Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-930/2023 27.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X4 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, 2(012)-1090/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları İddiaçı ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli RGTK4829424A125 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən cavabdehə 36 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 3627.35 manat kredit verilmişdir. Kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, cavabdeh ona verilmiş kredit borclarını kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan müddətdə hər ay 134.81 manat (sonuncu ay isə 137.15 manat) olmaqla hissə-hissə qaytarmalıdır. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, borclunun kredit müqaviləsi üzrə 3627.35 manat əsas, 649.78 manat faiz olmaqla, cəmi 4277.13 manat borcu vardır. İş materiallarında olan xəbərdarlıq və poçt qəbzindən görünür ki, cavabdehə müqavilə üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Çıxarışdan görünür ki, İddiaçı ASC ********** (VÖEN) nömrəsi ilə xx.xx.2015-ci il tarixdə, **********847400 nömrə ilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin xx.xx.2007-ci il tarixli Fərmanına əsasən, «bir pəncərə» prinsipi ilə dövlət qeydiyyatına alınmışdır. “Elektron Məhkəmə İnformasiya Sistemindən” çıxarılmış məlumatdan görünür ki, Abbasov X2 rayonu, Ceyranbatan qəsəbəsi Ş.İsayev küçəsi 18 saylı evdə qeydiyyatdadır. İşin araşdırılan hallarından və tədqiq olunmuş sənədlərdən təsdiq olunur ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, onun iddiaçı qarşısında icra edilməmiş kredit öhdəlikləri nəticəsində xx.xx.2022-ci il tarixli RGTK4829424A125 saylı kredit müqaviləsi üzrə 3627.35 manat əsas, 649.78 manat faiz olmaqla, cəmi 4277.13 manat borcu yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borcun tutulmasına dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli RGTK4829424A125 saylı kredit müqaviləsi üzrə 3627.35 manat əsas, 649.78 manat faiz olmaqla, cəmi 4277.13 manat borcun və 62.77 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, RGTK4829424A125 saylı kredit müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 3627.35 manat kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən, borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə kredit müqaviləsinə əsasən, 3627.35 manat əsas, 649.78 manat faiz olmaqla, cəmi 4277.13 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Abşeron Rayon Məhkəməsinin (hakim H.Əhmədov) 31 yanvar 2023-cü il tarixli, 2(012)-1090/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilib, Cavabdeh xx.xx.2022-ci il tarixli RGTK4829424A125 saylı kredit müqaviləsi üzrə 3627.35 (üç min altı yüz iyirmi yeddi manat otuz beş qəpik) manat əsas, 649.78 (altı yüz qırx doqquz manat yetmiş səkkiz qəpik) manat faiz olmaqla, ümumilikdə, cəmi 4277.13 (dörd min iki yüz yetmiş yeddi manat on üç qəpik) manat borc və 62.77 (altmış iki manat yetmiş yeddi qəpik) manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən xx.xx.2022-ci il tarixli RGTK4829424A125 saylı kredit müqaviləsi üzrə 3627.35 manat əsas, 649.78 manat faiz olmaqla, cəmi 4277.13 manat borc və 62.77 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə ərizə əsaslıdır. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 445.2.1, 425.1, 442, 443.1, 448.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bankdan götürdüyü pulları vaxtında ödəmə qabiliyyəti olmadığından çatdırıb ödəyə bilməmiş, müqavilə müddətinin bitməsinə hələ 2 il müddət var. Qarafik üzrə bankdan götürdüyü krediti ödəyəcəkdir. Məhkəmədən xahiş edir ki, İddiaçı ASC ona qarşı iddia tələbi irəli sürərək xx.xx.20222-ci il tarixdə 36 ay müdətinə bağlanmış kredit müqaviləsinə əsasən ondan əsas borcdan başqa 649.78 qəpik və 62.77 qəpik dövlət rüsumunun ödənilməsinə dair Abşeron Rayon Məhkəməsinin qətnaməsinə dəyişiklik edilərək əsas borcdan başqa hesablanmış cərimələrin silinməsinə dair qərar qəbul etsin. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı tərəfin nümayəndəsi məhkəməyə teleqram ünvanlayaraq işə onların iştirakı olmadan baxılaraq, apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Cavabdeh rəsmi poçt vasitəsilə yanaşı, bildirişin elektron kabinetə yerləşdirilməsi, həmçinin 050 981 87 17 mobil telefon nömrəsinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur. Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7) Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir . Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. 742.1-ci mаddəsinə görə, bоrc аlаn bоrcun qаytаrılmаsı üçün qоyulmuş müddətdə bоrcu qаytаrmаlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 394-1.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildiyi vaxtdan 10 iş günü müddətində apellyasiya şikayətinə qarşı əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri məhkəməyə göndərə bilər. 394-1.3-cü maddəsinə görə apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 394-1.4-cü maddəsinə görə iş materiallarında olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətinin dəlillərindən görünür ki, cavabdeh qətnamənin yalnız faiz və dövlət rüsumu hissəsini mübahisələndirmişdir. Ona görə də kollegiya Abşeron Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, 2(012)-1090/2023 nömrəli qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlanılmasını zəruri hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddia tələbindən görünür ki, iddiaçının tələbi mövcud kredit müqaviləsi üzrə yaranmış borcun (o cümlədən əsas və faiz borcunun) cavabdehdən alınması barədədir. İşin faktiki halları ilə müəyyən edilir ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, RGTK4829424A125 saylı kredit müqaviləsi bağlanmış, müqavilə şərtlərinə görə sonuncuya 36 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 3627.35 manat kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən, borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə kredit müqaviləsinə əsasən, 3627.35 manat əsas, 649.78 manat faiz olmaqla, cəmi 4277.13 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Öyrənilən işin müəyyən edilmiş hallarından göründüyü iddiaçı bank kredit müqaviləsi üzrə öhdəliyini icra edərək müqavilədə göstərilən məbləği Cavabdeh borc vermiş və tərəflər borcun qaytarılma tarixlərini və məbləğlərini ödəniş cədvəlində razılaşdırmışlar. Buna baxmayaraq, cavabdeh ödəmələri vaxtında aparmadığı üçün öhdəliyin icrasını xatırlatmasız gecikdirmiş borclu vəziyyətinə düşmüş və bankın tələb hüququ meydana gəlmişdir. Belə olan halda, borcun cavabdehdən tutulması haqqında iddiaçının tələbləri yuxarıda qeyd edilən maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşır. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya bildirir ki, cavabdeh qeyd olunan kredit müqaviləsini iddiaçı ilə könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti, ödəniləcək faiz dərəcəsi dəqiq müəyyən edilmişdir. Kredit müqaviləsinin predmetini manat və ya xarici valyuta təşkil etdiyindən, bu valyuta da iddiaçının mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də cavabdehdən qaytarmaq hüququ vardır. Müqavilənin faiz dərəcəsinə gəlincə kollegiya qeyd edir ki, cavabdeh məhz müqavilə bağlanan anda daşıyacağı riski bilərək bununla bağlı öhdəlik götürmüşdür. Kollegiya qeyd edir ki, faiz borcunun əsassız olaraq artıq hesablandığını qeyd edən cavabdeh ekspertizanın keçirilməsinin zəruriliyinə dair ciddi dəlillər göstərməmişdir. Çünki, hər hansı bir əsaslı səbəb olmadan lüzumsuz olaraq məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi də təmin oluna bilməz. Kollegiya qeyd edir ki, cavabdeh iddiaçı ilə qeyd olunan müqaviləni könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti, ödəniləcək illik faizin dərəcəsi və cərimənin hesablanma qaydası dəqiq müəyyən edilmişdir Apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olduğundan, əslində birinci instansiya məhkəməsinin hansı halları tam və hərtərəfli araşdırmalı olduğu açıqlanmamış, ədalət prinsiplərinin nə üçün pozulduğu göstərilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissələrdə ləğvi üçün qanuni əsas ola bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, 2(012)-1090/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-930/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-930/2023
27.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver