Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-924/2022 23.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin (keçmiş "xxxx" Lizinq Şirkəti QSC) nümayəndəsi Nümayəndə, Cavabdeh3, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı "xxxx" Lizinq Şirkəti QSC-nin (hazırda "xxxx" MMC) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı lizinq obyektinin qaytarılması, lizinq borcu və lizinq mükafatının tutulması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 10 fevral 2020-ci il tarixli, 2(012)-1216/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq, m ü ə y y ə n e t d i : İddiaçı "xxxx" Lizinq Şirkəti QSC Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə aralarında bağlanmış 01.09.2014-cü il tarixli lizinq müqaviləsinə xitam verilməsi, cavabdehlərdən öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində müştərək qaydada əsas borc 11879 ABŞ dolları, əsas məbləğdən gecikmə borcu 12441 ABŞ dolları, faiz borcu 13263 ABŞ dolları, dəbbə borcu 1777 ABŞ dolları, sığorta borcu 134 ABŞ dolları, cəmi 39495 ABŞ dolları məbləğində vəsaitin tutulması, müqaviləyə əsasən "xxxx" Lizinq Şirkəti QSC-nin mülkiyyətində Cavabdeh1 istifadəsində olan Abşeron rayonu, Xırdalan şəhəri, M.Həsənzadə küçəsi, 2 saylı döngədə yerləşən 19 saylı fərdi yaşayış evinin boşaldılaraq QSC-yə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 Lizinq Müqaviləsinə 1 saylı Əlavədə göstərilmiş məbləği mütəmadi olaraq hər ay ödəniş etməli olduğu halda, bu şərti pozaraq cədvəl üzrə ödənişlər etməmiş və bununla da öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. Cavabdeh daxili maliyyə lizinqi müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyinə görə 05.05.2017-ci il tarixə əsas borcu 11879,99 ABŞ dolları, əsas məbləğdən gecikmə borcu 12441,75 ABŞ dolları, faiz borcu 13263, dəbbə borcu 1777 ABŞ dolları olmaqla, cəmi borcu 39495,74 ABŞ dolları məbləği təşkil edir. Eyni zamanda daxili maliyyə lizinqi müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 və Cavabdeh3 ilə aralarında bağlanmış 01.09.2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən zaminlər lizinq alanın öhdəliklərinin yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşlər. Cavabdehlər öhdəliklərini tam və vaxtında yerinə yetirmədikləri üçün şirkət tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, lizinq obyektini geri qaytarmamışlar. Abşeron Rayon Məhkəməsinin (hakim Sevinc Quliyeva) 2(012)-1216/2020 nömrəli iş üzrə 10 fevral 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, "xxxx" QSC və Cavabdeh1 arasında bağlanmış 01 sentyabr 2014- cü il tarixli daxili maliyyə lizinqi müqaviləsinə əsasən əsas borc üzrə 11879,99 ABŞ dolları, əsas məbləğdən gecikmə borcu 12441,75 ABŞ dolları, faiz borcu üzrə 13263 ABŞ dolları, dəbbə borcu üzrə 100 ABŞ dolları, sığorta borcu üzrə 134 ABŞ dolları, cəmi 37818,74 ABŞ dolları məbləğində pul tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, M.Həsənzadə küçəsi, 2 saylı döngədə yerləşən 19 nömrəli fərdi yaşayış evinin boşaldılaraq Cavabdeh1 istifadəsindən alınıb "xxxx" Lizinq Şirkəti QSC-yə qaytarılması qət edilmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2125/2020 nömrəli iş üzrə 04 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Telman Quliyev, Gülnarə Tağızadə, Elman Rəhimov) apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia rədd edilmişdir. İddiaçı qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər: Gündüz Quliyev, İlqar Xələfov, Zaur Əliyev) 31 mart 2021-ci il tarixli, 2(102)-2258/2021 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin apellyasiya məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1868/2021 nömrəli iş üzrə 23 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Şəmsəddin Abasov, Səyyad Qafari, Telman Məmmədov) apelyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 10 fevral 2020-ci il tarixli, 2(012)- 1216/2020 saylı qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin olunmuş, "xxxx" QSC və Cavabdeh1 arasında bağlanmış 01 sentyabr 2014-cü il tarixli, 2376D/14/B nömrəli daxili maliyyə lizinqi müqaviləsinə əsasən əsas borc üzrə 6895 manat, lizinq mükafatı üzrə 12133 manat, dəbbə pulu borcu üzrə 100 manat, sığorta borcu üzrə 148 manat olmaqla, cəmi 19276 manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq iddiaçı "xxxx" QSC-yə (hazırda "xxxx" MMC) ödənilmiş, lizinq obyekti- Abşeron rayonu, Xırdalan şəhəri, M.Həsənzadə küçəsi, 2 saylı döngədə yerləşən 19 nömrəli, ümumi sahəsi 68.2 kv.m olan 3 otaqlı fərdi yaşayış evinin Cavabdeh1 istifadəsindən alınıb boşaldılaraq "xxxx" Lizinq Şirkəti QSC-yə (hazırda "xxxx" MMC) qaytarılması qət edilmişdir. Qətnamədən Cavabdeh1 kassasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər: Əhməd Nurməmmədov, Mehparə Əhmədova, Əhməd Əhmədov) 17 yanvar 2022-ci il tarixli, 2(102)-579/2022 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin apellyasiya məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri: məhkəmə işi hərtərəfli araşdırmamış, iddia əsassız olmasına baxmayaraq, onun təmin edilməsi barədə qanunsuz qətnamə çıxarılmışdır. Bu qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğundan ləğv edilməlidir. Məhkəmə iclasında onun iştirakı təmin edilməmiş, işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Həmin fərdi yaşayış evini o özü lizinq şirkətinə 20.000 manata satmış, lizinq şirkəti isə onunla eyni gündə həmin evə dair dəyəri 25.000 manat təşkil edən lizinq müqaviləsi bağlamışdır. Həmçinin iddiaçının heç bir əsas olmadan həmin pulun xarici valyutada ABŞ dolları ilə qaytarılması barədə tələbi əsassızdır. Onun məhkəmə iclasında iştirakı təmin edilsə idi, iddia müddətinin tətbiqi barədə ərizə verə bilrədi, çünki işdən görünür ki, lizinq şirkəti hazırkı iddianı qaldırarkən qanunla nəzərdə tutulmuş iddia müddətini keçirmişdir. Bundan başqa, şirkətin ondan əsas məbləğdən gecikmə borcunu tələb etməsinin də nə qanuni, nə də müqavilə əsası vardır. Onun müqavilə üzrə ödənişləri də nəzərə alınmamış, nəticədə qanunsuz qətnamə qəbul edilmişdir. Göstərilənlərə əsasən qətnamə ləğv edilməli, işdəki sübutlar üzrə yeni qətnamə qəbul edilməlidir. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 bildirdi ki, tərəflər arasındakı münasibətlərin faktiki olaraq kredit münasibəti olmasını qəbul edirlər. Vəkil iddiaçıya 27000 manat məbləğində borcun olmasını qəbul etmələri və 15 iyul 2022-ci il tarixədək borcun ödənilməsini cavabdehlərin öhdələrinə götürmələri barədə məhkəmə kollegiyasına ərizə təqdim etdi. Apellyasiya baxışı zamanı Cavabdeh3 vəkilin dedikləri ilə razı olduğunu, məhkəmə kollegiyasına ərizə təqdim edərək iddiaçıya 27000 manat məbləğində borc olmasını qəbul etdiyini və 15 iyul 2022-ci il tarixədək borcun ödənilməsini cavabdehlərin öhdələrinə götürdüyünü bildirdi. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçının vəkili Vəkil1 bildirdi ki, tərəflər arasındakı münasibətlərin faktiki olaraq lizinq deyil, kredit münasibəti olmasını nəzərə alaraq əsas borc, faiz borcu nəzərə alınmaqla borcun hesablanmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsaslanaraq, Cavabdeh2 iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-1216/2020 nömrəli 10 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, iddiaçı "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış 01 sentyabr 2014-cü il tarixli, 2376D/14/B nömrəli daxili maliyyə lizinqi müqaviləsi, "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış 01 sentyabr 2014-cü il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsi etibarsız hesab edilməli, alqı-satqı müqaviləsi əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyat ləğv edilməli, Abşeron rayonu, Xırdalan şəhəri, M.Həsənzadə küçəsi, 2 saylı döngədə yerləşən 19 nömrəli, ümumi sahəsi 68.2 kv.m olan 3 otaqlı fərdi yaşayış evi Cavabdeh1 mülkiyyətinə qaytarılmalı, 27000 manat Cavabdeh1 alınaraq iddiaçı "xxxx" QSC-yə (hazırda "xxxx" MMC) ödənilməli, 27000 manat pulun ödənilməsi ilə Abşeron rayonu, Xırdalan şəhəri, M.Həsənzadə küçəsi, 2 saylı döngədə yerləşən 19 nömrəli, ümumi sahəsi 68.2 kv.m olan 3 otaqlı fərdi yaşayış evinin Cavabdeh1 mülkiyyətinə qaytarılması eyni vaxtda icra edilməlidir. İşdən görünür ki, kassasiya instansiyası məhkəməsi öz qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edib, işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərərkən, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol verdiyinə istinad etmişdir. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası yaranmış mübahisə ilə bağlı aşağıdakıları qeyd edir: Baxılan iş üzrə iddiaçı lizinq müqaviləsindən irəli gələn öhdəliklərin icrasını, lizinq müqaviləsinə xitam verilməsini və lizinq obyektinin geri qaytarılmasını tələb edir; tələbinin əsası kimi tərəflər arasında bağlanmış lizinq və zaminlik müqavilələrinə istinad edir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında etibarlı lizinq müqaviləsindən irəli gələn lizinq hüquq münasibətləri yaranmamış, bağlanmış əqdlər başqa əqdləri pərdələməklə onların real iradə ifadələrini əks etdirməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur (maddə 747.1). Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə sahiblik və ondan istifadə hüququ lizinq alana tam həcmdə keçir. Lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir (maddə 748-2.1-748- 2.3). Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir (maddə 748-10.1). Lizinq barəsində əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747-750-ci maddələrinə zidd olmayan qaydaları tətbiq edilir (maddə 751). Mülki qanunvericiliyin lizinq münasibətlərini tənzimləyən normalarının məzmunundan göründüyü kimi, lizinq müqaviləsi əmlak kirayəsi (icarəsi) müqaviləsinin xüsusi növü kimi çıxış edir. Bununla yanaşı, lizinq müqaviləsini kirayə hüquq münasibətindən fərqləndirən əsas cəhətlərdən biri lizinq alanın müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək imkanının olmasıdır. İddiaçı ilə Cavabdeh1 arasında lizinq müqaviləsi və mübahisəli fərdi yaşayış evinin alğı-satqısı eyni tarixdə, yəni 01.09.2014-cü il tarixdə imzalanmış, lizinq obyekti yalnız 20.10.2014-cü il tarixdə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Mülki Məcəllənin 146-cı maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan, sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Göründüyü kimi, lizinq müqaviləsinin bağlandığı tarixdə iddiaçının lizinq obyekinə dair sərəncam hüququ mövcud olmamışdır. Başqa sözlə, lizinq müqaviləsinin bağlandığı tarixdə iddiaçının həmin müqaviləni lizinq verən qismində imzalamaq səlahiyyəti olmamışdır. Digər tərəfdən, lizinq müqaviləsinin kirayə münasibətinin bir növü olduğu nəzərə alınmaqla fərdi yaşayış evinə görə 4 il müddətinə aylıq lizinq ödənişinin məbləğinin 831,25 ABŞ dolları müəyyən edilməsi, əmlakın sahibinin öz əmlakını lizinq verənə satması, sonra isə həmin evi daha baha qiymətə lizinqə alması həmin münasibətlərin həqiqi məzmununa uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 yanvar 2017-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə Azərbaycan Respublikasında lizinq münasibətlərinin inkişaf etdirilməsinin əsas məqsədi lizinq alanın maliyyə durumunun yaxşılaşdırılması, sahibkarlığın təşviq edilməsi, kənd təsərrüfatı mallarının istehsalçılarının maddi və texniki bazasının möhkəmləndirilməsi və yenilənməsi, sahibkarlığı maliyyələşdirmə vasitəsi kimi lizinqdən geniş istifadə edilməsinin həvəsləndirilməsi, ümumilikdə ölkədə rifahın yaxşılaşdırılması və sairdir. Qərarda qeyd olunur ki, lizinqlə əlaqədar satıcı ilə alğı-satqı müqaviləsinin bağlanması mütləqdir. Mülki Məcəllənin 747-5ci maddəsinin tələbinə əsasən, lizinqlə əlaqədar bağlanmış alğı-satqı müqaviləsində mütləq lizinq obyektinin lizinq verən tərəfindən xüsusi olaraq lizinqə verilmək üçün əldə edildiyi göstərilməlidir... Azərbaycan Respublikasının mülki qanunvericiliyində əsasən maliyyə lizinqi nəzərdə tutulmuşdur. Maliyyə lizinqində avadanlığın uzun müddətli icarəyə verilməsi və müqavilə müddəti sonunda bu avadanlığın müqavilədə əvvəlcədən müəyyənləşdirilmiş qaydada lizinq alanın mülkiyyətinə keçməsi nəzərdə tutulur. Bu lizinq növündə müqavilələrin müddəti adətən avadanlıqların amortizasiya müddətləri ilə eyni olur. İş üzrə tərəflər arasında yaranmış hüquq münasibətləri ölkəmizdə lizinq münasibətlərinin inkişaf etdirilməsi məqsədlərinə cavab vermir. Belə ki, əmlak sahibi öz əmlakını lizinq şirkətinə satmış, sonradan həmin evi lizinqə götürmüşdür. Tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsində lizinq obyektinin lizinq verən tərəfindən xüsusi olaraq lizinqə verilmək üçün əldə edildiyi göstərilməmişdir. Həmçinin müəyyən edilmiş lizinq müddəti lizinq obyektinin amortizasiya müddətlərinə uyğun gəlmir. Sadalanan hallar, habelə aylıq lizinq ödənişinin məbləği əsasında belə qənaətə gəlmək olar ki, tərəflər arasında yaranmış hüquq münasibəti maliyyə lizinqi institutunun təyinatına və mahiyyətinə uyğun gəlmir. Tərəflər arasındakı bağlanmış müqavilələr (alqı-satqı və lizinq) formal cəhətdən geriyə maliyyə lizinqi müqaviləsinə oxşasa da, mahiyyətcə və tərəflər arasında əmələ gəlmiş münasibətlər baxımından həmin müqaviləni əks etdirmir. Bir qayda olaraq lizinq şirkəti ilə bu müqavilənin bağlanmasında maliyyə imkanları olmayan və ya çətinlik çəkən hüquqi şəxslər maraqlıdırlar. Bu zaman lizinq obyekti lizinq alanın istehsal vasitəsi, gəlir mənbəyi kimi çıxış edir, lizinq alan lizinq obyektini satmaqla lizinq şirkətindən maliyyə vəsaiti əldə edir, lizinq obyektini sahibliyinə və istifadəsinə götürərək həmin maliyyə vəsaitindən istifadə edərək lizinq obyektindən gəlir əldə edir, həmin gəlir hesabına da lizinq ödənişlərini həyata keçirir, son nəticədə yenidən lizinq obyektinə mülkiyyət hüququnu bərpa edir. Hazırkı işdən görünür ki, lizinq şirkəti ilə Cavabdeh1 arasında bağlanmış müqavilənin predmeti yaşayış evidir, Cavabdeh1 həmin evdən özünün və ailə üzvlərinin yaşaması üçün istifadə etmiş və lizinqdən sonra da həmin təyinat üzrə istifadə edir. Yaşayış evini lizinq şirkətinə satmaqda və sonradan lizinqə almaqda məqsədi evdən və əldə etdiyi maliyyə resurslarından istifadə etməklə gəlir əldə etmək deyil, sadəcə təyinatı müəyyən olmayan 20000 manat pul vəsaitini faizlə borca əldə etmək olmuşdur. Cavabdeh1 yaşayış evinin dolayısı ilə aldığı pulun qaytarılmasının təminatı kimi lizinq şirkətinin mülkiyyətinə keçirmişdir. Beləliklə, iddiaçı ilə Cavabdeh1 arasında 01.09.2014-cü il tarixdə bağlanmış müqavilənin necə adlandırılmasından asılı olmayaraq həmin əqd lizinq müqaviləsi olmamaqla başqa əqdi pərdələmək üçün bağlanmış müqavilədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Mülki Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İşdən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, M.Həsənzadə küçəsi, 2 saylı döngədə yerləşən 19 nömrəli, ümumi sahəsi 68.2 m2, 3 otaqlı fərdi yaşayış evini alıcı "xxxx" Lizinq Şirkəti QSC-yə 20000 manata satmışdır. "xxxx" Lizinq Şirkəti QSC tərəfindən Cavabdeh1 məhz 20000 manat verilməsi tərəflərin izahatları, apellyasiya və kassasiya şikayətlərinin dəlilləri ilə də təsdiqlənir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Həsənzadə küçəsi, 2 saylı döngədə yerləşən 19 nömrəli, ümumi sahəsi 68.2 m2, 3 otaqlı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə "xxxx" Lizinq Şirkəti QSC-nin daşınmaz əmlakın dövlət reyestrində 87 nömrəli reyestr kitabının 94 nömrəli vərəqində 20.10.2014-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan maddi hüquq normasının tələbləri baxımından hazırki şəraitdə iddiaçı fərdi yaşayış evini Cavabdeh1 mülkiyyətinə, Cavabdeh1 isə 27 000 manatı iddiaçıya qaytarmalıdır. Belə ki, hazırki apellyasiya baxışı zamanı cavabdehlər tərəfindən məhkəmə kollegiyasına ərizələr təqdim olunmuş və tərəflər arasında olan münasibətlərin faktiki olaraq kredit münasibətləri olması qəbul edilmiş və kredit münasibətləri üzrə iddiaçıya 27000 manat məbləğində pulun qaytarılması barədə üzərlərinə öhdəlik götürdüklərini bildirmişlər. Öz növbəsində iddiaçının vəkili Vəkil1 da hazırki münasibətlərin lizinq münasibətləri deyil, faktiki olaraq kredit münsibətləri çərçivəsində qiymətləndirilməklə borcun hesablanmasını xahiş etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)- 1216/2020 nömrəli 10 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, iddiaçı "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış 01 sentyabr 2014-cü il tarixli, 2376D/14/B nömrəli daxili maliyyə lizinqi müqaviləsi, "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış 01 sentyabr 2014-cü il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, alqısatqı müqaviləsi əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyat ləğv edilməli, Abşeron rayonu, Xırdalan şəhəri, M.Həsənzadə küçəsi, 2 saylı döngədə yerləşən 19 nömrəli, ümumi sahəsi 68.2 kv.m olan 3 otaqlı fərdi yaşayış evi Cavabdeh1 mülkiyyətinə qaytarılmalı, 27000 manat Cavabdeh1 alınaraq iddiaçı "xxxx" QSC-yə (hazırda "xxxx" MMC) ödənilməli, 27000 manat pulun ödənilməsi ilə Abşeron rayonu, Xırdalan şəhəri, M.Həsənzadə küçəsi, 2 saylı döngədə yerləşən 19 nömrəli, ümumi sahəsi 68.2 kv.m olan 3 otaqlı fərdi yaşayış evinin Cavabdeh1 mülkiyyətinə qaytarılması eyni vaxtda icra edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. MPM-in 77.1 ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPMnin 119cu maddəsinə əsasən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatı iddiaçının özünə aid edilməli, 15 manatı Cavabdeh1 tutulmalı, apelyasiya şikayətinin verilməsi üçün Cavabdeh1 ödədiyi dövlət rüsumu cavabdehin özünə aid edilməli, ekspertizaların xərci olaraq cəmi 300 manat pulun 150 manatı Cavabdeh1, 150 manatı isə iddiaçı "xxxx" Lizinq Şirkəti QSC-dən Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 393 və 402.1, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-1216/2020 nömrəli 10 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. İddiaçı "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış 01 sentyabr 2014-cü il tarixli, 2376D/14/B nömrəli daxili maliyyə lizinqi müqaviləsi, "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış 01 sentyabr 2014-cü il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilsin, alqı-satqı müqaviləsi əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyat ləğv edilsin, Abşeron rayonu, Xırdalan şəhəri, M.Həsənzadə küçəsi, 2 saylı döngədə yerləşən 19 nömrəli, ümumi sahəsi 68.2 kv.m olan 3 otaqlı fərdi yaşayış evi Cavabdeh1 mülkiyyətinə qaytarılsın. 27000 manat Cavabdeh1 alınaraq iddiaçı "xxxx" QSC-yə (hazırda "xxxx" MMC) ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatı iddiaçının özünə aid edilsin, 15 manatı Cavabdeh1 tutulsun. Apelyasiya şikayətinin verilməsi üçün Cavabdeh1 ödədiyi dövlət rüsumu cavabdehin özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertizaların xərci olaraq cəmi 300 manatın 150 manatı Cavabdeh1, 150 manatı isə iddiaçı "xxxx" Lizinq Şirkəti QSC-dən (hazırda "xxxx" MMC) alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. 27000 manat pulun ödənilməsi ilə Abşeron rayonu, Xırdalan şəhəri, M.Həsənzadə küçəsi, 2 saylı döngədə yerləşən 19 nömrəli, ümumi sahəsi 68.2 kv.m olan 3 otaqlı fərdi yaşayış evinin Cavabdeh1 mülkiyyətinə qaytarılması eyni vaxtda icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-924/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-924/2022
23.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver