Məhkəmə qərarları › İş №2(105)-932/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-932/2021

02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-932/2021 02.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, ilk iddia üzrə Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc pulun qaytarılması tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3390/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən ilk iddia üzrə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3390/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 5000 (beş min) manat məbləğində borc və 6 (altı) manat dövlət rüsumu alınaraq ilkin İddiaçı verilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbi üzrə iddiası Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiasının təmin ediməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3390/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin qismən, qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməsi, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. İŞİN H A L L A R İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onun xeyrinə ödəməli olduğu 24.530 manat borc pulun və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 24.560 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ilkin iddiasının təmin edilməməsi, eyni zamanda onun özünün borclu kimi tanınması və İddiaçı 16.240 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə Cavabdeh izahatında apelyasiya şikayətini müdafiə edərək göstərdi ki, qətnamədən qismən, qarşılıqlı iddianın rədd edilməsi hissəsində narazıdır. İşin halları ondan ibarətdir ki, iddiaçı ilə eyni ofisdən istifadə etməklə işləmiş, amma ümumi heç bir işləri olmamışdır. O, qida əlavələri, iddiaçı isə tibbi ləvazimatlar satmışdır. Bir müddət sonra iddiaçı onun tanışına verdiyi pulu ala bilmədiyi üçün bunun əvəzinə onu ofisə buraxmayaraq, ofisdə və onun anbarında olan əmlaklarını, satış dərmanlarını ona qaytarmaqdan imtina etmişdir. Həmin anbar ofısdə onun 13.740 manat dəyərində qida əlavələri, dərman preparatları və 2500 manatlıq mebelləri qalmışdır. Şikayətinin dəlilləri ondan ibarətdir ki, məhkəmə işə tam,obyektiv və hərtərəfli araşdırma aparmadan baxmış, qətnamə qəbul edərkən maddi və prosesual hüquq normalarının tələblərinə tam əməl etməmiş, qarşılıqlı iddia üzrə dəlillərə düzgün qiymət verməmiş və nəticədə əmlak hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Məhkəmə qarşılıqlı iddianı rədd edərkən ona əsaslanmışdır ki, o, tələbinin əsaslandığı halları sübuta yetirə bilməmişdir. Belə hesab edir ki, bu nəticəyə gələrkən məhkəmə prosesesual hüquq normalarının tələbləri baxımından tam araşdırma aparmamış, həqiqətə nail olmaq mümkün olan bütün tədbirləri görməmiş və işin həqiqi hallarını müəyyən etmək üçün zəruri olan araşdırmaları aparmamışdır. Məhkəmə sübutları tam tədqiqdən faktiki olaraq imtina etmişdir. Belə ki, izahat verərək bildirmişdir ki, iddianın əsaslarını təsdiq edən sübutlar kompyuterindəki qeydlərdə öz əksini tapmışdır. AR MPM-nin 76.1. və 76.2. maddələrinə əsasən tərəflərin izahatları, şahid ifadələri, yerində müayinə aktları da sübutlar siyahısına ailddir. Bu halda məhkəmə prosesul tələblərə səasən həmin sübutları tədqiq etməli, izahatında göstərilən halları müəyyən etmək üçün prosesual hərəkətlər etməli, iş üzrə mövcud olan şahidləri dindirməli, həmin anbar-ofisdə həqiqətən də ona məxsus qida əlavələri preparatlarının olub-olmamasını müəyyən etməli idi. Lakin bunların heç birini etməmişdir. Bundan əlavə qarşılıqlı iddianın bir hissəsi də ona məxsus mebellərə aid olmuşdur. Həmin hissədə iddiaçı-qarşılıqlı cavabdeh bildirmişdir ki, həqiqətən də ofisdə ona məxsus mebel mövcuddur. Lakin bu etirafa baxmayaraq məhkəmə iddianın mebel hissəsini də rədd etmişdir ki, bu halda kobud prosesual pozuntuya yol vermişdir. Polis idarəsində etirafedici izahatını sübut kimi qəbul edən məhkəmə, qarşılıqlı cavabdehin mebel barədə məhkəmədə etdiyi etirafı sübut kimi qəbul etməməklə qanunun tələblərini kobud surətdə pozmuşdur və belə hesab edir ki, bu halda ən azından iddianın mebel hissəsi təmin edilməli idi. Qeyd olunanlara əsasən apelyasiya şikayətimnn təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin qismən,qarşılıqlı iddianın təmin edilməməsi hissəsində ləğv edilməsi, həmin hissədə qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İlk iddia üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də iş üzrə İddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh apelyasiya şikayətində qətnamənin qismən, qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bu səbəbdən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə müzakirə edir. Məhkəmə kollegiyası iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş cinayət işinin başlanılmasının rədd ediməsi haqqında xx xxxxx 2019-cu il tarixli qərardan görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nə daxil olmuş şikayətində göstərmişdir ki, tanşı Cavabdeh ondan birgə iş görüb mənfəət əldə etmək məqsədilə hissə-hissə olmaqla ümumilikdə 24.000 manat pul alaraq mənimsəmişdir. Sonradan ona məlum olmuşdur ki, Fərqanənin onunla iş birliyi olmamış, hər dəfə yalançı vədlər verərək guya qurduqları işin müvəffəqiyyətlə davam etdiyini bildirmiş, nəticədə onu aldadaraq pullarını mənimsəmişdir.Təhqiqat zamanı izahatı alınmış Cavabdeh göstərmişdir ki, 2014-cü ilin avqust ayında tanıdığı Elçin adlı şəxslə Yasamal rayonu, A.Abbasov küçəsi, 9b ünvanında icarəyə ofis götürərək ayrı-ayrılıqda öz işləri ilə məşğul olmuşlar, o, özü bio qida əlavəsi olan məhsulların satışı ilə məşğul olmuşdur. Bundan bir neçə ay sonra İddiaçı adlı şəxs gələrək ofisdə onlarla birgə icarə haqqı verib tibbi ləvəzimatların satışı ilə məşğul olmuşdur. 2017-ci ildə onların işlədiyi sahədə çalışan şəxslər ofisə gələrək qida əlavəsi məhsullarının ofisdə satışını təklif etmiş, həmin vaxt onun pulu olmadığından etiraz etsə də Akif həmin adamlarla razılaşmışdır. Həmin vaxtlarda onun borc pula ehtiyacı olduğundan İddiaçı hissə-hissə borc almış və sonradan həmin pulları qaytarmışdır. Lakin bir müddət sonra ticarətdə işləri zəiflədiyindən Akifdən ara-sıra aldığı 1200 ABŞ dolları və 500 manat pulu və 2018-ci ilin noyabr ayında aldığı daha 500 manat pulu qaytara bilməyərək borclu qalmışdır. Həmçinin Akiflə şərik götürdükləri ofisin kirayə haqqından təxminən 2000 manat Akifə borcu qalmışdır. Beləliklə Akifin göstərdiyi kimi ona 24.530 manat deyil, cəmi 5000 manat borcu vardır. Məhkəmə qeyd etmişdir ki, məhkəmə mübahisəsi üzrə tərəflərin təqdim etdikləri sənədlərin sübut növü kimi qəbul edilməsi və qiymətləndirilməsi formal xarakter daşımamalı, Mülki Prosessual Məcəllənin 76, 77 və 88-ci maddələrində öz əksini tapan sübutların qiymətləndirilməsi baxımından əks tərəfin irəli sürdüyü dəlillərlə birlikdə tam, düzgün və hərtərəfli araşdırılmalıdır. Məhkəmə araşdırması zamanı tərəflər özlərinin mənafeyinə uyğun dəlillər təqdim etmək hüququna malikdirlər. Mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən müddəalarından irəli gələrək qətnamədə işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Bununla yanaşı məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, qəbul etdiyi hər bir sübutun məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini aydın göstərməlidir. (“S.Nuriyev və H.Nuriyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının x xxxxxxxx 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2017-ci il tarixli qərarı). İş materiallarından müəyyən edilmişdir ki, Cavabdeh ilkin İddiaçı 5000 manat məbləğində pulunu almış, aralarında razılaşdıqları müddətdə həmin məbləği qaytarmalı olsa da qaytarmamış, nəticədə İddiaçı 5000 manat məbləğində maddi ziyan dəymişdir. Bundan başqa məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd etmişdir ki, qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı onun 13.740 AZN dəyərində dərman preparatlarını və 2.500 manat dəyərində ofis əşyalarını mənimsədiyini qeyd etsə də məhkəməyə bu halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğundur. Belə ki, işin mübahisələndirilməyən hallarından görünür ki, tərəflər arasında borc münasibəti olmuş, iddiaçı cavabdehə 1800 manat borc verməsini bildirsə də bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Halbuki, AR Mülki Prosessual Məcəlləsinin 77.1ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsinin «X1rşı” xx xxxx 2007-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Cavabdeh tərəf şikayətində qətnamənin qismən, qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilərək qarşılıqlı iddianın təmin edilməsini xahiş etsə də buna dair sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki işdən görünür ki, cavabdeh dəlillərini sübuta yetirə bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qətnamənin mübahisələndirilən hissədə apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3390/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3390/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar