Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-955/2021 02.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, Cavabdeh Şirzahid qızının iştirakı ilə, iddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3847/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh Şirzahid qızı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3847/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 1109,58 manat əsas borc, 216,75 manat faiz borcu, 75 manat cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanmış 156,15 manat faiz borcu, ümumilikdə 1557,48 (bir min beş yüz əlli yeddi manat qırx səkkiz qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20,70 (iyirmi manat yetmiş qəpik) manatın Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Almaz Süleymanova). Qətnamədən Cavabdeh Şirzahid qızı apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3847/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli, 1xx/xx/111468/14 saylı kredit müqaviləsi üzrə cavabdehdən 1109,58 manat məbləğində əsas borcun, 216,75 manat faiz borcu, 759,10 manat cərimə borcu, 156,15 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə 2241,58 manat pulun, 30 manat dövlət rüsumunun Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında Cavabdeh izahatında apelyasiya şikayətinin dəlillərini müdafiə edərək göstərdi ki, yoldaşının qardaşı X1 evinə mebel alması ilə əlaqədar ondan xahiş etmişdir ki, kredit müqaviləsi üzrə ona zamin dursun. O, razılıq verəndən sonra onunla birlikdə mebel mağazasına getmiş,orada müxtəlif kağızlara imza etmişdir. Bundan sonar bank tərəfindən hər hansı bildiriş gəlməmişdir. Lakin ilin sonunda məlum olmuşdur ki, müqavilə üzrə borclu kimi banka 1109,58 manat borcludur. Bundan əlavə faiz və cərimə də tələb edilir. Hesab edir ki, borcdan əlavə ondan pul tələb edilməsi əsassızdır. Odur ki, apelyasiya şikayətinin təmin edilərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3847/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş edir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclaslarının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə iddiaçının nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimi, cavabdehin izahatını dinləyib, iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3847/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından müəyyən edilir ki,Bank ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2014-cü il tarixli Kredit müqaviləsindən görünür ki, Bank borcalana 36 ay müddətinə illik 25% ödəmək şərti ilə 3300 manat məbləğində kredit verməyi, borclu isə həmin krediti məqsədli təyinatına uyğun istifadə etmək, krediti və ona hesablanmış faizləri ödəniş qrafikinə uyğun olaraq banka qaytarmağı öhdəsinə götürmüşdür. Borc barədə xx xxxx 2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx xxxxxx 2020-ci il tarixə 1109,58 manat əsas borcu, 216,75 manat müqavilə müddəti üçün hesablanmış faiz borcu, 759,10 manat cərimə borcu, gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla 156,15 manat faiz borcu, ümumilikdə 2241,58 manat borcu vardır. Birinci instansiya məhkəməsi iş materiallarına istinadən bankla cavabdeh arasında kredit müqaviləsi bağlanmasını, həmin müqavilə üzrə cavabdehə bankdan illik 25 faizlə 36 ay müddətinə 3300 manat məbləğində kredit verilməsini, lakin cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsini müəyyən edərək iddianı təmin etmiş, gəldiyi nəticəni də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 4445, 448.1, 739, 445.7, 467-ci, MPM-nin 119.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin yuxarıda qeyd olunan maddələrinə düzgün istinad edərək iddia tələbini 1109,58 manat əsas və 216,75 manat məbləğində faiz borcu hissəsində tam təmin etməkdə haqlı olmuşdur. Çünki iddiaçı ilə Cavabdeh arasında kredit müqaviləsi imzalanmış, bu müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud olmamış, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi Cavabdeh risk dairəsinə daxil olan öhdəliyi olduğu üçün o, bu öhdəliklərin icra edilməməsinə görə iddaçı qarşısında cavabdehlik daşımışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə görə də əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kredit müqaviləsi üzrə Cavabdeh 1109,58 manat əsas və 216,75 manat faiz borcu olması da iş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışı (i.v.4) ilə təsdqini tapır. Bundan əlavə iş materiallarında olan maliyyə arayışından görünür ki, gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla 156,15 manat faiz borcu vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.5-ci maddəsinə əsasən əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh öhdəliyi lazımınca icra etmədiyi üçün iddiaçının dəbbə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İş materiallarından görünür ki, iddiaçı bank cavabdehdən əsas məbləğə görə 759,10 manat məbləğində cərimə borcu tələb etmiş, birinci instansiya məhkəməsi qeyd edilən qanunvericilik normalarına istinadən iddiaçının cavabdehdən dəbbə pulu almaq tələbinin əsaslı olması, eyni zamanda əsas borca hesablanmış 759 manat cərimə pulunun yüksək olması qənaətinə gələrək cərimə borcunu 75 manat müəyyən etmişdir ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd edilən bu mövqeyi ilə də razıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı bankın ödədiyi 30 manat dövlət rüsumunun 20,70 manatının iddiaçının xeyrinə tutulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən qanuni və əsaslıdır. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə görə də məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, cavabdehin dəlillərini qəbul etmir. Belə ki, cavabdeh əsas borca olan faizlərin və cərimələrin silinməsini xahiş etmişdir ki,məhkəmə kollegiyası cavabdehin xahişinə qiymət verərək qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən verilmiş kreditə illik 25 faiz məbləğində pul hesablanmalıdır. Göründüyü kimi, götürülmüş kreditə görə faiz ödənilməli olması müqavilə ilə şərtləşdirilib. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Azərbaycan Respublikasında bank sisteminin hüquqi bazasının beynəlxalq standartlara tam uyğunlaşdırılması, iqtisadiyyatda bank xidmətlərinin rolunun artırılması, bank əmanətcilərinin və kreditorlarının müdafiəsinin gücləndirilməsi və bütövlükdə bank sisteminin stabil və təhlükəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə bankların təşkili, daxili idarəedilməsi, fəaliyyətinin tənzimlənməsi və ləğv edilməsi prinsipləri, qaydaları və normaları “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununu ilə müəyyən edilir. Həmin Qanunun 36.6-cı maddəsinin tələblərinə görə hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarını müəyyən etməkdə sərbəstdir. Kredit üzrə faizlər bankla müştəri arasında bağlanmış müqavilə şərtlərinə uyğun hesablanır və ödənilir. Həmçinin kreditə görə faizlərin alınması bank fəaliyyətinin mahiyyətini təşkil etməklə onların əsas gəlir mənbəyidir. Buna görə də kreditə hesablanmış faizlərin silinməsi barədə dəlil əsassızdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apelyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli ücün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırki işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmi Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı apelyasiya şikayətini əsaslandıra bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3847/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392-393, 405, 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3847/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh Şirzahid qızının apelyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-955/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-955/2021
02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver