Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-927/2023 31.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi, hakimlər X5 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, iddiaçı ləğv prosesində olan "xxxx" KB QSC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan "xxxx" KB QSC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 2(012)-202/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim M.Abbasova) iddianın qismən təmin edilməsi, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 6804,42 manat kredit borcu, 4991,90 manat faiz borcu, 50 manat cərimə borcu, gecikdirilmiş günlər üçün 5% olmaqla 948,10 manat faiz borcu olmaqla, cəmi 12794,42 manat pul və 30 manat dövlət rüsumunun əvəzi LPO "xxxx" KB QSC-nin xeyrinə tutulması, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş 100 manat məbləğində pul vəsaiti Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı ləğv prosesində olan "xxxx" KB QSC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada bankın xeyrinə xx.xx.2015-ci il tarixli 1xx/xx/111814/15 saylı kredit müqaviləsi üzrə 6804,42 manat məbləğində əsas borc, 4991,9 manat məbləğində faiz borcu, 3319,07 manat məbləğində cərimə borcu, gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmaqla 948,1 manat faiz borcu olmaqla, ümumilikdə 16063,49 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" KB QSC ilə Cavabdeh2 arasında 16 iyun 2015-ci il tarixli, 1xx/xx/111814/15 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən illik 27% ödənilməsi şərti ilə 36 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 ilə "xxxx" KB QSC arasında 16 iyun 2015-ci il tarixli, 1xx/xx/111814/15 saylı zaminlik müqaviləsi bağlanmışdır. Borclu öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka iddia tələbində göstərilən miqdarda borcu yaranmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Əhədov X1 Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə çox ciddi prossesual qanun pozuntuları ilə çıxarıldığı üçün ləğv edilməlidir. Məhkəmə nəzərə almamışdır ki, iddiaçı qarşısında olan öhdəlik üzrə borc cavabdeh tərəfindən faktiki olaraq ödənilmişdir. Belə ki, bank tərəfindən verilmiş “hesabdan çıxarış” adlı sənəddən müəyyən olunur ki, cavabdeh tərəfindən xx.xx.2015-ci il tarixindən xx.xx.2016-cı il tarixinədək cəmi 22538,64 manat ödəniş edilmişdir. İddiaçı tərəfindən məhkəməyə borcu təsdiq edən yalnız maliyyə arayışı təqdim edilmişdir və cavabdeh tərəfindən borcun ödənilməsini təsdiq edən sübutlar təqdim edilmədiyini məhkəmə nəzərə almamışdır. Məhz bu səbəbdən məhkəmədə borcun vaxtında qaytarılmadığı haqqda yalnış fikir yaranmışdır. Məhkəmə cavabdeh tərəfindən aparılan ödənişləri nəzərə almamışdır, borcun yaranma səbəblərini araşdırmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçı ləğv prosesində olan "xxxx" KB QSC-nin nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən Cavabdeh2 nümayəndəsi vəkil X4 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə Cavabdeh1 məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2. maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İddia tələbini qismən təmin edən birinci instansiya məhkəməsi tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranması, iddiaçının üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsi, yəni müqavilələrdə nəzərdə tutulan pul vəsaitini cavabdehlərə verməsi, lakin cavabdehlər kredit və hesablanmış faizləri hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənilməli olduğu halda vaxtında ödəniş etməmələri, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmələri ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan görünür ki, sonuncu qətnaməni iddia tələbinin təmin edilən hissəsində mübahisələndirmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə cavabdehin mübahisələndirdiyi hissədə baxılaraq hüquqi qiymət verilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-nin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Prosessual qanunvericilik sübutetmə yükünün bir qayda olaraq tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirir. Sözsüz ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. İşdən görünür ki, iddia tələbi kredit müqaviləsi üzrə borcun tutulması barədədir. İşin mübahisə olunmayan halı isə ondan ibarətdir ki, "xxxx" KB QSC ilə Cavabdeh2 arasında 16 iyun 2015-ci il tarixli, 1xx/xx/111814/15 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdehə illik 27 faizlə 36 ay müddətinə 10000 manat kredit verilmişdir. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 739-cu maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə görə bu cür iddiaların təmin olunması üçün tərəflər arasında etibarlı borc (kredit) müqaviləsi bağlanmış olmalı, müqavilə üzrə Bankın öhdəliyini yerinə yetirdiyi – müəyyən olunmuş məbləği cavabdehə verdiyi sübuta yetirilməlidir. Bu cür tələblər üzrə pulun borcluya verildiyini sübut etmək yükü Bankın üzərindədir. Bank həmin halı sübut etmək yükündən o vaxt azad edilə bilər ki, cavabdeh kredit müqaviləsi üzrə müəyyən edilən pulun ona verildiyini mübahisələndirməsin. Eyni zamanda mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. İşdən görünür ki, cavabdeh ona verilmiş pulun qaytarıldığını iddia edir. Birinci instansiya məhkəməsi tərəfindən borc məbləğinin müəyyənləşdirilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 dekabr 2021-ci il tarixli rəyinə əsasən iş kredit müqaviləsinin müddətinin bitdiyi tarixə, yəni xx.xx.2018-ci il tarixinə qədər əsas borc üzrə 6804,42 manat, faiz borcu üzrə 4991,90 manat, cərimə borcu üzrə 3319,07 manat və illik 5 faiz hesablanmaqla əldən çıxmış fayda üzrə 948,10 manat təşkil edir. Göründüyü kimi cavabdehlərin iddiaçı qarşısında kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etmədiyinə görə borcları qaldığı öz təsdiqini tapır. Həmçinin o da müəyyən edilmişdir ki, əsas, faiz və gecikdirilmiş faiz borcunun məbləği iddia tələbi ilə ekspert rəyində eynilik təşkil edir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən Mülki Məcəllənin 739, 385.1, 442-ci maddələrinin tələbinə uyğun olaraq iddiaçı tələb olunan məbləği cavabdehdən tələb etməkdə haqlı olmuş və məhkəmədə bu iddianı həmin hissədə təmin, Mülki Məcəllənin 467-ci maddəsinin tələbinə əsasən cəriməni azaldaraq 50 manat məbləğində müəyyən etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə mübahisələndirilən hissədə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə həmin hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏTETDİ Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-927/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-927/2023
31.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver