Məhkəmə qərarları › İş №2(105)-940/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-940/2024

08.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-940/2024 08.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, Sumqayıt Şəhər Məhkəməsinin 05 mart 2024-cü il tarixli, 2(060)-1680/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı "xxxx" KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" KB ASC-nin xeyrinə 4119 manat əsas, 229.28 manat faiz borcu, 4.32 manat cərimə olmaqla, cəmi 4352.60 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 63.93 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı "xxxx" KB ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh istehlak məqsədləri üçün 35 ay müddətinədək illik 25 % ödəmək şərti ilə 4119 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh Müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə "xxxx" KB ASC-yə 4119 manat əsas, 229.28 manat faiz borcu, 4.32 manat cərimə borcu olmaqla, cəmi 4352.60 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Ona görə də iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.

3. Cavabdehə iddia barədə bildiriş göndərilmiş, lakin onun tərəfindən həmin tələblə bağlı nəzərdə tutulmuş müddət ərzində etiraz daxil olmamışdır.

4. Sumqayıt Şəhər Məhkəməsinin 05 mart 2024-cü il tarixli, 2(060)-1680/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 4119 (dörd min yüz on doqquz) manat əsas, 229,28 (iki yüz iyirmi doqquz manat iyirmi səkkiz qəpik) manat faiz borcu, 4,32 (dörd manat otuz iki qəpik) manat cərimə olmaqla, cəmi 4352,60 (dörd min üç yüz əlli iki manat altmış qəpik) manat borc və dövlət rüsumu olaraq ödənilmiş 63,93 (altmış üç manat doxsan üç qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması qət edilmişdir (hakim Günel Tanrıverdiyeva).

5. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında tərəflər arasında xx.xx.2023-cü il tarixli, 337nkSUM/23 saylı kredit müqaviləsi bağlanmış, iddiaçı bank sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə banka borcu yaranmışdır.

6. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.1, 445.2.1. 462, 739.1, 743, 746.1, Mülki Prosessual Məcəllənin 77.1,119.1-ci maddələrinə istinad edərək iddianı təmin etmiş və işə MPM-nin 284-1, 284-6.1-ci maddələrinə əsasən sadələşdirilmiş icraat qaydasında baxmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayəti üzrə tələb və dəlillər

7. Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 05 mart 2024-cü il tarixli, e-2(060)-1680/2024 nömrəli qətnaməsinin ləğv olunmasını və ekspertiza keçirilməklə iddia tələbinin qismən təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən ona 4119 manat məbləğində kredit verilmişdir. Həmin borcdan ödənişlər etmiş, öhdəliklərin icrasından yayınmamışdır. Lakin hazırda bank əsassız olaraq ondan artıq məbləğdə şişirdilmiş borc tələb edir, iddia ilə razı deyil. Məhkəmə işə sadələşdirilmiş icraat qaydasında baxaraq iddianı təmin etmişdir. Hakim mübahisə olduğu üçün işə iddia icraatı qaydasında baxmalı və qətnamə qəbul etməlidir. Çünki vəsatətləri vardır və ekspertiza keçirilməsini tələb edir. Borc həddindən artıq çox hesablanmışdır. Qətnaməsi qanunsuz və ədalətsizdir. Mülki Məcəllənin və Mülki Prosessual Məcəllənin tələblərini pozmaqla qəbul edilmişdir. Banka xeyli miqdarda pul ödəmiş, lakin əsas borc götürdüyü kimi qalmış və borc düzgün silinməmişdir. Bunun üçün mühasibatlıq ekspertizası keçirilməli və borcun hesablanması müəyyən olunmalıdır. Bank hazırda götürmüş olduğu öhdəlikdən artıq məndən pul tələb edir. Nəticədə məhkəmə öhdəliklə bağlı normaların tələbini də pozmuşdur. Məhkəmə borc münasibətlərinədə düzgün hüquqi qiymət verməmiş, kredit müqaviləsinin şərtlərini və qanunun tələblərini düzgün araşdırmamışdır. Məhkəmə sübutları düzgün araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş və sübutlar tam toplanmamışdır. Nəticədə sübutların tamlığı pozulmuşdur. Məhkəmə xüsusi bilik tələb edən məsələ olduğu halda ekspertiza təyin etməmişdir. Məhkəmə onun aylıq ödənişlərini, borcun real məbləğinin nə qədər olmasını, ödənişlərimin hansı borca silinməsini ümumiyyətlə araşdırmamışdır. Məhkəmə 4352,60 manat borcun olmasını müəyyən etsə də həmin borcun hansı əsasla yaranmasını sübut edə bilməmişdir. Göründüyü kimi əsas borc olduğu kimi yerində qalmış, aylıq ödənişləri nəzərə alınmamış və əsas borcdan çıxılmamışdır. Məhkəmə aylıq ödənişlərini, aylıq ödənişlərinin silinməsi ardıcıllığını, borcun düzgün hesablanıbhesablanmadığını müəyyən etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

11. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-1-ci maddəsinə əsasənmülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 394-1.3. Apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

Apellyasiya baxışının hədləri

12. Sumqayıt Şəhər Məhkəməsinin 05 mart 2024-cü il tarixli, e-2(060)-1680/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı mübahisə edilən, yəni borc məbləğinin düzgün olub-olmaması hissəsində yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

13. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

14. Belə ki, iş materiallarından görünür ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, 337nkSUM/23 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 35 ay müddətinədək illik 25% ödəmək şərti ilə 4119 manat məbləğində borc pul verilmiş, müqavilə şərtləri borcalan tərəfindən lazımı qaydada icra edilməmiş və nəticədə borcalanın banka 25 dekabr 2023-cü il tarixinə 4119 manat əsas, 229.28 manat faiz borcu, 4.32 manat cərimə borcu yaranmışdır.

15. Kredit müqaviləsi imzalanmış, bu müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onun etibarsızlığına səbəb ola biləcək digər hallar mövcud olmamış, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi cavabdehin risk dairəsinə daxil olan öhdəliyi olduğu üçün o, bu öhdəliklərin icra edilməməsinə görə iddaçı qarşısında cavabdehlik daşımışdır. (Mülki Məcəllənin 448.1-ci maddəsi)

16. Müqavilənin şərtinə görə illik 25 faiz həcmində faiz hesablanması nəzərdə tutulduğundan iddiaçı cavabdehdən əsas borca görə faiz borcu tələb etməkdə də haqlı olmuşdur.

17. Həmçinin qanunvericiliyə əsasən öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda kreditor dəbbə pulu tələb etməkdə haqlıdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 2.1-ci bəndinə əsasən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi 1 təqvim günündən çox gecikdirildikdə həmin gündən başlayaraq borcalan qarşı kredit üzrə əsas borcun ödənilməsinin gecikdirildiyi hər təqvim günü üçün ödənilməli olan əsas borc məbləğinin illik 40% miqdarında cərimə tətbiq edir. Göründüyü kimi cərimənin tətbiq edilməsi bağlanmış müqavilə ilə müəyyənləşdirmiş və tələb olunan cərimə məbləği əsasızlığı ilə bağlı hər hansı bir dəlil irəli sürülməmişdir. Həmçinin, müqavilə üzrə 4119 manat əsas borca görə 4.32 manat cərimə məbləği əsaslı olmaqla yanaşı, ağlabatan hesab edilir.

18. Məhkəmə kollegiyası borcun düzgün hesablanmaması ilə bağlı cavabdehin şikayətinin dəlillərinə münasibətdə isə qeyd edir ki, cavabdeh qətnamə ilə tutulan borc məbləğini mübahisələndirməklə, həmin məbləğlərin düzgün hesablanmadığını iddia etsə də tələb edilən borc məbləğinin düzgün hesablanmamasına dair hər hansı bir arqument irəli sürə bilməmişdir. Cavabdeh ödənilmiş məbləğlərin nəzərə alınmamasını və ya ödənilmiş məbləğlərin əsas və faiz məbləğinə görə düzgün silinməməsini konkret hallar üzrə əsaslandırmağa borclu olmasına baxmayaraq, öz gümanlarına əsaslanmaqla qeyrimüəyyən dəlillər irəli sürmüş, şikayətinin dəlillərini təsdiq edəcək sübutları da məhkəməyə təqdim edə bilməmişdir.

19. Məhkəmə kollegiyası cavabdehin kredti müqaviləsi üzrə öhdəliyini lazımı qaydada icra etməməsi və borcun əsaslılığına münasibətdə isə qeyd edir ki, iş materiallarında olan kredit müqaviləsinin 1 saylı Əlavəsindən (ödəniş cədvəli) görünür ki, cavabdeh kredit müqaviləsi üzrə götürdüyü borc məbləğini 35 ay müddətinə hər ay 168 manat ödəmək şərti ilə geri qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan cavabdehin ödənişlərinə dair hesabdan çıxarışdan isə görünür ki, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə 50 manat, xx.xx.2023-cü il tarixdə 30 manat, xx.xx.2023-cü il tarixdə 50 manat, xx.xx.2023-cü il tarixdə 50 manat, xx.xx.2023-cü il tarixdə 50 manat, xx.xx.2023-cü il tarixdə 50 manat və xx.xx.2023-cü il tarixdə 50 manat olmaqla, borcun tələb edildiyi 28 dekabr 2023-cü il tarixinədək ümumilikdə 330 manat ödəniş edilmişdir. Halbuki, ödəniş cədvəlindən görünür ki, kredit müqaviləsinin bağlandığı vaxtdan borcun tələb edildiyi 28 dekabr 2023-cü il tarixədək olan müddət ərzində cavabdeh tərəfindən 1008 manat ödənilməli, o cümlədən öhdəliyin lazımı qaydada icrası zamanı isə həmin məbləğin də 489,6 manatı hesablanmış faiz məbləğinə silinməli idi. Lakin, cavabdeh tərəfindən öhdəliyin icrası vaxtında və müəyyən edilmiş məbləğdə icra edilməmişdir ki, bununla da ödənilmiş 330 manat məbləğ yalnız faiz məbləğinə silinmişdir. Həmçinin, öhdəliyin icrasının vaxtında və müəyyən edilmiş məbləğdə icra edilməməsi əlavə faiz məbləğinin hesablanmasına səbəb olmuşdur ki, bununla da məhkəmə kollegiyası borcun düzgün hesablanmaması ilə bağlı cavabdehin şikayətinin dəlillərini əsassız hesab etmişdir.

20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsində işə cavabdehin iştirakı olmadan baxılması ilə bağlı dəlilə münasibətdə isə qeyd edir ki, birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 284-1, 284-5.1, 284-5.2-ci maddələrinin tələblərinə uyğun sadələşdirilmiş icraat qaydasında baxmış, məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada xx.xx.2024-cü il tarixdə bildiriş, eləcə də iddia tələbinə etiraz edilməsi, sübutların təqdim edilməsi barədə məlumat göndərmişdir.

21. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iş materiallarında olan cavabdehin ödənişlərinə dair hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən 28 dekabr 2023-cü il tarixdən sonrakı tarixlərdə də müəyyən ödənişlər edilmişdir ki, həmin ödənişlər hazırkı mübahisənin predemetinə aid olmamaqla, icra zamanı nəzərə alınmalı olan məbləğlər olmuşdur.

22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə dair apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirməklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan məhkəmənin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

23. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 05 mart 2024-cü il tarixli, 2(060)-1680/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qətetdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 05 mart 2024-cü il tarixli, 2(060)-1680/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar