Məhkəmə qərarları › İş №2(105)-954/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-954/2021

13.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-954/2021 13.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı «İddiaçı» İstehsalat Birliyinin nümayəndəs X1 iştirakı ilə, iddiaçı «İddiaçı» İB-nin Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4072/2020 saylı, 27 oktyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4072/2020 saylı, 27 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 1.546.80 (bir min beş yüz qırx altı manat, səksən qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manatın iddiaçı “İddiaçı” İB-nin xeyrinə tutularaq “İddiaçı” İB-nin Azərbaycan Beynəlxalq Bankı İddiaçı şöbəsi üzrə (kod 805153. VÖEN **********, M/H AZ03NABZ********************. SWİFT İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN : AZ50İBAZ********************) bank hesabına ödənilməsi qət edilmişdir (hakim Almaz Süleymanova) Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4072/2020 saylı, 27 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı «İddiaçı» İB-nin Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən iddiaçı “İddiaçı” İB-yə vurulmuş 1546,80 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 1576,80 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq, iddiaçı “İddiaçı” İB-nin Azərbaycan Beynəlxalq Bankı İddiaçı şöbəsi üzrə (kod 805153. VÖEN **********, M/H AZ03NABZ********************. SWİFT İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə ilə narazıdır. Sayğac və fərdi evi qazla təchiz edən qaz xətti evdən kənarda yerləşir. Qaz xəttinə kim tərəfdən müdaxilə olunmasından məlumatsızdır. Qaz xəttinə edilən müdaxilələrə o təqsirkar deyildir. İ qrup müddətsiz əlildir, daim kənar şəxsin köməyinə ehtiyacı vardır, yataq xəstəsidir, işləmir və əlavə gəlir yeri də yoxdur. Maddi imkanı pisdir. Odur ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4072/2020 saylı, 27 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. . PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X2 apelyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4072/2020 saylı, 27 oktyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4072/2020 saylı, 27 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qaz paylayıcısı (paylayıcı) ilə məişət qaz qurğusu istifadəçisi (istehlakçı) Cavabdeh arasında qazın alqı-satqısı barədə 28.11.2019-cu il tarixli, 1007 saylı müqavilənin surətindən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdələrinə götürmüşlər. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 21.12.2018-ci il tarixli, ******* saylı; 07.01.2019-cu il tarixli, ******* saylı və 27.12.2019-cu il tarixli ******* saylı aktlardan görünür ki, “İddiaçı” İB Sumqayıt Qaz İstismarı Sahəsinin əməkdaşları Cavabdeh məxsus ünvan 1 ünvanına baxış keçirilərkən sayğacdankənar rezin boru aşkar edilmişdir. “İddiaçı” İB Sumqayıt Qaz İstismarı Sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş dəymiş ziyanın bərpasına dair tələbnamələrdən görünür ki, ünvan 1 ünvanında kənar xətt qoşulması nəticəsində dəymiş zərər 9.558 m3+5400 m3+510 m3 həcmində müəyyən edilmişdir. Abonentin saldosundan görünür ki, Cavabdeh «İddiaçı» İstehsalat Birliyinə 2018- 2019-cu illər üçün itirilmiş qaz sərfiyyatına görə cəmi 1.546,80 (540 manat+51 manat+955,80) manat məbləğində borcu vardır. Birinci instansiya məhkəməsi qeyd edilən sənədlərə əsasən Cavabdeh ilə iddiaçı təşkilat arasında qazın alqı-satqısı barədə 28.11.2019-cu il tarixli, 1007 saylı müqavilə imzalanmış, 21.12.2018-ci il tarixli, ******* saylı; 07.01.2019-cu il tarixli, ******* saylı və 27.12.2019-cu il tarixli ******* saylı aktlara əsasən Cavabdeh məxsus ünvan 1 ünvanına baxış keçirilərkən sayğacdankənar rezin boru aşkar edilməsini müəyyən edərək iddianı təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı və qanuni hesab edir. Belə ki, iş materiallarından görünür ki, “İddiaçı” İstehsalat Birliyi tərəfindən Cavabdeh sayğacdan kənar rezin boru ilə qazdan qeyri-qanuni istifadə etməsi ilə əlaqədar 21.12.2018-ci il tarixli, ******* saylı; 07.01.2019-cu il tarixli, ******* saylı və 27.12.2019-cu il tarixli aktlar tərtib edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. İş materiallarından görünür ki, ilk dəfə 21.12.2018-ci il tarixdə akt tərtib edilmiş, daha sonra cavabdeh sayğaca təkrar rezin boru ilə qoşulmuş, bundan sonra 07.01.2019cu il tarixdə təkrar akt tərtib edilmiş, lakin cavabdeh təkrar rezin boru ilə sayğaca qoşulmuş, iddiaçı təşkilatın əməkdaşları tərəfindən təkrarən 27.12.2019-cu il tarixdə akt tərtib edilmişdir. Qeyd edilən xüsusat, cavabdehin sayğaca rezin boru ilə qoşulmaları iş materaillarında olan fotoşəkillərlə də təsdiqini tapmışdır. Bununla da müəyyən edilir ki, cavabdehin sayğaca qanunsuz rezin boru ilə qoşulması nəticəsində iddiaçı təşkilata ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Bununla da məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin qanunsuz qoşulmaları nəticəsində iddiaçı təşkilata zərər vurulması təsdiq edildiyindən birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Bundan əlavə məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi təmin edildiyi üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulması, qalan hissəsinin isə iddiaçının özünə aid edilməsi barədə gəldiyi nəticədə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə, sayğac və fərdi evi qazla təchiz edən qaz xətti evdən kənarda yerləşməsi, qaz xəttinə kim tərəfdən müdaxilə olunmasından məlumatsız olması, qaz xəttinə edilən müdaxilələrə o təqsirkar olmamasına qiymət verərək qeyd edir ki, sayğaca qanunsuz qoşulma halı cavabdehə məxsus fərdi yaşayış evinə olmuş, yəni sayğaca rezin boru ilə qoşularaq təbii qazdan cavabdehin özü istifadə etmişdir ki, bu da qoşulmanın kim tərəfindən aparılmasından məlumatsız olmasını təkzib edir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh qeyd edilən aktlardan razı olmadığı halda, aktların tərtib edilməsindən iki ilə yaxın müddət keçməsinə baxmayaraq hazırki günədək həmin aktları mübahisələndirməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4072/2020 saylı, 27 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4072/2020 saylı, 27 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz. Sədrlik edən:Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar