52. Məhkəmə kollegiyası hesab edir ki, həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin mövcudluğu mirasın ancaq qeyd edilən əmlakdan ibarət olması demək deyildir. Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquq təsdiqedici xarakter daşıyır və şəhadətnamədə mirasın kütləsinə daxil olan hər hansı əmlakın qeyd edilməməsi vərəsənin həmin əmlakı qəbul etməməsini ehtiva etmir.

53. Kollegiya qeyd edir ki, vərəsə miras qoyanın kreditorları qarşısında olan öhdəliklərindən yayınmaq məqsədi ilə mirasın kütləsinə daxil olan əmlakları gizlədə və vərəsəlik şəhadətnaməsinin alınması zamanı verdiyi ərizəsində həmin əmlakları göstərməyə bilər. Məhz ona görə də qanunverici kreditorların hüquqlarının müdafiəsi üçün bu qəbildən olan işlər üzrə sübutetmə yükünü vərəsənin üzərinə qoymuşdur.

54. Mülki Məcəllənin 1307-ci maddəsinə əsasən, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.

55. Göründüyü kimi hazırkı iş üzrə miras qoyanın vərəsəlik şəhadətnaməsində göstərilən əmlakdan başqa əmlakının olmamasını sübutetmə yükü cavabdehin üzərinə düşür. Buna baxmayaraq, birinci instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü tərəflər arasında düzgün bölüşdürməyərək, həm prosessual hüquq normalarını, həm də konkret vəziyyətdə sübutetmə yükünün kimə aid olmasını tənzimləyən maddi hüquq normasını pozmuşdur.

56. Kollegiya hesab edir ki, hazırki mülki iş üzrə miras qoyanın vərəsəsi olan cavabdeh başqa miras əmlakının olmamasını məhkəmədə sübut edə bilməmişdir.

57. Məhkəmə kollegiyası cavabdehin apellyasiya icraatı zamanı verdiyi izahatını nəzərə alaraq, işin obyektiv araşdırılması üçün kredit müqaviləsi üzrə yaranmış borcun düzgünlüyünü yoxlamaq üçün məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş, xx.xx.2025-ci il tarixli ekspert rəyi ilə xx.xx.2022-ci il tarixə xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə əsas borcun 364,78 manat, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə əsas borcun 4529,44 manat, faiz borcun 23,78 manat müəyyən olunmuşdur.

58. Beləliklə məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)-3108/2024 nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə çıxarılaraq, Cavabdeh xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc 364,78 manat, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc 4529,44 manat, faiz borcu 23,78 manat məbləğində pul vəsaiti, 81,72 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqı tutularaq, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

59. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli, “X18rşı” iş üzrə xx.xx.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”.

60. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatın dəyəri olan 100 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

61. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)-3108/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc olan 364,78 (üç yüz altmış dörd manat yetmiş səkkiz qəpik) manat, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc olan 4529,44 (dörd min beş yüz iyirmi doqquz manat qırx dörd qəpik) manat, faiz borcu olan 23,78 (iyirmi üç manat yetmiş səkkiz qəpik) manat məbləğində pul vəsaiti, 81,72 (səksən bir manat yetmiş iki qəpik) manat dövlət rüsumun və 0,4 (qırx qəpik) manat xidmət haqqının əvəzi tutularaq, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab nömrəsi «AZ34CTRE ********************) keçirilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar