Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-946/2021 02.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 2(060)-1236/2020 saylı qətnaməsindən Cavabdeh1 verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 2(060)-1236/2020 saylı qətnaməsi ilə (hakim E.A.Abdullayev) İddiaçı1-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, İddiaçı2 və Cavabdeh6 qarşı kredit müqaviləsi üzrə borc tələbi və tələbin ipoteta predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilib, İddiaçı1 və Cavabdeh1 arasında bağlanmış 003R********** saylı kredit razılaşması və ona edilmiş əlavə sazişlər ləğv edilmiş, əsas borc üzrə 21215,86 ABŞ dolları, faiz borcu üzrə 15681,47 ABŞ dolları, cərimə üzrə 1000 ABŞ dolları olmaqla, cəmi 37897 (otuz yeddi min səkkiz yüz doxsan yeddi) ABŞ dolları 33 (otuz üç) sent məbləğində pul (ödəniş günü ABŞ dollarının Azərbaycan manatına olan ekvivalentində manatla), ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün 10 manat rüsum və 21 manat xidmət haqqı və iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 25 manatı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı1 Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, tutmanın Cavabdeh3 məxsus mənzilə yönəldilsin və mənzil açıq hərracda satılması, mənzilin satışından əldə edilmiş vəsait hesabına Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı1-yə olan borclarının ödənilməsi, mənzil satışından əldə edilmiş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə çatışmayan məbləğ Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi qaydada tutularaq İddiaçı1-yə ödənilməsi, İddiaçı1-yə olan borc ödənildikdən sonra mənzilin satışından əldə edilmiş vəsaitdən artıq qalan məbləğ Cavabdeh3 qaytarılması, Sumqayıt şəhəri, məhəllə 41A, ev 4V, 1 nömrəli mənzilin ilkin satış qiymətinin 35.000 (otuz beş min) manat məbləğində müəyyən edilərək iddianın qalan hissədə təmin edilməməsi, hazırkı qətnamə Sumqayıt şəhəri, məhəllə 41A, ev 4V, 1 nömrəli mənzilə tutma yönəldildikdən və mənzil satıldıqdan sonra yaşayış sahəsində qeydiyyatda olan şəxslərin yaşayış sahəsinə istifadə hüquqlarına xitam verilməklə onların mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsas hesab edilməsi qət edilmişdir. Cavabdeh1 apelyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 2(060)-1236/2020 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, İddiaçı1 və Cavabdeh1 arasında bağlanmış 11.11.2014-cü il tarixli kredit xətti müqaviləsinə əsasən ona 120 ay müddətinə 300000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 iddiaçı ilə bağladığı 13.11.2014-cü il tarixli, 003R********** saylı kredit razılaşması əsasında 48 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 14.04.2015-ci il tarixli, 003R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə ödənişləri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 13.05.2016-cı il tarixdən banka qaytarmamışdır. Ona görə də, İddiaçı1 və Cavabdeh1 arasında bağlanmış 003R********** saylı kredit razılaşmasının və ona edilmiş əlavə sazişlərin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə 003R********** saylı kredit razılaşması üzrə əsas borc üzrə 21215.86 ABŞ dolları, faiz borcu üzrə 15681.47 ABŞ dolları, 28550,75 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 65448,08 ABŞ dolları ABŞ dolları 08 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh3 mülkiyyətində olan Sumqayıt şəhəri, məhəllə 41A, ev 4V, mənzil 1-ə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi qaydada tutulması, mənzilə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, İddiaçı2 və Cavabdeh6 mənzilə istifadə hüququnun itirilməsi, onların həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh1 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 29 oktyabr 2020-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, onun İddiaçı1-yə hal-hazıra qədər Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 fevral 2018-ci il tarixli, 2(105)-355/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş 4834,59 ABŞ dolları əsas borc, 475,69 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları dəbbə pulu olmaqla, 5360,28 ABŞ dolları ödənilməmiş borcu vardır. Bundan əlavə olaraq Sumqayıt şəhəri, məhəllə 41A, ev 4V, mənzilin ilkin satış qiyməti 35.000 manat qiymətləndirilmişdir ki, bu məbləğ reallığı əks etdirmir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında İddiaçı1-nin nümayəndəsi X3 apelyasiya şikayətini qəbul etməyib, rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada cavabdehlərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən Cavabdeh1 verdiyi apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi ona aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı1 və Cavabdeh1 arasında bağlanmış 11.11.2014-cü ildə uzun müddətli kredit müqaviləsi və həmin müqavilə üzrə 13.11.2014-cü il tarixli kredit razılaşması üzrə iddiaçı tərəfindən Cavabdeh1 48 ay müddətinə, aylıq 1,8333 faizlə 30000 ABŞ dolları kredit verilmişdir. Kreditin cavabdehə verilməsini eyni tarixli köçürmə qəbzi də təsdiq edir. Ödəniş cədvəlinə əsasən Cavabdeh1 həmin kredit borcunu 13.11.2018-ci il tarixinə kimi qaytarmalı idi. Sonradan 14.04.2015-ci il və 10.03.2016-cı il tarixlərində kredit razılaşması və ödəniş planına dəyişiklik edilmiş və kreditin ödəniş müddəti 15.03.2021-ci ilə qədər uzadılmışdır. İşdə olan 12.11.2014-cü il və 13.11.2014-cü il tarixli zaminlik müqavilələrinə əsasən kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə müvafiq olaraq cavabdehlər Cavabdeh2 və X4 iddiaçı qarşısında zamin olmuşlar. 11.11.2014-cü il tarixli, 003M**********01 saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh3 xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 41A saylı məhəllədə istifadədə olan 0,100406 ha torpaq sahəsində yerləşən 4V nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən 33,56 kv.m ümumi, 17,28 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 1 nömrəli mənzil Cavabdeh1 kredit öhdəliklərinin təminatı olaraq iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin RX seriyalı, ******* saylı çıxarışa əsasən həmin mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Maliyyə arayışına əsasən 10.05.2017-ci ildən 01.10.2019-cu il tarixinədək Cavabdeh1 əsas borc üzrə 21215,86 ABŞ dolları, faiz borcu üzrə 15681,47 ABŞ dolları, cərimə üzrə 28550,75 ABŞ dolları olmaqla, cəmi 65448,08 ABŞ dolları borcu vardır. Sumqayıt Şəhər Məhkəməsinin 17.07.2017-ci il tarixli, 2(060)-9281/2017 saylı qətnaməsi ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada ümumilikdə 33946,77 ABŞ dolları borcun tutulması və tutmanın ipoteka predmetinə yönəlidilməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 27.02.2018-ci il tarixli, 2(105)-355/2018 saylı qətnaməsi ilə cavabdehlərdən məhkəməyə müraciət edildiyi vaxta qədər, yəni 10.05.2017ci il tarixinə qədər olan 5360,28 ABŞ dolları borcun tutulub iddiaçıya ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 09 oktyabr 2018-ci il tarixli, 2(102)-6615/2018 saylı qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 fevral 2018-ci il tarixli, 2(105)-355/2018 saylı qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 mart 2019-cu il tarixli, 2(105)-745/2019 saylı qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 17 iyul 2017-ci il tarixli, 2(050)-9281/2017 saylı qətnaməsi ilə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilmiş və Sumqayıt şəhəri, 41A məhəllədə yerləşən 4V nömrəli, 1 nömrəli mənzilin ilkin satış qiyməti 35.000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 06 avqust 2019-cu il tarixli, 2(102)-5375/2019 saylı qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdən göründüyü kimi iddiaçı tərəfindən göndərilmiş ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildiriş daşınmaz əmlakın dövlət reyestrində 01 aprel 2017-ci il tarixində qeydə alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23.09.2020-ci il tarixli, 9/2624 saylı ekspert rəyində kredit müqaviləsi üzrə borcun 10.01.2020-ci il tarixə əsas borc üzrə 26458,52 ABŞ dolları, faiz borcu üzrə 28103,47 ABŞ dolları olmaqla, cəmi 54561,99 ABŞ dolları təşkil etdiyi müəyyən edilmişdir. “FAME-PRO” Məhdud Məsuliyətli Cəmiyyətinin mənzilin qiymətləndirilməsi barədə 22.05.2020-ci il tarixli hesabatından görünür ki, Sumqayıt şəhəri, 41A məhəllədə yerləşən 4V nömrəli, 1 nömrəli mənzilin bazar dəyəri 38000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Yenə həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə kollegiyası toplanmış sübutları müqayisəli surətdə tədqiq edərək hesab edir ki, kredit müqaviləsinə əsasən cavabdehin bank qarşısında öhdəliyi yaranmış, cavabdeh öz üzərinə götürmüş olduğu öhdəliyi icra etməmiş və o bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıyır. Bundan əlavə yuxarıdakı normaların tələblərindən də aydın olur ki, başqasının öz öhdəliyini yerinə yetirəcəyinə təminat verən zamin durmaq son dərəcə məsuliyyətli bir hərəkətdir. Buna görə də şərh olunan maddədə belə bir təşəbbüslə çıxış edən zaminin məsuliyyəti tam dəqiqliyi ilə tənzimlənmişdir. Zaminlik müqaviləsinə əsasən zamin kreditor qarşısında borclunun öz öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu müqavilə üzrə öhdəliklərini yerinə yetirmədikdə kreditorun bunu tələb etmək hüququ yaranır və zaminlər kredit xətti müqaviləsi üzrə öhdəliyin icra edilməməsinə görə kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşıyırlar. Cavabdeh1 verdiyi apelyasiya şikayətində kredit müqaviləsi üzrə əsas və faiz borcun müəyyən edilməsi ilə razılaşmamış və bu halları mübahisələndirmişdir. Qeyd olunan apelyasiya şikayətinin dəlillərini nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən məhkəmə mühasibatlıq ekspetizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15.04.2021-ci il tarixli, 9/1647 saylı ekspert rəyinə əsasən 13.11.2014-cü il tarixli, 003R********** saylı kredit razılaşmasının və əlavə sazişlərin şərtləri nəzərə alınmaqla Cavabdeh1 10.01.2020-ci il tarixə əsas borc üzrə 26458,52 ABŞ dolları və faiz borcu üzrə 28103,47 ABŞ dolları olmaqla, cəmi 54561,99 ABŞ dolları təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, 15.04.2021-ci il tarixli, 9/1647 saylı ekspert rəyi ilə kredit müqaviləsi üzrə müəyyən edilmiş əsas və faiz borcu iddia tələbindən cox olduğundan iddiaçı bank tərəfindən tələb olunan əsas və faiz borcu hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipotekasaxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 34.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması əsasdır. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39.3, 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Sözügedən ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı ipoteka qoyan Cavabdeh3 ilə ipoteka saxlayan iddiaçı bank arasında hər hansı razılaşma yoxdur və onlar arasında faktiki olaraq ipoteka predmetinin ilkin satış qiymətinə dair mübahisə vardır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. İpoteka predmetinin ilkin satış qiyməti “FAME-PRO” Məhdud Məsuliyətli Cəmiyyətinin mənzilin qiymətləndirici rəyində 38000 manat və “Patron-L” Məhdud Məsuliyətli Cəmiyyətinin mənzilin qiymətləndirici rəyində mənzilin bazar dəyəri 37000 manat, likvid dəyəri 34.000 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası işin faktiki hallarına qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti işin hallarına uyğun olub, qanuni və əsaslıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh1 apelyasiya şikayətinin dəlillərini təsdiq edən başqa bir sübut təqdim edə bilməmiş və birinci instnsiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi hallarını sübuta yetirə bilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin apelyasiya şikayəti əsasında ləğv edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 15 aprel 2021-ci il tarixli, 9/1647 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatının dəyəri 150 (yüz əlli) manatdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən və apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apelyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, ekspertiza tədqiqatına xərclənmiş 150 (yüz əlli) manat məbləğində pul ödənilmiş tələbin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Verilmiş apelyasiya şikayəti təmin edilmədiyi üçün ekspertiza tədqiqatının dəyəri Cavabdeh1 alınıb AZ.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 verdiyi apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 2(060)-1236/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Ekspertiza tədqiqatının dəyəri 150 (yüz əlli) manat Cavabdeh1 alınıb AZ.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-946/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-946/2021
02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver