Məhkəmə qərarları › İş №2(105)-921/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-921/2024

29.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-921/2024 29.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya qarşı (Açar sözlər: pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X5 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh MTK–nın nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 2(012)-78/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 114000 manat pulun və məhkəmə xərclərinə görə tərəflərindən ödənilmiş 404 manat dövlət rüsumunun Cavabdeh MMC-dən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh satıcı qismində Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti ilə iddiaçı alıcı qismində onun arasında 21 fevral 2019-cu il tarixli müqavilə bağlanmış və o ilkin ödənişli, daha sonra müəyyən müddət ərzində mənzilin tam dəyərinin ödənilməsi şərti ilə mənzil almışdır. Həmin müqavilənin 2.2.1-ci bəndinə əsasən satıcıya məxsus yaşayış binasının 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 106,06 m2-dən ibarət olan 2 otaqlı, 24 saylı mənzilin hər kvadrat metri 550 manata, cəmi 58333 manat olmaqla satılması barədə razılıq olmuşdur. Müqavilənin 2.2.2-ci bəndinə əsasən alıcı ilkin ödənişi ödədikdən sonra ümumi məbləğin 100 faizini 12 ay ərzində ödəməyi öhdəsinə götürmüş, müqavilədə göstərilən qalan məbləğ tam ödənildikdən sonra isə mənzilin alıcının xüsusi mülkiyyətinə keçməsi nəzərdə tutulmuşdur. Lakin iddiaçı məlum COVİD-19 virusunun yayılması və həmin dövrlərdə gəlirlərinin azalması səbəbindən müqavilənin müvafiq bəndi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və nəticədə aldığı mənzilə görə 35000 manat ödəniş etmiş, qalan 23333 manatı isə ödəyə bilməmişdir. Bundan sonra o ödəniş etmək üçün Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin mühasibatlığına yaxınlaşmış, lakin orada pul qəbul etməkdən imtina etmişlər. O, 5000 manat pulu Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin bank hesabına qoymuş, lakin cavabdeh pulu götürməkdən imtina etmişdir. Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti “müqavilənin ləğv edilməsi və mənzildən çıxarılma” iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2(012)-3859/2021 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh İddiaçı qarşı “müqavilənin ləğvi və mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı dəbbə puluna görə 400 manat, hüquqi yardım üçün 100 manat, 10 manat dövlət rüsumuna görə pul, cəmi 510 manatın alınaraq iddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Cavabdeh MMC həmin qətnamədən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia ərizəsinin bütövlükdə təmin edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(105)-382/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək Abşeron Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2(012)- 3859/2021 saylı qətnaməsi müqavilənin ləğv edilməsi və cavabdehin mənzildən çıxarılmasının rədd edilməsi hissələrində ləğv edilməsi və həmin hissələrdə iddia tələbləri təmin edilməsi, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh İddiaçı aralarında bağlanmış 21 fevral 2019-cu il tarixli müqavilə ləğv edilməsi, İddiaçı Xırdalan şəhəri, Quba-Bakı magistiralının qərbində inşa edilmiş yaşayış binasının bina 2, 4-cü mərtəbədə yerləşən 24 saylı mənzildən çıxarılması və mənzil boş vəziyyətdə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən Azərbaycan Respublikasının Ali Məhkəməsinə verilmiş kassasiya şikayəti Ali Məhkəmənin qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanmışdır. İddiaçı tərəfindən ödənişlər ödənilsə də bu ödənişlər Cavabdeh MMC tərəfindən qəbul edilməmişdir. Belə ki, o 17 iyun 2021-ci il tarixdə 5000 manat ödəniş etmiş, bununla da cavabdehə ümumilikdə mənzilə görə 40000 manat pul vəsaiti ödənilmişdir.Tərəflər arasında müqavilə bağlanmış, müqavilə öhdəliyi onun tərəfindən vaxtında yerinə yetirilmiş və ödənişlər ödənilmişdir. O qalan məbləği də tam olaraq ödəməyə hazır olduğu üçün müqavilənin ləğv edilməsinə razı deyildir. Onun oğlu Elvin Yusubov ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında iş birliyi olmuş, o, 2020-ci il tarixdə Cavabdeh MMC-də satış üzrə menecer işləmişdir. Elvin Yusubov iddiaçıya tikinti materialları vermiş, o mənzili təmir etmiş və hazırda o, ailə üzvləri ilə birlikdə orada yaşayır. Onun maddi imkanı mənzilin təmiri ilə bağlı və sonradan məlum pandemiya ilə əlaqədar müqavilə üzrə razılaşdırılmış öhdəliyi vaxtında yerinə yetirməyə imkan verməmişdir. Hazırda mənzilin qalan borcundan artıq 5000 manat ödənilmiş və qalan borcu da bu yaxınlarda tam olaraq ödəməyə hazır olsa da cavabdeh buna şərait yaratmamış və Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş iddia ərizələri onun həmin mənzildən çıxarılması məhkəmə qətnamələri ilə təmin olunmuşdur. İddiaçı X3 ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında imzalanmış müqavilənin tələblərinə əsasən həmin dövr üçün evin ümumi dəyəri 50333 manat müəyyən edilsə də həmin məbləğin 40000 manatı cavabdehə ödənilmiş və iddiaçının 18333 manat məbləğində qalıq borcu qalmışdır. İddia ərizəsinə əlavə olunmuş evin alqı-satqısına dair müqavilədən göründüyü kimi ev ona tam təmirsiz satılmış, evin bütün təmir quraşdırma xərclərinin ödənilməsi öhdəliyi payçı kimi onun üzərinə qoyulmuş və bu səbəbdən də ev onun şəxsi vəsaiti hesabına tam təmir edilmişdir. İddia ərizəsinə əlavə olunmuş “Koral Consulting” qiymətləndirmə mərkəzinin xx.xx.2022-ci il tarixli, 05-128/22 saylı rəyindən göründüyü kimi ev iddiaçıya satılarkən hər kvadrat metrin qiyməti 550 manat, ümumi dəyəri 50333 manat müəyyən edilsə də hazırki qiymətlə evin təmirli vəziyyətdə hər kvadrat metrinin qiyməti 1245,7 manat müəyyən olunmuşdur. Eyni zamanda mütəxəssis tərəfindən verilmiş rəyə əsasən mənzilin mövcud vəziyyəti, yerləşdiyi ərazi, ümumi sahəsi, binanın konstruksiyası, və sair xüsusiyyətlər nəzərə alınmaqla aparılmış hesablamalara və təhlillərə əsasən iddiaçıya məxsus Xırdalan şəhəri, ünvan 1 ünvanında yerləşən evin hazırki bazar dəyəri 132000 manat müəyyən olunmuşdur. Belə ki, 132000 manat mənzilin ümumi dəyərinin 40000 manatını mənzilin alınması üçün ödənilmiş pul, mənzilin təmiri üçün hər kv. metrə təxminən 500 manat hesablanmaqla ümumilikdə 50300 manat təmir xərcinə çəkilmiş, qalıq 41700 manat isə mənzilin alınan vaxtda dəyəri ilə hazırki bazar qiyməti ilə arasında yaranmış fərqidir. “Koral Consulting” qiymətləndirmə mərkəzinin xx.xx.2022-ci il tarixli, 05- 128/22 saylı rəyindən göründüyü kimi əmlakın ümumi dəyərinin 132000 manat müəyyən edilməsinə baxmayaraq Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə 18333 manat borcları qaldığı halda ümumi dəyəri 132000 manat olan evi iddiaçıdan alaraq evdən çıxmasını ondan tələb edərək onun və ailə üzvlərinin mülkiyyət hüququnu ələ keçirmişdir. Hesab edir ki, xx.xx.2019-cu il tarixə mənzilin bazar dəyəri ilə 2023-cü ilin mənzil bazarındakı qiymət fərqini müqayisə etsələr əgər 2019-cu ilin fevral ayı üçün mənzilin hər kv. metrin dəyəri 550 manat idisə, hazırki vaxtda mənzilin hər kv. metrinin dəyəri 1246 manatdan yuxarı məbləğdə müəyyənləşdirilmişdir. Belə ki, eyni şəraitli mənzillə təmin olunmaq üçün iddiaçı hazırki şəraitdə təxminən 132000 manat pul ödəməlidir. Cavabdeh hazırkı mənzili özgəninkiləşdirməklə təmirli vəziyyətdə hər kv.metrini 1246 manata satdığı halda minimum 92000 manat gəlir əldə edəcəkdir. Bu isə cavabdehin əsassız varlanmasına və hüquqdan sui-istifadəsinə gətirib çıxarmaqla iddiaçını mənzilsiz qoyub mülkiyyət hüquqlarını məhdudlaşdırmış olacaqdır. Qeyd etməyi zəruri hesab edir ki, mənzilin alınması üçün bugünədək ödənilmiş 40000 manat pulu, həmin tarixdə başqa bir MMC-yə ödəmiş olsaydı, cavabdeh hal-hazırda borclu qaldığı 18300 manatı götürər və evi iddiaçının sərəncamına vermiş olardı. Göründüyü kimi cavabdeh onun faktiki sahibliyində olan mənzili özgəninkiləşdirməklə fayda götürərək əsassız varlanacaq və nəticədə onun qanunla qorunan mülkiyyət hüquqları məhdudlaşdırılacaqdır. Buna görə də iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

3. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək mənzilin alınması üçün İddiaçı tərəfindən Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilmiş 40.000 (qırx min) manat pulun və İddiaçı tərəfindən mənzilin təmir tikintisinə xərclənmiş 50.300 (əlli min üç yüz) manat və mənzilin alqı-satqı edildiyi dövr ilə hazırki dövr arasında ki, fərq olaraq 23.700 (iyirmi üç min yeddi yüz) manat olmaqla, cəmi 114.000 manat pulun Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən alınıb iddiaçı X1 verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Cavabdeh MTK–nın vəkili Vəkil1 iddia ərizəsinə qarşı etiraz verərək qeyd etmişdir ki, İddiaçı xx.xx.2019-cu il tarixində Cavabdeh MMC-yə məxsus 2 saylı yaşayış binasının 4-cü mərtəbəsində 2 otaqlı 24 saylı mənzilin 58.333 manat dəyərindən 35.000 manatını ödəmiş, qalan 23.333 manatı 12 ay ərzində, yəni xx.xx.2020-ci ilədək müddətdə ödəməyərək müqavilənin 2.2.2-ci bəndində nəzərdə tutulan öhdəliyini qəsdən yerinə yetirməmişdir. Cavabdeh MMC tərəfindən iddiaçıya dəfələrlə edilmiş şifahi müraciətlərə baxmayaraq o, ödəniş etməkdən yayınaraq müqavilənin 2.2.2-ci bəndi üzrə üzərinə götürdüyü öhdəliyi qəsdən yerinə yetirməmiş, bu hal MMC tərəfindən iddiaçının müqavilə öhdəliyinin icrasından imtina hesab edilmişdir. MMC 1 (bir) il müddətində iddiaçının “şıltaqlığına” dözmüş, nəhayət 23 fevral 2021-ci il tarixdə ona rəsmi bildiriş göndərərək həmin müqavilənin ləğv edilməsi barədə məlumat vermişdir. Hansı ki, uzun müddət iddiaçı həmin bildirişə də heç bir reaksiya verməmiş, mənzili boşaldaraq iddiaçıya təhvil vermədiyindən MMC məhkəməyə müraciət etmişdir. İddiaçı sözügedən müqavilə üzrə cavabdeh xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək müddətdə 23.333 manat ödəməliydi, ancaq qəsdən ödəməmişdir. İddia ərizəsində qeyd edilir ki, o, bu öhdəliyi, yəni qeyd edilən müddətdə 23.333 manatı guya ölkədə olan pandemiya səbəbindən ödəyə bilməmişdir. Hansı ki, bu yalnız bəhanədir ona görə ki, əvvəla pandemiya ölkədə rəsmən 03 mart 2020-ci il tarixdən elan edilmiş və müəyyən məhdudiyyətlər başlamışdır. Daha sonra əgər pandemiya səbəbindən iddiaçı həmin məbləği cavabdehə ödəməkdə maddi çətinlik çəkibsə, onda özünə məxsus olmayan mənzili hansı pulla təmir edib. Demək ki, pandemiya yalnız bəhanədir və iddiaçının kifayət qədər maddi imkanı olub ki, müqavilə üzrə üzərinə düşən öhdəliyi vaxtında və lazımınca yerinə yetirsin. İddiaçı cavabdehin 2021-ci ili fevral ayında ona ünvanladığı “müqaviləni ləğv etmək” barədə təklifinə heç bir reaksiya vermədiyindən mübahisə məhkəməyə çəkilmiş, işə Abşeron Rayon Məhkəməsində baxılarkən iddiaçı bank vasitəsilə cavabdehin hesabına 5.000 manat ödəmiş, lakin sonuncu artıq müqavilə ləğv edildiyindən və ya mübahisələndirildiyindən həmin vəsaiti qəbul etməmişdir və hazırda da bu məbləğ bankın depozitindədir və iddiaçı istədiyi vaxt həmin məbləği bankdan qabul edə bilər. İddiaçı iddia ərizəsində özü etiraf edir ki, guya məlum COVİD səbəbindən sözügedən müqavilənin 2.2.2-ci bəndi üzrə öhdəliyini vaxtında icra edə bilməmişdir. Hansı ki, sonrakı “dəlilində” hesab edir ki, 17 iyun 2021-ci ildə müqavilənin qeyd edilən 2.2.2-ci bəndində nəzərdə tutulan müddətdən 1 il 5 ay sonra, ödəməli olduğu 23.333 manatdan 5.000 manat banka ödəmişsə, demək ki, o, müqavilə öhdəliyini vaxtında yerinə yetirib. İddiaçı hətta məhkəmə mübahisəsi zamanı da müqavilə üzrə ödəməli olduğu 23.333 manatı yox, vəziyyəti öz xeyrinə dəyişmək üçün cəmi 5.000 manat ödəməyə çalışmış, daha sonra iddiaçının nümayəndəsi apellyasiya baxışı zamanı məhkəmə iclasını mühasibatlıq və ya kassa, MMC-nin nümayəndəsini isə kassir hesab edərək hansısa məbləğdə pulun onun cibində olduğunu və ödəməyə hazır olduğunu bildirmişdir. Hansı ki, bu halın özü iddiaçının öz hüquqlarından sui-istifadəsi deməkdir. Hansısa kommersiya qurumunun mülkiyyətçinin razılığı olmadan yaşayış sahəsinə dair “bazar” qiyməti təyin etməsi hər hansı qanuna uyğun deyil. Daha sonra, MTK tərəfindən hansısa mütəxəsis rəyini məhkəməyə təqdim edə və mənzilin bazar dəyərini hazırkı dövr üçün 65.000–70.000 müəyyən edilə bilər. İddiaçının mübahisələndirdiyi hazırkı məsələ qanuni qüvvədə olan məhkəmə qərarı və tərəflər arasında olan müqavilə ilə tənzimlənməlidir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)382/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4136/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçı X3 cavabdeh olmuş və onun hazırkı mübahisə predmeti olan mənzildən çıxarılması qət edilmişdir. Təbii olaraq həmin məhkəmə aktları yaxın zamanda qanuna müvafiq olaraq icra ediləcəkdir. İddiaçı C.İsgəndərova ona məxsus olmayan mənzildən qanuni qüvvədə olan məhkəmə aktları ilə çıxarılmalıdır və bu hal heç bir müzakirə və mübahisə predmeti ola bilməz. İddiaçının cavabdehə qarşı hazırkı iddia tələbi ona yönəlmişdir ki, nəyin bahasına olsun cavabdehə məxsus mənzildən cıxmasın və ya cıxarılanda ona böyük məbləğdə pul verilsin. İddiaçı C.İsgəndərovanın əsassız yerə yaratdığı hazırkı mübahisənin həlli onunla Cavabdeh MMC arasında bağlanmış və hazırkı iş üzrə də məhkəməyə təqdim edilmiş, habelə bəndlərinə istinad edilmiş 21 fevral 2019-cu il tarixli müqavilədə öz əksini tapıb. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə ilə müəyyən olunmuş müddətdə “Alıcı” pulu ödəmədikdə və ya mənzildən imtina etdiyi halda “Satıcı” müqaviləni birtərəfli qaydada pozmaq hüququna malikdir. Bu halda “Alıcı” “Satıcı”ya hər bir gecikdirilmiş gün üçün müqavilə qiymətinin 0,1% məbləğində cərimə ödəyir. Mənzil isə satışa çıxarılır, satıldıqdan sonra qalan məbləğ nağd və ya poçt vasitəsilə “Alıcı”ya geri qaytarılır. Qanuni qüvvədə olan məhkəmə aktlarına əsasən müvafiq icra orqanı iddiaçı C.İsgəndərovanı hər bir halda, gec və ya tez həmin mübahisələndirdiyi mənzildən çıxaracaq. Bu hal hər hansı müzakirə və ya mübahisə predmeti deyil. Bundan sonra isə tərəflər arasında bağlanmış müqavilənin qeyd edilən 3.1-ci bəndinin tələbi əsasında mənzil satışa çıxarılacaq. Bundan sonra iddiaçının mənzilə görə ödədiyi məbləğ və təmirə xərclədiyi vəsait ona geri qaytarılacaq. O ki qaldı, iddiaçının hansısa kommersiya qurumundan ona məxsus olmayan mənzildə apardığı təmirə görə şişirdilmiş xərclərə dair qiymət təqdim etməsi, bu “sübut” növü deyil. Təmirə çəkilmiş xərc mübahisə yaradacağı halda onların da iştirakı ilə müvafiq ekspertiza keçirilər və yalnız bundan sonra təmirin həqiqi dəyəri bilinər.

5. Abşeron Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 2(012)-78/2024 nömrəli qətnaməsi ilə (hakim Elman Məmmədov) iddia qismən təmin edilmiş, iddiaçı tərəfindən Xırdalan şəhəri, 26-cı məhəllə, Mehdi Hüseynzadə küçəsi 10 ünvanında, 6 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən 2 (iki), faktiki 3 (üç) otaqlı mənzilə görə ödənilmiş 40.000 manat və təmirə xərclənmiş 29.465,8 (iyirmi doqquz min dörd yüz altmış beş) manat, 0,80 qəpik, cəmi 69.465,8 manat həçmində pulun Cavabdeh MTK-dan alınaraq iddiaçı X1 verilməsi, ödənilmiş dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 246 manatının Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, keçirilmiş ekspertiza xərcinin əvəzi olan 50 (əlli) manatın Cavabdeh MTK-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, hazırkı mübahisə tərəflər arasında bağlanmış 21 fevral 2019-cu il tarixli, 02/24/28 nömrəli müqavilənin 3.1-ci bəndində nəzərdə tutulmuş qaydada həll edilməlidir. Müəyyən olundu ki, iddiaçı mənzilə görə cəmi 40.000 manat ödəniş etmişdir və bu məbləği cavabdeh də etiraf edir və iddiaçıya qaytarmağa razıdır. Mənzilə çəkilmiş xərcə münasibətdə qeyd edir ki, iddiaçı öz iddia ərizəsində mənzilin təmirinə 50.300 manat xərc çəkdiyini göstərdiyi halda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 21 sentyabr 2023-cü il tarixli, 10/4487 nömrəli məhkəmə mühəndis-texniki (qiymətləndirmə) rəyində 54990 manat təmir xərci göstərilməsi inandırıcı deyil. Əmlak Ekspert Mərkəzinin ƏEM/D 52-1097/23 saylı, 15 dekabr 2023-cü il tarixli rəyi mübahisələndirilən mənzilin təmir xərclərini özündə daha əsaslı, ətraflı və inandırıcı şəkildə əks etdirir.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 389.1, 390.1, 399.4, 404-cü maddələrinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 2(012)-78/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi qənəati əsaslı hesab etmir. Belə ki, məhkəmə işə qərəzli yanaşaraq yalnız cavabdehin mövqeyindən çıxış edərək, onu izahatını qəbul etməyərək, onun tərəfindən təqdim edilmiş edilmiş etiraza qiymət verməyərək, müdafiə hüququna şərait yaratmadan qanuna zidd qətnamə qəbul etmişdir. Hazırkı iş üzrə qətnamə çıxararkən birinci instansiyası məhkəməsi iş üzrə düzgün araşdırma aparmadan, sübutlara düzgün qiymət verməmiş, konstitusiya ilə qorunan hüquqlarını, ədalətli araşdırma prinsipini, çəkişmə prinsipini pozaraq, qanunsuz və ədalətsiz olaraq bir tərəfli qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi yalnız iddiaçı tərəfin qanunsuz və səthi dəlilləri əsasında işə baxmış, işin konkret halları və qanunun normaları nəzərə alınmamışdır. İddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsi və Mülki Prosessual Məcəlləsindən irəli gələn maddi və prosessual hüquqları pozulmuş, həmçinin iş üzrə həqiqi hallar və tərəflərin qarşılıqlı münasibətləri hərtərəfli araşdırılmamışdır. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 sentyabr 2023-cü il tarixli, 10/4487 saylı ekspert rəyindən və ona əlavə olunmuş şəkillərdən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Abşeron rayonu, Xırdalan şəhəri, Quba-Bakı magistralının qərbində inşa edilmiş yaşayış binasının dördüncü mərtəbəsində yerləşən, 24 saylı mənzil üzrə aparılmış təmir işlərinə sərf olunmuş vəsaitin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 54990 manat məbləğində olduğu müəyyən edilmişdir. Lakin, “Koral Konsaltinq” Hüquq və Qiymətləndirmə Mərkəzinin 10 noyabr 2022-ci il tarixli, KC/N05-128/22 nömrəli rəyi ilə müəyyən olunur ki, mübahisələndirilən mənzilin bazar dəyəri 132.000 manat təşkil edir. Əmlak Ekspert Mərkəzinin ƏEM/D 52-1097/23 saylı, 15 dekabr 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, mübahisələndirilən Xırdalan şəhəri, 26-cı məhəllə, Mehdi Hüseynzadə küçəsi 10 ünvanında, 6 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən 2 (iki), faktiki 3 (üç) otaqlı mənzilin təmirinə çəkilmiş xərclərin məbləği (işçilik, avadanlıq və material xərci daxil olmaqla) bazar qiymətləri nəzərə alınmaqla, 29465,8 (iyirmi doqquz min dörd yüz altmış beş) manat, 0,80 qəpik təşkil edir. 114000 (yüz on dörd min) manat məbləğində müəyyən edilməli və cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Abşeron Rayon Məhkəməsi işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, mübahisəni həll edərkən maddi hüquq normalarını düzgün tətbiq etməməklə yanaşı ədalətmühakiməsini faktlar və sübutların müqayisəli tədqiqatı əsasında düzgün olaraq həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipləri pozmuşdur.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

10. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

11. İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, 2023-cü ilin oktyabr ayında qətnamə icra olunmuş və təmsil etdiyi şəxs mənzildən çıxarılmışdır. Birinci instansiya məhkəməsi qərarında ləğv edilmiş müqavilənin qüvvədə qalmasına istinad etmişdir. İş üzrə 3 ekspert rəyi mövcud olmuş, həmin rəylərdə müəyyən olunmuş məbləğlər arasında ciddi fərqlər olmuşdur. Abşeron Rayon Məhkəməsinin qərarında 29465 manat müəyyən olunmuş ekspert rəyi əsas götürülmüş və nə üçün məhz bu məbləğin əsas götürüldüyü qeyd olunmamışdır. Eyni zamanda birinci instansiya məhkəməsi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyini, rəydə göstərilmiş məbləğ iddia məbləğindən çox olduğu üçün əsaslı hesab etməmişdir. Təmir xərcləri 50300 manat təşkil edir. Buna görə də əlavə ekspertiza təyin edilməklə, evə çəkilmiş xərcin dəqiq müəyyən edilməsini xahiş edir.

12. Cavabdeh MTK–nın nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, birinci instansiya məhkəməsində bildirmişdir ki, qarşı tərəfə 69000 manat məbləğində vəsaiti ödəməyə hazırdır. Məhkəmə iclasları iddiaçınınn iştirakınınn təmin olunması məqsədiylə bir neçə dəfə təxirə salınsa da, qarşı tərəf nə özü, nə də vəkili məhkəməyə gəlmişdir. Müqaviləyə əsasən hər hansı bir tərəf müqavilə şərtlərini pozduğu, yaxud ödənişi həyata keçirmədiyi təqdirdə, cavabdeh, yəni müqavilə üzrə “Satıcı” ilkin ödənişi və təmirə çəkilən xərcləri mənzili sataraq geri qaytaracaqdır. Beləliklə, qarşı tərəf ilkin olaraq 40000 manat, təmirə isə ekspertinə rəyinə əsasən təxminən 30000 manat xərc çəkilmişdir. Bu məbləğ ağlabatan məbləğdir. Hesab edir ki, qarşı tərəfin istinad etdiyi məhkəmə ekspertizasının rəyi qeyri-mötəbər və əsassızdır. Ekspert rəyində əksini tapmış məbləğlər şişirdilmişdir. Mətbəx mebelinin quraşdırılmasına 7000 manat məbləğində xərc çəkildiyi qeyd olunmuşdur. Dəhlizdəki dolab iddiaçı tərəfindən aparılmış, lakin ekspert həmin dolaba görə də məbləğ müəyyən etmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Ona görə də apellyasiya şikayətinin təmin olunmaması və birinci instansiya məhkəməsinin qərarının dəyişirilmədən saxlanılması barədə qərar qəbul etməyinizi xahiş edir.

İşdə olan sübutlar

13. 21 fevral 2019-cu il tarixli, 02/24/28 saylı müqavilədən görünür ki, satıcı Cavabdeh MMC ilə İddiaçı arasında mənzilin alqı-satqısı haqqında müqavilə bağlanmış və bu müqaviləyə əsasən satıcı Cavabdeh MMC Abşeron rayonu, Xırdalan şəhəri, Quba- Bakı magistralının qərbində inşa edilən yüksəkmərtəbəli yaşayış binasının bina 2, 4cü mərtəbəsində yerləşən, ümumi sahəsi 106,06 kv.m-dən ibarət olan, 2 otaqlı, 24 saylı mənzili alıcı İddiaçı satmış, alıcı İddiaçı sözügedən mənzilin sahəsinin hər kvadratmetri üçün 550 manat olmaqla, cəmi 58333 manat ödəməyi, həmçinin ilkin ödənişi ödədikdən sonra, ümumi məbləğin 100 faizini 12 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədə göstərilən qalan məbləği tam ödədikdən sonra mənzil “Alıcı”nın şəxsi mülkiyyətinə keçir. Həmin müqavilənin 3.1-ci bəndindən görünür ki, müqavilə ilə müəyyən olunmuş müddətdə “Alıcı” pulu ödəmədikdə və ya mənzildən imtina etdiyi halda “Satıcı” müqaviləni birtərəfli qaydada pozmaq hüququna malikdir. Bu halda “Alıcı” “Satıcıya” hər bir gecikdirilmiş gün üçün müqavilə qiymətinin 0,1% məbləğində cərimə ödəyir. Mənzil isə satışa çıxarılır satıldıqdan sonra qalan məbləğ nəğd və ya poct vasitəsilə “Alıcı”ya geri qaytarılır.

14. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-4136/2022 saylı qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(12)-3859/2021 saylı, 17 avqust 2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh İddiaçı qarşı müqavilənin ləğvi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, cavabdeh İddiaçı dəbbə puluna görə 400 manat, hüquqi yardım üçün 100 manat, 10 manat dövlət rüsumuna görə pul, cəmi 510 manatın alınaraq iddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(105)-382/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, Abşeron Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2(012)-3859/2021 saylı qətnaməsi müqavilənin ləğv edilməsi və cavabdehin mənzildən çıxarılmasının rədd edilməsi hissələrində ləğv edilməsi və həmin hissələrdə iddia tələbləri təmin edilməsi, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh İddiaçı aralarında bağlanmış 21 fevral 2019cu il tarixli müqavilənin ləğv edilməsi, İddiaçı Xırdalan şəhəri, Quba-Bakı magistiralının qərbində inşa edilmiş yaşayış binasının bina 2, 4-cü mərtəbədə yerləşən 24 saylı mənzildən çıxarılması və mənzil boş vəziyyətdə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilməsi qət edilmişdir. Cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-382/2022 nömrəli, 27 yanvar 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə-müqavilənin ləğv edilməsi və mənzildən çıxarılma tələblərinin təmin olunması hissələrində dəyişdirilmədən saxlanılmışdır.

15. “Koral Konsaltinq” Hüquq və Qiymətləndirmə Mərkəzinin 10 noyabr 2022-ci il tarixli, KC/N05-128/22 nömrəli rəyi ilə müəyyən olunur ki, mübahisələndirilən mənzilin bazar dəyəri 132.000 manat təşkil edir.

16. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 21 sentyabr 2023-cü il tarixli, 10/4487 saylı ekspert rəyindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quba-Bakı magistralının qərbində inşa edilmiş yaşayış binasının dördüncü mərtəbəsində yerləşən, 24 saylı mənzil üzrə aparılmış təmir işlərinə sərf olunmuş vəsaitin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 54990 manat məğləğində olduğu müəyyən olunmuşdur.

17. "xxxx" MMC Qiymətləndirmə Şirkətinin xx.xx.2023-cü il tarixli, Rxx/xx/2023 nömrəli rəyi ilə müəyyən olunur ki, mübahisələndirilən mənzilin təmirinə çəkilmiş xərc 20.950 manat təşkil edir.

18. Əmlak Ekspert Mərkəzinin ƏEM/D 52-1097/23 saylı, 15 dekabr 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, mübahisələndirilən Xırdalan şəhəri, 26-cı məhəllə, Mehdi Hüseynzadə küçəsi 10 ünvanında, 6 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən 2 (iki), faktiki 3 (üç) otaqlı mənzilin təmirinə çəkilmiş xərclərin məbləği (işçilik, avadanlıq və material xərci daxil olmaqla) bazar qiymətləri nəzərə alınmaqla, 29465,8 (iyirmi doqquz min dörd yüz altmış beş) manat, 80 qəpik təşkil edir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.

20. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1 məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

21. Abşeron Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 2(012)-78/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı mübahisə edilən, yəni mənzilə çəkilmiş xərcin müəyyən edilməsi və mənzilin alqı-satqı edildiyi dövr ilə hazırki dövr arasındakı dəyər fərqinin ödənilməsi hissəsində yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

23. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında mübahisəli evin təmirinə çəkilmiş xərcə dair Məhkəmə Ekspertiza Mərkəzinin 21 sentyabr 2023-cü il tarixli, 10/4487 saylı ekspert, "xxxx" MMC Qiymətləndirmə Şirkətinin xx.xx.2023-cü il tarixli, Rxx/xx/2023 nömrəli və Əmlak Ekspert Mərkəzinin ƏEM/D 52-1097/23 saylı, 15 dekabr 2023-cü il tarixli mütəxəssis rəyləri olmuşudur ki, ekspert rəyi ilə mənzilə çəkilmiş xərclərin dəyəri 54990 manat, mütəxəssis rəylərinə görə isə müvafiq olaraq 20.950 manat və 29465,8 manat müəyyən edilmişdir ki, Əmlak Ekspert Mərkəzinin ƏEM/D 52-1097/23 saylı, 15 dekabr 2023-cü il tarixli mütəxəssis rəyi digər rəylərə münasibətdə daha mötəbər olmuşdur.

24. Belə ki, Məhkəmə Ekspertiza Mərkəzinin 21 sentyabr 2023-cü il tarixli, 10/4487 saylı ekspert rəyindən görünür ki, ekspert tərəfindən mübahisəli evdə 70 ədəd divar kağızının istifadə edilməsi qeyd edilməklə, divar kağızının vurulması ilə bağlı zəhmət haqqı ilə birlikdə təxminən 5000 manata yaxın xərcin çəkilməsi müəyyən edilmişdir. Əmlak Ekspert Mərkəzinin ƏEM/D 52-1097/23 saylı, 15 dekabr 2023-cü il tarixli mütəxəssis rəyində isə 30 ədəd divar kağızının istifadə edilməsi qeyd edilməklə, divar kağızının vurulması ilə bağlı zəhmət haqqı ilə bilikdə təxminən 1500 manata yaxın xərcin çəkilməsi müəyyən edilmişdir ki, təxminən 100 kv.m sahədən ibarət evin divarlarına 70 ədəd divar kağızının istifadə edilməsi ağlabatan və inandırıcı da deyildir. Bundan başqa ekspert rəyində inşaat materiallarının, zibilin daşınması və nəqliyyat xərcləri ilə bağlı 4000 manat xərc müəyyən edilsə də mütəxəssis rəyində həmin xərclər 600 manat məbləğində müəyyən edilmişdir ki, həmin xərlərin 4000 manat olması da ağlabatan və inandırıcı olmamışdır. Bundan başqa ekspert rəyində evdəki 7 ədəd otaq qapılarına görə 1 ədədi 500 manat olmaqla, 3500 manat xərc müəyyən edilmişdir ki, mütəxəssis rəyində həmin məbləğ 1 ədəd qapıya görə 280 manat olmaqla, 1960 manat müəyyən edilmişdir. Hərçənd ki, qapılar.az internet portalından çıxarılmış və iş materiallarına əlavə edilmiş çıxarışda mübahisələndirilən evdə quraşdırılmış eyni ilə olan qapının dəyərinin 185 manat olması görünməkdədir ki, bu da mütəxəssis rəyinin daha mötəbər olmasını təsdiq etmişdir. Bundan başqa mətbəxt mebeli üçün ekspert rəyində 7000 manat xərc müəyyən edilsə də, mütəxəssis rəyində həmin məbləğ təxminən 3400 manat müəyyən edilmişdir ki, bu kimi fərqlər digər materiallarda, iş və xidmətlərdə də biruzə vermişdir. Əmlak Ekspert Mərkəzinin ƏEM/D 52-1097/23 saylı, 15 dekabr 2023-cü il tarixli mütəxəssis rəyində mənzilə çəkilmiş xərclərə dair informasiya mənbləri (internet portalları və sair mənbələr) konkret olaraq qeyd olunmaqla, həmin mənbələrə baxış keçirilməsi ilə həmin mütəxəssis rəyi avadanlıq və material xərcinin real bazar qiymətlərini özündə əks etdirməklə daha konkret, əsaslı və inandırıcı olmuşdur. Ekspert rəyində isə mənzilə çəklmiş xərc məbləği 54990 manat müəyyən edilsə də rəydə qiymətləndirmənin mənbəyi göstərilməmiş, xərclər ümumi şəkildə qeyd olunmuş, həmçinin yuxarıda istinadlara əsasən real dəyərindən artıq müəyyən edilmişdir. Buna görə də birinci instansiya məhkəməsi haqlı olaraq, ekspert rəyini deyil, mütəxəssis rəyini əsaslı və mötəbər hesab etmişdir.

25. Məhkəmə kollegiyası iddiaçının mənzilin alqı-satqı edildiyi dövr ilə hazırki dövr arasındakı dəyər fərqinin ödənilməsi ilə bağlı tələbinin də əsassız hesab etmişdir. Belə ki, iddiaçı ilə cavabdeh arasında müqavilə ləğv edildiyindən, mübahisəli mənzil cavabdehin mülkiyyətinə keçmişdir ki, iddiaçı müqavilə ləğv edilən vaxta kimi həmin mənzilin vicdanlı sahibi olmuşdur. Yuxarıda istinad olunan Mülki Məcəllənin 157.7-ci maddəsinin tələbinə əsasən isə vicdanlı sahib yalnız əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Buna görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətini həmin hissədə də əsassız hesab etmişdir.

26. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olmaqla, qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 2(012)-78/2024 nömrəli qətnaməsi apellyasiya şikayətinə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır.

27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏTETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 2(012)-78/2024 nömrəli qətnaməsi apellyasiya şikayətinə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar