Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-926/2021 29.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, Cavabdeh Mədət oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Mədət oğluna qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Xaçmaz rayon məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(067)- 2126/2020 saylı qətnaməsindən Cavabdeh Mədət oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Xaçmaz rayon məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim İ.Xəlilov) iddianın təmin edilməsi, Xaçmaz rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(067)-3275/2016 saylı qətnaməsinə əsasən xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən olunmuş alimentin məbləğinin dəyişdirilməsi, xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, Cavabdeh Mədət oğlundan İddiaçı xeyrinə hər ay 170 (yüz yetmiş) manat məbləğində alimentin ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Cavabdeh Mədət oğlu qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx xxxxx 2013-cü il tarixdə anadan olmuş X1 saxlanılması üçün o yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq, hər ay 170 ( yüz yetmiş) manat sabit pul məbləğinin Cavabdeh Mədət oğlundan tutularaq ona-yəni İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o xx.xx.2013-cü ildə cavabdehlə faktiki olaraq ayrılmışlar. Həmin vaxtdan cavabdeh uşağı ilə-yəni xx.xx.2013-cü il təvəllüdlü Nübarın saxlanılması üçün ona kömək etmədiyinə görə məhkəmədə aliment tələbinə dair iddia qaldırmışdır və məhkəmənin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə cavabdehdən uşağının saxlanılması üçün onun xeyrinə hər ay 80 manat alimentin tutulması qət edilmişdir. Daha sonra məhkəmənin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə alimentin miqdarı artırılmış və cavabdehdən onun xeyrinə hər ay 100 manat alimentin tutulması qət edilmişdir. Hazırda qızının 7 yaşı var, məktəbə gedir, onun təlabatları və məsrəfləri yetərincə artmışdır, həmçinin uşaq uzun illərdir xəstədir və müalicə alır. Bundan başqa ölkədə əmək haqları dəfələrlə artırılmış və istehlak mallarının qiymətləri xeyli artmışdır. Cavabdehin ödədiyi 100 manat alimentlə uşağı saxlaya bilmir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Rəhimov X3 rayon məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə maddi və prosessual hüquq normalarının kobud şəkildə pozulması ilə qəbul olunmuşdur. Onun aylıq əmək haqqısı 390 manat təşkil edir. Bu səbəbdən də qətnamə ləğv edilərək alimentin miqdarı azaldılmalıdır. Birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə qanuni və əsaslı hesab edilə bilməz. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh Mədət oğlu apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq, məhkəmə baxış iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini valideynlərin ailə və maddi vəziyyəti, uşağın mənafeyi, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallaına əlavə olunmuş 329 saylı xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Mədət oğlu “Xaçmaz rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsdə Ümumi şöbənin şöbə müdiri vəzifəsində işləyir və orta aylıq əmək haqqı 390 (üç yüz doxsan) manat təşkil edir. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli qərarı). İşdən göründüyü kimi, tərəflərin birgə nikahından xx.xx.2013-cü il təvəllüdlü X2 anadan olmuşdur. X2 hazırda iddiaçının himayəsindədir. Xaçmaz rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə xx.xx.2013-cü il təvəllüdlü X1 18 yaşa çatanadək saxlanması üçün hər ay 80 manat sabit pul məbləğində alimentin tutulması qət edilmiş, daha sonra məhkəmənin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə alimentin məbləği artırılaraq 100 manat müəyyən edilmişdir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsi). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın aildə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (Ailə Məcəlləsinin 112.1. maddəsi). Məhkəmə kollegiyası qeyd edir ki, hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. Əgər valideynlər ayrı yaşayırsa, övladı yanında yaşayan valideynə digər valideyn övladının maddi tələbatının ödənilməsinin təmin edilməsindən ötrü aliment ödəməlidir. Aliment uşağın saxlanılması üçün bir valideynin digər valideynə uşağın tələbatının ödənilməsi üçün müəyyən edilən müavinətdir. Alimentin miqdarı müəyyən edilərkən ilk növbədə uşağın marağı təmin edilməlidir. Hər iki valideynin övladın tələbatının ödənilməsində birgə məsuliyyət daşıyır. İddiaçı övladının saxlanılması üçün cavabdehdən tutulmalı olan alimentin məbləğinin 170 manat məbləğində sabit pul məbləğində alimentin tutulmasını xahiş etmiş, cavabdeh isə iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Uşağın saxlanılması üçün tərəflər birgə və bərabər məsuliyyət daşıdıqlarından, bütün xərclərin də cavabdehə həvalə edilməsi məqsədə müvafiq hesab edilə bilməz. Bundan əlavə alimenti vaxtlı-vaxtında ödənilməməsi uşağın mənafeyinin əsaslı şəkildə məhdudlaşdırılması səbəb olacaqdır. Belə ki, alimentin vaxtında ödənilməməsi uşaqların maddi tələbatlarının təmin edilməsində məhdudiyyətlər yaradacaqdır ki, bu da uşaqların mənafeyinə uyğun hesab edilə bilməz. Buna görə də birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən alimentin miqdarı uşağın mənafeyi və aliment ödənişlərinin mütəmadiliyinin təmin edilməsi nəzərə alınarsa, dəyişdirilməlidir. İddiaçının tələb etdiyi həddə alimentin cavabdehdən tutulması, cavabdehin həddindən artıq maliyyə baxımından yüklənməsinə və övladının saxlanılması üçün ödəniləcək alimentin davamlı və ardıcıl olaraq ödənilməsində çətinlik yaradacaqdır. Bundan əlavə alimentin məbləğinin həddən artıq da azaldılması uşağın mənafeyinə mənfi təsir edəcəkdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, uşağın saxlanılması üçün ödəniləcək alimentin məbləğində ardıcıllığın və bununla da uşağın mənafeyinin əsaslı olaraq pozulmaması üçün alimentin məbləği qismən artırılmaqla 130 manat sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarı). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz rayon məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.3. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2016-cı il tarixli 8-2 saylı qərarının 8.14. bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə kollegiyası hesab edir ki, alimentin tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2016-cı il tarixli 8-2 saylı qərarının 8.14. bəndinə uyğun olaraq məhkəmə aktının qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 217.2, 234.2.1, 382, 384.0.3, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz rayon məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilsin. Xaçmaz rayon məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, Cavabdeh Mədət oğlundan xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-926/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-926/2021
29.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver