Məhkəmə qərarları › İş №2(105)-925/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-925/2025

22.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-925/2025 22.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı “X6” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X9 və X1 ibarət tərkibdə, X12 qızının katibliyi ilə, İddiaçı “X6” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 16 aprel 2025-ci il tarixli, 2(060)-1865/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 18 iyul 2022-ci il tarixli ərizə-anket və imza nümunəsindən və “X6” ASC-tərəfindən tərtib edilmiş elektron bildirişlərin tarixçəsindən çıxarışdan görünür ki, Cavabdeh “X6” ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş 29 dekabr 2021-ci il tarixli ümumi ofertası ilə, barəsində məlumatların Asan-Finans portalından və kredit bürosundan əldə olunması və ötürülməsi ərizələri ilə mobil əlavədə tanış olmuş, elektron formada analoq imza ilə təsdiq etmiş və kredit limiti 4500 manata qədər artırılmışdır.

2. 26 dekabr 2024-cü il tarixli elektron çıxarışdan görünür ki, 18 iyul 2022-ci il tarixli ərizə və 29 dekabr 2021-ci il tarixli ümumi oferta müqaviləsinə əsasən Cavabdeh ARGİD********** nömrəli kredit xətti, 18 iyun 2025-ci il tarixədək illik 27,6% ödəmək şərti ilə 4500 manat məbləğində kredit xətti açılmışdır.

3. 10 dekabr 2024-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh “X6” ASC-yə 10 dekabr 2024-cü il tarixinə 4500 AZN əsas, 616.2 AZN faiz, 23.42 AZN cərimə, cəmi 5139.62 AZN borcu yaranmışdır. Nəzərinə çatdırılmışdır ki, kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımınca və vaxtında icra etmədiyindən gecikdirilmiş borc məbləğinə əlavə olaraq cərimə hesablanmışdır. Borcun 5 iş günü müddətində tam ödənilməsi xahiş edilmişdir. Əks təqdirdə, məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

4. İddiaçı “X6” ASC tərəfindən tərtib edilmiş 15 yanvar 2025-ci il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, Cavabdeh ARGİD********** saylı kredit müqaviləsi üzrə 4500 manat əsas borc, 616,2 manat faiz borcu, 23,42 manat cərimə olmaqla, cəmi 5139,62 manat borcu vardır.

Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı “X6” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh iddiaçı “X6” ASC-nin xeyrinə 4500 manat əsas, 616,2 manat faiz, 23,42 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 5139,62 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 71,80 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2022-ci il tarixli ərizənianketi imzalamaqla “ümumi oferta” ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) etmiş, bununla da həmin şərtlərlə müqavilə bağlanmış hesab edilmişdir. Ümumi ofertanın 16.1-ci bəndinə uyğun olaraq sms vasitəsi ilə cavabdehə 35 ay müddətinə, illik 27,60% olmaqla 4500 manat məbləğində kredit xətti açılmışdır. Ümumi ofertanın 16.1 və 19.1-ci bəndlərinə əsasən kredit və ya kredit xəttinin məqsədli təyinatı istehlakdır. Tərəflər arasında bağlanmış ümumi ofertaya əsasən borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür, lakin cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 15 yanvar 2025-ci il, çərşənbə tarixinə "xxxx" KB ASC-yə 4500 manat əsas, 616,2 manat faiz, 23,42 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 5139,62 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir.

7. Sumqayıt Şəhər Məhkəməsinin 16 aprel 2025-ci il tarixli, 2(060)-1865/2025 nömrəli qətnaməsi ilə (hakim Vəfa Şirəliyeva) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 4500 manat əsas borc, 616,2 manat faiz, 23,42 manat cərimə borcu olmaqla, cəmi 5139 (beş min yüz otuz doqquz) manat, 62 (altmış iki) qəpik məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 71 (yetmiş bir) manat, 80 (səksən) qəpik pul vəsaiti tutularaq “X6” ASC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. İddiaçı qeyd olunan müqavilə üzrə üzərinə düşən vəzifəni yerinə yetirərək pul vəsaitini cavabdehin hesabına köçürmüş və onlar ödənişlərin müddəti və məbləği barədə razılığa gəlmişlər. Lakin Cavabdeh müqavilədən irəli gələn kreditin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi yaranmışdır. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsas borcun və faiz borcunun ödənilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir.

9. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, 23,42 manat təşkil edən cərimə məbləğini məqsədəmüvafiq hesab etmişdir.

10. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 425.1, 442, 443.1, 448.1, 462.1, 467, 739, 743.1, 743.2-ci maddələri, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarının tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin 616,2 manat faiz və 23,42 manat cərimə borcu hissəsində ləğv edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2(060)-1865/2025 nömrəli mülki iş üzrə məhkəmənin ilk hazırlıq iclası 11 mart 2025-ci il tarixdə, saat 12:00-ə təyin edilmişdir. Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq, ərizə ilə məhkəməyə müraciət edərək üzrlü səbəbdən iştirakının alınmadığını bildirmiş, iclasın təxirə salınmasını xahiş etmişdir. Belə ki, həmin ərizədə də qeyd edilmişdir ki, böyrəklərində olan kəskin ağrılara görə X11 zəng etmək məcburiyyətində qalmışdı. X10 heyəti tərəfindən təxirəsalınmaz tədbirlər görülsə də, ağrıların qarşısı alına bilməmiş, buna görə növbəti gün qeydiyyatda olduğu yer üzrə poliklinikaya və xəstəxanaya gəlməsinə, stasionar müalicəyə zərurət olduğu bildirilmişdir. Lakin buna baxmayaraq, məhkəmə çəkişmə prinsipinə zidd davranaraq onun müraciətinə məhəl qoymamış, iclası təxirə salmamış, hazırlıq iclasını yekunlaşdıraraq məhkəmə baxışı mərhələsinə keçid almışdır. Beləliklə, hazırlıq iclasında iştirak edə bilmədiyi üçün sübutları məhkəməyə təqdim etmək və dinlənilmə hüququndan məhrum olunmuşdur. Qeyd etmişdir ki, məhkəmə tərəfindən sadəcə “X6” ASC-nin iddia ərizəsi əsas götürülmüş və iddia olduğu kimi təmin olunmuşdur. Lakin hesab edir ki, bank tərəfindən tətbiq olunan faiz və cərimə məbləği onu maddi cəhətdən ciddi çətinliyə salır. Belə ki, Sumqayıt şəhəri “Unikal Klinika MMC”-nin baş həkimi tərəfindən təqdim edilən 59B nömrəli, 30 may 2023-cü il tarixli arayışından da göründüyü kimi “parkinson” xəstəliyindən əziyyət çəkir. Həmin arayışda da göstərilmişdir ki, sözügedən klinikada mütəmadi olaraq müayinə olunur. 26 avqust 2021-ci ildə, 18 sentyabr 2021-ci ildə və 27 may 2023-cü il tarixlərdə klinikanın həkim-nevropatoloqun qəbulunda olmuş, müayinə zamanı “parkinson xəstəliyi” diaqnozu qoyulmuş, müalicə üçün daim parkinson əleyhinə (madopar, azilekt) dərmanları qəbul etməyə məcburdur. Qəbul etməli olduğu Azərbaycan Respublikasında qeydiyyata alınmış dərmanların Azərbaycan Respublikası Tarif (qiymət) Şurası tərəfindər müəyyən olunan qiyməti (istehsalçıdan asılı olaraq), orta hesabla 30-40 manat arasındadır. Nəzərə alınsa ki, dərman həkim tərəfindən tərtib edilmiş müvafıq reseptə əsasən gündə 3 dəfə qəbul edilir, hər ay xəstəliyin simptomlarını qismən aradan qaldırmaq üçün, o cümlədən hərəkətin pozulmasının aradan qaldırılması üçün ayda orta hesabla 120-150 manat pul xərcləməlidir. “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəl Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarının 6.6.1.1- 6.6.1.3 cü maddələrdə göstərilmişdir ki, ümumi hərəkətin mülayim pozulması 40-60 faiz olmaqla 2 il, hərəkətin təzahür edilən pozuntusu isə 65-80 faiz orqanizmin funksiyalarnın pozulması kimi qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması müddəti müddətsiz müəyyən edilir. Həmin Qərarın tələblərinə uyğun olaraq əlilliyin müəyyən edilməsi üçün qeydiyyatda olduğu poliklinikaya müraciət etmiş və müayinə olunma mərhələsindədir. Eyni zamanda qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixli, 2(105)-303/2024 nömrəli qətnaməyə əsasən, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2012ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment ödəmə öhdəliyi mövcuddur. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Milli X3 Materialları İnstitutundan təqdim edilmiş arayışla təsdiq edilir ki, 08 sentyabr 2009-cu ildən indiyədək həmin İnstitutda Mülki Müdafiə Qərargah rəisi vəzifəsində işləyir və maaşı əmək haqqından tutulmalar və aliment tutulmasından sonrakı ələ alınacaq məbləğ 249,36 (iki yüz qırx doqquz otuz altı qəpik) manat məbləğindədir. Azərbaycan Respublikasında 2025ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən, əmək qabiliyyəti əhali üçün yaşayış minumumu 305 manatdır. Nəzərə alınsa ki, maaşından ona qalan pul 249,36 manatdır və arayışda qeyd olunmayan 120-150 manat da dərmanlara pul xərcləyir, onsuzda geriyə qalan məbləğ yaşayış minumumundan xeyli azdır. Bank tərəfindən faiz və cərimənin tətbiq olunması o deməkdir ki, onun yaşayış üçün pulu qalmır. Əlavə olaraq qeyd etmişdir ki, “X6” Açıq Səhmdar Cəmiyyətinə restrukturizasiya ilə bağlı müraciət etmişdir. Müraciətinə cavab olaraq bildirilmişdir ki, İdarə Heyətinə müraciəti bildirilib və narahat olmağa ehtiyac yoxdur. O, İdarə Heyətindən sözügedər məsələ ilə bağlı cavab gözləyərkən “X6” ASC tərəfindən məhkəməyə verildiyini öyrənmişdir. Bank tərəfindən ona boş vədlər verilmiş, süründürməçiliyə yol verilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

15. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.

16. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

17. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. (...)

18. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. (...)

19. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (...)

20. Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.2. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. 462.4. Əgər öhdəliyin icrası barədə vəd bu Məcəlləyə görə etibarsız sayılırsa, həmin öhdəliyin icra edilməməsi üçün dəbbə pulu haqqında qəbul edilmiş razılaşma da, hətta həmin vədin etibarsızlığı tərəflərə məlum olsa belə, etibarsızdır. 462.5. Əgər borclu öz öhdəliyini icra etdiyinə görə dəbbə pulu tutulması barədə mübahisə edirsə, o, icranı sübuta yetirməlidir, bu şərtlə ki, öhdəlik hərəkətdən çəkinməkdən ibarət olmasın.

21. Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

22. Maddə 741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

23. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

24. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

25. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

27. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

28. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

29. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 iyun 2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi kredit müqaviləsi üzrə tələb edilən faiz və cərimə borcunun tutulması hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı qeyd edilən hissədə yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

31. Apellyasiya şikayəti əsasında birinci instansiya məhkəməsinin qətnaməsi faiz və cərimə borcunun tutulması hissəsində mübahisələndirilir.

32. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, 18 iyul 2022-ci il tarixli ərizə və 29 dekabr 2021-ci il tarixli ümumi oferta müqaviləsinə əsasən Cavabdeh ARGİD********** nömrəli kredit xətti açılmış, ona 18 iyun 2025-ci il tarixədək illik 27,6% ödəmək şərti ilə 4500 manat məbləğində kredit xətti açılmışdır.

33. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında kredit müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmış, iddiaçı kredit müqaviləsi üzrə öhdəliyi icra edərək müqavilədə nəzərdə tutulan məbləği Cavabdeh versə də, o, müqavilə üzrə öhdəliyi lazımı qaydada icra etməyərək ödəməli olduğu pul məbləğini ödəməmiş, bununla da cavabdeh müqavilənin şərtlərinə əməl etməyərək üzərinə düşən öhdəliyi lazımınca və vaxtında icra etməmiş, nəticədə bank qarşısında borcu yaranmışdır.

34. Başqa sözlə, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir.

35. Beləliklə, iddiaçı bank tərəfindən kredit müqaviləsi üzrə tələb edilmiş əsas və faiz borc məbləği cavabdeh tərəfindən ödənilmədən qalmışdır və həmin borc məbləğinin tələb edilməsinin hüquqi əsasları vardır.

36. İş materiallarından görünür ki, iddiaçı Cavabdeh 10 dekabr 2024-cü il tarixdə bildiriş göndərərək kredit müqaviləsi üzrə 4500 AZN əsas, 616.2 AZN faiz, 23.42 AZN cərimə, cəmi 5139.62 AZN borcun qaytarılmasını tələb etmişdir.

37. Birinci instansiya məhkəməsinin 16 aprel 2025-ci il tarixli qətnaməsi ilə cavabdehdən 4500 manat əsas, 616,2 manat faiz, 23,42 manat cərimə olmaqla, cəmi 5139 (beş min yüz otuz doqquz) manat borcun tutulması qət edilmişdir.

38. Cərimə borcunun tutulması hissəsində apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, dəbbə pulu borclunun icra etməli olduğu öhdəliyi icra etmədikdə alınır. Tərəflər dəbbə pulunun miqdarını müəyyənləşdirməkdə sərbəstdirlər. Lakin qanunvericilik mülki hüquq məsuliyyətinin həcmini nəzərə alaraq bununla bağlı da konkret nizamlayıcı normalar müəyyən etmişdir. Mülki qanunvericiliyə görə mülki hüquq məsuliyyətinin iki növü vardır: zərərin əvəzinin ödənilməsi və dəbbə pulu. Zərərin əvəzinin ödənilməsi ümumi (universal), dəbbə pulu isə xüsusi təbiətə malik məsuliyyət tədbiridir. Borclu öhdəliyi icra etməməklə hüquq pozuntusuna yol verdikdə, o, zərərin əvəzinin ödənilməsi formasında məsuliyyət daşıyır. Lakin, qanunda və ya müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda dəbbə pulu (borclunun kreditora ödəməli olduğu pul məbləği) alınması da nəzərdə tutula bilər.

39. Kollegiya hesab edir ki, verilmiş kredit borcu üzrə ödənişlərin gecikdirilməsi və bunun nəticəsində cərimə məbləğinin tələb edilməsi əsaslıdır.

40. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, həmin dəlillər müqavilə öhdəliyinin yerinə yetirilməməsi üçün əsas deyildir. Cavabdehin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməməsi, müqavilə şərtlərini pozması və hazırkı öhdəlik hüquq münasibətlərinin məhz cavabdeh tərəfindən pozulması işin mübahisəsiz halları olmaqla, həmin faktlar apellyasiya şikayətinin dəlilləri və mülki işin materialları ilə də inkar edilmədiyindən, habelə apellyasiya şikayətinin dəlilləri müqavilə öhdəliyinin icrasından imtina üçün əsas olmadığından, birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsi formal mülahizələrə görə ləğv edilə bilməz.

41. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətinin təmin edilmədən saxlanması üçün əsasdır.

42. Kollegiya MPM-in 402-ci maddəsinə əsasən həmçinin qeyd edir ki, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 16 aprel 2025-ci il tarixli, 2(060)-1865/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar