Məhkəmə qərarları › İş №2(105)-934/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-934/2021

29.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-934/2021 29.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, Cavabdeh1 nümayəndəsi vəkil X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı öhdəlik və tam maddi məsuliyyət daşıma haqqında müqavilənin tələblərinin yerinə yetirilməməsi nəticəsində vurulmuş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt şəhər məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(060)-4687/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt şəhər məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.İsmayılov) iddianın qismən təmin edilməsi, Cavabdeh1 1600 manat vurulmuş zərər, 9.45 manat poçt xidmətinə görə ödənilən məbləğ və 30.40 manat dövlət rüsumu alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Sumqayıt şəhər məhkəməsinə müraciət edərək, İddiaçı MMC-nin sabiq ticarətnümayəndəsi cavabdehlər Cavabdeh1 və zamini Cavabdeh2 vaxtında ödənilməmiş 3317.23 manat (1600 manat vurulmuş zərər+207.78 manat faiz+1500 manat əldən çıxmış faydaya görə və 9.45 manat poçt xidmətinə teleqrama görə ödənilən məbləğ) pul vəsaitinin və 30.40 manat dövlət rüsumunun alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı MMC-yə işə qəbul olunmaq üçün ərizə ilə müraciət etmişdir. Əmək və Mülki Məcəllənin tələblərinə uyğun olaraq onunla müvafiq qaydada öhdəlik götürməsi və tam maddi məsuliyyət daşıması haqqında müqavilə bağlanmışdır. Lakin, Cavabdeh1 öhdəliyə əməl etməyərək müəssisəyə maddi zərər vurmuş, bu səbəbdən onun fəaliyyəti öz ərizəsinə əsasən dayandırılaraq işdən azad edilmişdir. Cavabdeh1 müqavilə şərtlərinə əməl etməmiş, nəticədə hesabında qalan pul vəsaitini dəfələrlə şirkət tərəfindən tələb edilsə də, hər dəfə vaxt istəyərək borcunu ödəyəcəyini bildirmişdir. Cavabdeh1 ərizə ilə cəmiyyətə müraciət edərək qalıq borcunu ödəmək üçün ona vaxt verilməsini xahiş etmişdir. Cavabdehin müraciəti nəzərə alınaraq ona vaxt verilmişdir. Lakin cavabdeh verilən vaxt ərzində də borcunu ödəməmişdir. Odur ki, cavabdehin qeydiyyatda olduğu ünvanına müxtəlif tarixlərdə teleqram göndərilərək borcun ödənilməsi tələb edilsə də, cavabdeh yenə də borcunu ödəməmişdir. Bununla da, Cavabdeh1 borcunu təhvil vermədiyindən İddiaçı MMC yə 1600 manat məbləğində borcu qalmışdır. Bundan əlavə Cavabdeh1 1600 manat zərəri vaxtında ödəməyərək gecikdirdiyi üçün illik 5% olmaqla, cəmi 207.78 manat məbləğində faiz pulu, əldən çıxmış faydaya görə 1500 manat və ünvana göndərilən teleqram üçün poçt xidmətinə ödənilən 9.45 manat hesablanaraq əsas vurduğu zərərin üzərinə əlavə edilərək ümumilikdə 3317.23 manat borc hesablanmışdır. Bundan başqa İddiaçı MMC ilə digər Cavabdeh2 arasında öhdəlik müqaviləsi bağlanmışdır ki, həmin müqavilə ilə Cavabdeh2 Cavabdeh1 İddiaçı MMC qarşısında öhdəliyinə zamin durmuşdur İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh1 Sumqayıt şəhər məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin qismən təmin olunması hissəsində ləğv edilməsi, iddia tələbinin tamamilə rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmamaqla maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə işin həqiqi hallarını, sübutları tam araşdırmamış, nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi vəkil X4 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini xahiş etmişdir. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt şəhər məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi iddianın təmin edilən hissəsində ləğv edilməli və həmin hissədə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Aşağı instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini tərəflər arasında xx.xx.2019-cu il tarixdə yeni hüquq münasibətinin yaranması, Cavabdeh1 hesablanmış maddi ziyanın yarısını, yəni 1600 manatını xx.xx.2019-cu il tarixədək ödəməyi öhdəsinə götürməsi ilə əsaslandırmış və gəldiyi nəticənin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 21.1., 21.2., 425.1., 427.3., 442., 443.1, 448.1., 448.2-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsinin iddia tələbinin qismən təmin edilməsi barədə gəldiyi nəticə cavabdeh tərəfindən iddia tələbinin qismən təmin edilməsi hissəsində mübahisələndirilmiş və bu nəticənin ləğv edilərək iddia tələbinin tamamilə rədd edilməsi xahiş edilmişdir. İddiaçı isə iddianın təmin edilməyən hissəsini mübahisələndirməmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayəti üzrə dəyərləndirmə apararaq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır (Mülki Prosessual Məcəllənin 2.1. maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N. Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxx 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. İşdən görünür ki, İddiaçı MMC Cavabdeh1 ilə öhdəlik götürməsi və tam maddi məsuliyyət daşıması haqqında müqavilə bağlandığını, lakin, Cavabdeh1 öhdəliyə əməl etməyərək müəssisəyə maddi zərər vurduğunu, bu səbəbdən onun fəaliyyətinin öz ərizəsinə əsasən dayandırılaraq işdən azad edildiyini, onun müqavilə şərtlərinə əməl etmədiyini, nəticədə borcu yarandığını, borcunu ödəmədiyini əsas gətirərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Əmək Məcəlləsinin 296.5. maddəsinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. İş materiallarından görünür ki, tərəflər arasında əmək münasibətlərinə xx xxxxxxx 2017-ci il tarixdən xitam verilmiş, qanunvericiliyin yuxarıda göstərilən tələbi baxımından iddiaçının məhkəməyə müraciət etmək hüququ xx xxxxxxx 2017-ci il tarixdən yaranmış, lakin iddiaçı xx xxxxxxx 2018-ci il tarixə qədər iddia ərizəsi ilə müraciət etməli olduğu halda, xx xxxxxx 2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə xx xxxx 2005-ci il, R.Salamovun şikayəti üzrə xx xxxxxxx 2007-ci il, X.Xəlilovun şikayəti üzrə xx xxxxxx 2009-cu il tarixli Qərarları və s.). Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. (Konstitusiya Məhkəməsinin xx xxxxxx 2001-ci il tarixli qərarı). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə x xxxx 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Göründüyü kimi iddiaçı Əmək Məcəlləsinin 296.5-ci maddəsinin tələbi baxımından iddia müddətini ötürməklə iddia ərizəsini məhkəməyə təqdim etmişdir. Mülki Məcəllənin 375.2. maddəsinin tələbinə görə mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Cavabdehin xx xxxxxx 2019-cu il tarixli ərizəsinə istinadən tərəflər arasında bu tarixdən yeni hüquq münasibəti yaranması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə gəldikdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin 380.1. maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Qanunun mənasına görə iddia iddia müddəti ərzində irəli sürülməlidir ki, iddia müddətinin axımı kəsilsin. Göstərilən əsas üzrə iddia müddətinin axımının kəsilməsi üçün iddia qanunla müəyyənləşdirilmiş qaydada irəli sürülməlidir. İddianın müəyyənləşdirilmiş qaydada irəli sürülməsi qaydaları MPM-nin Xİİ fəslində cəmləşdirilmiş maddələrdə müəyyən edilmişdir. Bu normalara əməl etmədən irəli sürülmüş iddia müəyyənləşdirilmiş qaydada irəli sürülmədiyindən, iddia müddətinin axımının kəsilməsinə səbəb olmur və iddia müddəti axımı davam edir. Borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətləri etdikdə, hər şeydən əvvəl borclunun öz borcunu etiraf etməsini göstərən hərəkət real olmalıdır. Bütün bu hərəkətlər iddia müddəti ərzində edilməlidir ki, bu müddətin axımının kəsilməsinə səbəb olsun. Lakin hazırkı iş üzrə cavabdehin xx xxxxxx 2019-cu il tarixli ərizəsi isə iddia müddəti ərzində deyil, bu müddətdən 3 ay 16 gün sonra verilmişdir. Bu da iddia müddətinin kəsilməsinə əsas ola bilməz. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia müddətini ötürdüyündən, iddia təmin edilə bilməz. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt şəhər məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi qismən ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4., 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt şəhər məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi qismən ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh1 1600 manat vurulmuş zərərin, 9.45 manat poçt xidmətinə görə ödənilən məbləğə və 30.40 manat dövlət rüsumunun tutulmasına dair iddia tələbi rədd edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar