Məhkəmə qərarları › İş №2(105)-954/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-954/2024

02.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-954/2024 02.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Sadıqova (Cəfərova) Səbinə Hikmət qızına qarşı mülki iş üzrə (Açar söz: pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X7 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə katibi Cəfərova Aysel Ramiz qızının katibliyi, iddiaçı, həmçinin digər iddiaçılar İddiaçı2 və İddiaçı3 nümayəndəsi, İddiaçı1, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh Sadıqova (Cəfərova) Səbinə Hikmət qızının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli, 2(012)-469/2024 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Sadıqova (Cəfərova) Səbinə Hikmət qızına qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, evin alınmasına görə ödənilmiş ümumilikdə 48268 manat, həmçinin dövlət rüsumu kimi ödənilmiş 234,8 manat pulun cavabdehlər Cavabdeh1 və Sadıqova (Cəfərova) Səbinə Hikmət qızından tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 İddiaçı2 ilə 1988-ci ildə ailə qurmuşdur. Birgə nikahdan 2 oğlu hazırki iş üzrə cavabdeh xx.xx.1989-cu il təvəllüdlü Cavabdeh1 və iş üzrə iddiaçı xx.xx.1991-ci il təvəllüdlü İddiaçı1 doğulmuşlar. 25 sentyabr 2015-ci il tarixdə Cəfərov X5 (Cəfərova) Səbinə Hikmət qızı ilə nikaha daxil olaraq ailə qurmuş, 01 oktyabr 2020-ci ildə isə rəsmi qaydada boşanmışlar. 27 iyul 2017-ci il tarixdə Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə 1 A ünvanında yerləşən 263 saylı mənzilin sahibi ilə 87500 manata razılaşaraq alqı-satqı yolu ilə 37500 manat hissəsi ona ödənilmiş, qalan 40000 manat pulun isə Cavabdeh1 və Sadıqova (Cəfərova) Səbinə Hikmət qızı tərəfindən ödənilməsinə razılıq əldə edilmişdir. O, uzun illər yaşadığı Zəyəm kəndində poçt müdiri, yoldaşı isə məktəbdə müəllimə işləmişdir. Bundan başqa geniş torpaq sahələri vardır ki, təsərrüfatla da məşğul olaraq uşaqlarını böyütmüşdür. Yaxın qohumları Bakı şəhərində yaşadıqlarından ümumiyyətlə hər hansı bir işə görə Bakıya gedəndə qohum evində qalmağa məcbur olurdu, sıxıntı yaşayırdı və buna görə də həyat yoldaşı ilə qərara gəlmişdir ki, qənaətcillik edib pul toplasınlar və Bakıdan özlərinə ev alsınlar. 2014-cü ilin martında televiziyada “Sevil” massivində ilkin ödəniş olmadan evlərin tikintisinə başlandığını eşitmişlər. Həmin vaxt onların 21000 manata yaxın pulu var idi. Yoldaşı ilə "Sevil" massivinə getmiş, şərtlərlə tanış olduqdan sonra onlara deyilmişdir ki, 3 otaqlı mənzilin 1 il müddətində təhvil verilməsinə zəmanət verirlər. İlkin ödəniş kimi 850 manat ödəmək, sonra 10 il müddətinə hər ay 850 manat ödəmək şərtləri olmuşdur. Yoldaşı ilə qərara gəlib razılaşmışlar ki, pulu özlərində saxlasınlar, elə bu şərtlə, ayda 850 manat ödəməklə evi alsınlar. 850 manat ilkin ödəniş edilmiş, sonra 5 ay kredit ödənişindən sonra sosial şəbəkələrdə məlumat yayılmışdır ki, "Sevil" massivində tikinti işləri dayandırılıb. Menecerə zəng edərək məsələni dəqiqləşdirmiş və elə həmin axşam ora gedib 5 ay ərzində etdiyi ödənişlərin taleyi ilə maraqlanmışlar. Bir müddət sonra onları Hökməli bələdiyyəsindən zəng edərək ora dəvət etmişlər və dədiyi pulun qəbzlərini də götürüb Baş Prokuror yanında Korrupsiyaya qarşi Mübarizə İdarəsinə gedib orada izahat yazmalı olmuşlar. Korrupsiyaya qarşi Mübarizə İdarəsində izahat verdikdən sonra müstəntiq demişdir ki, narahat olma ödədiyin pul yaxın vaxtda qaytarılacaq, amma dəqiq vaxtı deyə bilmərik. Nəhayət bir gün onu Xırdalan İcra Nümayəndəliyinə dəvət edərək 5 ay ərzində ödəmiş olduğu 4250 manat (5 ay x 850 manat) məbləğində pulu qaytarmışlar. 850 manat etdiyi ilkin ödənişi isə ala bilməmişdir. Cavabdeh1 2013-cü ildən Vergilər Nazirliyində işləməyə başlamış, həmin ildən 2019-cu ilin avqust ayınadək aylıq maaşı 250-380 manat, 2019-cu ilin avqustundan 2020-ci ilin avqust ayınadək 480-500 manat civarında olmuşdur. Cavabdeh2 2016-cı ilin başlanğıcından 2018-ci ilin iyun ayınadək qəsəbədə orta məktəbdə laborant işinə düzəlmiş, ayda 120-130 manat, 2018-ci ilin iyun ayından 2019-cu ilin sonlarınadək 206 manat civarında, 2020-ci ilin başlanğıcından 2020-ci ilin iyul ayınadək təxminən 390 manat civarında maaş almışdır. Digər oğlu Vahid Cafərov isə 2015-ci ildən 2016-cı ilədək Kapital Bankda işə düzəlmiş, ayda 600 manat civarında, 2016-cı ildən isə Vergilər Nazirliyində işləməyə başlamış, həmin ildən 2019-cu ilin avqust ayınadək aylıq maaşı 290-380 manat, 2019-cu ilin avqustundan 2020-ci ilin avqust ayınadək 480-500 manat civarında olmuşdur. İddiaçı2 1988-ci ildən kəndin orta məktəbində müəllimə işləyir. O, 2013-cü ildən hazırki vaxtadək müxtəlif ölkələrə kənd təsərrüfatı məhsullarının göndərilməsində vasitəçilik edərək orta hesabla ayda 500-600 manat civarında gəlir əldə edir, habelə ailənin birgə təsərrüfatını başçı kimi idarə edirdi. Keçmiş gəlini Cavabdeh2 da daxil olmaqla bütün ailə işə düzələn gündən aldıqları maaş kartları ona vermişlər. Ümumi ailənin pulunun bir hissəsini dolanışığa, bir hissəsini isə Bakıda ev almaq üçün yığmışdır. 2017-ci ilin əvvəllərində "Kristal Abşeron" massivində hazır evlərin olduğunu öyrənmiş, həmin vaxt təxminən 40000 manat pul toplamışdır. Kiçik oğlu əvvəllər Kapital Bankda işlədiyindən bildirdi ki, Abid yeni ailə qurduğundan əlində olan pulu ödəniş edib, evi ipotekaya yüklü etsələr, çox az faizlə aylıq kredit ödəməklə yaxşı, geniş ev ala bilərlər. Bir neçə gün sonra yoldaşı ilə "Kristal Abşeron”a getmiş, lakin orada evlərin qiyməti çox baha olduğuna görə ev ala bilmədiyindən, Nizami metrosu yaxınlığında olan "xxxx" ASC-nin C.Cabbarlı filalına gəlmiş, orada ipoteka ilə məşğul olan əməkdaş Vüsal Haşimovla söhbət aparmış və şərtləri izah edərək bildirmişdir ki, 80000 manat civarında çıxarışı olan ev tapıb satıcı ilə razılaşsa, əvvəlcə illik 8, sonra isə 4 faizli ipoteka ilə pul vermək mümkündür. Xırdalanda şəhərində 18 mərtəbəli binanın 9-cu mərtəbəsində 3 otaqlı təmirsiz mənzili bəyənmiş və ipoteka ilə 77500 manata almağa razılaşmışlar. Notariusa gedərək evi tapan dəllala 2000 manat beh vermişdir. İpoteka məsələsini kiçik oğlu Vahidlə birlikdə həll etmişdir. Bankdan 40000 manatı 360 ay müdddətinə almağa razılaşmışlar. Abid yalnız ipoteka müqaviləsi bağlananda iştirak etmişdir. Bundan bir neçə gün əvvəl Abid arvadını notariusa apararaq razılıq kağızı almışdır. 35000 manatı evin yiyəsinə ödəmiş və Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə 1A ünvanında yerləşən 263 saylı mənzili almışdır. Göstərilən tarixdə müqavilə bağlanan zaman yalnız formal razılıq verən Cavabdeh2 bütün baş verənlərdən, yəni evin necə axtarılıb tapılmasından, hansı məbləğə danışılmasından, necə təmir edilməsindən xəbəri olmamışdır. Cavabdeh1 və Cavabdeh2 boşanmaya qədər ipotekanın aylıq ödənişini gah Abid, gah da Vahid etmişdir. Cavabdehlər 01 oktyabr 2020-ci ildə boşandıqdan hazırki vaxtadək ipotekanı hər ay İddiaçı3 39 ay x 212 manat=8268 manat ödəmişdir. 5 il müddətində cavabdehlərin təxminən ümumi maaşı 8097 manatdır. 5 il müddətində hər ikisinin yeməyi, içməyi, geyməyi, müalicə xərcləri ödənildiyi təqdirdə 5000 manat toplana bilməzdi. Evin sahibinə nağd olaraq 37500 manat pul verilmişdir. Əlavə olaraq, notariusun alqı-satqı əməliyyatı, taksi xidməti və s. demək olar ki, həmin günlərdə 2500 manat olmaqla, ümumilikdə yığılan 40000 manat tam xərclənmişdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır.

3. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.

4. Abşeron Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli, 2(012)-469/2024 nömrəli qətnaməsi ilə (hakim Məlahət Abbasova) iddia tələbi təmin edilməmişdir.

5. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli mənzil hazırki iş üzrə cavabdehlərin birgə nikahı dövründə əldə edilmişdir, bu barədə məhkəmə qətnamələri mövcuddur. Bu qətnamə ilə müəyyən edilir ki, Cavabdeh2 (Cəfərova) Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə 1A ünvanında yerləşən 263 saylı mənzil üzərində ½ hissədə payı vardır. Mənzilin alınmasına sərf edilən "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 26 iyul 2017-ci il tarixli, 195 nömrəli kredit müqaviləsi üzrə 37183,82 manat öhdəliyin ½ hissəsi Cavabdeh2 (Cəfərova) aiddir. Beləliklə, məhkəmə aktı ilə mübahisəli mənzilin cavabdehlərin birgə nikahı zamanı əldə edilməsi müəyyən edilmişdir. Hazırda iddiaçıların bu mənzilin alınmasına vəsait sərf etmələrini iddia etmələri və cavabdehlərdən buna görə pul tələb etmələri əsassızdır və iş materialları ilə tamamilə təkzib olunur. İş materialları ilə müəyyən olunur ki, cavabdehlər xx.xx.2020-ci ilədək nikahda olmuşlar və xx.xx.2021-ci ilədək mənzilə görə götürülmüş kredit üzrə cəmi 8997,81 manat ödəniş edilmiş, banka 37183,82 manat borc qalmışdır. Hazırki iş üzrə cavabdehlərin guya mənzilin alınması üçün maliyyə vəziyyətləri kifayət qədər yetərli olmadığından mənzil üzrə ödənişlərin cavabdehlərin əvəzindən hazırki iş üzrə iddiaçıların vəsaitləri hesabına edilməsi inandırıcı və real deyil. Digər tərəfdən, iddia edildiyi kimi, ödənişləri cavabdehlərin əvəzindən iddiaçılar öz vəsaitləri hesabına etmişdilərsə və bu, kifayət qədər xeyli müddəti (6 il) əhatə edirsə, hazırki iddianı daha öncədən deyil, məhz oğlu ilə gəlininin nikahları pozulduqdan və keçmiş gəlini oğluna qarşı əmlak tələbinə dair iddia qaldırdıqdan sonra vermələri belə qənaətə gəlməyə əsas verir ki, hazırki iddia formal xarakterlidir. Cavabdehlərin mübahisəli mənzili əldə etməklə iddiaçıların vəsaiti hesabına əsassız varlanmaları iş materialları ilə təkzib edilir. İddiaçılar bu halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişlər. Məhkəmə bu qənaətə gələrkən mübahisəli mənzilin hazırki mülki iş üzrə cavabdehlərin birgə vəsaiti hesabına alınması barədə əvvəlki məhkəmə aktının iddiaçılar tərəfindən mübahisələndirilməməsini də nəzərə alır.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 1091, 1092, Mülki Prosessual Məcəllənin 77.1 82.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh1 apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli, 2(012)-469/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ayrı-ayrılıqda apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli, 2(012)-469/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər.

9. Cavabdeh1 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, nümayəndəsi-vəkili Nümayəndə iddia tələbini qəbul etmiş və iddianın təmin edilməsini xahiş etmişlər. Nə cavabdeh Sadıqova (Cəfərova) Səbinə Hikmət qızı, nə də onun nümayəndəsi-vəkili Vəkil məhkəmədə ümumiyyətlə iştirak etməyərək, məktubla iştirakları olmadan işə baxılıb, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə qətnaməsində Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsini, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsini, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarını, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsini sadalayaraq yazir ki, “Məhkəmə ilkin olaraq qeyd edir ki, mübahisəli mənzil hazırki iş üzrə cavabdehlərin birgə nikahı dövründə əldə edilmişdir və bu barədə məhkəmə qətnamələri mövcuddur. Bu qətnamə ilə (yəni, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi) müəyyən edilir ki, Cavabdeh2 (Cəfərova) Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə 1A ünvanında yerləşən 263 saylı mənzil üzərində ½ hissədə payı vardır. Habelə qətnamə ilə müəyyən olunur ki, mənzilin alınmasına sərf edilən "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 26 iyul 2017-ci il tarixli, 195 nömrəli kredit müqaviləsi üzrə 37183,82 manat öhdəliyin ½ hissəsi Cavabdeh2 (Cəfərova) aiddir. Beləliklə, məhkəmə aktı ilə mübahisəli mənzilin cavabdehlərin birgə nikahı zamanı əldə edilməsi müəyyən edilmişdir. Hazırda iddiaçıların bu mənzilin alınmasına vəsait sərf etmələrini iddia etmələri və cavabdehlərdən buna görə pul tələb etmələri əsassızdır və iş materialları ilə tamamilə təkzib olunur” Qətnamənin 5-ci vərəqinin son abzasında yazılır ki, “hazırki iş üzrə cavabdehlərin guya mənzilin alınması üçün maliyyə vəziyyətləri kifayət qədər yetərli olmadığından mənzil üzrə ödənişlərin cavabdehlərin əvəzindən hazırki iş üzrə iddiaçıların vəsaitləri hesabına edilməsi inandırıcı və real deyil”. Nə iddiaçılar, nə də o, belə bir söz deməmişdir, görunür iddia ərizəsi tam oxunulmayıb, ona görə də heç Kapital bankdan ipoteka götürülən vaxtdan indiyədək kimlər tərəfindən aylıq ödənişlərin edilməsi barədə sorğu verilməsi barədə vəsatətlərini məhkəmə təmin etmədi. Elə onda artıq aydın oldu ki, məhkəmə iddiani təmin etməyəcək. Bundan sonra məhkəmə yazır ki, “Digər tərəfdən, iddia edildiyi kimi, ödənişləri cavabdehlərin əvəzindən iddiaçılar öz vəsaitləri hesabına etmişdilərsə və bu, kifayət qədər xeyli müddəti (6 il) əhatə edirsə, hazırki iddianı daha öncədən deyil, məhz oğlu ilə gəlininin nikahları pozulduqdan və keçmiş gəlini oğluna qarşı əmlak tələbinə dair iddia qaldırdıqdan sonra vermələri belə qənaətə gəlməyə əsas verir ki, hazırki iddia formal xarakterlidir. Bu qənaətə gələrkən məhkəmə Cavabdeh1 hazırki iddianı etiraf etməsini də nəzərə alır”. Məhkəmə MPM-nin 82.3-cü maddəsini tətbiq edəcəyi halda niyə görə iddianın “formal xarakterli” kimi qiymətləndirməsi qərəzli deyilmi. Cavabdeh Sadıqova (Cəfərova) Səbinə Hikmət qızı, nə də onun nümayəndəsi Vəkil məhkəmədə bir dəfə də iştirak etmədilər, ona görə ki, verilən iddia tam həqiqət idi. Onlara nümayəndə 25000 manat verərlərsə, iddialarından imtina təklifi etdilər, 10000 manata isə razı olmadılar və məhkəməyə şəxsi kabinetlə vəsatət göndərdi ki, səhhəti ilə əlaqədar məhkəmədə iştirak edə bilmir, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilsin. İşin faktiki halı iddia ərizəsində tam şəkildə açıqlanmışdır. O, 2013-cü ildən Vergilər Nazirliyində işləməyə başlamış, həmin ildən 2019-cu ilin avqust ayınadək aylıq maaşı 250- 380 manat, 2019-cu ilin avqustundan 2020-ci ilin avqust ayinadək 480-500 manat civarında olmuşdur. Rəsmi qaydada alınan sorğulara əsasən əsasən həm iddiaçılarin, həm də cavabdehin maaş cədvəllərindən və arayışlardan görünür ki, cavaddeh Cavabdeh2 2016-cı ilin başlanğıcından 2018-ci ilin iyun ayınadək qəsəbədə orta məktəbdə labarant işinə düzəlmiş, ayda 120-130 manat arası maaş almış, 2018-ci ilin iyun ayından 2019-cu ilin sonlarınadək 206 manat civarında, 2020-ci ilin başlanğıcindan 2020ci ilin iyul ayınadək təxminən 390 manat civarında maaş almışdır. 5 il müddətində ikisini təxminən ümumi maaşı 8097 manat civarında olub. Hər birinin işə düzələn gündən maaş kartı atası Xalıd Cəfərova vermişdir, umumiyyətlə bütün ailənin maaş kartları həmişə atasında olurdu. Bunu cavaddeh Cavabdeh2 da iddia ərəzəsində, Abşeron Rayon Məhkəməsində də təsdiq edib. Boşanmamışdan bir necə dəfə ipoteka ödənişi etsə də, Cavabdeh2 heç bir dəfə da olsa ipoteka ödənişi etməmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-2310/2021 nömrəli qətnaməsi qalan hissədə - Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, 1A ünvanında yerləşən 263 saylı mənzillə bağlı birgə nikah və birgə təsərrüfat hesabına ödənilmiş pul məbləğin bölünməsi ilə bağlı iddia qaldırmaq hüquqlarının olmasının tərəflərin nəzərinə çatdırılması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Bu hissədə artıq qanuni quvvəsini almışdır və ona görədə məhkəmənin MPM-nin 82.3-cü maddəsini tətbiq etməsi yolverilməzdir.

10. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayətləri Cavabdeh1 apellyasiya şikayəti ilə eyni məzmunda tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmənin qərəzli mövqeyindən ən əsası qətnamənin 1-ci vərəqində “Müəyyən etdi” hissənin 2-ci abzasında 9-cu sətrdə ozündən yazdığı qalan 40000 manat pulun isə Cavabdeh1 və Sadıqova (Cəfərova) Səbinə Hikmət qızı tərəfindən ödənilməsinə razılıq əldə edilmişdir”. Belə başa düşürlər ki, hakim nədənsə Cavabdeh2 və onun cavabdehin nümayəndəsinə bu cümlə ilə “yardım etmək” istəmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

11. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iddiaçı, həmçinin digər iddiaçılar İddiaçı2 və İddiaçı3 nümayəndəsi İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, evi alanda 23.000 manatı olmuş, ipotekaya görə dostundan 17.000 almış və pulu ödəmişdir. Məhkəmə evi naturada bölüb. Amma hazırda pulunu tələb edir. İndi pulunu həm oğlundan, həm də digər cavabdeh Sadıqova Səbindən tələb edir. 37.500 manatı o, vermişdir. Qalıq 8.000 manatını isə kiçik oğlu ödəyib. Bir gün o da ödəməkdən imtina edəcək. Boşanmadan sonra ödəyib. Sübutları "xxxx" ASC-dən çıxarışlardır ki, iş materiallarında mövcuddur.

13. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, Xalid bəy evin ağsaqqalı olmuş, ailədə əvvəldən hər kəsin kartı onda olmuşdur. Büdcə bir olmuşdur. Maaş cədvəlləri məhkəməyə təqdim olunmuşdur. Maaşları birgə 810 manat olmuşdur. Təmsil etdiyi şəxs özü də etiraf edir ki, pul atasına məxsus olmuşdur. Cavabdeh2 heç bir ödəniş həyata keçirməmişdir. 40.000 manat məbləğində ipoteka götürülüb. Krediti 1-2 ay Cavabdeh1 ödəmiş, qalan ödənişlər isə İddiaçı3 həyata keçirmişdir. Birinci instansiya məhkəməsində "xxxx" ASC-yə sorğu ilə müraciət edilməsinin zəruri olduğunu bildirsələr də məhkəmə buna əhəmiyyət verməmişdir. "xxxx" ASC-dən İddiaçı3 tərəfindən nə qədər ödəniş həyata keçirilməsi ilə əlaqədar məlumat alınmalıdır. Etiraf edir ki, pulun yarısını təmsil etdiyi şəxs ödəməlidir. 24.000 manat verməlidir. İddianı qəbul etmişlər. Pulu hissəhissə ödəyəcək. Hazırda bütün məbləği ödəməyə imkanı yoxdur. İddiaçı3 adına hesab nömrəsi var. Onunla ödəniş edilmişdir. İddiaçı3 tərəfindən 8000 manatdan çox məbləğdə ödəniş edilmişdir.

14. Məhkəmə kollegiyasının iclasında cavabdeh Sadıqova (Cəfərova) Səbinə Hikmət qızının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətlərinə etiraz edərək bildirdi ki, mübahisənin mahiyyəti əmlakın bölünməsi ilə bağlıdır, qəbul edilmiş məhkəmə qətnamələri var. Mübahisəli əmlak birgə nikah dövründə əldə edilmiş əmlak kimi sayılıb. Qalan borc tərəflər arasında bölünüb. Hazırki gündə cavabdeh aylıq ödənişi ödəməyə hazırdır. xx.xx.2020-ci ildən hazırki dövrədək iddiaçılardan Vahidin 8000 manat kredit borcundan ödənilməsi barədə məlumatı yoxdur. Bu tələbi qəbul etmirlər.

15. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri bardə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşdə olan sübutlar

16. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 ilə Sadıqova (Cəfərova) Səbinə Hikmət qızı arasında 29 sentyabr 2015-ci ildə Şəmkir Rayon Qeydiyyat Şöbəsində bağlanmış və 318 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur.

17. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, iddiaçı Sadıqova (Cəfərova) Səbinə Himət qızının Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, 1A ünvanında yerləşən 263 saylı mənzilə köçürülməsi, Sadıqova (Cəfərova) Səbinə Hikmət qızının Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, 1A ünvanında yerləşən 263 saylı mənzilin 2/3 hissəsinə payının müəyyən olunması və mənzilin həmin hissəsinin onun sahibliyinə verilməsi hissəsində iddianın rədd edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, 1A ünvanında yerləşən 263 saylı mənzillə bağlı birgə nikah və birgə təsərrüfat hesabına ödənilmiş pul məbləğin bölünməsi ilə bağlı iddia qaldırmaq hüquqlarının olması tərəflərin nəzərinə çatdırılması qət edilmişdir.

18. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən apellyasiya şikayəti qismən təmin olunmuş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-2310/2021 nömrəli qətnaməsi qismən-iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi, iddiaçı Sadıqova (Cəfərova) Səbinə Hikmət qızının Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30cu məhəllə 1A ünvanında yerləşən 263 saylı mənzil üzərində payının ½ hissədə müəyyən edilməsi, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 26 iyul 2017-ci il tarixli, 195 nömrəli kredit müqaviləsi üzrə 37183,82 manat öhdəliyin ½ hissəsinin iddiaçı Sadıqova (Cəfərova) Səbinə Hikmət qızına aid edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(102)- 475/2024 nömrəli qərarından görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

20. RX ******* saylı reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, 1 A saylı evin 263 saylı mənzili xx.xx.2017-ci ildə X3 adına qeydə alınmışdır.

21. xx.xx.2017-ci il tarixli 195 saylı alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, X6 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, 1 A saylı evin 263 saylı mənzili Cavabdeh1 75500 manata satmışdır. Bunun 35500 manat hissəsi ilkin ödəniş olaraq Cavabdeh1 tərəfindən verilmiş, qalan 40000 manat hissəsi isə "xxxx" ASC tərəfindən xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən verilmiş kreditlə ödənilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi bu mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir.

22. RX ******* saylı reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, 1 A saylı evin 263 saylı mənzili xx.xx.2017-ci ildə Cavabdeh1 adına qeydə alınmışdır.

23. RX ******* saylı reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, 1 A saylı evin 263 saylı mənzili üzərində "xxxx" ASC-nin ipoteka yüklülüyü xx.xx.2017-ci ildə qeydə alınmışdır. Yüklülüyün müddəti xx.xx.2017-ci ildən xx.xx.2047-ci ilədək (30 il) müəyyən edilmişdir.

24. Məhkəmə sorğusu əasında "xxxx" ASC-dən daxil olmuş arayıpşdan görünür ki, İddiaçı3 istifadəsində olan 510307*******8825 nömrəli bank kart hesabından xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 5294,16 manat ödəniş edilmişdir.

Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikası Mülki Məcəlləsi

386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 431.2. Kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər. 431.3. Əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir. 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

26. Mülki Prosessual Məcəllə

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

27. Məhkəmə kollegiyası tərəfindən Abşeron Rayon Məhkəməsinin 18 yanvar 2024cü il tarixli, 2(012)-469/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh1 apellyasiya şikayəti təmin edilməməli, İddiaçı3 apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli, 2(012)- 469/2024 nömrəli qətnaməsi qismən, İddiaçı3 münasibətdə iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməli, ona münasibətdə iddia tələbi qismən təmin edilməli, cavabdeh Sadıqova (Cəfərova) Səbinə Hikmət qızından 2647,08 (iki min altı yüz qır yeddi manat, 08 qəpik) manat məbləğində pul alınaraq İddiaçı3 ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

29. Məhkəmə kollegiyası iddianı etiraf edən Cavabdeh1 münasibətdə ilk öncə qeyd edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə evin alınması ilə əlaqədar iddiaçılar tərəfindən pulun verilməsi fakt istisna olunmuşdur. Belə ki, həmin qətnamə ilə məhkəmə Cavabdeh1 mənzilin birgə nikah dövründə ümumi qazanc hesabına alınmaması ilə bağlı dəlillərini əsassız hesab edərək, mənzilin birgə nikah dövründə əldə edilmiş gəlir hesabına əldə edilməsini müəyyən etmişdir.

30. Cavabdeh1 iddia tələbini etiraf etməsinin isə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilməməsi isə qanuni və əsaslı olmuşdur. Belə ki, Cavabdeh1 iddia tələbini qəbul etməsi, dolayısı ilə iddiaçılar qarşısında birgə borclu qismində öhdəliyin mövcud olmasının qəbul edilməsinə yönəlmişdir ki, bu da digər cavabdeh X1 hüquqlarını və qanunla qorunan mənafeyini pozmaqdadır. Buna görə də Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsinin tələbinə əsasən Cavabdeh1 iddia tələbini etiraf etməsinin məhkəmə tərəfindən qəbul edilməsi istisna olunmaqdadır.

31. Məhkəmə kollegiyası digər iddiaçılara münasibətdə cavabdehlər Cavabdeh1 və X2 evin alınması ilə əlaqədar verilmiş 40000 manat pul tələbinə münasibətdə qeyd edir ki, mülki qanunvericiliyə əsasən öhdəliyin əmələ gəlmə əsaslarını zərər vurma, əsassız varlanma və ya müqavilələr təşkil etməkdədir. İddiaçılar həmin vəsaiti zərər qismində cavabdehlərin mülki hüquq pozuntusu yol verməsi əsası ilə tələb etsələr də cavabdehlərin hansı mülki hüquq pozuntusuna yol verməsini, onların təqsirli, hüquqa zidd hərəkət və ya hərəkətsizliyinin nədən ibarət olmasını əsaslandıra bilməmişlər.

32. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlərin mülkiyyətində olan evin əldə edilməsi üçün edilmiş ilkin ödənişə dair pulların məhz iddiaçılara məxsus olması ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Digər tərəfdən isə iddiaçılar tərəfindən evin alınması üçün hər hansı bir məbləğdə pulun verilməsi qəbul edildiyi halda da iddia tələbi əsaslı hesab olunmur. Belə ki, qeyd edilən halda həmin verilmiş məbləğ ailə qismində cavabdehlərə bağışlanmış pul vəsaiti hesab olunur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehlər Cavabdeh1 və X2 evin alınması ilə əlaqədar verilmiş 40000 manat pul tələbinə diar iddia tələbini rədd etməkdə düzgün nəticəyə gəlmişdir.

33. Lakin, məhkəmə kollegiyası birgə iddiaçılardan İddiaçı3 8268 manat pul tələbinə dair iddiasını tam olaraq rədd etməklə düzgün olmayan nəticəyə gəlmiş, həmçinin gəldiyi həmin nəticəni ümumiyyətlə əsaslandırmamışdır.

34. Məhkəmə kollegiyası iddia tələbinin qeyd olunan hissəsinə münasibətdə qeyd edir ki, İddiaçı3 tərəfindən onun kart hesabından müvafiq ödənişlərin edilməsi ilə bağlı hesabdan çıxarışlar birinci instansiya məhkəməsinə təqdim edilsə də birinci instansiya məhkəməsi qeyd edilən sübutlara qiymət verməmişdir. Məhkəmə kollegiyası tərəfindən qeyd olunan ödənişlərin əsaslarının yoxlanılması ilə bağlı müvafiq qərar qəbul edilərək icra edilməsi üçün "xxxx" ASC-yə göndərilmiş və "xxxx" ASC-dən daxil olmuş arayışla İddiaçı3 və Cavabdeh1 arasında bağlanmış 26 iyul 2017-ci il tarixli, 195 nömrəli kredit müqaviləsi üzrə İddiaçı3 məxsus bank hesabı vasitəsi ilə iddiaçının tələb etdiyi dövr üzrə yəni, 01 oktyabr 2020-ci il tarixdən 03 oktyabr 2023-cü il tarixədək 5294,16 manat kredit ödənişinin edilməsi öz təsdiqini tapmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə isə "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 26 iyul 2017-ci il tarixli, 195 nömrəli kredit müqaviləsi üzrə 37183,82 manat öhdəliyin ½ hissəsinin Sadıqova (Cəfərova) Səbinə Hikmət qızına aid edilməsi nəzərə alındıqda, həmin məbləğə münasibətdə Cəfərov X5 (Cəfərova) Səbinə Hikmət qızının kreditoru hesab olunmuşdur. İddiaçı3 isə həmin məbləğdən 5294,16 manat ödəniş etmişdir ki, bununla da həmin məbləğin yarısının, yəni 2647,08 (iki min altı yüz qırx yeddi manat, 08 qəpik) manatın İddiaçı3 tərəfindən tələb edilməsi əsaslı olmuşdur. İddiaçı3 tərəfindən isə 5294,16 manat deyil, 8268 manat ödəniş edilməsi ilə bağlı isə məhkəməyə sübut təqdim ediləmişdir.

35. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh1 apellyasiya şikayəti təmin edilməməli, İddiaçı3 apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli, 2(012)-469/2024 nömrəli qətnaməsi qismən, İddiaçı3 münasibətdə iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməli, ona münasibətdə iddia tələbi qismən təmin edilməli, cavabdeh Sadıqova (Cəfərova) Səbinə Hikmət qızından 2647,08 (iki min altı yüz qırx yeddi manat, 08 qəpik) manat pul alınaraq, İddiaçı3 ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 220, 384.0.2, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Apellyasiya şikayəti qismən təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. İddiaçı3 apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli, 2(012)-469/2024 nömrəli qətnaməsi İddiaçı3 münasibətdə iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilsin. Həmin hissədə İddiaçı3 iddiası qismən təmin edilsin. Cavabdeh2 2647,08 (iki min altı yüz qır yeddi manat, 08 qəpik) manat alınaraq, İddiaçı3 ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Cavabdeh Sadıqova (Cəfərova) Səbinə Hikmət qızı tərəfindən kassasiya şikayəti verilə bilməz. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar