Məhkəmə qərarları › İş №2(105)-95/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-95/2024

17.07.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-95/2024 17.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: tikilinin sökülməsi, mülkiyyətin müdafiəsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X4 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-23/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Torpağın mülkiyyətə verilməsinə dair JN-301A, kod ******* olan şəhadətnamədən müəyyən olunmuşdur ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli 05 nömrəli qərarına əsasən İddiaçı mülkiyyətinə 0,06 hektar torpaq sahəsi verilmişdir.

2. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(067)-1009/2018 saylı qətnaməsindən müəyyən olunur ki, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması tələbinə dair iddiası təmin edilərək, Xaçmaz rayonu Şollar kəndi ərazisində yerləşən torpağın mülkiyyətə verilməsinə dair JN-301A, kod ******* nömrəli şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilən 0,0552 ha hissəsinin Cavabdeh qanunsuz istifadəsindən alınaraq iddiaçıya qaytarılmış, Cavabdeh iddiaçıya qarşı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilməmişdir.

3. Sumqayıt Apellyasiya Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(105)- 1349/2019 nömrəli qətnaməsi ilə ilk iddia üzrə cavabdeh, qarşlıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(067)- 1009/2018 saylı qətnaməsindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(067)-1009/2018 saylı qətnaməsinin ilk iddia üzrə cavabdeh qarşlığlı iddia üzrə iddiaçı Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

4. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-4807/2019 saylı qərarı ilə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Sumqayıt Apellyasiya Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(105)-1349/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır.

5. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/7807 nömrəli ekspert rəyindən müəyyən olunur ki, Cavabdeh tərəfindən özbaşına inşa edilmiş tikili (yaşayış evi) Xaçmaz rayonu Şollar kəndi ərazisində yerləşən torpağın mülkiyyətə verilməsinə dair JN- 301A, kod ******* nömrəli şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin şimal, şimal-şərq istiqamətində yerləşir və 158,0 kv.metr hissəni əhatə edir.

6. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(118)-173/2021 nömrəli qərardadından görünür ki, iddiaçı Cavabdeh Zamir oğlunun cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Xaçmaz AİK-nin xx.xx.1998-ci il tarixli, 05 saylı qərarı İddiaçı 0.06 ha torpaq sahəsinin ayrılması hissəsində etibarsız hesab edilməsi, İddiaçı verilmiş JN-301A (KOD ********) seriya nömrəli xx.xx.2004-cü il tarixli “Torpağın Mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ləğv edilməsinə dair iddiası mümkün sayılmamışdır. “AZEMİS” Elektron Məhkəmə sistemindən çıxarışdan görünür ki, həmin qərardaddan verilmiş şikayət təmin edilməyərək qərardad dəyişdirilmədən saxlanılmışdır.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayonu Şollar kəndi ərazisində yerləşən, “torpağın mülkiyyətə verilməsinə dair JN301A, kod ******* olan şəhadətnamə”yə əsasən mülkiyyətində olan 0,06 ha torpaq sahəsində Cavabdeh tərəfindən özbaşına inşa edilmiş tikilinin (yaşayış evi) cavabdehin öz vəsaiti hesabına sökülməsi, cavabdehin hesabına torpaq sahəsinin əvvəlki vəziyyətdə bərpa edilməsi, cavabdehdən maddi ziyanın əvəzi olaraq 10000 manat pulun, mənəvi ziyanın əvəzi olaraq 15000 manat pulun, habelə ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(067)-1009/2018 saylı qətnaməsi ilə onun Cavabdeh qarşı torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması tələbinə dair iddiası təmin edilərək, Xaçmaz rayonu Şollar kəndi ərazisində yerləşən torpağın mülkiyyətə verilməsinə dair JN-301A , kod ******* olan şəhadətnaməyə əsasən mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilən 0,0552 ha hissəsinin Cavabdeh qanunsuz istifadəsindən alınaraq ona qaytarılması, Cavabdeh ona qarşı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməmişdir. Sumqayıt Apellyasiya Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(105) 1349/2019 nömrəli qətnaməsi ilə ilk iddia üzrə cavabdeh, qarşlıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən Xaçmaz rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(067)- 1009/2018 saylı qətnaməsindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Xaçmaz rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(067)-1009/2018 saylı qətnaməsinin ilk iddia üzrə cavabdeh, qarşlıqlı iddia üzrə iddiaçı Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-4807/2019 saylı qərarı ilə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Sumqayıt Apellyasiya Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(105)-1349/2019 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Sumqayıt Apellyasiya Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(105)-1349/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Məhkəmə qərarları qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. xx.xx.2020-ci il tarixdə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vidadi Dadaşov, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerqurluşu Layihə Tətqiqat MMC-nin Xaçmaz rayon şöbəsinin mütəxəsisi Elşad Lətifovun iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(067)-1009/2018 saylı qətnaməsi icra olunarkən müəyyən olunmuşdur ki, icra sənədində qeyd olunan ona məxsus, 06 ha torpaq sahəsində Cavabdeh tərəfindən 2 mərtəbəli (12x13 ölçüdə) ev inşa olunmuşdur. Ona görə də Cavabdeh tərəfindən özbaşına olaraq inşa edilmiş həmin ev sökülməli, torpaq sahəsi boşaldılaraq ona qaytarılmalı, icra vərəqəsinin qanunda nəzərdə tutulan qaydada icra edilməsi üçün şərait yaradılmalı, ona dəymiş maddi və mənəvi ziyanın əvəzi cavabdehdən alınaraq ona qaytarılmalıdır. Cavabdehə dəfələrlə təklif etmişdir ki, torpaq sahəsində inşa etdiyi yaşayış evini sökərək torpaq sahəni boşaltsın, yaxud da torpaq sahələrini dəyişdirsin. Lakin cavabdeh nə torpaq sahəsindəki özbaşına tikilini sökmüş, nə də ki, torpaq sahələrinin dəyişdirilməsinə razılaşmamışdır. Cavabdeh faktiki olaraq azı on min manat məbləğində zərərin əvəzini ödəməlidir. Habelə ötən bu müddət ərzində dəfələrlə məhkəmə çəkişmələrinə cəlb olunmağa məcbur olunmuş, əmlakından məhrum edildiyinə görə və cavabdehin ona məxsus torpaqda özbaşına olaraq onu saymadan yaşayış evi tikməsi nəticəsində mənəvi psixioloji sarsıntılar keçirmişdir. Uzun müddət mülkiyyətində olan torpaq sahəsinə yaxın düşə bilməmişdir. Hesab edir ki, nəticədə ona on beş min manat məbləğində mənəvi ziyan dəymişdir.

9. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-23/2023 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin olunması, Xaçmaz rayonu Şollar kəndi ərazisində yerləşən, “torpağın mülkiyyətə verilməsinə dair JN-301A, ******* kodlu şəhadətnamə”yə əsasən İddiaçı mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin şimal, şimalşərq istiqamətində yerləşən və 158,0 kv.metr hissəni əhatə edən, Cavabdeh tərəfindən özbaşına inşa edilmiş tikilinin (yaşayış evi) cavabdehin öz vəsaiti hesabına sökülməsi və həmin hissədə torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun 15 manatının cavabdehdən alınaraq iddiaçıya verilməsi, 15 manatının isə iddiaçıya aid edilməsi, ekspertiza tədqiqatlarının dəyəri olan 50 manat məbləğində pulun Cavabdeh alınması qət edilmişdir (hakim Anar Sadıqov).

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 152.1, 152.2, 152.3, 157.2 və 157.5-ci maddələri, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84 və 111-ci maddələri, İnsan Hüquqlarının və X1 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh apellyasiya şikayəti verib, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(067)-23/2023 saylı qətnamə iddianın təmin olunmuş hissəsində ləğv edilməsi və iddia tələbinin tam həcmdə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi yeganə yaşayış sahəsi olan evin sökülməsi barədə qətnamə qəbul edərkən araşdırma aparmamışdır ki, həmin ev nə vaxt tikilib və iddiaçının adına olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə nə vaxt verilmişdir. Həmçinin məhkəmə araşdırmamışdır ki, iddiaçının adına olan şəhadətnamədə göstərilmiş 0.06 ha həyətyanı torpaq sahəsi “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun qəbul edildiyi tarixdən (02 avqust 1996-cı il) əvvəl səlahiyyətli dövlət orqan tərəfindən qanuni əsaslarla onun istifadəsinə verilmişdirmi. Əgər məhkəmə qarşılıqlı iddia ərizəsini lazımı qaydada araşdırsaydı, həmin suallara cavab verməli və çox güman ki, məhkəmənin iş üzrə qəbul edəcək qətnamə başqa məzmunda ola bilərdi.

13. Məhkəmə qətnaməsində evin özbaşına tikili olması göstərilir. Mülki qanunvericiliyə əsasən özbaşına tikili vətəndaşın özünə məxsus olmayan və müvafiq icazələr alınmadan tikili kimi nəzərdə tutulmuşdur. O evi Xaçmaz Rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli, 05 nömrəli qərarı ilə ailəsinin mülkiyyətinə verilmiş 0.10 ha həyətyanı torpaq sahəsində tikmişdir. Ona görə də həmin ev özbaşına tikili sayıla bilməz.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş, bununla belə teleqram ünvanlayaraq üzrlü səbəbi təsdiq edən sənəd təqdim etmədən, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir.

17. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

18. Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

19. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu:

20. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

21. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

22. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

23. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

24. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

25. Maddə 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.

30. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

31. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

34. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

35. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

38. Apellyasiya şikayətindən görünür ki, Cavabdeh Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-23/2023 nömrəli qətnaməsini iddia tələbin təmin olunan hissəsində mübahisələndirərək iddianın tam rədd edilməsini xahiş etmişdir.

39. Ona görə də kollegiya Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

41. Məhkəmə kollegiyası qeyd edir ki, milli qanunvericiliyin müddəalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

42. Azərbaycan Respublikasının qanunvericiliyi mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirmişdir.

43. Belə ki, Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

44. İşin hallarından görünür ki, qanuni qüvvəyə minmiş Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(067)-1009/2018 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması tələbinə dair iddiası təmin edilərək, Xaçmaz rayonu Şollar kəndi ərazisində yerləşən torpağın mülkiyyətə verilməsinə dair JN-301A , kod ******* olan şəhadətnaməyə əsasən mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilən 0,0552 ha hissəsinin Cavabdeh qanunsuz istifadəsindən alınaraq ona qaytarılması, Cavabdeh ona qarşı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməmişdir. Həmin qətnamənin icra mərhələsində müəyyən olunmuşdur ki, icra sənədində qeyd olunan iddiaçıya məxsus 0,6 ha torpaq sahəsində Cavabdeh tərəfindən 2 mərtəbəli ev inşa olunmuşdur. İddiaçı iddiasında qeyd edir ki, cavabdehə dəfələrlə torpaq sahəsində inşa etdiyi yaşayış evini sökərək torpaq sahəni boşaltmağı yaxud torpaq sahələrini dəyişdirilməsini təklif etsə də, danışıqlar heç bir nəticə verməmişdir. Ona görə də iddiaçı hesab edir ki, Cavabdeh tərəfindən iddiaçıya məxsus torpağında inşa edilmiş həmin ev sökülməli, torpaq sahəsi boşaldılaraq ona qaytarılmalıdır.

45. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının nəticəsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/7807 nömrəli ekspert rəyindən müəyyən olunur ki, Cavabdeh tərəfindən özbaşına inşa edilmiş tikili (yaşayış evi) Xaçmaz rayonu Şollar kəndi ərazisində yerləşən torpağın mülkiyyətə verilməsinə dair JN-301A, kod ******* nömrəli şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin şimal, şimal-şərq istiqamətində yerləşir və 158,0 kv.metr hissəni əhatə edir.

46. Məhkəmə kollegiyası əvvəla qeyd edir ki, iddiaçıya məxsus torpaq sahəsinə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, onun həmin əmlaka gözlənilən mülkiyyət hüququ vardır.

47. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, birinci instansiya məhkəməsinin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

48. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək, qeyd edir ki, tərəflərin əvvəlki mübahisələri üzrə qanuni qüvvəyə minmiş qətnamələr və hazırkı iş üzrə ekspertiza rəyi nəzərə alınmalı, qeyd olunan dəlillər hazırkı iddia tələbinin rədd olunması və apellyasiya şikayətinin təmin olunması üçün əsas kimi çıxış edə bilməz.

49. Kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq qeyd edir ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan suiistifadə sayılır ki, hüquq sistemi hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası hər bir şəxsdən dürüst bir insan olaraq gözlənilən davranışı ifadə edir; bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, bir təməl hüquq prinsipidir.

50. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 21 dekabr 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi.

51. Oxşar mövqe X2 Məhkəməsi tərəfindən ifadə edilmiş, “Centros Ltd. Erhvervs-og Selskabsstyrelsen” işi üzrə 09 Mart 1999-cu il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyribərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur.

52. Belə olan halda apellyasiya şikayətində göstərilən dəlillər formal mülahizələr kimi qiymətləndirilməlidir, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

53. Beləliklə, şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.

54. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-23/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar