Məhkəmə qərarları › İş №2(105)-929/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-929/2021

17.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-929/2021 17.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X3, İddiaçı, Cavabdeh iştirakı ilə Qobustan Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(026)-253/2020 saylı qətnaməsindən Cavabdeh verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Qobustan Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(026)-253/2020 saylı qətnaməsi ilə (hakim M.Q.Quliyev) İddiaçı Cavabdeh qarşı təyin edilmiş alimentin məbləğinin artırılması tələbinə dair iddia qismən təmin edilib, xx xxxxxx 2004-cü il tarixdə anadan olmuş X2 və xx xxx 2007-ci il tarixdə anadan olmuş İbrəhimli Səfurə Xaqani qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin miqdarı artırılaraq cavabdeh Cavabdeh hər ay hər uşağa 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi, Cavabdeh 30 manat dövlət rüsumunun tutulub dövlət büdcəsinə keçirilməsi və alimentin artırılmasının məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldıqdan sonra tutulması qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verib, Qobustan Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(026)-253/2020 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2001-ci ildə evlənmiş, nikahlarını isə xx xxxx 2005-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahdan xx xxxxxx 2004-cü il tarixdə İsmayıl və xx xxx 2007-ci il tarixdə Səfurə adlı iki nəfər uşaqları doğulmuşdur. Qobustan Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qətnaməsi ilə aralarında olan nikah qeydi pozulmuş, iki azyaşlı uşq onun himayəsində saxlanılaraq onların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 93 manat olmaqla, ümumilikdə 186 manat alimentin tutulub ona verilməsi qət edilmişdir. Hazırda uşaqlar böyük olduğundan onların tələbatlarını ödəmək onun üçün çətindir. Ona görə də, Qobustan Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 2(026)-230/2013 saylı qətnaməsi ilə müəyyuən edilmiş alimentin məbləğinin artırılıb, xx xxxxxx 2004-cü il tarixdə doğulmuş X2 və xx xxx 2007-ci il tarixdə doğulmuş İbrəhimli Səfurə Xaqani qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 173 manat olmaqla, cəmi 346 manat məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Qobustan Rayon Məhkəməsi xx xxxxxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, İddiaçı ayrıldıqdan sonra X4 ilə evlənmiş və birgə nikahdan xx xxxx 2015-ci il tarixdə İbrahim adlı bir nəfər uşaqları doğumuşdur və İbrahim doğulduğu gündən xəstədir. Özü və yoldaşı hazırda heç bir yerdə işləmir, bununla yanaşı xəstə atası da onun himayəsindədir. Özü də müxtəlif xəstəliklərdən əziyyət çəkir və xəstə olduğu üçün heç bir yerdə işləyə bilmir. İddiaçı ödəməli olduğu aylıq 186 manat aliment qismən ödəyə bilir, hazırda aliment üzrə ümumilikdə 3500 manat aliment borcu vardır. Hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən artırılmış aliment məbləğini ödəmək qabiliyyətində deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, cavabdehin verdiyi apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Qobustan Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli 2(026)-151/2013 saylı qətnaməsi ilə Cavabdeh və İddiaçı arasında bağlanmış xx xxxx 2005-ci il tarixli, AZ-İ 178623 saylı nikah qeydi pozulmuşdur. Qobustan Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 2(026)-230/2013 saylı qətnaməsi ilə xx xxxxxx 2004-cü il tarixdə doğulmuş X2 və xx xxx 2007-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx xxxxxxx 2013-cü il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa 93 manat olmaqla, cəmi 186 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstıtusiyasının 17-ci maddəsinin İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideyinlərin borcudur. Konstıtusiyanın 34-cü maddəsinin İV-cü bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin etdirilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarım saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1 və 78.2-ci maddələrinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm-dəyişən olarsa, ya da qazancı (gəliri) natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı qərarının 17-ci bəndinin mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideyinləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideyinlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideyinlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx xxxx 2016-cı il tarixli Qərarından görünür ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla, yetkinlik yaşına çatmayan uşaqların mənafeyi, normal qida rasionlarına uyğun şəkildə qidalanması, fiziki cəhətdən inkişafı, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutulmalıdır. Cavabdeh aylıq qazancının iddiaçı tərəfindən tələb edilən alimenti ödəmək üçün yetərli olmadığını və sağlamlığı ilə bağlı problemlər yaşadığını bildirsə də, bu hal azyaşlı uşaqların saxlanması üçün təyin ediləcək alimenti ödəməkdən azad olunması kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası işin həqiqi hallarına və tərəflərin qarşılqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı təyin edilmiş alimentin məbləğinin artırılması tələbinə dair iddia qismən təmin edilib, xx xxxxxx 2004-cü iltəvəllüdlü X2 və xx xxx 2007-ci il təvəllüdlü İbrəhimli Səfurə Xaqani qızının yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Qobustan Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 2(026)-230/2013 saylı qətnaməsi ilə Cavabdeh tutulmalı olan alimentin miqdarı dəyişdirilərək hər uşaq üçün 130 (yüz otuz) manat olmaqla, iki uşağa görə 260 (iki yüz altmış) manat miqdarında müəyyən edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Cavabdeh apelyasiya şikayətinin dəlillərini təsdiq edən və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsinə dair heç bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də apelyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə tələb xx xxxxxx 2004-cü iltəvəllüdlü X2 və xx xxx 2007-ci il təvəllüdlü İbrəhimli Səfurə Xaqani qızının yetkinlik yaşına çatanadək saxlanması üçün Qobustan Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 2(026)-230/2013 saylı qətnaməsi ilə müəyyən edilmiş 93 manat sabit pul məbləğində alimentin artırılıb, 173 manat sabit pul məbləğində müəyyən edilməsindən ibarədir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Belə olan halda müəyyən edilmiş aliment məbləği ilə artırılması tələb olunan aliment məbləği arasında fərq 80 manat olmaqla iki uşağa münasibətdə, ümumilikdə 160 manat təşkil edir. Həmin məbləğin bir il ərzində məcmusu isə (160 X 12 ay) 1920 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 404-1ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh verdiyi apelyasiya şikayəti təmin edilməsin. Qobustan Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(026)-253/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar