Məhkəmə qərarları › İş №2(105)-952/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-952/2021

26.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-952/2021 26.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, üçüncü şəxsin nümayəndəsi X10 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair mülki iş üzrə Sumqayıt şəhər məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 2(060)-5829/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt şəhər məhkəməsinin 05 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.Abdullayev) İddiaçı Cavabdeh qarşı Sumqayıt şəhəri, 2-ci məhəllə, Azadlıq küçəsi, 5\28 saylı evin 56 saylı mənzilinə istifadə hüququnun tanınması barədə iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, 2-ci məhəllə, Azadlıq küçəsi, 5/28 saylı evin 56 saylımənzilinə istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının xalası qızıdır. İddiaçı valideynlərini itiridiyindən Qusar Rayon Təhsil Şöbəsinin 09 avqust 2008-ci il tarixli qərarına əsasən 11 sentyabr 2008-ci il tarixdən xalası X3 qəyyumluğuna verilmişdir. Həmin vaxtdan onlar Sumqayıt şəhəri, 2-ci məhəllə, Azadlıq küçəsi, 5/28 saylı evin 56 saylı mənzilində etibarlı ailə kimi bir yerdə yaşamışlar. Cavabdeh iddiaçının xalasının birinci ailəsindən olan övladıdır və onların münasibətləri heç zaman normal olmamışdır. Cavabdeh heç vaxt mübahisəli mənzildə yaşamamışdır. İddiaçı 24 yanvar 2012-ci ildə mənzilin mülkiyyətçisi olan xalası Həqiqət Ağayevanın razılığı ilə mübahisəli mənzilə qeydiyyata düşmüşdür. İddiaçı bu müddət ərzində həmin mənzildə yaşamışdır. Cavabdeh 29.09.2012-ci il tarixdə iddiaçının xalasının vəfatından sonra iddiaçıya qarşı yaşayış sahəsinə vərəsəlik hüququnun tanınması, reyestrdən çıxarışın verilməsi, mənzildən istifadə hüququnun itirilməsi, mənzildən, pasport qeydiyyatından çıxarılma və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və onun iddia tələbi Sumqayıt Şəhər Məhkəməsinin 11 iyun 2013-cü il tarixli qətnaməsi ilə təmin edilmişdir. Həmin qətnamə üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1522/2014 saylı, 28 oktyabr 2014-cü il tarixli qətnaməsi ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçı mübahisəli mənzildə 2008-ci ildən yaşamağa başlamışdır. Həmin vaxt o yetkinlik yaşına çatmamışdır, buna görə də mübahisəli mənzilə 2012-ci ildə qeydiyyata düşmüşdür. Bu səbəbdən mübahisəli mənzilə iddiaçının qeydiyyatı ilə bağlı yaranmış münasibətlər 01 oktyabr 2009-cu ildə qüvvəyə minmiş Mənzil Məcəlləsi ilə tənzimlənməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Sumqayıt şəhər məhkəməsinin 05 noyabr 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilərək iddia tələbinin təmin olunmasına dair iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, qətnamə qəbul edilərkən iş üçün əhəmiyyəti olan hallar hərtərəfli və obyektiv araşdırılmamış, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbləri pozulmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasının dindirilən üçüncü şəxsin nümayəndəsi X12 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və üçüncü şəxsin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt şəhər məhkəməsinin 05 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddia tələbini rədd edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni iddiaçının mübahisəli mənzilə dair istifadə hüququnun itirilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olması ilə əsaslandırmışdır. İddiaçı birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni apellyasiya qaydasında mübahisələndirərək, qətnamənin ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni aşağıdakı əsaslara görə qanuni və əsaslı hesab edir. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Azərbaycan Respublikası Konstitusiyasının 26 və 60-cı maddələrinin İ hissələri). Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır (Mülki Prosessual Məcəllənin 2.1. maddəsi). Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (M.Hüseynovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 04.03.2015-ci il tarixli qərarı). İşdən görünür ki, İddiaçı xalası Həqiqət Ağayeva tərəfindən qəyyumluğa götürüldüyünü, onun ərizəsi əsasında mübahisəli mənzilə qeydiyyata düşdüyünü, onun mənzilə istifadə hüququnun itirilməklə mənzildən çıxarılması barədə məhkəmə qətnaməsi olsa da, həmin qərarda onun mənzilə istifadə hüququnu təsdiq edən hər hansı hüquqmüəyyənedici sənədi və istifadə hüququnun tanınması barədə qüvvədə olan məhkəmə qətnaməsinin olmadığı göstərildiyi üçün bundan istifadə edərək məhkəməyə müraciət etmişdir. Mülki Prosessual Məcəllənin 82.3. maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir (Konstitusiya Məhkəməsi Plenumunun 23.02.2016-cı il tarixli qərarı). Həmçinin həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. İş materiallarında olan ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin **********98 nömrəli 29 aprel 2021-ci il tarixli məktubuna əsasən ünvan 1 ünvanda yerləşən 56 saylı mənzil ünvan 2yi 09.08.1993-cü il tarixli, 6M-938 reyestr nömrəli mənzilin əvəzsiz bağışlanma müqaviləsi əsasında X4 adına qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdir. ünvan 2yi 18.03.2007-ci il tarixli, 2V1/38 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında X3 adına qeydiyyata alınmış və 13.04.2007-ci il tarixli ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt şəhər məhkəməsinin 12.07.2013-cü il tarixli 2(060)-2076/2013-cü il tarixli qətnaməsi əsasında mənzil üzərində X5 mülkiyyət hüququ qeydiyyata alınmış və 30.04.2015-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt şəhər 1 saylı notariat kontorunun xüsusi notariusunun təsdiq etdiyi 18.05.2015-ci il tarixli, 4Ə-148 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında sözügedən X6 adına qeydiyyata alınmış və 21.05.2015-ci il ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 22.07.2015-ci il tarixli, 2(060)-7760/15 saylı qərardadı əsasında mənzil üzərinə həbs qoyulmuş, 23.11.2017-ci il tarixli, 2(060)-13144/2016 saylı qərardadı əsasında isə mənzil üzərində qoyulmuş həbsin ləğvi barədə müvafiq qeydiyyat aparılmışdır. Sumqayıt şəhər 3 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 19.05.2018-ci il tarixli 4Ə-181 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında mənzil X7 adına qeydiyyata alınmış və 29.06.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. İş materiallarında olan AN-İ №0689518 19.05.2018-ci il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsi əsasında Sumqayıt şəhəri, 2-ci məhəllə, ev 5/28 56 saylı mənzil Cavabdeh (X9) tərəfindən X1. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, mübahisəli evə dair iddiaçının istifadə hüququnun itirilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olması, həmçinin mübahisəli mənzilin 19 may 2018-ci il tarixdə Cavabdeh tərəfindən X2, mübahisəli mənzilin artıq Gülazad Bağırovanın mülkiyyətində olması səbəbindən iddiaçının həmin mənzilə dair heç bir hüququnun qalmadığından iddia tələbinin rədd edilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyindən, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edildiyindən apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt şəhər məhkəməsinin 05 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt şəhər məhkəməsinin 05 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar