Məhkəmə qərarları › İş №2(105)-952/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-952/2025

21.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-952/2025 21.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın əvəzinin tutulması tələbinə dair mülki iş üzrə (Açar sözlər: zərərin ödənilməsi, yol-nəqliyyat hadisəsi, yüksək təhlükə mənbəyin sahibinin mülki məsuliyyəti) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X4 (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Cavabdeh vəkili Nümayəndə iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-83/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları

1. “X5” MMC-nin xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, İddiaçı məxsus “Hyundai Sonata” markalı ** MD *** dövlət nömrə nişanlı avtomobilə Cəmiyyətin servisində ilkin texniki baxış zamanı ümumilikdə 7989 manat ziyan dəyməsi müəyyən edilmişdir (ehtiyyat hissələri üçün 5769 manat, xidmət haqqı üçün 2220 manat).

2. Sumqayıt şəhər Polis İdarəsinin TŞ-nin xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, xx.xx.2023-cii il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi barədə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Mitsubishi Mirage markalı **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi məqsədilə Sumqayıt ŞPİ-nin DYPŞ-yə göndərilmişdir.

3. İşdə olan hüquqi yardımın göstərilməsi haqqında xx.xx.2023-cü il tarixli 1756 saylı müqavilənin surətindən görünür ki, Fətahov X3 rayon məhkəməsində ona hüquqi yardımın göstərilməsi üçün Vəkil Boris oğlunun bank hesabına 1000 manat vəsait ödəmişdir.

4. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/2764 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan “X5” MMC-nin qüsur aktında 2008-ci il buraxılışlı “Hyundai Sonata” markalı ** MD *** dövlət nömrə nişanlı avtomobilin zədələndiyi və təmir bərpa xərclərinin 7775 manat məbləğində olduğu müəyyən edilir. O cümlədən, dəyişilməli hissələrin dəyəri-5685 manat, təmir işlərinin dəyəri-2090 manat.

5. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 7845/L saylı məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, Sahil küçəsində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində “Hyundai Sonata” markalı, ** MD *** dövlət qeydiyyat nişanlı avtonəqliyvat vasitəsinə dəymiş zərərlə bağlı sənədlərə əsasən ona 5099 manat maddi zərər dəymişdir. 5000 manat vəsait xx.xx.2024-cü il tarixdə İddiaçı tərəfindən qəbul edilmişdir. Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair xx.xx.2023-cü il tarixli hesabatdan görünür ki, 2008-ci il buraxılışlı “Hyundai Sonata” markalı ** MD *** dövlət nömrə nişanlı avtomobilin zədələndiyi və təmir bərpa xərclərinin 5099 manat məbləğində olduğu müəyyən edilir. O cümlədən, dəyişilməli hissələrin dəyəri-3549 manat, təmir işlərinin dəyəri-1550 manat.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın əvəzinin tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yol nəqliyyat hadisəsi zamanı onun nəqliyyat vasitəsinə dəymiş ziyan əvəzi kimi 2989 manat, dəymiş ziyanın müəyyən olunması barədə aktın tərtib olunmasına ödənilmiş 300 manat, hüquqi xidmətlər üçün ödənilmiş 1000 manat, vəkilə etibarnamə üçün ödənilmiş 18 manat, icarə nəqliyyat vasitəsinə görə ödənilmiş 3600 manat, mənəvi ziyana görə 5000 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 159 manat olmaqla, ümumilikdə 13066 manat pulun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Tələb bununla əsaslandırılmışdır ki, 25 iyul 2023-cü il tarixdə Sumqayıt şəhəri, Sahil küçəsində Cavabdeh idarə etdiyi ** GA *** dövlət nömrə nişanlı avtomobillə onun idarə etdiyi və həmin vaxt dayanmış vəziyyətdə olan Hyundai markalı avtomobilini vurmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə yerinə polis əməkdaşları gələrək, hadisəni protokollaşdırmışlar. Həmin yol-nəqliyyat hadisəsi zamanı onun nəqliyyat vasitəsinə ziyan dəymişdir. Bundan başqa, hadisə zamanı maşında olan arvadı və övladı müxtəlif xəsarətlər almışlar. Vəkil sorğusuna cavabda müəyyən olunur ki, Sumqayıt şəhər Polis İdarəsi tərəfindən bu hadisə ilə bağlı Cavabdeh inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul olunmuşdur. Yəni bu hadisə zamanı təqsirin Cavabdeh olması fakt təsdiq olunub. Cavabdehin ona vurduğu ziyanın ödənilməsini tələb etdikdə bildirmişdir ki, “ödəmirəm, hara şikayət edirsən et”. O, ailəsini bu maşınla işləyərək saxlayır. Ona görə də məcbur qalıb maşınına dəymiş zərəri müəyyən etmək üçün “X5” MMC-yə müraciət etmiş, 300 manat rüsum ödəmiş və müəyyən olunmuşdur ki, maşına dəyən zərərin məbləği 7989 manat təşkil edir. Maşını sığortalı olduğu üçün 7989 manatdan 5000 manatı qarşılanmışdır. Yerdə qalan 2989 manat ziyan isə cavabdehdən tutulmalıdır. Hadisə 25 iyul 2023-cü il tarixdə baş vermişdir və həmin vaxtdan onun maşını yararsız vəziyyətdədir. Cavabdehin vurduğu ziyan nəticəsində o, həmin nəqliyyat vasitəsini idarə edə bilməmişdir. Ona görə məcbur qalıb kirayə nəqliyyat vasitəsi götürüb idarə etmişdir. Əvvəlcə bir şirkətdən xx.xx.2023-dən xx.xx.2023-cü il tarixə kimi “Hyundaı Accent” markalı maşın götürmüş və aylıq 1200 manat ödəmişdir. 30 avqust 2023-cü il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən günü 40 manat olmaqla, 30 sentyabr tarixədək 1200 manat ödəmişdir. Cavabdeh nəqliyyat vasitəsini düzəltdirməkdən boyun qaçırdığı üçün məcbur qalıb 04 oktyabr 2023-cü il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən günü 40 manat olmaqla, 04 noyabr 2023- cü il tarixədək təkrarən 1200 manat ödəmişdir. Ümumilikdə maşın icarəsi üçün 3600 manat pul ödəmişdir. Yol-nəqliyyat hadisəsi zamanı onun maşınında olan arvadı və qızı həmin hadisə nəticəsində aldıqları zərbə məhkəmə tibb ekspertinin rəylərinə əsasən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurma dərəcəsinə aiddir. Bu hadisə yoldaşını və qızını bərk qorxutmuş və hadisədən sonrakı həftələr də hər gələn bərk səsə qorxu ilə reaksiya verərək həmin hadisənin şokunu təkrar yaşamışlar. Yəni cavabdehin bu hərəkəti nəticəsində ailəyə mənəvi ziyan da dəymişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir.

8. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-83/2025 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim M.Abbasova)

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı özünə məxsus 2008-ci il istehsalı olan “Hyundai Sonata” markalı, ** MD *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, Sahil küçəsində yol-nəqliyyat hadisəsi baş vermiş, hadisədə "xxxx" ASCdə icbari sığorta olunan MİTSUBİSHİ MİRAGE markalı ** GA *** dövlət nömrə nişanlı avtomobilini idarə edən Cavabdeh təqsirli bilinmişdir. Hadisə nəticəsində iddiaçının avtomobilinə zərər dəymişdir. İddiaçı iddia edir ki, onun avtomobilinin təmir-bərpa işlərinə cəmi 7989 manat vəsait tələb olunur. Bu zərərin 5000 manatı "xxxx" ASC tərəfindən ödənilsə də, qalan 2989 manat hissəni cavabdeh ona ödəməlidir. İddiaçı tələbini əsaslandırmaq üçün“X5” MMC-nin xx.xx.2022-ci il tarixli aktına istinad etmişdir. Məhkəmənin təşəbbüsü ilə dəymiş zərərin məbləğinin müəyyən edilməsi üçün müvafiq ekspertiza təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/2764 saylı rəyi ilə bu məbləğin 7775 manat olduğu müəyyən edilmişdir. Bununla belə, sorğu vasitəsilə hadisə nəticəsində ödənilmiş sığorta məbləğinə dair sənədlər müvafiq qurumdan tələb edilmiş və müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, Sahil küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Hyundai Sonata” markalı, ** MD *** dövlət qeydiyyat nişanlı avtonəqliyvat vasitəsinə dəymiş zərərlə bağlı sənədlərə əsasən ona 5099 manat maddi zərər dəymişdir. 5000 manat vəsait xx.xx.2024-cü il tarixdə İddiaçı tərəfindən qəbul edilmişdir. Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair xx.xx.2023-cü il tarixli hesabatdan görünür ki, 2008-ci il buraxılışlı “Hyundai Sonata” markalı ** MD *** dövlət nömrə nişanlı avtomobilin zədələndiyi və təmir bərpa xərclərinin 5099 manat məbləğində olduğu müəyyən edilir. O cümlədən, dəyişilməli hissələrin dəyəri-3549 manat, təmir işlərinin dəyəri-1550 manat.

10. Məhkəmə iddiaçının avtomobilinə dəymiş zərərin 5099 manat məbləğində olmasını daha obyektiv və ağlabatan hesab edib. Hadisədən sonra cavabdehin iddiaçıya cəmi 600 manat ödəməsi nəzərə alınarsa, məhkəmənin qənaətinə görə iddiaçıya dəymiş maddi zərər (5099 manat) müəyyən hissədə (5000 manat) sığorta şirkəti tərəfindən, müəyyən hissədə isə (600 manat) cavabdeh tərəfindən olmaqla tamamilə ödənilmişdir. Buna görə də məhkəmə iddianı bu hissədə əsaslı hesab etməyib. İddianın digər hissələrinə, yəni dəymiş ziyanın müəyyən olunması barədə aktın tərtib olunmasına ödənilmiş 300 manat, hüquqi xidmətlər üçün ödənilmiş 1000 manat, vəkilə etibarnamə üçün ödənilmiş 18 manat, icarə nəqliyyat vasitəsinə görə ödənilmiş 3600 manat pulun tutulması hissələrinə gəldikdə isə, məhkəmə qeyd edib ki, əsas tələb təmin edilmədiyindən ondan törəyən tələblər də təmin edilə bilməz. İş materiallarından görünür ki, iddiaçının avtomobilə dəymiş zərərin əvəzi ona ödənildikdən sonra onu təmir etdirməyə imkanı olmuşdur və belə olan halda, iddianın qeyd edilən hissələri öz əsaslılığını itirir.

11. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1108.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunverciliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 101.7, 103.1, 106.1, 217.4, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri

12. İddiaçı apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-83/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, məhkəmə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalı, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli olduğu halda bunu etməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən prosessual hüquq normalarının çoxsaylı pozuntularına yol verilmişdir və bu pozuntular nəticəsində düzgün olmayan qətnamə qəbul edilmişdir. Belə ki, məhkəmə qətnamənin təsviri hissəsində iddiaçının izahatını təhrif etmişdir. İddiaçı izahatında dəymiş ziyanla bağlı bildirmişdir ki, "xxxx" ASC-nin ilkin qiymətləndirməsi (5099 manat olan qiymətləndirmə) zahiri xarakter daşıyırdı, yəni maşın təmir vaxtı söküldükdə başqa detalların da zədələndiyi göründü. Lakin bu barədə məhkəmə qərarında heç nə qeyd olunmamışdır. Digər tərəfdən "xxxx" ASC-nin ilkin qiymətləndirməsini (5099 manat olan qiymətləndirmə) aparan mütəxəssislə "xxxx" MMC tərəfindən verilən qiymətləndirməni (7989 manat) aparan mütəxəssis eyni adamdır. Belə ki, "xxxx" ASC anoloji qaydada nəqliyyat hadisələrində qiymətləndirməni "xxxx" MMC-yə həvalə edir. Bundan başqa Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən dəymiş ziyan 7775 manat olması qərara alınmışdır. Bu mübahisənin həlli üçün xüsusi bilik tələb olunduğundan ekspert rəyi əsas götürülməli idi. Buna baxmayaraq məhkəmə iddianı rədd etmiş və "xxxx" ASC-nin 5099 manat qiymətləndirməsini qanunsuz olaraq əsas götürmüşdür. Məhkəmə qətnamədə sübut kimi ancaq cavabdehin təqdim etdiyi sənədlərə istinad etmişdir. Məhkəmə eyni mütəxəssisin nə üçün iki fərqli rəy verməsi məsələsini araşdırmamışdır. Bundan başqa hadisə 2023-cü ilin yayında baş verdiyi halda sığorta ödənişinin nəyə görə bir il sonra, 2024-cü ilin yayında verilməsi araşdırılmamışdır. Belə ki, "xxxx" ASC tərəfindən ilk dəfə onun nəqliyyat vasitəsinə dəymiş ziyan 4309 manat qiymətləndirilmiş, o razı olmadğından daha sonra bu məbləğ yenidən hesablamaya uyğun olaraq 5099 manat qiymətləndirilib. O, isə razılaşmamış və nəqliyyat vasitəsinin təmir edilməsini tələb etmişdir. Lakin sığorta şirkətindən dəyən ziyan məbləğinin daha çox olduğu və yalnız ona 5000 manat məbləğində ödənişin verilə biləcəyi bildirilmişdir. Bundan sonra nəqliyyat vasitəsini sığortanın servisindən kənara çıxarmadan orada həmin mütəxəssisə qiymətləndirmiş və real zərər məbləği 7989 manat müəyyən edilmişdir. Digər tərəfdən "xxxx" ASC-nin 5099 manat olan qiymətləndirməsinə nəzərə saldıqda detalların əsas məbləğindən başqa ƏDV məbləğlərinin qeyd olunmaması müəyyən edilir. Halbuki, nəqliyyat vasitəsinin detalları xaricdən gəlir və onlara ədv tətbiq olunur. "xxxx" MMC-yə 300 manat xidmət haqqı ödəyərkən həmin məbləğin 18 faizi (45.76 manat) ədv olaraq qeyd olunmuşdur. Buradan da müəyyən olunur ki, "xxxx" MMC ƏDV ödəyicisidir. Məhkəmə bu halların heç birini araşdırmadan əsassız qətnamə qəbul etmişdir. Qətnamədə cavabdehin ona 600 manat ödəməsi qeyd olunub ki, həmin pul qızının nəqliyyat hadisəsindən aldığı xəsarətlərlə bağlı Gömrük Hospitalında müayinə pulu üçün verilmişdir. Həmin məbləğin maşına dəymiş ziyanla bağlı heç bir əlaqəsi yoxdur. Birinci instansiya məhkəməsi tərəfindən mübahisənin qanuni həlli üçün mühüm əhəmiyyəti olan bir sıra hallar aydınlaşdırılmamışdır. Nəticədə məhkəmə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmiş və etirazda apellyasiya şikayətinin əsassız olduğu diqqətə çatdırılaraq, şikayətin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, iddia tələbi əsassızdır. Belə ki, iddiaçının avtomobilinə dəymiş zərəri sığorta şirkəti son nəticədə 5099 manat məbləğində qiymələndirmiş və iddiaçı da yazılı ərizə ilə müraciət edərək qeyd olunan məbləğlə razı olduğunu bildirmişdir. İddiaçı qeyd olunan məbləğdə sığorta ödənişini əldə etdikdən sonra hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir ki, bu iddia hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçıya məxsus avtomobil 2008-ci il buraxılışlıdır, həmin avtomobilə ön və arxa hissədən olmaqla çox zərər dəyməyib. İddiaçıya ədalətli şəkildə 5000 manat məbləğində sığorta ödənişi verilmişdir. İddia ərizəsində qeyd olunanlar həqiqəti əks etdirmir. Birinci instansiya məhkəməsi iş üzrə hərtərəfli və obyektiv araşdırma aparmış, nəticədə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Qeyd olunanlar əsasında cavabdehin vəkili sonda apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

16. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış İddiaçı və üçüncü şəxs "xxxx" ASC səbəb və mümkünsüzlüyü barədə məlumat vermədən məhkəmə iclasına gəlməmişlər (nümayəndəsini göndərməmişlər).

17. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi;

Maddə 14.2.6. mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri başqa şəxsə zərər vurulmasıdır. Maddə 21.1. zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 36. Maddə 21.2. zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1. öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Madddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.

19. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun: 36.3-cü maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. 37-ci maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti qaydalarına riayət etməli, bu qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Maddə 372.2. Əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayırKassasiya baxışının hədləri Maddə 384. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya şikayətindən görünür ki, apellyator Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-83/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Ona görə də kollegiya Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)- 83/2025 nömrəli qətnaməsini tam həcmdə yoxlamağı vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Tələb avtomobilə vurulmuş ziyanın ödənilməsi barədədir.

25. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparan kollegiya ilk növbədə qeyd edir ki, yalnız iddia tələbində qeyd olunan əsaslarla iddia irəli sürüldükdə, bu həmin tələblərin birmənalı olaraq təmin olunması anlamına gəlinə bilməz. Həmin iddiaların təmin olunması üçün ilk növbədə hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.

26. Nəzərə alınmalıdır ki, əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə), iddia rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

27. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ilə yol nəqliyyat hadisəsinin baş verməsi nəticəsində Cavabdeh “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq, təqsirli şəkildə hüquqa zidd əməl törətməsi və bunun nəticəsində iddiaçının avtomobilinə maddi zərər vurması, cavabdehin əməli ilə iddiaçının düşdüyü zərər arasında uyğun səbəbli əlaqə işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki halları ilə təsdiq olunmaqla yanaşı, mübahisələndirilməyən haldır.

28. Apellyasiya şikayətinin məzmunundan aydın olduğu kimi hazırda tərəflər arasında mübahisə yalnız dəymiş ziyan məbləğinə münasibətdə davam edir.

29. Məhkəmə kollegiyası iş materiallarını, tərəflərin qarşılıqlı izahatları və apellyasiya şikayətinin dəlilləri ilə birgə təhlil edərək belə qənaətə gəlir ki, hazırda iddiaçı baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərərgörmüş nəqliyyat vasitəsinin təmir-bərpa işlərinə cəmi 7989 manat vəsaitin tələb olunduğunu iddia edir. Bu zərərin 5000 manatının "xxxx" ASC tərəfindən ödənildiyini bu səbəbdən, qalan 2989 manat hissəni cavabdehin ona ödəməli oldğunu göstərir.

30. İddiaçı dəymiş zərər məbləği kimi “X5” MMC-nin xx.xx.2022-ci il tarixli aktına istinad etmişdir. İşə baxan birinci instansiya məhkəməsi yaranmış ziddiyətli məqama aydınlıq gətirilməsi üçün öz təşəbbüsü ilə dəymiş zərərin məbləğinin müəyyən edilməsi üçün müvafiq ekspertiza təyin etmiş və məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/2764 saylı rəyi ilə bu məbləğin 7775 manat olduğu müəyyən edilmişdir.

31. Halbuki işin mübahisə olunmayan hallarına əsasən müəyyən edilir ki, sözügedən yol – nəqliyyat hadisəsi xx.xx.2023-cü il tarixdə baş vermiş, iddiaçının istinad etdiyi qüsur aktı isə xx.xx.2022-ci ildə, yəni hadisədən əvvəlki dövrə təsadüf edir.

32. Məhkəmə sorğusu əsasında hadisə nəticəsində ödənilmiş sığorta məbləğinə dair sənədlər müvafiq qurumdan tələb edilmiş və müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, Sahil küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Hyundai Sonata” markalı, ** MD *** dövlət qeydiyyat nişanlı avtonəqliyvat vasitəsinə dəymiş zərərlə bağlı sənədlərə əsasən ona 5099 manat maddi zərər dəymişdir. 5000 manat vəsait xx.xx.2024-cü il tarixdə İddiaçı tərəfindən qəbul edilmişdir. Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair xx.xx.2023-cü il tarixli hesabatdan görünür ki, 2008-ci il buraxılışlı “Hyundai Sonata” markalı ** MD *** dövlət nömrə nişanlı avtomobilin zədələndiyi və təmir bərpa xərclərinin 5099 manat məbləğində olduğu müəyyən edilir. O cümlədən, dəyişilməli hissələrin dəyəri-3549 manat, təmir işlərinin dəyəri-1550 manat.

33. Apellyasiya kollegiyası işə baxan birinci instansiya məhkəməsinin mövqeyini əsaslı və işin hallarına uyğun hesab edərək göstərir ki, iddiaçının avtomobilinə dəymiş zərərin obyektiv və ağlabatan məbləği kimi məhz 5099 manat daha əsaslı məbləğdir. Kollegiya bu qənaətə gələrkən mübahisəli avtomobilin buraxılış ili, dəymiş zərərin forması və iddiaçının bu zaman həmin məbləğlə faktiki olaraq razılaşması hallarını nəzərə alır.

34. Beləliklə kollegiya apellyasiya şikayətinin digər hissələrdə dəlillərini şəxsi mülahizələr kimi qiymətləndirərək sadalananların yekunu kimi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər heç bir halda qətnamənin ləğv üçün əsas ola bilməz. Bu səbəblə apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-83/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar