Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-949/2023 02.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" X6 Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X3 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı "xxxx" Bank ASC-nin nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" Bank ASC-nin Cavabdeh qarşı xx.xx.2014-cü il tarixli **********29914 №-li kredit müqaviləsi üzrə qalıq borc məbləğinin borcalandan tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-341/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. xx.xx.2014-cü il tarixli **********29914 №-li kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" Bank ASC tərəfindən illik 24 faiz ödənilməsi şərti ilə 36 ay müddətinə 6370 ABŞ dolları məbləğində istehlak krediti verilmişdir.
2. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-870/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərarının məzmunundan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 27 yanvar 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh və X1 müştərək qaydada 3918 ABŞ dolları 85 sent məbləğində əsas borc, 875 ABŞ dolları 87 sent faiz borcu, 04 ABŞ dolları 22 sent cərimə, cəmi 4798 ABŞ dollar 94 sent ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla və dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pul vəsaitinin tutularaq "xxxx" Bank ASC-yə ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamış və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-445/2017 nömrəli, 27 yanvar 2017ci ii tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-870/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 sentyabr 2017-ci il tarixli, 2(105)-2917/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
3. xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu ilə yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh yazılı bildiriş ünvanlanmışdır.
4. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2022-ci il tarixli, 25017/14 nömrəli məktubundan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-445/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Cavabdeh və X1 müştərək qaydada 3.918,85 ABŞ dolları məbləğində əsas borc, 875,87 ABŞ dolları faiz borcu, 4,22 ABŞ dolları cərimə borcu, cəmi 4.798,94 ABŞ dolları, ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla və dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" ASC-yə ödənilməlidir. İcra sənədi xx.xx.2017-ci il tarixdə icraata daxil olmuş və müvafiq qaydada icraata başlanılmışdır. İcra sənədi üzrə tələbkar "xxxx" ASC xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra idarəsinə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-445/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi üzrə müəyyən edilmiş borc məbləği borclular tərəfındən ödənildiyindən icraatda olan müvafiq iş üzrə icraata xitam verilməsini xahiş etmiş, xx.xx.2022-ci il tarixdə müvafiq icra sənədi üzrə icraata xitam verilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı "xxxx" Bank ASC Cavabdeh qarşı xx.xx.2014-cü il tarixli **********29914 №li Kredit müqaviləsi üzrə qalıq borc məbləğinin borcalandan tutulması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixli **********29914 №-li kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı "xxxx" Bank ASC qarşısında kreditdən istifadəyə görə kreditləşmə müddətinin bitdiyi xx.xx.2017-ci il tarixinədək illik 24 % (iyirmi dörd faiz) dərəcəsi ilə hesablanmış 608.51 (altı yüz səkkiz ABŞ dolları 51 sent) ABŞ dolları məbləğində adi faizlər üzrə borc məbləği, kreditləşmə müddətinin bitdiyi xx.xx.2017-ci il tarixindən kredit müqaviləsi üzrə əsas borc məbləğinin tam şəkildə ödənildiyi xx.xx.2021-ci il tarixinədək vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanmış 653.88 (altı yüz əlli üç ABŞ dolları 88 sent) ABŞ dolları məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi və 1872.53 (bir min səkkiz yüz yetmiş iki ABŞ dolları 53 sent) ABŞ dolları məbləğində penya, cəmi 3134.92 (üç min bir yüz otuz dörd ABŞ dolları 92 sent) ABŞ dolları məbləğində pulun Cavabdeh iddiaçı "xxxx" Bank ASC-nin xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 73.30 (yetmiş üç manat 30 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər və 0.40 (qırx qəpik) manat məbləğində xidmət haqqının əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı "xxxx" Bank ASC iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı (kreditor) "xxxx" Bank ASC ilə Cavabdeh (borcalan) arasında bağlanmış xx.xx.2014-cü il tarixli **********29914 №-li kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən borcalana 36 ay müddətinə, kreditdən istifadəyə görə illik 24 % ödənilməsi şərtilə 6370 (altı min üç yüz yetmiş) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə kreditor ilə X2 arasında xx.xx.2014-cü il tarixli **********29914/ZM №-li zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, zamin borcalanın kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliklərini tamamilə icra etməsi və ya lazımınca icra etməsi üçün borcalanla birgə qaydada məsuliyyət daşımaq öhdəliyini götürmüşdür. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərinin lazımi qaydada yerinə yetirilmədiyinə görə iddiaçı "xxxx" Bank ASC kredit müqaviləsi üzrə tələblərinin təmin edilməsi üçün kredit müqaviləsi üzrə borc məbləğinin birgə qaydada borc alandan və zamindən tutulması haqqında iddia tələbi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin xx.xx.2017-ci il tarixli 2(060)-445/2017 №-li qətnaməsi ilə iddia tələbləri təmin edilərək, Cavabdeh və X1 müştərək qaydada 3918.85 (üç min doqquz yüz on səkkiz ABŞ dolları 85 sent) ABŞ dolları məbləğində əsas borc, 875.87 (səkkiz yüz yetmiş beş ABŞ dolları 87 sent) ABŞ dolları faiz borcu, 4.22 (dörd ABŞ dolları 22 sent) ABŞ dolları cərimə, cəmi 4798.94 (dörd min yeddi yüz ABŞ dolları 94 sent) ABŞ dolları ödəniləcəyi günə manat məzənnəsi ilə hesablanmaqla və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaitinin tutularaq "xxxx" Bank ASC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 sentyabr 2017-ci il tarixli, 2(105)-2917/2017 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(060)-445/2017 №-li qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 20 fevral 2018-ci il tarixli 2(102)- 870/2018 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 sentyabr 2017-ci il tarixli 2(105)- 2917/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəyə mindikdən sonra Cavabdeh tərəfindən ümumilikdə 4799.16 ABŞ dolları məbləğində ödəniş həyata keçirilmiş və qeyd edilən ödənişlər hesabına qətnamə üzrə bankın xeyrinə tutulması qət edilmiş borc məbləği tam şəkildə ödənilmişdir. Qətnamə üzrə qət edilmiş borc məbləğinin tam şəkildə ödənilməsinə baxmayaraq, cavabdehin kredit müqaviləsilə nəzərdə tutulmuş kreditləşmə müddətinin bitdiyi xx.xx.2017-ci il tarixinədək hesablanmış və ödənilməmiş 608.51 (altı yüz səkkiz ABŞ dolları 51 sent) ABŞ dolları məbləğində adi faizlər üzrə borcu qalmışdır. Bundan əlavə, cavabdehin kredit üzrə əsas borc məbləğinin qaytarılması gecikdirildiyi üçün banka kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 1872.53 (bir min səkkiz yüz yetmiş iki ABŞ dolları 53 sent) ABŞ dolları penya borcu qalmışdır. Qeyd edilir ki, penya borcu xx.xx.2020-ci il tarixinədək hesablanmışdır. Belə ki, bankın daxili qərarına əsasən xx.xx.2020-ci il tarixdən kredit müqaviləsi üzrə penyanın hesablanması borc alanın xeyrinə dayandırılmışdır. Cavabdeh tərəfindən kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliklər kobud şəkildə pozulduğuna görə sonuncu ilə bir neçə dəfə əlaqə saxlanılmasına və ona borcun ödənilməsinin tələb edilməsinə dair xx.xx.2022-ci il tarixli QB-XO-9.9.2022- 001 №-li xəbərdarlıq göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən borcun ödənilməsi istiqamətində bu günə qədər heç bir əməli addım atılmamışdır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinin 4.1-ci bəndinə əsasən həmin müqavilə tərəflərin öz üzərilərinə götürdükləri öhdəlikləri tam icra edənədək qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında öz təsdiqini tapmışdır. Həmin qərarda Konstitusiya məhkəməsi qeyd edir ki: “Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir”. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin həmin qərarın nəticə hissəsində ifadə etdiyi hüquqi mövqeyinə görə kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Konstitusiya Məhkəməsi yuxarıda qeyd edimiş əsaslardan çıxış edərək daha sonra həmin qərarda növbəti hüquqi mövqeyini ifadə edərək, göstərir ki, “kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.” Bundan əlavə, müvafiq qərarda qeyd olunur ki, “Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə,Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.” Qeyd olunanlara əsasən bank kreditləşmə müddətinin bitdiyi tarixdən, yəni xx.xx.2017-ci il tarixindən əsas borc məbləğinin tam şəkildə ödənildiyi xx.xx.2021-ci il tarixinə kimi faizlər formasında əldən çıxmış faydanın hesablanmasında yuxarıda göstərilmiş faiz dərəcəsini (illik 5%) əldə rəhbər tutmağı əsaslı hesab edir. Müvafiq hesablama aparıldıqdan sonra müəyyən edilmişdir ki, kreditləşmə müddətinin bitdiyi tarixdən (xx.xx.2017-ci il) əsas borc məbləğinin tam şəkildə ödənildiyi tarixədək (xx.xx.2021-ci il) olan dövr üçün bu məbləğ 653.88 (altı yüz əlli üç ABŞ dolları 88 sent) ABŞ dolları təşkil edir.
7. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-341/2023 nömrəli qətnaməsi ilə (hakim Günel Tanrıverdiyeva) iddia qismən təmin edilərək, Cavabdeh xx.xx.2014-cü il tarixli **********29914 №-li kredit müqaviləsi üzrə illik 5 % dərəcəsi ilə hesablanmış 653,88 (altı yüz əlli üç dollar səksən səkkiz sent) ABŞ dolları məbləğində zərər və ya ödəniş gününə Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun manatla borc və ödənilmiş dövlət rüsumunun 15 (on beş) manat hissəsinin tutularaq iddiaçı "xxxx" Bank ASC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, müqavilə üzrə faiz borcu tələbi hissəsində iddia müddətinin başlanğıcı xx.xx.2017-ci il tarixdən hesablandıqda, iddia müddəti 05 iyun 2020-ci ildə bitmiş, iddiaçı bank isə hazırkı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etməklə, qanunla müəyyənləşdirilmiş 3 illik iddia müddətini ötürmüşdür.
9. Məhkəmə hesab etmişdir ki, iddia tələbi cərimə məbləğinin tutulması hissəsində də təmin edilməməlidir. Belə ki, iddiaçı bank ilk dəfə məhkəməyə müraciət edərkən əsas borcun vaxtında ödənilməməsinə görə cərimə ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmiş, həmin hissədə iddia tələbi qismən təmin edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, əsas borcun vaxtında ödənilməməsinə görə yenidən cərimə məbləğinin ödənilməsinin tələb edilməsi barədə iddia tələbi əsaslı deyil.
10. İddia tələbi kreditləşmə müddətinin bitdiyi xx.xx.2017-ci il tarixindən kredit müqaviləsi üzrə əsas borc məbləğinin tam şəkildə ödənildiyi xx.xx.2021-ci il tarixinədək vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanmış 653.88 (altı yüzəlli üç ABŞ dolları 88 sent) ABŞ dolları məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzinin ödənilməsi hissəsində isə əsaslı olduğundan təmin edilməlidir.
11. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
12. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 377, 373, 375ci, Mülki Prosessual Məcəllənin 77.1, 119.1, 217.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.
13. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(060)-341/2023 nömrəli qətnaməsinin qismən, iddia tələblərinin təmin edilməyən hissəsində ləğv edilməsi və iddianın tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini, apellyasiya şikayətinin verilməsinə görə 36.65 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəlləyə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. İddiaçı "xxxx" Bank ASC Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə “Kredit müqaviləsi üzrə borc məbləğinin birgə qaydada borc alandan və zamindən tutulması haqqında” iddia tələbi ilə xx.xx.2016-cı il tarixində Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Belə olan halda iddia müddətinin axımı xx.xx.2016-cı il tarixində kəsilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 380.2-ci maddəsinə əsasən, fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Hazırki iş üzrə isə iddia müddətinin axımı fasilədən sonra xx.xx.2018-ci il tarixdə yenidən başlamışdır. Belə ki, yuxarıda qeyd edilən mülki iş üzrə yekun məhkəmə aktı olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-870/2018 nömrəli qərarı 20 fevral 2018-ci il tarixində qəbul edilmiş və həmin tarixdə qüvvəyə minmişdir. Göründüyü kimi iddia müddətinin axımı fasilədən sonra xx.xx.2018-ci il tarixində yenidən başlamışdır. Cavabdeh isə xx.xx.2020-ci il tarixində və bu tarixdən sonra müvafiq olaraq xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində kredit müqaviləsi üzrə ödənişlər həyata keçirmiş və bununla da borcu etiraf edən hərəkətlər etmişdir. Cavabdeh tərəfindən borcu etiraf etməsini göstərən hərəkətlər edilməsi iddia müddətinin axımının yenidən kəsilməsinə səbəb olmuş və iddia müddətinin axımı cavabdehin sonuncu dəfə kredit müqaviləsi üzrə ödəniş etməsindən sonra, yəni xx.xx.2021-ci il tarixində yenidən başlamışdır. Həmin ödənişlər icra məmuru tərəfindən həyata keçirilmiş icra tədbirləri nəticəsində baş verməmişdir. Belə ki, qeyd edilən vəsaitlər banka icra qurumunun depozit hesabından mədaxil edilməmişdir. Həmin vəsaitlər banka borc alan tərəfindən şəxsən ödənişin təyinatı hissəsində kreditin ödəniş cədvəli üzrə ödənilməsi qeydi olan kassa mədaxil qəbzinə imza etməklə həyata keçirilmişdir. Bu hal məhkəmənin qətnamədə gəldiyi nəticənin ziddinə olaraq hazırki iş üzrə cavabdehin birbaşa iradə ifadəsini əks etdirir. Mədaxil edilmiş pul vəsaiti müvafiq kredit müqaviləsi üzrə bank qarşısında yaranmış öhdəliklərinin icrasına yönəldilmişdir. Göründüyü kimi, hazırki tələb üzrə iddia müddətinin axımı fasilədən sonra xx.xx.2021-ci il tarixində yenidən başlamış və qanunvericiliklə nəzərdə tutulmuş üç illik iddia müddəti ötürülmədən yəni xx.xx.2022-ci il tarixində iddiaçı tərəfindən müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmə iddia tələbini penyaya aid hissədə rədd edərkən mövqeyini onunlaəsaslandırmışdır ki, iddiaçı bank ilk dəfə məhkəməyə müraciət edərkən əsas borcun vaxtında ödənilməməsinə görə cərimə ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmiş, həmin hissədə iddia tələbi qismən təmin edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, əsas borcun vaxtında ödənilməməsinə görə yenidən cərimə məbləğinin ödənilməsinin tələb edilməsi barədə iddia tələbi əsaslı deyil. İddia tələbi qeyd edilən hissədə cərimə borcunun deyil, penyanın tutulması ilə bağlı olmuşdur. Lakin məhkəmə həmin hissədə iddia tələbini cərimə borcunun tutulması kimi qəbul etmişdir. Penya müqavilə öhdəlikləri və digər öhdəliklərdə müddət gecikdirildikdə tətbiq edilən dəbbə pulu növüdür. Penya elə bir dəbbə puludur ki, o, müddəti gecikdirilmiş və ötürülmüş öhdəliyin məbləğindən (qiymətindən) tutulan faiz kimi müəyyən edilir və ötürülmüş (gecikdirilmiş) hər bir gün üçün hesablanır. Kreditin qaytarılması gecikdirildikdə, hər bir ötürülən gün üçün penya müəyyənləşdirilə bilər. Cərimə dedikdə isə, elə bir dəbbə pulu növü başa düşülür ki, o, öhdəliklər pozulduqda, qanunda və ya müqavilədə nəzərdə tutulmuş hallarda və qaydada tətbiq edilən maddi təsir tədbiri, yəni pul tənbehi kimi çıxış edir. Penyadan fərqli olaraq cərimə, birdəfəlik alınan və tutulan dəbbə puludur. O, ya pozulmuş öhdəlik məbləğinin faizi ilə, ya da sabit pul məbləği ilə müəyyən edilə bilər. Cərimə elə bir məsuliyyət tədbiridir ki, öhdəliklərin icrasını təmin edir. Göründüyü kimi, cərimə birdəfəlik alınan və tutulan dəbbə pulu olduğu halda, cərimədən fərqli olaraq penya elə bir dəbbə puludur ki, o, müddəti gecikdirilmiş və ötürülmüş öhdəliyin məbləğindən (qiymətindən) tutulan faiz kimi müəyyən edilir və ötürülmüş (gecikdirilmiş) hər bir gün üçün hesablanır. Bundan başqa, iddia tələbinə məhkəmə iclasında baxılarkən məhkəmənin nəzərinə çatdırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci iltarixli 2(060)- 445/2017 nömrəli qətnaməsi ilə müəyyən edilmiş penyanın məbləği xx.xx.2016-cı il tarixinədək (həmin mülki iş üzrə iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixədək) hesablanmış penya məbləğindən ibarət olmuşdur. Bankın hazırkı tələbi isə həmin tarixdən xx.xx.2020-ci il tarixinədək hesablanmış penyanın Cavabdeh tutulması ilə bağlıdır. Belə olan halda, məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, həmin normaya görə, “müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır.” Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən həmin müqavilə tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və göründüyü kimi bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında öz təsdiqini tapmışdır. Həmin qərarda Konstitusiya Məhkəməsi qeyd edir ki: “Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir”. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin həmin qərarın nəticə hissəsində ifadə etdiyi hüquqi mövqeyinə görə kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Konstitusiya Məhkəməsi yuxarıda qeyd edimiş əsaslardan çıxış edərək daha sonra həmin qərarda növbəti hüquqi mövqeyini ifadə edərək, göstərir ki, “kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər”. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarına, habelə kredit müqaviləsinin 1.1-ci, 2.4-cü, 5.1-ci və 6.2-ci bəndlərinə əsasən, bank kreditləşmə müddətinin bitdiyi xx.xx.2017-ci il tarixindən əsas borcun tam olaraq ödənildiyi xx.xx.2020-ci il tarixinədək hesablanmış 1872.53 ABŞ dolları məbləğində penyanı tələb etməkdə haqlı olmuşdur. Lakin, məhkəmə bankın iddiasını rədd etməklə Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan məhkəmələr üçün məcburi sayılan hüquqi mövqeyinin tələbini pozmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" Bank ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
Maddə 373. İddia müddətləri 373.1. Ümumi iddia müddəti on il təşkil edir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. (...)
Maddə 375. İddia müddətinin tətbiqi 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.
Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. (...)
Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. (...)
Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (...)
Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.2. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. 462.4. Əgər öhdəliyin icrası barədə vəd bu Məcəlləyə görə etibarsız sayılırsa, həmin öhdəliyin icra edilməməsi üçün dəbbə pulu haqqında qəbul edilmiş razılaşma da, hətta həmin vədin etibarsızlığı tərəflərə məlum olsa belə, etibarsızdır. 462.5. Əgər borclu öz öhdəliyini icra etdiyinə görə dəbbə pulu tutulması barədə mübahisə edirsə, o, icranı sübuta yetirməlidir, bu şərtlə ki, öhdəlik hərəkətdən çəkinməkdən ibarət olmasın. Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
Maddə 741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
20. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 aprel 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı qeyd edilən hissədə yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
22. Apellyasiya şikayəti əsasında birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilməyən hissələrində, yəni xx.xx.2014-cü il tarixli **********29914 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı "xxxx" Bank ASC qarşısında kreditdən istifadəyə görə kreditləşmə müddətinin bitdiyi xx.xx.2017-ci il tarixinədək illik 24 % dərəcəsi ilə hesablanmış 608.51 ABŞ dolları məbləğində adi faizlər üzrə borc məbləğinin və 1872.53 ABŞ dolları məbləğində penyanın tutulması hissəsində mübahisələndirir.
23. İddia tələbinin xx.xx.2014-cü il tarixli **********29914 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı "xxxx" Bank ASC qarşısında kreditdən istifadəyə görə kreditləşmə müddətinin bitdiyi xx.xx.2017-ci il tarixinədək illik 24 % dərəcəsi ilə hesablanmış 608.51 ABŞ dolları məbləğində adi faizlər üzrə borc məbləğinin tutulması hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir.
24. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır.
25. Kredit müqaviləsinin ləğvi ilə tərəflər müqavilə ləğv edilənək mövcud öhdəliklərinin icrasından azad edilmirlər və bank cavabdehən müqavilə ləğv edilən anadək mövcud olan əsas və faiz borcunun ödənilməsini tələb edə bilər.
26. Bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
27. Göründüyü kimi kreditorun müqavilənin ləğvi anınadək pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsi hüququ vardır.
28. Lakin, hazırkı iş üzrə iddiaçı xx.xx.2014-cü il tarixli **********29914 nömrəli kredit müqaviləsi üzrə kreditləşmə müddətinin bitdiyi xx.xx.2017-ci il tarixinədək illik 24 % dərəcəsi ilə hesablanmış 608.51 ABŞ dolları məbləğində adi faizlər üzrə borc məbləğinin ödənilməsini tələb edir.
29. Məhkəmə kollegiyası qeyd edir ki, kredit müqaviləsi ləğv edildiyindən iddiaçının belə tələb sürməsi əsassızdır. Müqavilənin ləğvi anınadək hesablanmış faiz borcu isə qanuni qüvvəyə minmiş Sumqayıt Şəhər Məhkəməsinin 27 yanvar 2017-ci il tarixli qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə tutulmuşdur.
30. Digər tərəfdən, Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir.
31. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarında göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.
32. Göründüyü kimi, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.
33. Məhkəmə kollegiyası iddia müddətinin ötürülməməsi ilə bağlı apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, iş materiallarından göründüyü kimi xx.xx.2014-cü il tarixli kredit müqaviləsi 36 ay müddətinə bağlanmışdır. Müqavilənin müddəti xx.xx.2017-ci ildə bitmişdir. İddia müddətinin axımı xx.xx.2017-ci ildən başlamışdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir.
34. Bundan başqa, bankın ilk dəfə məhkəməyə müraciət edərkən tələb etdiyi borcun ödənilməsi, xx.xx.2016-cı il tarixdən müqavilənin müddətinin bitdiyi xx.xx.2017-ci il tarixədək sonradan hesablanmış və hazırda tələb edilən faiz borcunun ödənilməsində etirafedici hərəkət kimi nəzərə alına və iddia müddətinin axımının kəsilməsinə səbəb ola bilməz.
35. İddia tələbinin 1872.53 ABŞ dolları məbləğində penyanın tutulması hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə, kredit müqaviləsinin müddəti bitdikdən sonra kreditorun yalnız öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb etmək hüququ vardır.
36. İddiaçı bank ilk dəfə məhkəməyə müraciət edərkən əsas borcun vaxtında ödənilməməsinə görə cərimə ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmiş, həmin hissədə iddia tələbi qismən təmin edilmişdir. Bu səbəbdən, əsas borcun vaxtında ödənilməməsinə görə yenidən cərimə məbləğinin ödənilməsinin tələb edilməsi əsaslı deyil.
37. Hazırkı iş üzrə isə kreditləşmə müddətinin bitdiyi xx.xx.2017-ci il tarixindən kredit müqaviləsi üzrə əsas borc məbləğinin tam şəkildə ödənildiyi xx.xx.2021-ci il tarixinədək vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanmış 653.88 ABŞ dolları məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzinin ödənilməsi barədə iddiaçının tələbi təmin edilmişdir.
38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz.
39. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil.
40. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasından baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır.
41. Apellyasiya şikayətinin verilməsinə görə 36.65 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehdən iddiaçının xeyrinə tutulması ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş 36.65 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-341/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.