Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-945/2025 25.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, X5 qızının katibliyi ilə, Şuşa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(077)-150/2025 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında yazılı icraat qaydasında baxaraq baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 16063,85 manat əsas borc, 1822,10 manat faiz borcu, 404,82 manat cərimə borcu olmaqla, cəmi 18290,77 manat borcun və 144,87 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şuşa Rayon Məhkəməsinin xx.xx.2025-ci tarixli, 2(077)-150/2025 nömrəli qətnaməsi ilə (hakim Sərdar Mehrəliyev) iddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı “borc tələbinə dair” iddiası qismən təmin edilmişdir. Cavabdeh Şuşa Rayon Məhkəməsinin xx.xx.2025-ci tarixli, 2(077)-150/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Şuşa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(077)-150/2025 nömrəli qərardadı ilə Şuşa Rayon Məhkəməsinin xx.xx.2025-ci tarixli, 2(077)-150/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. İş üzrə Cavabdeh Şuşa Rayon Məhkəməsinin xx.xx.2025- ci il tarixli, 2(077)- 150/2025 nöməli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini, Şuşa Rayon Məhkəməsinin xx.xx.2025-ci tarixli, 2(077)-150/2025 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətinin baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şuşa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(077)-150/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Azərbaycan Respublikası MPM-nin 269.3-cü maddəsinin tələbinə uyğun olaraq mülki işin materialları ilə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, məcburi köçkün olaraq iddia ərizəsi verilərkən dövlət rüsumundan azad olunduğu üçün, həmçinin apellyasiya və kassasiya şikayətlərinin verilməsi üçün nəzərdə tutulmuş dövlət rüsumunun ödənilməsindən azaddır. Hesab edir ki, qanunun mahiyyəti də ondan ibarətdir ki, qaçqınlar və məcburi köçkünlər ümumiyyətlə bütün məhkəmə instansiyalarında dövlət rüsumunun ödənilməsindən azad edilirlər. O, məcburi köçkün olduğu üçün dövlət rüsumundan azaddır. Məhkəmə isə səhv nəticəyə gələrək, apellyasiya şikayətini geri qaytarmışdır. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı hesab edir. İşdən görünür ki, Cavabdeh apellyasiya şikayətinə iddia qiymətinin 50 faizi miqdarında ödənilməli olan dövlət rüsumu haqqında qəbzi əlavə etməmiş, bunu məcburi köçkün olması ilə əsaslandırmışdır. Mülki Prosessual Məcəllənin 361.3-cü maddəsinə əsasən, apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Həmin Məcəllənin 363.1.2-ci maddəsinə əsasən, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Birinci instansiya məhkəməsi qərardadına görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 9-cu maddəsinə (Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri) əsasən məcburi köçkünlər məhkəməyə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunsalar da, apellyasiya şikayətlərinin verilməsinə görə dövlət rüsümunun ödənilməsindən azadolmaları göstərilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qərardad əsaslıdır və şikayətdə göstərilən dəlillər birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas deyildir. Odur ki, şikayət təmin edilməməli, Şuşa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(077)-150/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 363.4-cü maddəsinə əsasən, bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 363, 365 və 366.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh şikayəti təmin edilməsin. Şuşa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(077)-150/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-945/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-945/2025
25.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver